|
|
|
|
#111(335)
|
 |
Qlobal dünyanın nəyi çatışmır?
|
Beynəlxalq münasibətlərin əksər sahələrini əhatə edən qloballaşma dünya hüquq sistemində hələ də reallaşmayıb. Halbuki, qlobal səciyyəli məhkəmə və beynəlxalq hüquq tənzimlənməsi olmadan dünyada sülh, tərəqqi və ədaləti bərqərar etmək mümkün deyil. Təəssüf ki, Amerikadakı məlum terrordan sonra fəallaşan beynəlxalq birlik bu reallığı yenə nəzərə almır.
Okeanın o tayında baş verən dəhşətlərin rezonansı gözlənildiyi kimi, bütün dünyada əks-səda verib. Beynəlxalq terrora qarşı başlanan genişmiqyaslı kampaniyanın dünyanın siyasi-hüquqi mənzərəsində ciddi inikas tapacağı artıq şübhə doğurmur. Eyni zamanda, bir sıra mühüm suallar açıq qalmaqdadır və bu kampaniyanın nəticə etibarilə hansı səmtə istiqamətlənəcəyi müəmmalıdır. Amerikanın və ona müəttəfiqlik edəcək dövlətlərin antiterror əməliyyatını beynəlxalq-hüquqi prosedur kimi necə təsbitləndirəcəyi isə suallardan ən aktualıdır. Çünki hadisələrin gedişi belə düşünməyə əsas verir ki, bu kampaniya beynəlxalq müstəvidə ədalətin təntənəsindən daha çox qlobal nüfuz mübarizəsinin genişlənməsinə rəvac verə, o cümlədən ABŞ-ın fövqəlgüc kimi özünütəsdiqinə şərait yarada bilər.
Amerika onu sarsıtmış terrorun kökünü kəsmək və bu dəhşəti sifariş verənlərin hamısını müəyyənləşdirib cəzalandırmaq əzmindədir. Lakin ABŞ-ın bu əzmində yenə iddia və təkbaşına qərar çıxarmağa meyllilik görünməkdədir. Vaşinqton ben Ladeni ələ keçirmək (yaxud məhv etmək) üçün konkret ultimatumla çıxış edib. Ona əməl edilməyəcəyi təqdirdə (çox güman ki, belə də olacaq) öncə Əfqanıstandakı "Taliban" rejimini, sonra isə terroru dəstəkləyən digər rejimləri məhv etmək üçün uzun müharibə aparacağını da bildirib. Təbii ki, ABŞ bu savaşda təkbaşına olmayacaq: artıq geniş müttəfiqlik koalisiyası formalaşdırılmağa başlanıb. Digər tərəfdən, beynəlxalq sülhə böyük təhlükə olan terrora qarşı müharibə tamamilə haqlı və əsaslıdır. Fəqət bu müharibənin hansı hüquqi müstəviyə söykənəcəyi müəyyənləşməyib...
Fərz edək ki, Vaşinqton və müttəfiqləri qısamüddətli əməliyyat nəticəsində ben Ladeni məhv edir, yaxud da ələ keçirib Amerika məhkəməsi önünə çıxarırlar. Nəticə məntiqi olsa da ("1 nömrəli terrorçu" və onun cinayətkar qrupu cəzasına çatır) hüquqi yöndən çatışmazlıq var. Belə ki, ABŞ və müttəfiqləri bu cür "korporativ" fəaliyyətdə beynəlxalq hüquq və ədalət sisteminin məsuliyyətini üzərlərinə götürərək BMT-nin, beynəlxalq məhkəmə instansiyasının səlahiyyətlərini mənimsəmiş olurlar. Halbuki, sözügedən əməliyyat beynəlxalq təhlükəsizlik üçün zəruri prosedur kimi mütləq Birləşmiş Millətlər tərəfindən sanksiyalaşdırılmalıdır. Bu cür beynəlxalq sanksiya olmayınca həyata keçiriləcək hər hansı aksiya onun aspektləri tərəfindən "qeyri-legitim" və volyuntarist addım kimi səciyyələndiriləcək. Hətta ABŞ və müttəfiqləri sonradan terrorçuları mühakimə üçün Haaqadakı Beynəlxalq Məhkəməyə (BMT nəzdində) versələr də oxşar ittihamlar qalacaq.
Əlbəttə qeyd edilə bilər ki, BMT bu cür hüquqi məsuliyyətin altına girib praktik nəticəyə nail olmaq iqtidarında deyil və onun amorf qərar qəbuletmə mexanizmi cari situasiya üçün yaramır. Amma BMT-nin bu hala düşməsində ümumilikdə beynəlxalq ədalət mühakiməsinin indiyədək praktik olaraq işə salınmamasında əsas təqsir məhz böyük dövlətlərin, xüsusilə də BMT TŞ-nin beş daimi üzvündən biri kimi ABŞ-ın üzərinə düşür. Xüsusilə 1990-cı illərdən etibarən beynəlxalq müstəvidə qlobal balanslaşmanın pozulması və ABŞ-ın əsas fövqəlgüc kimi meydanda qalması Vaşinqtonun siyasətinə əlavə aqressivlik gətirdi. 1991-ci ildə Küveytin suverenliyinin, 1994-cü ildə isə Haitinin qanuni hökumətinin bərpası ilə bağlı əməliyyatları istisna etsək, son onillikdə ABŞ-ın və Qərb alyansının həyata keçirdiyi əksər tədbirlərdə BMT-nin müvafiq sanksiyası alınmamış, yaxud da əməliyyat başlanandan sonra (məsələn, 1999-cu ilin "Yuqoslaviya əməliyyatı" zamanı) formal qətnamə çıxarılmışdır. Söhbət həmin əməliyyatlarda ABŞ-ın "beynəlxalq jandarm" qismində çıxış etməsindən getmir. Hərçənd bu element ara-sıra özünü büruzə verib. Sadəcə olaraq beynəlxalq birliyin razılaşdırılmış sanksiyasını alan əməliyyat daha sanballı və nəticəsi şübhə altına alınmayan tədbir olur. Məsələn, bir neçə il öncə ABŞ Panamada hakimiyyəti qəsb etmiş general Noryeqanı Ədalət məhkəməsinə çıxarmaq üçün BMT sanksiyasının vacibliyini dəfələrlə vurğulasa da, Vaşinqton tərəfindən eşidilmədi. Bununla da beynəlxalq hüquq düzəni üçün mühüm (demokratiya və insan haqlarına aşkar təcavüzün cəzalandırılması) olan tədbir zəruri legitimlik çərçivəsinə salınmadı. Bu tendensiyanın tədricən beynəlxalq müstəvidə hüquqi nihilizmlə müşayiət olunduğu isə göz qabağındadır. İndiki dünyanın ehtiyac duyduğu ən ümdə məsələ məhz qlobal ədalət və hüquq sisteminin işə salınmasıdır. Çünki beynəlxalq müstəvidə praktik hüquqi öhdəlik və cəzalandırma strukturları təmin edilməyincə qloballaşmanın digər spektrləri gözlənilən səmərəni verməyəcək. Dünyadakı mövcud məhkəmə instansiyaları bu işin öhdəsindən gələ bilmirlər.
BMT yarandığı vaxtdan dünyamiqyaslı ədalət mühakiməsinin təminatçısı olmağı öhdəsinə götürsə də, bu missiya hələlik reallaşmayıb. 1998-ci ildə BMT Baş Məclisinin qərarı ilə Beynəlxalq Məhkəmənin (Haaqa Məhkəməsi) yaradılması bu yöndə vacib, lakin yarımçıq aydın sayıla bilər. Məhkəmənin Nizamnaməsinin layihəsi 120 ölkə tərəfindən bəyənilsə də (Roma konfransı, 1998) heç də onların hamısı tərəfindən rəsmən təsdiqlənməyib.
Nəzərə alsaq ki, BMT üzvü olan dövlətlərin sayı 180-dən artıqdır, deməli, bu mühüm təşəbbüs hələlik bütün dünyanı əhatə etməyib. Bundan əlavə, Haaqa Məhkəməsinin məhdud strukturu (cəmisi 18 hakimdən ibarətdir), əhatə dairəsi var və onun fəaliyyətini geniş müstəviyə inikas etdirmək mümkün deyil. Bu struktur əsasən soyqırım cinayətləri, hərbi səciyyəli və bəşəriyyətə qarşı cinayətlərə baxılmaq üçün yaradılıb. Bu cür təsnifat kifayət qədər ümumi xarakterlidir. Məsələn, Amerikadakı dəhşətli terror cinayətinin həmin təsnifata salınması birmənalı deyil. Gerçəkdə isə beynəlxalq müstəvidə sanballı, praktik səlahiyyətli və geniş (dünya üzrə) etimada malik mühakimə sisteminin qurulması vacibdir. Bu instansiyanın qlobal cinayətlərə, o cümlədən beynəlxalq terrorizmə şamil edilməsi üçün gərəkən prosedurlar nəzərdə tutulmalıdır. Məsələn, terrora dəstək verən dövlətlərə qarşı konkret sanksiyaların tətbiqindən tutmuş beynəlxalq terrorun maliyyələşdirilməsinin önünü kəsəcək tədbirlərin (beynəlxalq bank-maliyyə əməliyyatlarının şəffaflaşdırılması və s.) görülməsinədək. Ən vacibi isə bu sistemin ayrı-ayrı fövqəldövlətlərin iradəsinə uyğun, yaxud qlobal nüfuz mübarizəsinin yekunu kimi deyil, dünyanın böyük əksəriyyətinin razılığı əsasında qurulması və fəaliyyət göstərməsidir. Yalnız bu halda qloballaşmanın təməl sütununu (beynəlxalq ədalət və hüquqi cavabdehlik) formalaşdırmaq mümkündür.
|
Türkiyə Konstitusiyasını dəyişir
|
Bu gün Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkədə qüvvədə olan 1982-ci il konstitusiyasının 37 maddəsinin dəyişdirilməsi üçün növbədənkənar sessiyasına toplaşaraq müzakirələrə başlayır.
Bunadək siyasi firqələrin rəhbərlərinin ilkin məsləhət şurası kimi fəaliyyət göstərən Partiyalararası Uzlaşma Komissiyası yeni konstitusiya layihəsinin son variantını hazırlayaraq parlamentə verib. Yeni layihə Türkiyənin dünyəvi dövlət standartlarının ali qanunda daha açıq şəkildə təsbiq edilməsini nəzərdə tutur. Yeniləşdirilmiş konstitusiya qanunverici və icraedici hakimiyyət qolları arasında sərhədləri dəqiqləşdirməklə bərabər, prezidentin parlamentə təsir imkanlarını genişləndirəcək. Dövlət başçısı qanunverici orqanın çıxardığı qanunlara daha asan veto qoya bilər. Yeni layihə TBMM-nin dəstəyini qazansa, siyasi partiyaların bağlanması proseduru xeyli çətinləşəcək. Bununla bərabər, deputat toxunulmazlığı məsələsi bir qədər məhdudlaşdırılacaq. Müzakirəyə çıxarılan paketdə dini, siyasi əqidə, söz və mətbuat azadlığı, yad düşüncə tərzinə qarşı dözüm və başqa bu kimi vacib məsələlərin qanunvericilikdə daha aydın şəkildə əks olunmasını nəzərdə tutan çoxsaylı müddəalar var. İlk dəfə olaraq konstitusiya dəyişikliyi, habelə onun yenidən qəbul edilməsi seçkili xarakter daşıyır.
Bütün bunlar Türkiyənin Avropa Birliyinə inteqrasiyası yolunda vacib mərhələ sayılsa da, müzakirələrin həlim keçəcəyi, yeni maddələrin yekdilliklə qəbul ediləcəyi çoxlarında şübhə doğurur. Bircə onu demək kifayətdir ki, hökumət ortaqları belə həmin məsələdə yekdillik göstərə bilməyiblər.
37 maddəlik dəyişikliklər paketinə iki turda gizli səsvermə ilə münasibət bildiriləcək. Layihə ikinci turda 367 səs toplaya bilməsə, məsələ ümumxalq müzakirəsinə - referenduma çıxarılmalıdır. Buna görə də parlament əksəriyyəti belə bir risqi minimuma endirmək üçün birinci turda layihəni tam, ikinci turda isə bənd-bənd müzakirələrə çıxarmaq niyyətindədir. Təklifə dəstək vəd etmiş dörd partiyanın parlamentdəki üzvlərinin ümumi sayı 349 nəfərdir.
|
Bakıda GUÖAM-ın görüşü keçirilir
|
Dünən GUÖAM ölkələrinin milli əlaqələndiricilərinin növbəti görüşündə qurumun perspektivdə regional təşkilat kimi fəallaşması məsələsi nəzərdən keçirilib. "Bizim Əsr"ə bu barədə məlumatı XİN-nin mətbuat mərkəzinin rəhbəri Mətin Mirzə verib.
Diplomatik mənbələrdən məlum olub ki, görüşdə "GUÖAM çərçivəsində azad ticarət zonasının yaradılması" haqqında sazişin hazırlanması və təşkilatın tədbirlər planının təsdiq edilməsi məsələsi müzakirə olunacaq. Azərbaycanı həmin forumda XİN-nin beynəlxalq təşkilatlar idarəsinin rəisi, xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edir. Xatırladaq ki, sözügedən görüş sentyabrın 5-6-da keçirilməli idi. Lakin Azərbaycan tərəfinin xahişi ilə tədbirin vaxtı dəyişirilmişdi.
|