|
|
|
|
#111(335)
|
 |
"Münaqişələr qaldıqca, terrorlar davam edəcək"
İsaxan Aşurov: "MDB dövlətlərinin terrorizmə qarşı birgə mübarizəsi effektiv olmayacaq"
|
Dünyada terrorizmə qarşı mübarizənin güclənməsi MDB məkanında da adekvat addımların atılması ilə müşayiət olunur. Rusiya prezidenti Vladimir Putin bu günlərdə MDB dövlət başçıları ilə telefon söhbətində terrorizmə qarşı birgə əməkdaşlığın vacibliyini vurğulayıb. Sözügedən ölkələrin bir çoxunda isə MDB dövlətlərinin bu sahədə əməkdaşlığının perspektivinə şübhə ilə yanaşanlar var.
Hüquqşünas İsaxan Aşurov terrorizmə qarşı MDB dövlətləri arasında ciddi əməkdaşlığın mümkün olmadığını deyir. O, mövqeyini sözügedən məkanda ciddi münaqişə ocaqlarının mövcudluğu ilə izah edir. Ekspert indiyə qədər atılan addımların uğursuzluqla nəticələnməsini də bununla əlaqələndirir: "MDB dövlətlərinin daxili işlər nazirlərinin Moskva və Yerevan toplantılarında da terrorizmə qarşı birgə mübarizə məsələləri müzakirə olunub. Fikrimcə, bu mübarizə o vaxt düzgün aparıla bilər ki, terrorun mahiyyəti bütün MDB ölkələri tərəfindən eyni cür qavranılsın. Yəni bu gün Rusiya çeçenlərə qarşı mübarizəsini terrora qarşı mübarizə kimi qələmə verir. Belə çıxır ki, sabah digər dövlətlər də çeçenlərə qarşı mübarizədə Rusiyaya yardımçı olmalıdır. Eyni zamanda Azərbaycanla Ermənistan münaqişə vəziyyətindədirsə, onların terrorizmlə birgə mübarizəsindən söhbət gedə bilməz. Əksinə, bu münaqişələr qaldıqca, MDB-də terrora qarşı effektiv mübarizə aparmaq da mümkün olmayacaq".
İsaxan Aşurov Dağlıq Qarabağ separaçılarına qarşı mübarizədə MDB ölkələrindən yardım gözləməyi də sadəlövhlük sayır. Onun sözlərinə görə, hazırda "DQR"i bütün dünyada terror yuvası kimi tanıtmaq çətinləşib: "Təəssüflər olsun ki, biz hələ nə Ermənistanı terrorçu dövlət kimi, nə də Dağlıq Qarabağı separatçılarını terrorçu kimi tanıda bilmişik. Reallıq bundan ibarətdir ki, MDB dövlətləri bir yana, digər aparıcı dünya ölkələri də Dağlıq Qarabağdakı hadisələri separatçı hərəkat kimi qəbul etmirlər. Ermənistanın "ASALA", "Daşnaksütyun" kimi təşkilatları terrorçuluqda ad çıxarsalar da, dünya ölkələri buna göz yumur. Belə olan təqdirdə Ermənistanı terroru dəstəkləyən dövlət kimi tanıtmaq çox çətin məsələdir. Azərbaycan bu istiqamətdə ciddi işlər görməlidir".
QAT
sabiqlərdən əl çəkmir
Akif Nağı: "Cəmiyyət onların hansı məqsəd
güddüyünü bilməlidir"
|
"Qarabağ Azadlıq Təşkilatı "Qarabağ Xartiyası"nın müəllifi olan sabiqləri ifşa etmək istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.
Təşkilatın sədri Akif Nağı müxbirimizlə söhbətində belə deyib. Cəmiyyət üçün açıqlanan xartiyada yeni heç nə olmadığını deyən QAT sədrinin fikrincə, "Dördlər" Qarabağ mövzusu ilə cəmiyyətdə siyasi divident toplamağa çalışırlar: "Onların mövqeyinin Azərbaycanın milli mənafeləri üçün ziyanlı olduğunu dəfələrlə bildirmişik. İndiyə qədər sabiqlərin yarıtmaz fəaliyyəti, onların məqsədləri barədə cəmiyyətə kifayət qədər məlumatlar vermişik. Sadəcə olaraq hamı bilməlidir ki, sabiqlər bu işləri görməklə özlərinin şəxsi reabilitasiyasına çalışırlar. Biz onları işfa etmək istiqamətində apardığımız işləri bundan sonra da davam etdirmək fikrindəyik. Hesab edirəm ki, elə bir çətinliyimiz olmayacaq. Çünki cəmiyyət çox tezliklə onların həqiqi məqsədlərindən xəbər tutacaq".
Akif Nağı həmçinin bildirib ki, "Qarabağ Xartiyası"nda öz əksini tapan üç prinsip əslində, indiyə qədər də iqtidar və müxalifət tərəfindən dəstəklənirdi: "Qarabağ Azadlıq Təşkilatının hələ 1999-cu ildə həmin prinsiplərin öz əksini tapdığı sənədi bir çox siyasi partiya və ictimai təşkilatlar tərəfindən dəstəklənmişdi. Sadəcə olaraq siyasi məqsədlər güdən "Dördlər" bu işi öz məqsədlərinə görə yenidən gördülər".
YAP xartiyaya imza atmayacaq
Mübariz Qurbanlı: "Bu, Heydər Əliyevin indiyə kimi apardığı siyasətin kiçik bir hissəsini əks etdirən sənəddir"
|
Şənbə günü "Dördlər" hazırladıqları xartiyanı prezident Heydər Əliyevə təqdim etsələr də, hakim partiya bu sənədə imza atmayacaq.ÿBu barədə YAP icra katibinin müavini Mübariz Qurbanlı açıqlama verdi. Onu sözlərinə görə, Heydər Əliyevin Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün yürütdüyü siyasətin alternativi yoxdur və ola bilməz.
Mübariz Qurbanlının sözlərinə görə, onlar prezidentin siyasətinə alternativ görmədiklərindən hansısa şəxslərin kağız üzərində yazdığı sənədə imza atmağı siyasi etikaya uyğun hesab etmirlər: "Həmin dörd nəfərin hazırladığı xartiya Heydər Əliyevin indiyə kimi apardığı siyasətin kiçik bir hissəsini əks etdirən sənəddir. Onlar Heydər Əliyevin dediklərini və etdiklərini öz adlarına çıxırlar. Özü də həmin xartiyada yeni heç bir şey yoxdur. Onların bu addımları özünüreklamdan başqa heç nə deyil. Ona görə də həmin xartiyaya imza atmayacağıq. Onların xartiyasına onlarla insan, təşkilat imza atıbsa, Heydər Əliyevin siyasətində milyonlarla insanın imzası var".
Xatırladaq ki, YAP-dan başqa Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı da "Dördlər"in hazırladığı xarityaya imza atmaqdan imtina edib. Fəzail Ağamalı bunu xartiya ilə tanış ola bilməmələri ilə izah etdi: "Əvvəlcədən təyin edilmiş görüşlərimiz müəyyən səbəblərdən baş tutmadığına görə, onlara qoşulmadıq. Təbii ki, tanış olmadığımız sənədə imza ata bilmərik".
"Bu, Veytnam müharibəsi olacaq"
Cümşüd Nuriyev: "200 il müharibə görməyən
ABŞ əsgərlərinin hərbi əməliyyatlara başlaması çətinlik yaradacaq"
|
Müstəqil siyasətçi Cümşüd Nuriyev hesab edir ki, ABŞ İraqı bombaladığı kimi Əfqanıstanı da viran qoyacaq. Onun sözlərinə görə, bu müharibə elə ABŞ üçün də baha başa gələcək: "Dəqiq proqnoz vermək olar ki, ABŞ Əfqanstanı bombalasa, Amerikada və onun arı-ayrı ölkələrdəki nümayəndəliklərində terror dalğası başlayacaq.
Əfqanstana qoşun yeridilsə bu, ABŞ-ın faciəsi olacaq. Çünki 200 ildən də artıqdır ki, ABŞ müharibə aparmır. Bir terrordan ABŞ kimi dövlət bu cür sarsıldısa, onda təsəvvür edin müharibə başlasa nə cür olacaq. Bu, Veytnamdakı müharibə kimi olacaq. Özü də əfqanlar uzun müddətdir ki, bu cür şəraitdə müharibə aparırlar, təcrübələri var".
Nuriyev sözlərinə görə, ABŞ terrorla İslam dininin eyniləşdirir: "Şəxsən mən ABŞ-ın islaha bu cür baxmasını özümə təhqir hesab edirəm. Bu, ABŞ-ın ən böyük səhvidir. Çünki terrorçunun nə vətəni var, nə də ki, dini. ABŞ-ın özündə ən azı 30 milyon müsəlman yaşayır. Bunun axırını çox təhlükəli görürəm. Amerika bununla dünyadakı mövqelərini itirəcək".
Cümşüd Nuriyev deyir ki, bu məsələdə Azərbaycan neytral dövlət kimi çıxış etməlidir. Onun sözlərinə görə, ABŞ həmişə ermənilərin Azərbaycan ərazisində terrorçuluq, separatçılıq əməllərinə göz yumub: "Hətta ermənilərin Bakıda törətdiyi terror aktını MTN üzə çıxardı. Məhkəmədə də ermənilər boyunlarına aldılar ki, onlar Ermənistanda təlim keçiblər. Azərbaycan bu məsələni dəfələrlə qaldırsa da, bütün hallarda ABŞ buna fikir verməyib, məsələyə ikili standartla yanaşıb. ABŞ özü terror anlarını yaşayandan sonra ola bilər ki, Azərbaycana qarşı mövqeyində dəyişiklik etsin. Ona görə də Azərbaycan bu məsələlərdə neytral qalsa, daha yaxşıdır. Onu da deyim ki, bu məsələdə Azərbaycan dövləti nə lazım idisə, onu artıqlaması ilə etdi. Heydər Əliyev ABŞ-a qədərincə müsbət jestlər nümayiş etdirdi".
"Çıxış yolu NATO-ya üzvlükdür"
İsa Sadıxov Şimali Atlantika Alyansının Bakıda
hərbi təlimlər keçirmək istəyini ciddi hadisə sayır
|
"NATO-nun noyabr ayında Azərbaycanda hərbi təlimlər keçirmək istəyi təşkilatın regiona qarşı maraqlarının gücləndiyini göstərir". Ehtiyatda olan Zabitlər Birliyinin sədri, hərbi ekspert İsa Sadıxov bu fikirdədir.
Onun qənaətinə görə, Şimali Atlantika Alyansının komanda-qərargah təlimlərinin keçirilməsi üçün məhz Bakı şəhərinin seçilməsi təsadüfi deyil. "Hələ NATO-nun baş katibi cənab Robertson bir müddət əvvəl bildirmişdi ki, Azərbaycan və Gürcüstan NATO-ya qəbul olunmağa qərar versə, onlara müəyyən güzəştlər olacaq. Noyabr ayında Bakıda keçiriləcək təlimlər də onu göstərir ki, artıq təşkilat Azərbaycanı tezliklə öz sıralarında görmək istəyir. Bu, həm də regionun NATO üçün strateji əhəmiyyətinə işarədir. Bu çox önəmli və ciddi faktdır. Bizim regionun, dövlətin geopolitik durumunun stabilliyi NATO-ya qəbuldan bilavasitə asılıdır. Son proseslər də göstərdi ki, əgər müstəqil dövlət kimi güclənmək istəyiriksə, mütləq NATO-ya üzv olmalıyıq" - deyə, polkovnik bildirib.
İsa Sadıxovun fikrincə, Azərbaycanın NATO-ya qəbulu ilə bağlı ciddi problemlər gözə dəymir. O, bildirir ki, indi ölkə rəhbərliyi təşkilata qəbul istiqamətində konkret addımlar atmalıdır: "Məlumatlar var ki, noyabr ayında Azərbaycanın NATO-ya asossiativ üzvlüyü də reallaşa bilər. İndi Azərbaycan özü bu istiqamətdə konkret addımlar atmalıdır".
Polkovnik hesab edir ki, Rusiya-Ermənistan hərbi əməkdaşlığının gücləndirildiyi bir şəraitdə Azərbaycanın NATO və Türkiyə ilə adekvat münasibətlər qurmasına ciddi ehtiyac var: "Rusiyanın mövqeyi artıq məlumdur. Putin Ermənistana sonuncu səfəri zamanı bir daha bildirdi ki, Rusiya bu ölkənin müdafiəsi üçün hər şeyi edəcək. Belə olan təqdirdə Azərbaycanın da çıxış yolu NATO və Türkiyə bazalarının öz ərazisində yerləşdirilməsinə nail olmaqdır".
|
"Bizans süqut etməyib ki..."
|
Sentyabrın 18-də Vətəndan Birliyi Partiyasının sədri İqbal Ağazadə Türkiyə səfəri və partiyada baş verən son olaylarla bağlı mətbuat konfransı keçirdi. Ağazadə sentyabrın 10-15-dəki səfər zamanı keçirdiyi görüş haqqında məlumat verərək dövlət bakanı Əbdülxalıq Çay, Azərbaycan Kültür Cəmiyyətindəki aparılan müzakirələrdən danışdı və orada təhsil alan azərbaycanlı tələbələrlə keçirdiyi görüşləri xüsusi vurğuladı.
Partiyada baş verən son hadisələrə aydınlıq gətirmək istəyən İ.Ağazadə dörd nəfərin gedişindən VBP-nin heç nə itirmədiyini dedi: "Bu gün VBP öz yerindədir və ictimai rəydə oturuşmuş partiyadır. Onlar ucuz oyuna getdilər, aldandılar, yanıldıqlarını indi başa düşüblər".
Hadisələrin əvvəli haqda İ.Ağazadə bildirdi ki, hələ avqustun 28-də Nadir Quliyev (VBP sədrinin I müavini) BDU-nun ərazisindəki çayxanada A.Mütəllibovun sədr olduğu VBP-nin ideologiya katibi F.İsmayılovla görüşüb: O, həmçinin "Gilavar" kafesində Qənimət Zahidovla da dəfələrlə görüşüb".
O həmçinin bildirdi ki, partiyadan gedən narazılar öz məlumatlarını A.Mütəllibovun partiyasındakı faksla yayıblar.
Mətbuata N.Nəsirlinin VBP-nin Ali Məclis sədri kimi təqdim olunmasına da münasibət bildirən İ.Ağazadə onun "Neytral" qəzetinin müxbiri olduğunu dedi və əlavə etdi ki, Şəki hadisələrində onun "fəaliyyəti" nəticəsində müəyyən adamlar həbs edilib: "Gedənlərdən Şahin Ağabəyli hələ mən Türkiyədə olarkən telefonla mövqeyini müəyyənləşdirmədiyini deyirdi".
Ağazadə bu işdə AXCP-nin (islahatçılar) də maraqlı olduğunu deyərək qurultay barədə məlumatın nə üçün məhz "Azadlıq" qəzetində getdiyinin də müəmmalı olduğunu vurğuladı.
Sonda İ.Ağazadə mətbuatın nə üçün VBP-dəki hadisələrə bu qədər önəm verdiyini başa düşmədiyini söylədi, qəribə bir bənzətmə də işlətdi: "Elə bil Bizans imperiyası süqut edib".
|