İdman

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Kriminal
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#111(335)
David Kipiani

Sentyabrın 17-dən 18-nə keçən gecə keçmiş SSRİ-nin ən intellektual futbolçusu, Gürcüstan futbolunun əfsanəsi David Kipiani vəfat edib.
Tbilisi şəhərinin 30 kilometrliyindəki Serovani kəndində avtomobil qəzasına düşən D.Kipiani ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin həkimlərin onu həyata qaytarmaq cəhdləri nəticəsiz qalıb. Peşəkar futbolçu karyerasına yerli "Lokomotiv" komandasında başlayan David 1971-ci ildə, 20 yaşında ikən, Tbilisi "Dinamo"suna dəvət olunur. Bu komandanın heyətində 1978-ci ildə SSRİ çempionu adını qazanır, 1976 və 1979-cu illərdə isə SSRİ kubokuna yiyələnir. 1977-ci ildə SSRİ-nin ən yaxşı futbolçusu seçilir. Nə qədər qısqanc yanaşsalar da, D.Kipiani 19 dəfə SSRİ seçmə komandasının heyətində meydana çıxır və 7 top vurur. 1981-ci ildə UEFA-nın kuboklar kuboku turnirinin finalında Almaniya Demokratik Respublikasının "Karl Seys" klubuna qalib gələn Tbilisi "Dinamo"sunun heyətində bu mükafatı da qazanır. 1983-cü ildən məşqçilik fəaliyyətinə başlayan D.Kipiani 18 il ərzində ardıcıllıqla Tbilisinin "Dinamo", Kiprin "Olimpiakos", Yaroslavlın "Şinnik", Kutaisinin "Torpedo" klublarını və Gürcüstan milli seçmə komandasını çalışdırır. Sonuncu vəzifədən iki ay öncə istefa verən görkəmli mütəxəssis bu müddətdə Kutaisinin "Torpedo" klubu direktorlar şurasının üzvü kimi fəaliyyət göstərirdi. Kuboklar kubokunu başı üzərinə qaldırmış Vitali Daraseliya kimi noyabrın 18-də 50 yaşını qeyd edəcək David Kipiani də həyata avtomobil qəzası nəticəsində əlvida dedi. Ruhu şad olsun!

Dünya çempionatı təxirə salındı

Beynəlxalq Güləş Federasiyası sentyabrın 26-dan 29-dək Nyu-Yorkun məşhur Medison Skver Qarden salonunda keçirilməsi planlaşdırılan sərbəst və yunan-Roma güləşi üzrə dünya çempionatının vaxtının dəyişdirilməsi haqda qərar verib.
Qərar rəsmi xəbərdarlıq şəklində milli federasiyalara göndərilib. Beynəlxalq təşkilat bu addımı ABŞ Güləş Federasiyasının müraciətindən sonra atıb. Son məlumatlara görə dünya birinciliyinin yeni tarixi və yeri baradə yekun qərar bu ayın axırlarında çıxarılacaq. Bununla belə, çempionatın oktyabrın sonu, yaxud noyabrın əvvəllərində ABŞ-da keçiriləcəyi bildirilir. Qeyd edək ki, 83 ölkənin 693 pəhləvanının iştirak edəcəyi yarışa Azərbaycan idmançıları da ciddi hazırlaşırlar.

Görüş neytral meydanda keçirilcək
UEFA "Anji" - "Reyncers" qarşılaşması barədə qəti sözünü dedi

Xeyli müddətdir Şotlandiyanın "Reyncers" klubunun UEFA kuboku turniri çərçivəsində "Anji" ilə səfər görüşünə gedib-getməyəcəyi məsələsi müzakirə olunur, qarşılıqlı bəyanatlar verilir və s. Nəhayət, məsələyə nöqtə qoyulub: şotlandlar Mahaçqalaya gəlməyəcəklər!
Bəs, bu cütlüyün taleyi necə həll ediləcək? Ümumi qaydalara görə, oyuna getməyən klub turnirdən kənarlaşdırılır (başqa cəzalar da tətbiq edilir: böyük məbləğdə pul cəriməsi, klubun müəyyən müddətə diskvalifikasiyası və s.), onun rəqibi isə yarışların növbəti mərhələsinə adlayır. Lakin "Reycers"i belə bir tale gözləmir. Klubun prezidenti Devid Mürreyin sözlərinə görə, Mahaçqalaya getməməyin cəzası onlar üçün yalnız texniki məğlubiyyət (0:3) olacaq və cavab matçı Qlazqoda oynanılacaq. Avropa futbol təşkilatı da buna razılıq verib - D.Mürrey belə deyib.
Son anda UEFA-nın icraçı direktoru Gerhard Ayqnerin bəyanatı yayıldı. Məlum oldu ki, "Reyncers" klubu prezidentinin dedikləri həqiqətə uyğun deyil. UEFA matçın keçiriləcəyi bölgədə son 24 saatda baş vermiş hadisələri və Dağıstan hökumətinin qonaq komanda üzvlərinin təhlükəsizliyinə təminat verə bilməməsini nəzərə alıb, cütlüyün qalibini cəmi 1 görüş, onu da neytral meydanda keçirməklə müəyyənləşdirmək baradə qərar çıxarıb. Həmin oyunun harada təşkil ediləcəyi (Rusiya informasiya mənbələri artıq Bolqarıstanın adını çəkirlər) indilikdə məlum olmasa da, vaxtı dəqiqdir - 27 sentyabr!

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd