|
|
|
|
#111(335)
|
 |
Polad Bülbüloğlu: "Milli musiqi
günü Şuşada qeyd olunacaq"
Dünənki tədbirdə çıxış edən mədəniyyət naziri Azərbaycanın Konservatoriyasına dönəcəyimizə əmindir
|
Dünən sentyabrın 18-i idi.
Üzeyir Hacıbəyovun doğum günündə qərarlaşan daha bir Milli musiqi günü arxada qaldı.
Milli musiqi gününün necə qeyd olunmasından söhbət açmamışdan öncə nəzərinizə çatdıraq ki, bu ənəninin ilk təşəbbüskarı Niyazi olub. Dahi bəstəkar Üzeyir Hacıbəyovun vəfatından sonra maetro hər il bu günü qeyd edirmiş. Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını alır.
1995-ci ildə isə möhtərəm prezidentimiz Üzeyir Hacıbəyovun anadan olmasının 140 illik yubileyi dönəmində həmin günün Milli musiqi günü kimi qeyd olunması barədə fərman imzalayaraq, bu ənənəni rəsmiləşdirdi.
Əvvəlcədən xəbər verildiyi kimi, mədəniyyət naziri Polad Bülbüloğlu, Baş nazirin müavini Elçin Əfəndiyev və başqaları daxil olmaqla, bir qrup mədəniyyət və elm xadimi Fəxri Xiyabana gəlib, musiqi korifeylərimizin məzarlarını ziyarət etdilər. Daha sonra Rüstəm İbrahimbəyov adına İncəsənət Muzeyininin həyətinə toplaşan nümayəndə heyəti Qarabağdan gətirilmiş, erməni işğalçılarının üzdəniraq əməllərinin canlı şahidi olan Üzeyir Hacıbəyovun, Bülbülün, Xurşudbanu Natəvanın abidələrini ziyarət etdilər. Və elə oradaca Şuşa Musiqili Dram Teatrının kollektivinin ifasında "Qarabağ şikəstəsi" dinlənildi. Və sonra əvvəlcədən nəzərdə tutulduğu kimi Musiqi Akademiyasının qarşısında Milli musiqi gününə həsr olunmuş toplantının açılış mərasimi gerçəkləşdi. Tədbiri açan mədəniyyət naziri, xalq artisti, professor Polad Bülbüloğlu çıxışında bildirdi ki, Üzeyir Hacəbyovun doğum günü uzun illər musiqi ictimaiyyəti tərəfindən anılsa da, onun Milli musiqi günü kimi qeyd olunması möhtərəm prezidentimizin adı ilə bağlıdır. Buna görə musiqi ictimaiyyətinin ona dərin təşəkkürünü çatdıran nazir əlavə etdi ki, peşəsindən asılı olmayaraq, bu gün bütün musiqisevərlərin bayramıdır. Daha sonra nazir çıxışında "Üzeyir Hacıbəyovun, Bülbülün və neçə-neçə belə korifeylərin ruhu narahatdır" dedi. Çünki Azərbaycanın Konservatoriyası adlandırılan Şuşa işğal altındadır. Çıxışının sonunu nazir nikbinliklə tamamladı. O, Milli musiqi gününü Şuşada, Qarabağda qeyd edəcəyimizə inandığını bildirdi.
Baş nazirin müavini, yazıçı Elçin Əfəndiyevsə Üzeyir Hacıbəyovun dünya musiqisi tarixində özünəməxsus yer tutduğunu vurğulayaraq, onu novator bəstəkar kimi dəyərləndirdi.
"Mən dünyada elə bir bəstəkar tanımıram ki, onun yaratdığı qəhrəmanlar milli obraz səviyyəsinə qədər yüksələ bilsin" deyən natiqin görümüncə, yalnız Üzeyir Hacıbəyova bu sənətkar xoşbəxtliyi qismət olub. Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, xalq artisti Vasif Adıgözəlov, Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış etdi. Fərhad Bədəlbəyli öz çıxışında vaxtilə Süleyman Ələsgərovdan eşitdiyi bir deyimi - "Biz hamımız Üzeyirin çörəyini yeyirik" xatırladı.
Sonda isə Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbəri və dirijoru Rauf Abdullayev), müdafiə nazirliyinin nümunəvi nəfəs alətləri orkestri, Dövlət Xor Kappelası (bədii rəhbəri Gülbacı İmanova) Üzeyir Hacıbəyovun və Müslüm Maqomayevin əsərlərindən parçalar ifa etdilər.
Ən nəhayət, hər il olduğu kimi, mövsümün açılışını Üzeyir bəyin doğum gününə salan Opera və Balet Teatrı qapılarını sənətsevərlərin üzünə açdı. Dünən rejissor Hafiz Quliyevin səhənləşdirdiyi "Arşın mal alan" operası oynanıldı.
Muğamat var olan yerdə...
"Azərbaycan diskoqrafiyası" milli musiqimizi dünyaya təşqdim edir
|
Azərbaycan musiqisi mövcud olduğu gündən indiyə qədər, istər Şərq, istərsə də Qərb dünyasında həmişə böyük maraq və uğurla qarşılanıb. Xüsusən də, xalq mahnılarımızın, muğam və təsniflərimizin Avropa, Asiya, Afrika ölkələrində şöhrət tapması Xan Şuşinski, Məşədi İsi, Seyid Şuşinski, Keçəçi Məhəmməd, Hacı Hüsü, Bülbül kimi sənətkarların qoyduğu bünövrəyə əsaslanır.
Azərbaycanda xanəndəlik məktəbi XIX əsrdə hələ öz inkişaf mərhələsini yaşayırdı. Şuşada yaranan məktəb ilk illər "Xarratqulu" adlanırdı. Eyni zamanda Şamaxıda və Bakıda da məktəblər açılmaqda idi. Sonralar Şuşa məktəbi bu sırada fərqləndiyinə görə fəalliyyətini Bakıya köçürür və burada davam etdirir. Hacı Yusif, Məşədi İsi, Cabbar Qaryağdıoğlu kimi ustadlar məhz bu məktəbin yetirmələridir ki, onları bu gün də təbliğ etmək bizlərin borcu sayılmalıdır. Ötən günkü tədbir məhz bu məqsədlə düzənlənmişdi.
1906-cı ildən başlayaraq, Azərbaycan diskoqrafiyası dünyanın müxtəlif şəhərlərində - Moskva, Sankt-Peterburq, Varşava, Riqa, Tiflisdə vallar buraxdırır. Bu yaxınlarda isə Azərbaycan öz sənətkarlarını, klassiklərini bütün dünyada tanıtmaq şansı qazanıb. O, bu şansı internet səhifəsinə çıxması ilə əldə etdi. Dünən ölkəmizdə qeyd edilən Milli Musiqi Günü münasibətilə "Karellhaus" mədəniyyət mərkəzində xüsusi təqdimat mərasimi keçirildi. Mərasim "Karellhaus" mədəniyyət mərkəzi, Azərbaycan Bəstəkarlar İttifaqı, Bakı Musiqi Akademiyası tərəfindən təşkil edilmişdi.
1999-cu il sentyabrın 17-də Azərbaycanda ilk dəfə olaraq, elmi-pedoqoji, tənqidi-publisistik, mədəni-maarifçi, 172 səhifə həcmində latın qrafikası ilə çap edilən "Musiqi dünyası" jurnalı nəşr edilir. Həmin ilin noyabr ayında jurnal İnternet səhifəsinə çıxarılır. 2000-ci ildə isə memarial sayt hazırlanır. Vaqif Mustafazadəyə həsr olunan sayt Fərhad Bədəlbəyli tərəfindən həm Azərbaycan, həm də ingilis dilində tərtib edilir. Bundan sonra ölkəmizin bəstəkarlar ittifaqı ilə birlikdə 156 bəstəkarın daxil edildiyi "Azərbaycan bəstəkarları və musiqişünasları" adlı başqa bir sayt da işlənir. Sonralar dahi bəstəkarımız Qara Qarayevin öz saytı da açılır. Bura Qara Qarayevin dünya mədəniyyətinin məşhur simaları haqqında dediyi sözlər, operalarından fraqmentlər, filmlərə bəstələdiyi musiqilərdən parçalar daxil edilib.
Sonucu sayt isə "Azərbaycan diskoqrafiyası" adlanır. Bu sayt 1900-40-cı illəri əhatə edir. Saytda 500-dən artıq qrammafon valından yığılmış musiqi parçaları cəmləşib. Hər müğənniyə 15 saniyə vaxt ayırılıb. Saytdakı materiallar "Azərbaycan musiqi mədəniyyəti dövlət muzeyi", "Azərbaycan dövlət səs yazıları arxivi", "Beynəlxalq musiqi kolleksiyası", "Bülbülün xatirə muzeyi" başlıqları altında tərtib olunub. Saytda biz Malıbəyli Həmid, Cabbar Qaryağdıoğlu, Məşədi Qafar, Seyid Mirbabayev kimi muğam ustadlarımızın ifasında "Heyratı", "Segah", "Qarabağ şikəstəsi" və digər muğamlarmızı eşidə bilərik. Nəzərinizə çatdıraq ki, İnternetə daxil edilən materiallar Azərbaycan, rus, ingilis dillərindədir və bu materiallarla dünyanın istənilən nöqtələrində tanış olmaq imkanı var.
|