|
|
|
|
#111(335)
|
 |
"N.BROTNERS" ad gününü qeyd etdi
Qrup qonaqlarını "Sərin"də qarşıladı
|
Ötən gün "Sərin" restoranında "N.BROTNERS" pop-vokal qrupunun yaranmasının bir ili münasibətilə geniş mərasim keçirildi. Təsadüfi deyil ki, qrupun yeni klipinin təqdimat mərasimi də məhz bu günə salınmışdı. Sözügedən mərasimdə bir çox müğənnilər, o cümlədən, aktyorlar da iştirak edirdi.
Tədbirlərin vəd olunan vaxtdan xeyli gec başlaması bizlərdə artıq bir ənənə halını alıb. Bu yubiley də istisna olmadı. "Qardaşlar" nə az-nə çox, düz 1 saat 50 dəqiqə gecikdilər. İlk olaraq, səhnəyə aparıcı, aktrisa Könül Yusifqızı təşrif buyurdu. Və səbəbkar qrupun prodüsseri Mədinə Məlikovanı tamaşaçılara təqdim etdi. Mədinə xanım "N.BROTNERS"çilərin adlarını açıqladı: Samir, Azad, Famil və Samson. Sonra növbə çatdı "qardaşlar"ı təbrikə gəlmiş sənətçilərə. Kimlər yox idi - Səməd Səmədov, Rəşad İlyasov, Cəmilə, Nüşabə Ələsgərli, balaca rəqqasə Jalə, Flora Kərimova, Qorxmaz Əlili, Cavan Zeynallı, Faiq Ağayev, Almaz Ələsgərli, Rüfət Mehdiyev, Ülvi Cəfərov, Elxan Şirinov, Nurlan Əzizbəyli, Sabir Əhmədov, Allahverdi Yolçuyev, Nailə Orucova və başqaları. Qrupun bədii rəhbəri Namiq Qafarov da öz ürək sözlərini deyəndən sonra yeni çəkilmiş klipə ilk baxış keçirildi. Xatırladaq ki, sözügedən klip "LIDER TV"də lentə alınıb. Musiqi çarxı sözügedən kanalın əməkdaşları Fuad Dadaşovun, İlkin Babayevin, Ayaz Qasımbəylinin, Rövşən Quliyevin əməklərinin bəhrələri idi. Klip tamaşaçıların xoşuna gəldi. Xeyli susmaq bilməyən alqışlar belə düşünməyə əsas verir. Ümumiyyətlə, tədbirə söz ola bilməzdi. Bütün tamaşaçılar, o cümlədən, media nümayəndələri də mərasimindən çox razı qalmışdılar. Ancaq eksklüziv çəkilişi təşkil edən "LIDER TV"nin, "Bizim ƏSR" və "Naş VEK" qəzetlərinin əməkdaşları bu münasibətdən kənarda qaldılar. Belə ki, heç bir dəvətnaməsi, bileti olmadığı halda özü ilə üç-dörd nəfəri də gətirmiş həmkarlarımızın bir neçəsi həmin gün "N.BROTNERS"in fəxri qonaqları sırasında idilər. Bizim əməkdaşlar isə ayaqüstə qalmışdılar. Halbuki, "N.BROTNERS"in bu tədbirinin reklamını "LIDER TV", "Bizim ƏSR" və "Naş VEK" qəzetləri təşkil etmişdi. Sonda isə çağırılmamış qonaqların yerləri bizimkindən qat-qat üstün oldu. Restoranın səhnədən uzaq bir küncündə stol qoyub qapının ağzında qalmış əməkdaşlarımızı burada oturmağa dəvət edən restoran işçiləri, o cümlədən, qrup rəhbəri Namiq Qafarov, deyəsən, bundan qətiyyən narahat da deyildi. Əks təqdirdə, o, narazılığımıza cavab olaraq, "Toyda ev yiyəsi ayaq üstə olar" deməzdi. Maraqlı cavabdır, amma bir balaca şərh istəyir. Əvvəla, təqdimetmə mərasimi toy deyil, biz isə ev yiyəsi. Ev yiyəsi elə səbəbkarların özləri idilər ki, onlar da oturmuşdular. Onda belə çıxır ki, bütün tədbirin çəkilişini aparmaq, "N.BROTNERS" qrupunun ad gününü keçirmək və kliplərinə təqdimetmə mərasimi təşkil etmək "Media LTD" şirkətinin qolları olan "LIDER TV"nin, "Bizim ƏSR" və "Naş VEK" qəzetlərinin borcu imiş.
Nə isə, ayaqüstə olsaq da, "N.BROTNERS", bir yaşın mübarək!
"Nə gəlməz
oldun"
Aybəniz çəkilişlərə başlayıb
|
Aybəniz Haşımovanın, nəhayət ki, klipini görəcəyik. Nə vaxtdır haqqında danışılan çəkilişlər artıq başlayıb.
Mahnı üçün Aybəniz uzağa getməyib. O, vaxtilə repertuarını bəzəyən və onun müğənni kimi sevilməsində böyük rol oynayan "Nə gəlməz oldun" mahnısının üzərində dayanıb. Xatırladaq ki, "Nə gəlməz oldun"unun sözləri Əli Kərimə, musiqisi isə Oqtay Kazımova məxsusdur.
Elxan Şirinov
imana çağırır
O, "İnan Allaha" mahnısının
klipini də təqdim etmək istəyir
|
Elxan Şirinovun başı bərk qarışıqdır. Müğənni Ramiz Abdullayevin sözlərinə bəstələnən mahnılardan ibarət yeni kaset buraxdırır.
Bu, hamısı deyil. Eyni zamanda Elxan müəllim iki klip üzərində də işləyir. Birinci klip Cabbar Musayevin Əhməd Cavadın sözlərinə yazdığı "Sən ağlama", ikinci klip isə Əzim Məmmədovun Ramiz Abdullayevin sözlərinə bəstələdiyi "İnan Allaha" mahnılarına çəkilir.
|
Körpəni korluqdan xilas etdi
Ajda xeyriyyəçi ampluasında
|
Ajda Pekan on aylıq xəstə uşağın taleyinə biganə qala bilməyib.
O, gözləri tutulmuş körpəyə yardım etmək qərarına gəlib və uşağın imkansız valideynlərinə əməliyyatın bütün xərcini öz üzərinə götürdüyünü deyib. Körpənin gözlərində aparılan cərrahiyyə əməliyyatı uğurla nəticələnib. Uşağın ata-anası indi Ajdaya duçıdırlar. Ajda isə bu jesti reklam adına deyil, uşaqlara sevgisindən etdiyini deyib.
|