|
|
|
|
#111(335)
|
 |
Ermənistan-beynəlxalq
terrorizmin yuvası
Ermənilər Bakı Metropolitenində terror aksiyasını
həyata keçirən Azər Aslanovun üzərində uzun müddət hazırlıq aparılıb
|
Əvvəli qəzetimizin ötən sayında
İstintaq nəticəsində sübut olunur ki, Ermənistan xüsusi xidmət orqanları respublikamızın ərazisində terror aktları törətmək məqsədilə Azər Aslanov üzərində (narkotik maddələrdən də istifadə edilməklə) uzun müddət hazırlıq işləri aparıblar. Bundan başqa, müəyyən edilib ki, Azər Aslanovu terror aktına məcbur etmək üçün Ermənistan xüsusi xidmət orqanları Moskvada yaşayan agent-əlaqələndirici Artur Şmavonoviç Akopyanın vasitəsilə Azərin anasının Yerevana səfəri təşkil olunub. Oradan isə qadın Şuşaya aparılıb.
Bakı Metropolitenində terror aksiyasını həyata keçirmək üçün Azər Aslanovun hazırlandığı müddətdə onun anası girov kimi saxlanılıb. Yalnız metropolitendəki partlayışdan bir həftə sonra qadını azadlığa buraxıblar. Operativ-istintaq tədbirləri nəticəsində müəyyən olunur ki, Azər Aslanov Mahaçqaladadır. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin müraciəti əsasında Azər Aslanov 1996-cı il sentyabrın 3-də Rusiyanın Antiterror Mərkəzinin əməkdaşları tərəfindən həbs edilərək Azərbaycan tərəfinə təhvil verilir.
İstintaq zamanı müəyyən edilir ki, Bakı Metropolitenində terror aksiyasını həyata keçirmək üçün Azər Aslanovun "verbovka" olunmasında əli olan Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları - polkovnik Karen Baqdasaryan, Aqvan ləqəbli polkovnik və kapitan Seyran Sarkisyanla yanaşı əyalət miqyaslı erməni yazıçısı Zori Balayan da iştirak edib.
Azər Aslanovun ifadəsinə görə, terror aksiyasının həyata keçirilməsinə "xeyir-dua" verənlərdən biri həmin vaxt "DQR"in indi isə Ermənistanın prezidenti olan Robert Köçəryan olub.
İstintaq sübut edir ki, A.Aslanovu tapşırıq dalınca göndərməzdən əvvəl, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları terrorçunun iştirakı ilə Yerevan-Mineralnıye Vodı reysi ilə hərəkət edən təyyarənin komandirinə peçenye, yağ, şokolad kağızlarına bükülmüş, həmçinin kosmetik dezodorant qablarına oxşayan əldəqayrılma partladıcı qurğu yerləşdirilmiş qara rəngli diplomat veriblər. Təyyarənin komandiri sonuncu məntəqəyə çatan kimi, diplomatı A.Aslanova verib. Bundan başqa, terror ərəfəsində A.Aslanov saxta sənədlərlə və iri miqdarda pulla təhciz olunub.
Müttəhimin ifadələrindən məlum olub ki, Ermənistan Zori Balayanın şəxsində "Daqneft" Səhmdar Cəmiyyətinin baş direktoru Hacı Nuxieviç Maxaçevlə danışıqlar aparırmış.
Danışıqların mövzusu neft və neft məhsullarının müqabilində Ermənistandan Dağıstana iri partiya silah və sursatın göndərilməsi olub. Bu yolla əldə olunmuş silahların bir hissəsi H.Maxaçev tərəfindən çeçenlərə satılmış, digər hissəsi isə Azərbaycanla sərhəd ərazilərdə yerləşən bazalarda yerləşdirilmişdir.
Erməni terrorizmi bütün Qafqaz regionunda destabilləşmə faktorudur. Və bu faktor təkcə Azərbaycanın maraqlarına qarşı yönəlməyib. Bu faktor həmçinin Türkiyə, ABŞ, Gürcüstan və digər ölkələrə qarşıdır. Gürcüstan KİV-in yaydığı məlumata görə, prezident Eduard Şevardnadzeyə qarşı təşkil olunmuş sui-qəsddə bu ölkənin vətəndaşlarından olan erməni terrorçularının əli var. Xüsusilə də Rusiyanın Gürcüstanda dislokasiya olunmuş hərbi bazasının aviasiya hissəsinin rəisi podpolkovnik Mixail Markaryanın "Cavax" (təşkilat Gürcüstanın cənub regionlarının Ermənistana birləşdirilməsi uğrunda "mübarizə" aparır) separatçı hərəkatının nümayəndələri ilə sıx əlaqədə olub.
1998-ci il aprelin sonunda E.Şevardnadzenin Türkiyəyə səfəri zamanı prezident təyyarəsinin mühərrikində qəzaya səbəb ola biləcək qum tapılır. Həmin məsələ ilə əlaqədar istintaq hələ də davam edir. Qeyd etmək lazımdır ki, Cavaxetiyada regiondakı hadisələrin inkişafına real təsir imkanlarına malik bir neçə erməni terror təşkilatı fəaliyyət göstərir.
Bunlardan ən irisi Samvel Petrosyan və David Vekilyanın rəhbərlik etdiyi siyasiləşmiş "Cavax" təşkilatıdır.
Onlar "Böyük Ermənistan" kimi ağılsız ideyanı həyata keçirmək üçün inzibati muxtariyyət adı altında regiona faktiki müstəqillik verilməsini istəyirlər.
Bundan başqa, "Cavax"ın aktiv üzvləri Axalkalakidən keçməklə Türkiyədən Gürcüstana çəkiləcək yeni dəmir yolunun əleyhinə çıxış edirlər.
Ardı var
Xırdalandan yan dolan
Bu qəsəbə əsl antisanitariya yuvasıdır
|
Redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən Əsli Nəzərova Xırdalan qəsəbəsində yaşayır. Özü də bu məkana təzəcə köçüb. Lakin yaşadığı bina zibilliklə əhatə olunduğundan, hələ də qohumlarının mənzilində sığınacaq tapıb. Onun sözlərinə görə, evə gedəndə və qayıdanda gərək bu zibillikləri tapdalayıb keçəsən. Başqa cür mümkün də deyil.
Deyir yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.
Yollanırıq Xırdalan qəsəbəsinə. Qəsəbəyə daxil olanda yolların kənarını əhatə etmiş zibillikləri görəndə artıq həmin binanın vəziyyətini bir anlıq gözlərimiz önündə canlandırdıq.
Əsli Nəzərovanın yaşadığı obyektin qarşısına çatanda əvvəlcə küçənin adı və binanın nömrəsi ilə maraqlandıq. Lakin bu barədə hətta sakinlərin də mə`lumatı yoxdur. Sadəcə, xalq arasında bu bina "müəllimlər evi" deyə çağırılır.
Çünki bina sakinlərinin əksəriyyətini müəllimlər təşkil edir. Yaşayış obyektinin həyətinə daxil olmağa cəhd edirik. Birtəhər üfunətli zibilliyi tapdalayaraq, keçdik.
Həyətə göz gəzdirdikcə adamda elə təsəvvür oyanır ki, binada yaşayanlar elə əllərinə nə gəlirisə həyətə atırlar.
Bəs görəsən, sakinlər bu şəraitlə bağlı nə deyirlər?
Gəlişimiz müəllimlərin dərsdə olduğu vaxta təsadüf etdiyindən həyətdə heç kim gözə dəymirdi. Yalnız elə zibilliyin yanında oğlu ilə birgə xalça yuyan qadınla danışa bildik. Adının çəkilməsini istəməyən sakinin sözlərinə görə, bina əhli antisanitariya ilə bağlı heç bir təşkilata müraciət etməyib, çünki şikayətləri nəticəsiz qalacaq.
Onların görmək istəmədikləri işi biz yerinə yetirməli olduq. Yollandıq elə həmin əraziyə baxan 3 saylı Mənzil İstismar Sahəsinə. Lakin elə MİS-in yerləşdiyi binanın ətrafını görəndə, "müəllimlər binası"na şükür etməli olduq. MİS-in rəisi İslam Əliyev bildirdi ki, artıq "Bizim ƏSR"in əraziyə baxış keçirməsindən sonra zibilliklərin təmizlənməsinə başlanılıb. Öhdələrinə düşən vəzifəni vaxtında görməmələrinin səbəbini isə rəis belə izah etdi: "Rəhbərlikdə dəyişikliklər oldu. Belə ki, əvvəllər bu işə su idarəsi baxırdı. İndi su idarəsi ilə kommunal təsərrüfat departamenti ayrıldığından artıq işə biz baxırıq və problemi aradan qaldıracağıq". Həmçinin rəis sakinlərin də bu işdə günahkar olduğunu söylədi. Belə ki, sakinlər zibil pulunu vaxtında ödəmədiklərindən hazırda 40 milyon manata yaxın debitor borcları yaranıb.
Abşeron Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi məsələlər üzrə şöbə müdiri Fariz Əhmədovun sözlərinə görə, antisanitariyanın aradan qaldırılması məqsədilə komissiya yaradılıb. Şöbə müdiri deyir ki, komissiya artıq həmin ərazinin təmizliyi ilə məşğul olur. "Zibilin daşınması bilavasitə sakinlərin özündən aslıdır. Ayda 750 manat ödəməlidirlər. Lakin həmin vəsait ödənilmədiyindən zibillərin mütəmadi olaraq daşınmasında problem yaranır. Amma artıq bu problemin həllinə çalışırıq. Yaxşı olardı ki, sakinlər də öz borclarını yerinə yetirəydilər", - deyə F.Əhmədov bildirdi.
Biz də ümid edirik ki, MİS və Abşeron RİH vədlərinə sadiq qalaraq antisanitariya yuvasını təmizləyəcəklər.
Tələbələr necə
kredit ala bilər?
Əgər tələbə faiz dərəcələrini ödəməzsə,
o, növbəti kursa keçirilmir
|
Hazırda "Azərsığorta" dövlət şirkətində Azərbaycanın ali məktəblərində ödənişli əsaslarla təhsil alan tələbələrin kreditləşməsi ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllü sığorta olunması haqqında proqram hazırlanır. Bu barədə "Azərsığorta"dan verilən məlumata görə, proqramın bir ay ərzində qüvvəyə minəcəyi gözlənilir.
"Azərsığorta"nın ilk müştərilərindən biri Bank of Baku Səhmdar Kommersiya Bankı ola bilər. Çünki xəbər verdiyimiz kimi, Bank of Baku bu həftədən dövlət və özəl ali məktəblərdə bakalavr və magistr təhsili alan tələbələrin maliyyələşdirilməsinə başlayıb. Bu xidmət növü Azərbaycan üçün yenidir. Lakin respublikanın ali məktəblərində pullu təhsil alanların sayı çox olduğundan, sözügedən xidmət növünə tələbat yaranıb. Bank of Baku-nun "Pullu şöbələrdə təhsil alan tələblərin kreditləşməsi" layihəsi ilə əlaqədar sözügedən maliyyə qurumu ali məktəblərlə danışıqlar apararaq Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Beynəlxalq Universitetinin rəhbərliyi ilə müqavilə imzalayıb. Hər bir tələbə üçün ayrılacaq kreditlər üçün orta hesabla ildə 11 faiz dərəcəsi tətbiq olunacaq. Əgər tələbə faiz dərəcələrini ödəməzsə, o, növbəti kursa keçirilmir, yaxud diplom ala bilmir. Kredit əldə etmək üçün göndəriş ali məktəbin rektorluğu tərəfindən həyata keçirilir.
Hələlik Bank Bank of Baku-nun imzaladığı müqavilənin müddəti 1 ildir.
|
"Səhiyyə-2001"
sərgisi öz işinə başladı
|
Bu gün "Avropa" otelində öz işinə başlayacaq 7-ci "Cəhiyyə-2001" (BINE 2001) beynəlxalq sərgisində 10 ölkədən 30 şirkət iştirak edəcək. Bu barədə sərginin təşkilatçıları-"ITE Grour Plc" və "ITECA Casrian" şirkətlərinin dünən keçirdikləri mətbuat konfransında məlumat verilib.
"ITE Grour" şirkətinin Rusiya nümayəndəliyinin baş direktoru Eduard Stroon bildirib ki, sərgidə "Aeskular AG"(Almaniya), "Altayvitamini" (Rusiya), AMS (Türkiyə), "Arash" (Azərbaycan), "Medisrec" (ABŞ), "Medial" (İsveçrə) kimi məşhur şirkətlər iştirak edəcəklər. Sərgi iştirakçılarının 30 faizini Azərbaycanın əzcaçılıq şirkətləri təşkil edəcək. Sərgiyə 12 min tamaşaçının gələcəyi gözlənilir. Bu da ötən illə müqayisədə 20 faiz çoxdur. Stroonun fikrincə, ixtisaslaşdırılmış səhiyyə sərgisi bu sahədə çalışan şirkətlər üçün böyük əhəmiyyət kəsb edir və Azərbaycan şirkətlərinin əlverişli partnyorlar tapıb müqavilələr imzalayacağına böyük ümid bəslənilir.
|