|
|
|
|
#111(335)
|
 |
Vaxt bitir!
Əfqanıstan müharibə ilə
ben Laden arasında seçim etməlidir
|
Üsəma ben Ladenin qeyd-şərtsiz təvhil verilməsi barədə ABŞ-ın ultimatumunun vaxtı başa çatır. "1 nömrəli terrorçu"nun taleyini bu gün "Taliban"ın Ağsaqqallar Şurası həll edəcək.
Birləşmiş Ştatların Əfqanıstandakı "Taliban" rejiminə verdiyi 72 saatlıq ultimatiumun müddəti bu gün yekunlaşır. Lakin Vaşinqtonun tələbinə əməl edilib-edilməyəcəyi müəmmalı olaraq qalmaqdadır. ABŞ-ın tələbini Əfqanıstana aparan Pakistan nümayəndə heyətinin Qəndəhar şəhərində taliblərlə danışıqları nəticə verməyib. Taliblər Üsəma ben Ladeni müəyyən şərtlərlə təhvil verməyə hazır olduqlarını bildiriblər. Onlar ben Laden üzərində məhkəmənin neytral ölkədə keçirilməsini, Əfqanıstana qarşı sanksiyaların götürülməsini, "Şimal alyansı"na yardımın dayandırılmasını və "Taliban" hökumətinə iqtisadi kömək göstərilməsini tələb ediblər. Kəşfiyyat rəisi Mahmud Əhmədin başçılıq etdiyi Pakistan nümayəndə heyətinin iki üzvü taliblərin şərtlərini amerikalılara çatdırmaq üçün Qəndəhardan İslamabada qayıdıb. Lakin ABŞ bu şərtləri qəbul etməyib. Ben Ladenin təhvil verilib-verilməməsi barədə yekun qərarı Əfqanıstanın bütün əyalətlərini təmsil edən din xadimləri və ağsaqqalların timsalında Əfqan Şurası verməlidir. Dünənki uzun məsləhətləşmələr nəticəsiz qalıb və Şura son sözünü bu gün, ABŞ-ın ultimatum müddətinin bitdiyi saatlarda deməlidir. "Taliban" rəhbərliyi Şuranın istənilən qərarının yerinə yetiriləcəyini bildirib. Lakin əksər müşahidəçilər Ağsaqqallar Şurasının rəyinin müsbət olmayacağı qənaətindədirlər.
Beləliklə, bütün dünya müharibənin başlayıb-başlamayacağını intizarla gözləyir. Artıq dünəndən etibarən dünyanın iri televiziya kanalları və informasiya agentlikləri özlərinin peyk sistemlərini Əfqanıstan üzərinə "tuşlayaraq" savaş saatını canlı yayınlamaq üçün tam hazırlığa gəliblər.
"Vaşinqtonun problemləri arta bilər"
Ayətullah Xameneyi ABŞ-ın Əfqanıstana hərbi müdaxiləsini yolverilməz sayır
|
İran ABŞ-ın Əfqanıstana qarşı mümkün hərbi aksiyasını pisləyir və bildirir ki, bu, yeni insan faciəsinə gətirib çıxaracaq. Bu barədə İranın dini lideri Ayətullah Xamneyi İran universitetlərindəki təmsilçilərilə görüşündə bildirib.
Xamneyinin sözlərinə görə, ABŞ-da baş verən terror aktlarının səbəbi "Ağ Evin ekspansionist siyasətidir. Əgər Amerika beynəlxalq arenada öz əvvəlki davranış xəttindən əl çəksəydi və daxili problemlərinin həllilə məşğul olsaydı, Nyu-York və Vaşinqtonda bu faciələr baş verməzdi".
"Əgər ABŞ Pakistanda iştirak etməklə və Əfqanıstana qoşun yeritməklə regionda öz hakimiyyətini bərqərar etmək niyyətindədirsə, Vaşinqtonun problemləri daha da arta bilər," - deyə Xamneyi qeyd edib.
Xamneyi çıxışında harada və kimliyindən asılı olmayaraq günahsız insanların öldürülməsini pisləyib. "İstənilən yerdə və istənilən silah vasitəsilə insan öldürülməsi bəşəriyyətə qarşı cinayətdir və bunun Xirosima, Nyu-York, Bosniya, Kosovo və ya İraqda baş verməsinin qətiyyən fərqi yoxdur," - deyə o vurğulayıb.
Xamneyinin fikrincə, zorakılıq və terrorun pislənməsində diskriminasiya olmamalıdır. "Nə üçün dünya ictimaiyyəti İsrailin işğal olunmuş Fələstin ərazilərində törətdiyi cinayətlərə göz yumur və bu faciə ilə bağlı susur," - deyə o vurğulayıb.
|
Nyu-Yorkda 5422 nəfər itkin düşüb
> |
ABŞ hakimiyyəti sentyabrın 11-də Nyu-Yorkda baş vermiş terror aktı nəticəsində həlak olanlar və itkin düşənlər barədə son məlumatları açıqlayıb. Belə ki, şəhər meri Rudolf Culianinin məlumatına görə, 201 nəfərin həlak olması təsdiq edilib.
Onlardan 135 nəfəri tanınıb. İtkin düşənlərin sayı isə 5422 nəfərdir. Mer həmçinin bildirib ki, son günlər Ümumdünya Ticarət Mərkəzinin xarabalıqlarında işləyən axtarış komandası yalnız həlak olanların cəsədlərini aşkar edir. Bu barədə "Reuters" məlumat yayıb.
"Biz hələ də ümid edirik ki, kimisə xilas etmək mümkün oldu," - deyə mer vurğulayıb. "Ekspertlər bildirir ki, uçqun altında bəzən altı gündən də artıq sağ qalmaq mümkündür. Lakin reallıq budur ki, son bir neçə gündə sağ adam tapmamışıq".
Culianinin sözlərinə görə, hazırda xilasedicilər cəsədlərin hissələrini aşkar edir. Mer etiraf edib ki, həlak olanların bəzilərinin cəsədi tapılmayacaq, belə ki, onlar tamamilə yanıb.
Bəzi məlumatlara görə, terror aktları nəticəsində 62 ölkə vətəndaşı həlak olub, yaralanıb və ya evinə qayıtmayıb. Dövlət Departamenti mətbuat xidmətinin məlumatına görə, həlak olanların siyasıhına 15 ölkə vətəndaşlarının adları daxildir.
|
Corc Buş: "Terror İslamın
əsl siması deyil"
|
Terrorun islamla heç bir əlaqəsi yoxdur. Prezident Corc Buşun bazar ertəsi ABŞ müsəlman icmasının liderlərilə görüşündəki çıxışının leytmotivi belədir. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. "Terror islamın əsl siması deyil," - deyə Buş bəyan edib. İslam sülh dinidir, terrorçular isə müharibə və fəlakəti təmsil edir.
Amerika prezidenti təəssüflə qeyd edib ki, son günlər ABŞ-da yaşayan bir çox müsəlman ərəbə bənzəyənlərin qanına susamış soydaşlarının qurbanı olmamaq üçün küçələrə çıxmaqdan ehtiyat edir. "Amerikada belə hallar baş verməməlidir. "Həmvətənlərimizə zərər yetirə biləcəyini düşünənlər bəşəriyyətin ən müdhiş hissəsini təmsil edir," - deyə o bildirib.
ABŞ müsəlmanlarının həyəcan təbili çalması, təəssüf ki, əsassız deyil. Nyu-York və Vaşinqtonda baş vermiş terror aktlarından bir həftə sonra bütün dünyada islam icmalarına, Yaxın Şərq təmsilçilərinə məxsus binalar hücumlara məruz qalıb. Bununla bağlı prezident Buş həmvətənlərinə xatırladıb ki, Amerikada milyonlarla müsəlman yaşayır. Onlar ölkənin inkişfında böyük rol oynayıb.
|
Düşənbə və Astana da ABŞ-la əməkdaşlığa razıdırlar
|
Tacikistan terrorizmlə mübarizə sahəsində istənilən ölkə, o cümlədən ABŞ hökumətilə əməkdaşlıq üçün açıqdır. Bu barədə dünən Tacikistan XİN başçısı Talbak Nazarov Düşənbədə jurnalistlərlə söhbətində bildirib.
Nazir dəqiqləşdirib ki, hələlik Tacikistan Əfqanıstanda beynəlxalq terrorçulara zərbə endirmək üçün öz ərazisinin təqdim edilməsilə bağlı müraciət almayıb. Dünən Qazaxıstan XİN başçısı Erlan İdrisov da Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Vladimir Ruşaylo ilə görüşündə analoji bəyanat verib. İdrisov qeyd edib ki, Astana beynəlxalq terrorizmlə mübarizədə bütün dünya ölkələrilə əməkdaşlığa hazırdır.
Beləliklə, Qırğızıstandan başqa Mərkəzi Asiya ölkələri Əfqanıstanda terrorçulara qarşı birgə aksiyaların keçirilməsində ABŞ-la əməkdaşlığa tərəfdar olduğunu bildirib. Öncə Moskva belə ssenarinin mümkünlüyünü qəti şəkildə istisna edirdi.
İngiltərənin baş naziri Toni Bler İran prezidenti Məhəmməd Xatəmiyə və bütün islam ölkələri rəhbərliyinə ünvanladığı bəyanatda onları beynəlxalq terrorizmlə mübarizəyə qoşulmağa çağırıb. Bu xəbər Bütöv Azərbaycan Birliyinin (BAB) mətbuat xidmətindən verilib.
Xəbərdə deyilir ki, İranın xarici işlər naziri Kamal Xərrazi ingiltərəli həmkarı ilə telefon söhbətində bu mübarizənin BMT vasitəsilə həyata keçirməyin lazım gəldiyini bildirib. İran prezidenti hələ iki gün öncə bu məqsədlə BMT baş katibinə müraciət göndərib və terrora qarşı mübarizənini ədalətli yolunun tapılmasında BMT-ni ən münasib mərkəz sayıb.
Qaynağın məlumatına görə, ABŞ xarici diplomatiya idarəsi İranın bu addımını terroru dəstəkləyən dövlətlər sırasında olması, buna görə nə vaxtsa dünya ictmaiyyətinin qınağı qarşısında qalması qorxusu ilə bağlayıb.
Xəbərdə deyilir ki, ABŞ xarici siyasət idarəsindən İranın terrora qarşı mübarizəyə qoşulması üçün "Hizbullah" və s. terrorçu təşkilatları dəstəkləməkdən əl çəkməsinin lazımlığını bildiriblər. ABŞ xarici işlər naziri Kolin Pauell İranın sözdə terroru pisləsə də, əməldə terrorçu təşkilatlara dəstək verdiyi üçün ABŞ-la arasında fikir ayrılığı olduğunu bildirib.
Terroru dəstəklədiyi üçün İranın ABŞ tərəfdən hədəfə alınmasına cavab olaraq İran hərbi dəniz donanmasının komandanı Abbas Mehkazım İran ordusunun ölkənin ərazi bütövlüyünü və sərhədlərini qorumağa tam hazır olduğunu bəyan edib.
Keçmiş DTK-çıya ömürlük iş kəsildi
Sadıq Əliyev Vaqif Hüseynovun yaratdığı "Böhran" qrupuna rəhbərlik edib
|
Dünən Ağır Cinayət İşlərinə dair Məhkəmədə keçmiş Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) polkovniki Sadıq Əliyevin işi üzrə bu ilin yanvarında başlanmış qapalı məhkəmə prosesi başa çatıb. Onunla birgə məhkəmə qarşısında Səbuhi Məmmədəliyev və İlqar Mikayılov da dayanıb.
S.Əliyev CM-in 8 maddəsilə ittiham olunur. Onların arasında qətlə cəhd, banditizm və başqaları var. Digər iki müttəhim də bu və ya digər maddələrlə təq sirli bilinir.
Məlumatlı mənbənin "Turan"a verdiyi xəbərə görə, məhkəmənin qərarı ilə S.Əliyev və S.Məmmədəliyev ömürlük həbs cəzasına məhkum edilib, İ.Mikayılov isə 15 il azadlıqdan məhrum olunub. O, cəzasının ilk dörd ilini türmədə çəkəcək.
Cinayət materiallarına və məhkəmə prosesinə görə, 1989-cu ilin oktyabrında o vaxt DTK rəhbəri olan Vaqif Hüseynovun gizli əmrilə "Böhran" qrupu yaradılıb. Məqsəd agentura-əməliyyat tədbirlərinin keçirilməsi, "düşmənçilik hərəkətlərinin aşkarlanması və zərərsizləşdirilməsi" olub. O zaman DTK 5-ci şöbənin rəisi olan S.Əliyev sözügedən əməliyyata rəhbərlik edənlərdən biri olub və 6 nəfərlik yardımçı qrup yaradıb. Onların arasında bir gizli agent və bir nəfər İran vətəndaşı olub.
Məhkəmə sözügedən şəxsləri qətldə və qətlə sui-qəsddə təqsirli bilib. Elmlər Akademiyasının müxbir üzvü Telman Qurbanov və "Böhran" qrupunun əməkdaşlarından biri həmin cinayətlərin qurbanları olub.
İki sui-qəsd - Politexnik İnstitutunun əməkdaşı İlqar Əliyev və "LM" firmasının baş direktoru Emin Bağırova qarşı qəsd baş tutmayıb. Həmin şəxslər yaralanıb. Bu cinayətlər 1990-cı ildə törədilib.
İstintaq materiallarına görə, bu ağır cinayətlərin motivi adi qısqanclıqdır. Belə ki, istintaqın fikrincə, İ.Əliyev və T.Qurbanova qarşı sui-qəsdlərin sifarişçisi "Azərbaycan" Assosiasiyasının prezidenti, əvvəllər biznesmen kimi tanınan Elxan Məmmədov olub. O, sözügedən şəxsləri həyat yoldaşına qısqanıb. Məhkəmə hesab edir ki, cinayətlərin icraçısı S.Əliyevdir. Qeyd edək ki, bundan öncə S.Əliyev digər cinayətlərdə suçlu bilinərək uzun müddətə azadlıqdan məhrum edilib. Lakin o özünü təqsirli saymayıb.
Xatırladaq ki, E.Məmmədovun həyat yoldaşı Elmlər Akademiyasının keçmiş prezidenti Fərəməz Maqsudovun qızı Tamilla Maqsudovadır. O, bir neçə ay öncə silahlı sui-qəsdin obyekti olub və təsadüf nəticəsində sağ qalıb. E.Məmmədov isə bir neçə ildir ki, axtarışdadır.
|
Qaçqınlar
üçün internet
saytı yaradılıb
|
Gələcəkdə internetdə Virtual məktəb yaratmağı nəzərdə tutmuşuq. Bu sözləri Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər təşkilatının sədri Natiq Əhmədov keçirdiyi mətbuat konfransında deyib. N.Əhmədov AKTAM tərəfindən məcburi köçkünlər üçün "Qarabağ, torpaq və insanlar" və "Məsafəli təhsil" adlı internet saytlarının yaradıldığını bildirdi.
Hər iki sayt httr:// aktam.aznet.org adlı ünvanda yerləşdirilib. O, ilk növbədə "Qarabağ torpaq və insanlar" saytının yaradılma tarixi ilə bağlı məlumat verdi. Bildirdi ki, Ağdaş, Cəbrayıl, Fizuli rayonlarından internet və Web dizayn tədrisi kurslarında təhsil alan 20 tələbə sözügedən saytı yaradıb. Saytda işğal olunmuş rayonlar haqqında sorğu verilib. Orada Qarabağ konflikti, qaçqınların problemləri və işğal olunmuş rayonların barəsində üç dildə məlumatlar dərc edilib". N.Əhmədov işğal olunmuş digər bölgələrin tələbələrinin də kurslara cəlb ediləcəyini söylədi. İkinci saytla bağlı məlumat verən N.Əhmədov qeyd etdi ki, AKTAM ABŞ-ın IREX təşkilatının IATP proqramının qrantına əsasən həyata keçirilib. Burada ali təhsil ocaqlarına qəbul üçün 6 qaçqın məktəbinin yuxarı sinif şagirdlərinə fizika və riyaziyyat fənləri öyrədilməsi nəzərdə tutulub. Bundan başqa orada qəbul imtahanları üçün testlər verilib. Onun sözlərinə görə gələcəkdə saytda orta məktəblərdə olduğu kimi 8 fənn də tədris olunacaq.
|
Milli musiqi günü qeyd edildi
|
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bu ildən fəaliyyətə başlayan "Muğam-solo oxu" şöbəsi də Üzeyir Hacıbəyovun doğum gününü qeyd edib.
Əvvəllər Musiqili Komediya Teatrının nəzdində olan bölmə yeni dərs ilindən sərbəst kafedra statusuyla fəaliyyət göstərəcək. Bu kafedrada tanınmış muğam sənətçilərimiz Ağaxan Abdullayev, İslam Rzayev, Mələkxanım Əyyubova, Zahid Quliyev, Nuriyyə Hüseynova və başqaları dərs deyirlər. Nuriyyə Hüseynovanın sözlərinə görə, Üzeyir Hacıbəyovun doğum günü professional musiqimizin yaranış günüdür. Bu, əlamətdar tarixi qeyd etmək isə hər bir azərbaycanlının mənəvi borcudur.
|
GÖUAM-ın qadınlar forumu Bakıda yaranır
|
Dünən Bakıda GÖUAM (Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldova) ölkələri qadınlarının I əməkdaşlıq forumu öz işinə başlayıb.
Forumun ilk iclasının açılışında Azərbaycanın, Ukraynanın, Gürcüstanın qadın təşkilatlarının, diplomatik missiyaların, Bakıda akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Moldova və Özbəkistan nümayəndələri foruma bu gün qoşulacaqlar.
Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva formu açarkən GÖUAM ölkələri arasında hərtərəfli qarşılıqlı əlaqələrin, o cümlədən qadın təşkilatları arasında əlaqələrin zəruri olduğunu qeyd edib. Sonra Azərbaycan prezidenti H.Əliyevin forum iştirakçılarına təbriki oxunub.
Forumun ilk iclasında "GÖUAM ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsində qadınların rolu" mövzusunda məruzə dinlənilib və müzakirə olunub. Müzakirələr bir neçə bölmədə davam etdirilib. Forumun axırında GÖUAM ölkələri qadınlarının əməkdaşlıq forumunun yaradılması barədə Bakı memoranumunun imzalanması gözlənilir. Sentyabrın 20-də forum iştirakçıları Sabirabadda məskunlaşmış məcburi köçkünlərə baş çəkəcək, sentyabrın 21-də isə Prezident Aparatında və parlamentdə görüşlər keçirəcəklər.
"Gürcü-azərbaycanlı toqquşması olmayacaq"
Şamil Qurbanov: "Həmin məscidlərin vahabilərlə əlaqəsi təsdiqlənsə, gürcülərin addımını alqışlamaq lazımdır"
|
Gürcüstanda vəziyyət yenidən gərginlşdib.Salko rayonunda ermənilərlə gürcülər arasında baş verən qanlı toqquşma yoluna qoyulmamış azərbaycanlılar yaşayan ərazidə yeniproblem ortaya çıxdı. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində 7 məscidin inşasının dayandırılmasına verilən qəfil rəsmi göstəriş yerli sakinlər arasında çaşqınlıq yaradıb.
Bu yaxınlarda Gürcüstandakı vəziyyəti araşdırmaq üçün oraya yollanan millət vəkili Şamil Qurbanov ehtimal edir ki,bu, iki dövlət arasındakı münasibətlərə təsir etməyəcək. Üstəlik, deyir ki, həmin məscidi tikənlərin vahabi olduqları rəmsən təsdiqlənsə, gürcülərin bu addımını alqışlamaq lazımdır. O, Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyətinin ağır olması ilə bağlı yayılan məlumatları təkzib edir. Millət vəkilinin sözlərinə görə, gürcülərlə azərbaycanlılara heç bir fərq belə, qoyulmur
- Yayılan məlumatlardan fərqli olaraq Gürcüstanda yaşayan azərbaycanılıların vəziyyəti qənaətbəxşdir. Sonuncu dəfə Gürcüstanda olanda prezident Şevardnadze ilə görüşlərimiz oldu. Onda sərhəddə bir nəfər azərbaycanlı günahsız yerə öldürlmüşdü. Qətl hadisəsini törədən gürcü dərhal həbs edildi. Sonra məlumat yayılmışdı ki, Gürcüstanda Azərbaycan məktəblərini bağlayırlar. Sadəcə olaraq bir çox azərbaycanlı valideynlər uşaqlarını gürcü məktəblərinə qoymağa başlayıblar. Təəssüflər olsun ki, bəzi qüvvələr məsələni çox səhv şəkildə şişirdərək cəmiyyətə təqdim etdilər. Bu, çox səhv və təhlükəli addımdır. Əgər şagirdlərin sayının azlığına görə məktəblərin sayı azaldılırsa, burada hansı siyasi məqsəd axtırılmalıdır?
Gürcüstan rəhbərliyi səviyyəsində
azərbaycanlılara qısqanclıq doğrudanmı yoxdur?
- Tam səmimiyyətlə və məsuliyyətlə deyirəm ki, Gürcüstan rəhbərliyi səviyyəsində azərbaycanılara qarşı heç bir qısqanclıq, mənfi münasibət yoxdur. Nə qədər ki, Şevardnadze Gürcüstanda hakimiyyətdədir, orada azərbaycanlıların ciddi problemi olmayacaq. Bir dəfə Azərbaycan prezidenti Heydər Əliyevin Gürcüstanda yaşayan azərbaycanlılara etdiyi müraciəti özüm dinləmişəm. O, çıxışında bu sözləri dedi: "Azərbaycanlılar bu ərazilərin ən qədim yerli sakinləridir. Mən və Şevardnadze həmişə sizin arxanızda durmuşuq. Siz bütün Gürcüstan vətəndaşları kimi azad şəkildə fəaliyyət göstərməlisiniz". Demək istəyirəm ki, onlara qayğı həmişə bu səviyyədə olub.
Belə çıxır ki, Siz bir müddət əvvəl
yayılan "gürcü-azərbaycanlı toquşması gözlənilir" kimi məlumatları tam təkzib edirsiniz, yaxud...
- Tam əmin ola bilərsiniz ki, gürcülərlə azərbaycanlılar arasında heç bir toqquşma gözlənilmir. Bu iki xalqın nümayəndələri arasında heç bir narazıçılıq yoxdur. Onların dostluğunun tarixi kökləri var. Düzdür, Qamsaxurdiya gələndən sonra o, açıq şəkildə dedi ki, azərbaycanılar bu ərazilərdən köçməlidir. Bunun sonu nə oldu? Dünyasını dəyişəndə onu dəfn etməyə torpaq da tapmırdılar. Torpaq da onu qəbul etmirdi. Çünki heç bir prezident öz vətəndaşına o şəkildə müraciət etməzdi. İndi şükürlər olsun ki, azərbaycanlılarla gürcülər arasında bu cür problemlər artıq yoxdur.
İki gün əvvəl Salko şəhərində
ermənilərlə gürcülər arasında qanlı toquşma olub. Sizcə, ermənilər nə istəyir?
- Ermənilər həmişə narahat xalq olublar. Həmin rayonda belə bir hadisə olub, nəticədə iki nəfər gürcü öldürülüb. Buna görə də rəhbərlik ora qoşun yeridib. Hadisənin səbəblərini hələ də açıqlamaq istəmirlər. Məsələni aydınlaşdırıb açıqlama verəcəklər. Əslində, ermənilərin nə istədiyi hamıya bəllidir.
Nə istəyirlər?
- Ermənilər deyir ki, həmin ərazilər onların tarixi topaqlarıdır, vəssalam.
Yəni ermənilər Gürcüstan ərazisində
ikinci Qarabağ yaratmaq istəyirlər...
- Bəli, onların yeganə məqsədləri budur. Həmin rayonda, Cavaxetiyada həqiqətən də erməni hökmranlığı hiss olunur. Yaxın vaxtlarda bu məsələ də həlini tapacaq.
Gürcüstanın azərbaycanlılar yaşayan
ərazilərində inşa edilən 7 məscidin tikintisi rəhbərlik səviyəsində qadağan edilib...
- Məscid məsələsində çox incə nüanslar var. Təəssüflər olsun ki, son dövrdə tikilən bu cür ibadət evləri hansısa xarici ölkələrin missioner təşkilatları tərəfindən maliyyələşdirilir. Təbii ki, burada onların da hansısa maraqları var. Son illər Azərbaycanda da kifayət qədər məscid tikməyə başlayıblar. 1990-cı ildən bu günə kimi Bakıda cəmi bir məktəb tikilib. Amma həmin ildən bu günə kimi tikilən məscidlərin sayı 700-ü ötüb. Düzdür, bizə məscid də lazımdır, amma onların bəzilərinin nə məqsədlə tikildiyi özümüzə də bəlli deyil. Gürcüstandakı məscidlərin bağlanmasına gəlincə, hesab edirəm ki, məsələ tam araşdırılandan sonra onların tikintisi yenidən inşa ediləcək. Sadəcə olaraq onlar araşdırırlar görsünlər bunu kimlər maliyyələşdirir, məqsədləri nədir?
Amma Gürcüstan azərbaycanlıları
"Qeyrət" Cəmiyyətinin sədri Əlibala Əsgərov deyib ki, həmin məscidləri vahabiliyə meylli olan Güveyt vətəndaşları tikdirir.
- Əgər məscidin tikilməsini maliyyələşdirənlər həqiqətən də vahabilərdirsə, buna təbii ki, imkan vermək olmaz. Bu cür məqsədlərlə tikilən məscidlərin fəaliyyəti qorxuludur. Sözssüz ki, Gürcüstan rəhbərliyi də buna imkan verə bilməzdi. Əgər sizin dediyiniz versiya rəsmi şəkildə təsdiqini tapsa, yüz faiz əmin ola bilərsiniz ki, həmin məscidlərin tikintisi birdəfəlik qadağan ediləcək, hətta onlar söküləcək. Həmin məscidlərin vahabilərlə əlaqəsi təsdiqlənsə, gürcülərin addımını alqışlamaq lazımdır. Bizim özümüz belə, onlara imkan verməməliyik. Bu, çox təhlükəli bir işdir.
Hətta belə bir versiya da var ki,
məscidlərin inşasının qadağan edilməsinin son günlər ABŞ-da baş verən terror aktı ilə də bağlılığı var.
- Qətiyyən, həmin məscidlərin tikintisinin dayandırılması ilə ABŞ-da baş verən hadisələrin heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq bunlar təsadüf nəticəsində eyni vaxta düşüb.
|