|
#111(335)
|
 |
|
Ukrayna əməkdaşlığa
diqqəti artırır
|
Oktyabrın 16-da Ukrayna xarici işlər naziri Anatoli Zlenko Cənubi Qafqaz ölkələrinə səfər çərçivəsində Bakıda olacaq. Diplomatik mənbələrdən "Turan"a məlum olub ki, rəsmi şəxslərlə yanaşı Ukrayna nümayəndə heyətinin tərkibinə işgüzar dairələrin nümayəndələri və iri sənaye müəssisələrinin rəhbərləri də daxildir.
Səfər zamanı siyasi və iqtisadi sahədə ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur. İlkin məlumata görə, nəqliyyat, gənclər və idman, konsul məsələləri, ikili vətəndaşlığın qarşısının alınması, müəllif və qarışıq hüquqların müdafiəsi sahəsində əməkdaşlığa dair sənədlərin imzalanması gözlənilir. Tərəflər həmçinin iki dövlət vergi və maliyyə idarələri arasında əməkdaşlıq haqqında sənəd imzalayacaq.
Nümayəndə heyəti Bakıdan Ermənistana, oradan isə Gürcüstana yola düşəcək. Ukrayna XİN başçısının regiona səfəri oktyabrın 20-da başa çatacaq.
|
Çeçenlər beynəlxalq
terrorizmi dəstəkləmirlər
|
"Çeçenistan İçkeriya Respublikası hökuməti və xalqı çeçenlərin beynəlxalq terrorizmi dəstəkləməsi barədə Rusiya hakimiyyətinin ittihamlarına qəti etirazını bildirir".
Bunu Məshədov hökumətində baş nazirin müavini Axmad Zakayev "Turan"ın müxbiri ilə söhbətində çeçenlərin ABŞ-da törədilən terror aktlarına bağlılığı barədə Rusiya FTX-nin bəyanatını şərh edərkən bildirib. Zakayev xatırladıb ki, Çeçenistan prezidenti Aslan Masxadov Amerika xalqı və dövlətinə qarşı törədilən terror aktlarını qətiyyətlə pisləyib, dünya xalqları və hökumətlərini beynəlxalq terrorizmlə mübarizədə birləşməyə çağırıb. "Rusiya KİV-i çeçen xalqının şərəf və ləyaqətinə toxunmaqda davam edərsə, biz Strasburqda Avropa Məhkəməsinə müraciət edəcəyik," - deyə o vurğulayıb.
|
Dağıstanla sərhəd möhkəmlənir
|
Son günlər Azərbaycan sərhədçiləri Zaqatala və Balakən rayonlarında Dağıstanla sərhəd sahələrini möhkəmləndirir.
Rusiya tərəfi də eyni tədbirlər həyata keçirir. Bu barədə "Turan" Zaqatala rayonundakı mənbəyə istinadən məlumat verib. Mənbə bildirib ki, bu tədbirlər avqust ayında Azərbaycanın sözügedən ərazilərindən törədilən cinayətlərlə bağlıdır. Həmin cinayətlər nəticəsində 10-a yaxın adam həlak olub və yaralanıb.
"Turan"nın məlumatınaa görə, hüquq-mühafizə orqanları həmin cinayətləri törətməkdə şübhəli bilinən 20-yə yaxın adamı saxlayıb. Daha 10 nəfər şübhəli şəxs axtarışdadır. Onların bir qismi Dağıstan ərazisində tutularaq Azərbaycana verilib.
|
Tallinndə azərbaycanlı
bisnesmen öldürülüb
|
Qürbətdə işgüzar fəalliyyətlə məşğul olan daha bir soydaşımız qətlə yetirilib. Bu xəbəri dünən "Trend" agentliyi yayıb.
Xəbərdə bildirilir ki, hadisə Estoniyanın paytaxtı Tallinn şəhərinin Lillekula rayonunda baş verib. 44 yaşlı azərbaycanlı biznesmen Ənvər Ağasıyev bu rayonunun Vyalya küçəsindəki 20 nömrəli evin qarşısında naməlum qatilin açdığı atəşdən həlak olub. Biznesmen soydaşımız "Nonda CRV" markalı avtomaşınında binanın həyətindən küçəyə çıxarkən özünü yetirən naməlum qatil yan şüşədən onun başına 3 güllə vurub.
Tallinn polisinin verdiyi məlumata görə, Ə.Ağasıyev daşınmaz əmlak alqı-satqısıyla məşğul olurmuş. Onun bioqrafiyasında heç kriminal qeydə alınmayıb. Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilir.
Sentyabrın 16-da BMT İnkişaf Proqramının Azərbaycanda yeni rezident-əlaqələndiricisi Marko Barsotti Bakıya gəlib.
Barsotti Turin Universitetinin siyasi elmlər üzrə magistr dərəcəsinə malikdir. Bundan öncə o, Nyu-York, Zimbabve, Zambiya, Somali, Mozambik, Braziliyada çalışıb.
Azərbaycana gəlməzdən öncə son vəzifəsi BMT-nin Gürcüstandakı əlaqələndiricisi olub. O, yoxsulluq, xüsusilə də məcburi köçkünlərin problemlərinin həllilə bağlı təcrübəyə malikdir.
|
Təhsil qanunu
payızda qəbul ediləcək
|
Dünən Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyası payız sessiyası üçün qanunvericilik planını təsdiq edib. Plana görə, daimi komissiya Milli Məclisin payız sessiyası dövründə aşağıdakı qanun layihələrini parlamentin müzakirəsinə təqdim edəcək:
Təhsil haqqında;
Elm və dövlət elmi-texniki siyasəti haqqında;
Hərbi təhsil haqqında;
İnteqral mikrosxem topologiyalarının qorunması haqqında.
|
"Stroytransqaz" Bakı-Ceyhana qoşulmaq istəyir
|
Rusiyanın "Stroytransqaz" şirkəti Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Türkiyədən keçən hissəsinin tikintisi ilə əlaqədar BOTAS şirkətinin keçirəcəyi tenderdə iştirak etmək niyyətindədir. Bu barədə məlumat verən "Stroytransqaz"ın prezidenti Arnqolt Bekker bildirib ki, onun şirkətinin tenderdə qalib gəlmək şansları var. Arnqolt Bekkerin sözlərinə görə, "Stroytransqaz" "Mavi axın" qaz kəmərinin çəkilməsi üzrə layihə çərçivəsində Türkiyə ilə müvəffəqiyyətlə əməkdaşlıq edir
Ermənistanın hüquq-mühafizə orqanları "İstiqlal Ordusu" ictimai birliyinin üzvü, sabiq millət vəkili Azat Arşakyanı həbs edib.
Onun evindəki anbardan odsaçan silaha aid 30 lülə, 33 partladıcı, siqnal raketinin 72 patronu, 288 detonator, avtomat, əl qumbaraatanı, 2 partladıcı qurğu, 13 min patron və 200 qumbara aşkar edilib. Ermənistanın Baş Prokurorluğu bildirib ki, Arşakyan baş nazirin müşaviri Qagik Poqosyanın öldürülməsində şübhəli bilinir.
Gürcüstan prezidenti Eduard Şevardnadze Vətəndaş Həmrəyliyi İttifaqının sədri vəzifəsindən istefa verəcəyini təsdiqlədikdən sonra birliyin parlamentdəki eyni adlı təmsilçisi güclü parçalanmaya məruz qalıb.
İttifaqın 50 majoritar deputatı onun sıralarını tərk edib. Prezident qeyd edib ki, istefa qərarı yalnız "vaxt çatışmazlığı" ilə bağlıdır. Onun fikrincə, bu qərarın vaxtında qəbul edilməsi partiyada bir sıra mənfi tendensiyaların baş qaldırılmasının qarşısını ala bilərdi.
|
Türk lirəsi
quyunun
dibinə düşdü
|
Türkiyə lirəsinin qiyməti ABŞ dollarına nisbətdə rekord həddə - 4,1 faiz azalaraq bir dollar üçün 1550 lirə təşkil edib.
Türkiyənin ən iri şirkətlərinin fond indeksi 10 faiz azalıb, istiqrazların gəliri isə 4 faiz artaraq 96,8 faiz təşkil edib. ABŞ-ın məlum terror aktlarına görə Asiyada hərbi əməliyyatlara başlamaq planları və NATO üzvü olan Türkiyənin bu məsələyə qoşula biləcəyi ehtimalı ölkənin investisiya cazibədarlığına ciddi zərbələr vura bilər. İnvestorlar əməliyyatların Türkiyə ilə həmsərhəd olan İraqda da aparıla biləcəyindən ehtiyatlanırlar.
|
Türkiyənin hərbi naziri Astanadadır
|
Türkiyənin hərbi naziri Səbahəddin Çakmakoğlunun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 18-də Qazaxıstana gəlib. Üç gün davam edəcək səfər zamanı ölkələr arasında hərbi-texniki əməkdaşlıq məsələsi danışıqların əsas mövzusu olacaq. Həmçinin regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində birgə əməkdaşlığın detalları da müzakirə predmetinə çevriləcək.
|
İvanov ABŞ-da qərar tutmadı
|
Rusiya xarici işlər naziri İqor İvanov Nyu-York səfərinin müddətini beş gün azaldıb. Əvvəlcə onun sentyabrın 29-dək ABŞ-da olması və BMT Baş Assambleyasının iclaslarında iştirak etməsi planlaşdırılırdı. Rusiyalı nazir iş qrafikinə dəyişiklik edərək səfəri ayın 24-də başa çatdıracağını bildirib.
|
Kollektiv qüvvələrin
sayı artırılmayacaq
|
Rusiya Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylo dünən Alma-Atıda bəyan edib ki, məlum hadisələrlə bağlı MDB kollektiv təhlükəsizlik qüvvələrinin Orta Asiyadakı hərbi kontingentinin sayı artırılmayacaq. Ruşaylonun sözlərinə görə, Rusiya hökuməti MDB ölkələrinin dövlət başçılarına müraciət edərək "qaynar xəttin" yaradılması təklifi ilə çıxış edib. İnformasiya şəbəkəsi vasitəsilə operativ məlumat mübadiləsi aparılacaq və MDB məkanında cərəyan edən hadisələr monitorinq ediləcək. Vladimir Ruşaylonun fikrincə, ABŞ-ın terrorizmi dəstəkləyən ölkələrə qarşı elan etdiyi müharibə beynəlxalq hüquq və normalar çərçivəsində aparılmalıdır.
|
30 milyon dollar kredit ayrılacaq
|
Azərbaycanda dövlət sektorunda islahatların tənzimlənməsi layihəsinə (PSRAC) hazırlıq məqsədilə bu gün Kristian Petersonun rəhbərliyi ilə Dünya Bankının nümayəndə heyəti Bakıya gələcək. Sözügedən maliyyə institutunun ekspertləri Dünya Bankının tövsiyələrinin Azərbaycan hökuməti tərəfindən noyabr ayına kimi yerinə yetirilməsi məsələsini müzakirə edəcəklər. Məhz noyabrda bankın direktorlar şurası respublikamızda struktur islahatlarının həyata keçirilməsi üçün kredit ayrılması barədə qərar qəbul edəcək. Əgər hökumət DB-nin tövsiyələrini noyabra kimi yerinə yetirməzsə, ilk mərhələ üçün 30 milyon dollar həcmində kreditdən məhrum olacaq.
|
Valeh Ələsgərov Moskvaya gedib
|
Dünən Moskvada "Xəzər regionu ölkələrindən neft və qaz ehtiyatlarının Rusiya ərazisindən nəql olunması" mövzusuna həsr edilmiş beynəlxalq konfrans öz işinə başlayıb. Tədbirin təşkilatçısı rolunda CWC Associates şirkəti çıxış edir. Konfransda dövlət orqanlarının nümayəndələri, Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan, Ukrayna, Belarus və Baltik ölkələrinin neft və qaz hasilatı ilə məşğul olan şirkətlərinin rəhbərləri çıxış edəcəklər.
Tədbirdə ölkəmizi Azərbaycan Dövlət Neft Şirkəti xarici investisiyalar idarəsinin rəisi Valeh Ələsgərov təmsil edir. Qeyd edək ki, konfrans bu gün başa çatacaq.
-
Prezident Buş Vaşinqtonun ərəb kvartalında məscidi ziyarət edib. Üzərinə "Bismillah ir-rəhman ir-rəhim" birləşməsi yazılmış tablonun qarşısında səf çəkən Buş Quranla qısa tanışlıqdan sonra "İslam - sülhdür!" kəlamını işlətməklə bir qədər əvvəl ağzından çıxardığı "Həccə başlayırıq" xətasını düzəltməyə çalışıb. Buşun hücum əməliyyatlarını Həcc səfərinə bənzətməsi müsəlmanlar arasında birmənalı qarşılanmamışdı.
- ABŞ prezidenti Corc Buş deyib ki, onun ölkəsi terror aktlarında suçlu bildiyi Üsəma bin Ladenin "ya ölüsünü, ya da dirisini" görmək istəyir. Buş Taliban hökumətinə məsləhət görüb ki, məsələyə ciddi yanaşaraq Üsəma bin Ladeni təhvil versin.
- Pakistan mənbələri xəbər verib ki, Əfqanıstanın Taliban rejimi bin Ladeni yalnız müəyyən şərtlər daxilində neytral məhkəmələrə verə bilər. Bunun üçün Əfqanıstana tətbiq edilmiş çoxsaylı sanksiyalar ləğv edilməlidir.
- Dünən günün ikinci yarısında Taliban hökuməti bəyanat yayaraq bildirib ki, Əfqanıstanın ABŞ-a qarşı cihad elan etməsi haqda yayılan xəbərlər gerçəkliyi əks etdirmir. Bəyanatda deyilir ki, cihad ilk ABŞ raketi Əfqanıstan ərazisinə düşdüyü anda "öz-özünə" elan edilmiş sayılacaq.
- Nyu-York ştatında terrorizmə görə ölüm hökmü çıxarmağa imkan verən qanun qüvvəyə minib. Bu sənədi ştatın qubernatoru Corc Pataki imzalayıb. Bundan sonra bomba hücumu haqda yalan məlumat vermək də ağır cinayət sayılacaq.
- İran ali dini rəhbəri Ayətulla Xamenei ABŞ-ın terror aktlarına görə cəza tədbirləri görmək ideyasını tənqid edib. Dini rəhbər deyib ki, Vaşinqton daxili işlərini qoyub başqa bölgələrdə müstəmləkə siyasəti yeritməsəydi, Nyu-York və Vaşinqtonda günahsız adamlar həlak olmazdı.
|