|
|
|
|
#111(335)
|
 |
XXI
m.nur@azeurotel.com
|
Quyudan görünən
Günüzü ulduzlara quyudan baxmaq kənkanların vərdişidi.
General Dustum da sözünü dedi. Əgər ABŞ general Dustumun rəhbərliyi altında olan şimal qüvvələrinə və demək, Orta Asiyanın - xüsusilə Özbəkistanın cənubundakı yerlilərə arxa dursa, taliblərə yaxşıca dərs vermək mümkün olacaq. Amma nədənsə, Dustum bin-Ladenin əlindəki kimyəvi silahın mümkünlüyündən danışmadı: çəkindimi, bilmirmi, yaxud belə bir silahın olmadığını yaxşı bilir. Sirli variantdır. Bütün hallarda bu qədər başıçəkmiş müsəlman generallarını gördükcə, Orta Asiya üçün adamın ürəyi ağrıyır. İndi Amerikanın bu yerə başqa templə gəlməsi həm də müharibə qrantaları mərhələsinin başlanması demək oalacq. Görünür, general Dustum da bunu duyub. Onun Özbəkistanla münasibətləri yaxşıdır: bu generalın Əfqanıstanın şimalında möhkəmlənməsi Özbəkistanda və Orta Asiyada bir çox köhnə güc mərkəzlərinin mənafeləri üçün sərfəli olardı. Amma bütün bu ümidlər və hətta veriləcək vədlər ABŞ deyilməyib.
Amerikanın yolu daha uzağadır.
Və daha gələcəyədir: ABŞ hərbi qrantlarını elə-beləcə yedirtməyəcək. Orta Asiyanı gəzənlər bilərlər: bu yerlər ucsuz-bucaqsız göründüyü qədər də dərinliyəbənzər kimidi. Orda ulduzlar başqa cür görünür. Adamların həyatı və bu həyatın axarı onun məhz fərqli bir kontinent olduğunu anladır. Ordan Azərbaycana baxanda Qərb görünür. Orda özünü tutmuş bir rus havası da var: amma bu rus havası o mədəniyyətin içində elə əriyib-yaşayır ki, gizlin bir bomba, zəhərsiz bir ilan kimidi. Bunu ABŞ-da da bilməmiş deyillər. Burda başlanacaq yeni mübarizə mərhələsi həm də ciddi ictimai təpgiylə rastlaşacaq.
Əslində Orta Asiyada Amerika günləri başlana bilər.
Orta Asiya adamı "Şevrolet"ləri, "Mersedes"ləri "Volqa"lardan daha çox sevə bilər, amma o bütün bunlara (onlara və bunlara) quyunun içindən baxacaq, dənəyib bir də baxacaq. Lap dünya dağılsa da o günün günorta çağı da ulduzları görə biləcək.
Kim desə ki, məsələn, general Dustum ABŞ-ın bu gün yox, sabah nə istədiyini bilmir, yanılar...
Məqsəd Nur
|
|
Suallı künc
|
Bütün dünya Ben Ladendən danışır. Səudiyyəli milyarderin son əməlləri dünyadakı ictimai rəyi də yerindən oynadıb. Hadisələrdən baş çıxaran da, çıxarmayan da münasibət bildirməkdən qalmır. Əslində indiki zamanda burada oturub Amerikadan xəbər vermək əlahiddə bir şey deyil. Çağdaş kommunikasiya və xəbərləşmə sistemləri bunu mümkün edir.
Sözügedən texnoloji imkanlardan tamamilə uzaq olan, radio-televiziya verilişlərinə aydabir tamaşa edib, qəzet-filan oxumayan kəslərin mövzu barəsində "məlumatlı" olmaları da bizdə xüsusi təəccüb doğurmur. Belə şeylərə çoxdan öyrəşmişik. Məsələn, o gün avtobusda iki qoca nənənin maraqlı söhbətinin şahidi oldum. Amerikadan danışırdılar. Biri Amerikadakı göydələlərin "qarasına" söylənərək terror olayına onların səbəb olduğunu deyirdi: "O boyda hündür binanı niyə tikirdilər ki, axırda da yerlə-yeksan olsun". Həmsöhbəti isə "ən son xəbəri" ona çatdırırdı: "Deyirlər, o hadisədən sonra Amerikada camaat hündür binalardan köçür, həyət evlərinin də qiyməti yaman qalxıb".
Nənələrə axıradək yol yoldaşlığı edə bilmədiyimdən söhbətlərinin sonundan bixəbər qaldım. Amma söhbətin davamına qulaq verməyə o qədər maraq da göstərmədim. Çünki küçədə, bazarda, ictimai nəqliyyatda hər gün belə söhbətlərlə dövləti işlərdən tutmuş fərdi intriqalaradək çox məsələlər "həll edilir". İctimai qənaət belə söhbətlərə alışdığından onların fəsadları da narahatlıq doğurmur. Söz deyilir, bir müddət dövriyyədə qalır və unudulur.
Amma ictimai rəydəki möhtəkirliyin gerçəkdən təhlükəsi var. Onun fəsadları təkcə cəmiyyəti çaşdırmaqla məhdudlaşmır. İctimai-siyasi prizmadan məqsədyönlü olan möhtəkirlik cəmiyyət parçalamaq, qarşıdurma əhvalı yaratmaq qədər qorxuludur. İllah da ki bu əhval ayrılıqda götürülmüş bir ölkənin cəmiyyətini deyil, ümumilikdə beynəlxalq ictimaiyyəti əhatə etsin.
Artıq neçə gündür ki, Ben Ladeni dəstəkləyən dairələr "cihad" mövzusunu dövriyyəyə buraxıblar. Əfqanıstdakı "Taliban" rejimi dünya müsəlmanlarını Amerikaya qarşı "müqəddəs müharibəyə" çağırır. Dünyanın başqa yerlərində də oxşar çağırışlar eşidilir. Təbii ki, onlar Azərbaycana da çatıb. Və mövzu ilə möhtəkirlik edənlər də tapılır. Xüsusilə "cihad" anlayışının mahiyyətindən kəmxəbər olanlar bu möhtəkirliyə asanlıqla uyurlar.
Təbii ki, belə şəraitdə ictimai fikrin çaşqınlıqdan qorunması və anlaşıqlı şəkildə izahatın verilməsi olduqca zəruridir. Minlərlə dinc insanı (onların içərisində müsəlmanlar da olub) qətlə yetirib bunu qəhrəmanlıq sayanların gerçək adını hər kəs bilir. Bu adın yanına möhtərkirliklə hansısa dini səciyyəli izahat qoşub, insanlıqdan uzaq əməllərə haqq qazandırmaq heç vəchlə mümkün deyil. Azərbaycanda bu cür zəruri izahatı verməli olan şəxs vəzifəsini yerinə yetirib. Şeyxülislam mövcud şəraitdə "cihada" çağırışların nə qədər əsassız olduğunu rəsmən bəyan edib. Amma müsəlman ölkələrinin heç də hamısında dini liderlər belə bəyanatlarla çıxış etmədilər. Görünür, bunu vacib hesab etmirlər. Deməli, burada konkret mahiyyətə münasibət deyil, siyasi məqsədlər zəminində möhtəkirlik mövcuddur.
Eləcə də dünyanın bir sıra qeyri-müsəlman ölkələrində müxtəlif məqsədlərin xidmətində duran möhtəkirlik öz işini görür. Həqiqi İslam dəyərlərini siyasiləşmiş İslamın deformasiyaya uğramış görüntüsü ilə qəsdən əvəzləyənlərin niyyəti bəllidir. İzahata da gərək yoxdur. Amma yenə də ermənilər barəsində bir kəlmə demək vacibdir... Dünyanın terrorizm tarixinə özəl səhifələrlə daxil olmuş ermənilər müsəlmanların ekstremizmindən əndişə ilə danışmağa başlayıblar. Guya Avropa və Amerikada terrorun ən yeni texnologiyasını sınaqdan keçirən özləri deyilmiş. Dərinə getməyək. ABŞ-da həyata keçirilən "təyyarə variantı" terrorizm tarixində ilk dəfə dörd ay öncə Livanda təşkilatlanmış erməni terrorçuları tərəfindən İsrailin yaşayış məntəqələrinə qarşı həyata keçirilmişdi. Xoşbəxtlikdən uğursuz olmuşdu. Terrorda pioner olub möhtəkirlik edənlər heç olmasa bunu unutmamalıdırlar.
V.Orxan
|
Sərbəst
|
Bu həmən tarixdir ki, mən yaşamışam, oxumuşam, öyrənmişəm; həyatımdan keçmiş. Özgə nə cür ola bilər; tarix birdir - biz gəlib-gedirik, o - qalır.
Mənim qırx yaşım var; deməli, yaşamış olduğum tarixin şərtən qırx yaşı var. Bu "şərt" daxilində o mənimçün ya var - illər, onillər, yüzillər, minillərdir; ya da yoxdur - yox elə yoxdur. Bunu mən belə hesablayıram: bu "qırx" içrə mənim qırx, üstəgəl azı iki-üç də ömür (dədə-baba) yaşım var - atam nə deyərdi, babam nə söylərdi, bu qəbil... Sonra yazı yaşım-yaddaşım gəlir; necə istəyirsən başa düş, tale-alınyazısı kimi, ya kitab-dəftər, məktəb-cəmiyyət-ölkə-xalq-millət yazısı kimi; son halda ikisi də birdir - ya var, ya da yox elə yoxdur...
Yazırsan ki, biz elə həmən sovet adamlarıyıq. Danası deyiləm ki; mən "sovet" məktəbinə getmişəm - düz on il orta, üstəgəl beş ali, üstəgəl üç il təyinat, üstəgəl yenə dörd il, üstəgəl üç... - əlbəttə, bütöv bir tarixdir. Tarix nədir; ideal, ya gerçək? - bunun da dadını ilk əvvəl ordan bilmişəm. Hələ dördüncü sinifdən bizə "SSRİ tarixindən hekayətlər" adlı fənn keçirdilər. Uşaq yaddaşıma da tarix eləcə formatına görə digər dərsliklərdən seçilən, iri bir kitab kimi girmişdi; düzdü, bu günə qədər yadımdadı, o boyda kitabda Vətən duyğularımı tərpədən cəmisi bir neçə cümlə vardı, o da "Zaqafqaziya" bölməsində verildiyindən istər-istəməz qısqanclıq yaradırdı - hansı xalqa daha çox yer verilibdi: ermənilərə, gürcülərə, ya bizə; bəlkə də elə ona görə o yazı elə o səhifələrdə də qaldı; amma məsələn, o gün diqqət eləyirəm, balaca qızımın oxuduğu "Qədim dünya tarixi" yenə elə mənə tanış (!) həmən antik sütunların üzərindədir ki, durur.
Yaxşı ki onu da danmırsan ki, amma ondan da qabaq azərbaycanlı olaraq qalırıq; əbədən. Nə olsun ki, mən "sovet" məktəbinə getmişəm, oxuduğum ki, Azərbaycan dili olubdu; vallahi, bəs eləyirdi, qaranlıq nöqtələrin labirintindən keçirib də bu Dil məni kitab-dəftər-məktəb-cəmiyyət-ölkə-xalq-millət tarixinin əslinə çıxara bilirdi;
qaçılası imkan yoxdu: gec başladığımı tez öyrənirdim, gec ayıldığıma sərvaxt olurdum - bu Dil mənə ədəbiyyat, sənət, mənəviyyat, mədəniyyət dərsi verə bilirdi...
Kimsə tarixə yalan sata bilməz; bunu biz yaşamışıq, oxumuşuq, görmüşük. "Sovet" gələndə ilk işi 28 may tarixini 28 aprelə dəyişmək olmuşdu; tarix quruca rəqəmlərdən ibarət deyil ki; çox keçmədi, gördü, yapma şüarlardan tarix yaranmır: rəqəm rəqəmliyində, milli tarixin bütün gərəklərini öz adına gerçəkləşdirməyə başladı; nə olsun ki, zor-xoş "sovet" paltarında - milli varlıq ki həmən idi; heç təsadüfi deyil ki, yetmiş il ötmüş bu paltarı zor-xoş soyunanda o bizə necə var elə - çox tanış gəldi; bəli, köklü mahiyyət etibarilə biz oturuşmuş azərbaycanlılarıq.
Tarix konkretdir; intəhası, bu yaşam konkretliyidir, mənəvi kriterilərdən keçir; kim burda daha effektivdirsə, təcrübəsi, yaşı-yaddaşı-tarixi var; yoxsa yox elə yoxdur. Deyək, ABŞ bir dövlət kimi demokratiyası ilə fəxr edir; dövlətin tarixi vətəndaş cəmiyyəti uğrunda mübarizələrdən başlayır; kriterisi prezidentlik üsul-idarəsi, Prezidentlər
sırasından keçir. Nə olsun ki, fransız cəmiyyətinin də, dövlətçiliyinin də tarixi bundan daha qədimdir; burda çağdaş yaşam sırası Respublika üsul-idarəsinə köklənir; I, II, III, IV, V Respublikalardan keçir. Mənim yadımdadı, belə bir şey on il öncə bizdə də oldu; indi biz bir qövm, tayfa deyilik-ha "saqqallı uşaqlar"ın sözüylə durub tariximizi birbaşa əşirətdən gəlişdirək - mümkünmü heç; xalqımızın, millətimizin, dövlətçiliyimizin tarixi qədim, ölkəmizin tarixi lap qədimdir; çağdaş yaşam təcrübəmiz isə Azərbaycan Xalq Cümhuriyyətindən gəlir; ani çaşqınlıqdan sonra düstur da tapıldı: I Respublika, II Respublika, III Respublika...
Əlbəttə, ad tapmaq asandır, nəinki mahiyyəti gəlişdirmək... O tarixdir; yaşadığımız çaşqın-sarsıntılı günlərdən sonra yalnız O, hər üç dövrün dəyərlərini yaşı, yaddaşı, tarixi simasında birləşdirən, təcəssüm etdirən Azərbaycan Prezidenti bunu milli varlığımızda tərpədə, hərəkətə gətirə bildi.
Bu həmən tarixdir; mən onu qırx il öncədən, sən təzəliknən yaşayırıq, yaşayası, hələ yaşayasıyıq; müstəqilliyimiz eşqinə.
T.Əlişanoğlu
|
Dünəndən bu günə
|
30-cu illərin əvvəllərində alman nasist partiyası hakimiyyəti ələ keçirmək üçün ölkədə bir sıra təxribatlar aparanda kinorejissor F.Lanq "Doktor Mabuzenin vəsiyyəti" adlı bir film çəkdi. Filmin qəhrəmanı Mabuze dahi hipnozçu olsa da, keçirdiyi stress nəticəsində əsəb xəstəlikləri klinikasına düşmüşdü. Buna baxmayaraq, o, elə xəstəxanada ola-ola qatı cinayətlər törədən terrorçu bandaya rəhbərlik edirdi. Gecə-gündüz zavod və banklara, dövlət əhəmiyyətli müəssisələrə hücum planları hazırlayırdı. Onun ən ali məqsədi terror vasitəsilə bütün dünyada hakimiyyəti ələ keçirmək idi. Rejissor F.Lanq öz ekran işi haqqında yazırdı: "Alleqoriya kimi çəkilən bu film hitlerçilərin terror mexanizmini aydın göstərir. Bu üsulu açmaqla mən "insanlara əziz olan hər nə varsa, onu sistemləşdirilmiş surətdə məhv etmək lazımdır" məzmunlu Hitler nəzəriyyəsini ifşa etmək istəmişəm".
***
Yaxın-uzaq keçmişdə Reyxstaq yandırıldı, yəhudi millətinə qarşı amansız təqiblər və kütləvi zorakılıq aksiyaları törədildi və cəzasızlığından cürətlənən millətçilər xalqın adından xalqlara qarşı elan edilmiş müharibəyə başladılar. Bu, II Dünya müharibəsi idi. Ondan əvvəlki 4 illik I Dünya müharbəsi də eyni məqsədlə törədilmişdi. Hər iki dünya müharibələrinin ssenari müəllifləri və icraçıları eyni xalqın nümayəndələri idi. Bu möhtəşəm xalq dühalar da törətmişdi, frankenşteynlər də.
Sonuncu müharibədə 20 milyon əhalisini itirən dünya, nəhayət, başa düşdü ki, nəyin bahasına olursa-olsun bundan sonra kiçik Yer planetində əmin-amanlıq bərqərar olmalıdır və orda-burda adda-budda közərən müharibə alovları heç bir vəchlə qlobal xarakter almamalıdır. Çünki üzdəniraq III Dünya müharibəsi başlasa, nə məğlub, nə qalib tərəf olacaq(!).
***
Bəşəriyyət XXI əsrə qədəm qoyanda bir az da müdrikləşdi... Deyəsən, ilk baxışdan ümumi əmin-amanlığın pozulması üçün heç bir açıq-aşkar təhlükə zərbəsi gözlənilmirdi. Lakin zərbə oldu, özü də necə, özü də harada? Bütün ölkələrin möhtəşəm və toxunulmaz saydığı ABŞ-da...
Bəşəriyyət aldığı şokdan hələ tam özünə gəlməmiş əvvəlki iki dünya müharibələrinin ərəfəsini xatırladan xaoslu həyəcan və hiddətli çıxışlar, bəyanatlar, hədələr başlandı...
Deyəsən, erməni siyasətinin uzaqgörənləri və yaxın köməkliyi ilə yaranmış "Nostradamus" filminin hafizələrdə və yaddaşlarda buraxdığı izlər hədər getməmişdi. Yoxsa terrorçuların kimlər olduğu müəyyən edilməmiş, mütləq onların İslam dininə, Şərq ölkələrinə mənsub olmaları əminliyi haradan idi?!!
***
Kino tarixindən məlumdur ki, mafiyanın mərkəzi və vətəni İtaliyadır və daha dəqiq desək, Siciliya, Palermodur...
Qanqsterizmin vətəni isə Çikaqo olmuş və onun çiçəklənib artmasında İtaliya mafiyası da mühüm rol oynamışdır.
Terrorizmin harada yaranıb, hansı ölkələrdə geniş vüsət alması tarixi ilə maraqlananlar, çox aydın başa düşə bilərlər ki, uzun onilliklər bunun nə Şərq ölkələrinə, nə İslama heç bir aidiyyəti olmamışdır...
Konkret düşməni konkret ölkələrin adları ilə bağlayanlar, böyük siyasi oyunlar oynayırlar və bu siyasi oyunlar fonunda ən dəhşətlisi odur ki, ABŞ-ın ticarət mərkəzində törədilən vəhşi, misli görünməmiş terror aktı faciəli tamaşanın prelyüdiyasına bənzəyir.
Alfred Hiçkokun "Quşlar" və "Psixo" filmləri yada düşür və adama elə gəlir ki, böyük siyasət mexanizminin sükanını yenə də şər qüvvələr idarə edir: - insanlığa, əmin-amanlığa qarşı. Ayıq olun.
Həmidə Ömərova
|
 |
|
| |
|
|