|
|
|
|
#112(336)
|
 |
"Lütfkar qartal" gizli saxlanılır
|
ABŞ terrorçulara qarşı hazırladığı və "Lütfkar qartal" adını almış hərbi əməliyyat planını gizli saxlayır. Müdafiə naziri Donald Ramsfeld əməliyyatların detallarını açmayaraq deyib: "İndi zərbə endirmək üçün bizim növbəmiz çatıb. Biz terrorçuların şəbəkəsini dağıtmaq, onlara yardım sistemini məhv etməliyik. Bu, nə vaxtsa iştirak etdiyimiz istənilən digər müharibəyə bənzəməyəcək. Bu, tamamilə yeni yanaşma tələb edir".
Analitiklərin fikrincə, Pentaqon və onun müttəfiqləri ben Ladenlə yanaşı, Livan ("Hizbullah" təşkilatı), Fələstin, İordaniya ("Həməs"), Banqladeş ("Cihad"), Pakistan (Camiat-əl-Üləma-e), Misir (Əl-Cihad) və digər islam ölkələrindəki terrorçu təşkilatlara da zərbələr endirməyə hazırlaşır.
Amerikalı ekspertlər hesab edir ki, bu, irimiqyaslı hərbi əməliyyatlar deyil, 45 min nəfərlik xüsusi əməliyyat qüvvələrinin (XƏQ) aksiyası olacaq. Amerikanın "Taym" jurnalı adının gizli saxlanmasını istəyən amerikalı generala istinadən bildirib ki, ABŞ Üsəma ben Ladenin gizləndiyi Əfqanıstan ərazisinə kütləvi hava zərbələri endirməyi, sonra isə beynəlxalq terrorçuları tutmaq və məhv etmək məqsədilə amerikalı desantçılar çıxarmağı planlaşdırır. Jurnalın məlumatına görə, ben Ladenin yaxalanmasında güman ki, ABŞ hava-desant diviziyasının 82-ci bölməsi, həmçinin ordu "reyncerləri" bölmələri və "Delta fors" adı ilə tanınan xüsusi təyinatlı döyüşçülər iştirak edəcək.
Vaşinqton başa düşür ki, başqa ölkələrin ərazilərində xüsusi təyinatlı döyüşçülərin fəaliyyət göstərməsi beynəlxalq münaqişələrə sövq edər və narazı ictimai rəy formalaşdırar. Buna görə də ABŞ hazırda Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) müsəlman dövlətlərində apardığı əks-terrorizm tədbirlərində dünyanın digər ölkələrinin də səylərinin birləşdirilməsinə çalışır.
"Turan"ın analitik xidmətinin qənaətinə görə, müsəlman ölkələri xüsusi xidmət orqanlarının öz ölkə ərazilərindəki terrorçu bazalarının məhv edilməsində ABŞ XƏQ dəstələrinə fəal kömək edəcəyi az ehtimal olunur. Güman ki, Amerika xüsusi təyinatlı döyüşçüləri sanksiyasız hərəkət edəcək. Rusiya ekspertləri hesab edirlər ki, quru qoşun əməliyyatları arzuolunan nəticəni verməyəcək. Taliblərin ordusu 100 min nəfəri əhatə edir. Ordu partizan müharibəsi, reydlər, qəfil hücumlar etmək üçün yüksək hazırlıqlıdır. Lakin "Şimal alyans"nın qüvvələrini öz tərəfinə cəlb etməklə, həmçinin Rusiya və MDB ərazisindəki müsəlman ölkələri ilə (ilk növbədə Özbəkistan və Tacikistan) mümkün qarşılıqlı fəaliyyət ABŞ-ın uğurunu təmin edə bilər.
|
Ermənilərin Naxçıvan röyası
|
Beynəlxalq diqqəti Qarabağ mövzusundan yayındırmaq üçün müxtəlif avantüralara girişən ermənilər Naxçıvanla bağlı növbəti kampaniyaya başlayıblar. Öncəkilərdən fərqli olaraq cari kampaniyanın motivləri də maraqlıdır
"Naxçıvan Ermənilərinin Milli Şurası" adlı qondarma qurum Rusiya prezidenti Vladimir Putinə müraciət edərək 16 mart 1921-ci il müqaviləsini qüvvədən düşmüş elan etməyə çağırıb. Ermənilərin iddiasına görə, "Qars müqaviləsi" kimi tanınan bu sənəd "Ermənistanın ərazisi olmuş" Naxçıvanın zorla Azərbaycana verilməsini təmin edib. Odur ki, ermənilər Rusiya prezidentindən "tarixi ədaləti" bərpa etməyi xahiş edirlər. Qondarma təşkilatın müraciətində o da vurğulanır ki, guya həmin müqavilə Ermənistanın iştirakı olmadan imzalanıb, erməni xalqının maraqlarını əks etdirməyib və bu üzdən beynəlxalq hüquq normalarına ziddir. Bu barədə dünən erməni KİV-i məlumat yayıb.
Ermənilərin tarix üzərindəki oyunbazlığı bəlli olduğundan geniş təfərrüata varmayacağıq. Sadəcə onu xatırladaq ki, 1921-ci il 16 mart müqaviləsi Qarsda deyil, Moskvada Rusiya ilə Türkiyə arasında imzalanıb. "RSFSR ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və qardaşlıq haqqında müqavilə" iki ölkənin qarşılıqlı münasibətlərini, sərhəd və hüquq öhdəliklər məsələlərini əhatə edirdi. Müqavilədə üç Cənubi Qafqaz respublikasına (keçmiş Rusiya imperiyasının əraziləri kimi), o cümlədən Naxçıvan bölgəsinə dair müddəalar da yer alıb. Sazişdə Naxçıvan muxtar bölgə statuslu Azərbaycan ərazisi kimi təsbitlənib. Moskva ilə Ankaranın xüsusi öhdəliyinə əsasən, Türkiyə Naxçıvanın təhlükəsizliyinə cavabdehdir, bölgənin hüquqi statusu isə Moskva və Ankaranın razılığı olmadan dəyişdirilə bilməz. Bu isə o deməkdir ki, Rusiya hətta istəsə də müqavilənin Naxçıvana aid müddəalarını birtərəfli qaydada ləğv edə bilməz. Həmin müddəalar 1921-ci il oktyabrın 13-də Türkiyənin Qars şəhərində imzalanmış beştərəfli (Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan) müqavilədə də əks olunub. "Moskva müqaviləsi"nin şərtlərini üç Cənubi Qafqaz respublikasının iştirakı ilə bir daha təsbitləyən sənəd tarixə "Qars müqaviləsi" kimi düşüb və ermənilərin indiki uydurmalarının əksinə olaraq Naxçıvanın Azərbaycana mənsubluğunu həmin sənəddə öz imzaları ilə təsdiqləyiblər. Üstəlik "Qars müqaviləsi"nə Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında sərhəd keçidinin yüngülləşdirilməsi və sərhəd ticarətinin təşviq edilməsinə dair yeni müəddalar da əlavə olunub. Odur ki, ermənilərin Naxçıvana dair avantürist iddiaların beynəlxalq hüquq müstəvisində heç bir perspektivinin olmadığı aydındır.
Lakin onların mütəmadi olaraq qaldırdıqları hay-küyün siyasi tərəfləri var. Ermənilər bu üsulla beynəlxalq diqqəti Qarabağ konfliktindən yayındırmaq və Azərbaycanı "əlavə işlə" məşğul etmək niyyəti güdürlər. 1997-ci ildə peyda olan "Naxçıvan Ermənilərinin Milli Şurası" da bu avantürizmin bir hissəsidir. Ermənilər bu kampaniyanı əsasən "Qars müqaviləsi"nin ildönümündə işə salırlar. Cari kampaniyanın məhz indi başlaması isə təsadüfi deyil. Son vaxtlar Qarabağ konflikti ətrafında yaranmış beynəlxalq ab-hava erməniləri qane etmir. Yerevan yeritdiyi aqressiv siyasətin tədricən qınaq doğurduğunu görür. Ötən həftə regionda səfərdə olmuş AŞPA sədri Rassel Conston Ermənistanın işğalçı olduğunu və danışıqlarda heç bir konstruktivlik göstərmədiyini açıq şəkildə vurğuladı. Çox güman ki, bu atmosfer AŞPA-nın gələn həftə keçiriləcək payız sessiyasında da hakim olacaq. Bundan əlavə, Rusiya prezidenti Vladimir Putinin Ermənistana rəsmi səfərinin nəticələri ermənilərin ürəyincə olmayıb. Putin ermənilərin Qarabağa dair iddiaları ilə hər hansı şəkildə uzlaşacaq bəyanat, yaxud mülahizə ilə çıxış etmədi. İndi Rusiya prezidentinə avantürist xahişlə müraciət edən ermənilər sırf fiksiya ilə məşğul olurlar. Çünki Moskvanın bu sayıqlamaya münasibət bildirməyəcəyini yaxşı bilirlər. Nəhayət, Ermənistan iqtidarının ölkə daxilindəki nüfuzu sürətlə düşür və rəsmi Yerevan bu cür "ictimai təşəbbüslərə" rəvac verməklə cəmiyyətin başını qatır.
|