|
|
|
|
#112(336)
|
 |
"Gürcüstan Fondu" yaradılır
Zəlimxan Yaqub: "İmkanı
olan hər bir kəs Gürcüstandakı
soydaşlarımıza yardım etməlidir"
|
Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həllinə yardımçı olmaq məqsədi ilə yaxın vaxtlarda "Gürcüstan Fondu" yaradılacaq. Bu təşəbbüslə çıxış edən millət vəkili Zəlimxan Yaqub "Bizim ƏSR"in müxbiri ilə söhbətində fondun yaradılması zərurətini qonşu ölkədə yaşayan soydaşlarımızın təhsil sahəsində üzləşdiyi çoxsaylı problemlərlə izah edib.
Millət vəkili hesab edir ki, bu yolla bir sıra problemlərin həllinə nail olmaq mümkündür: "Mən bu günlərdə Gürcüstanda olarkən oradakı Azərbaycan məktəblərində dərslik və ləvazimatla bağlı ciddi problemlərin olduğunu gördüm. Hesab edirəm ki, millətin gələcəyi naminə ilk növbədə, bu problemi həll etmək gərəkdir. Dərslik olmadan hansı təhsildən danışmaq olar? Digər problemləri sonra da tədricən həll etmək olar. Hazırda isə Gürcüstan azərbaycanlıları üçün ən vacib problem məktəblər üçün dərslik və dərs ləvazimatlarının çatdırılmasıdır. Bunun üçün də istəyirik ki, Gürcüstana yardım fondu yaradaq. Bu fond vasitəsilə heç olmasa, təhsillə bağlı bəzi problemlərin həllinə yardımçı ola bilərik".
Zəlimxan Yaqub əlavə etdi ki, fondun yaradılması üçün yaxın günlərdə Azərbaycan və Gürcüstan ziyalılarına müraciət edəcək: "Bir yerdə yığışıb fondun görəcəyi işləri müzakirə etməliyik. Açığı, bu işdə mütəxəssislərin də köməyinə ehtiyacımız var. Fondun maliyyə mənbələrini müəyyənləşdirməliyik. Hesab edirəm ki, imkanı olan hər bir Azərbaycan vətəndaşı Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həllində qismən də olsa iştirak etməlidir".
Bununla belə, millət vəkili hesab edir ki, bir çox problemlərin həlli həm də Azərbaycan hökumətindən asılıdır. Buna görə də Zəlimxan Yaqub bir çox nazirlərlə görüşmək niyyətində olduğunu vurğulayıb: "Biz deyə bilmərik ki, bütün problemləri Gürcüstan hökuməti həll etməlidir. Çünki elə məsələlər var ki, həlli bizdən asılıdır. Çalışacağam ki, Azərbaycan hökumətinin bu problemlərə diqqətini bu problemlərə daha da artıraq. Dərslik probleminin həlli üçün bu günlərdə təhsil naziri Misir Mərdanovla görüşəcəyəm. Eyni zamanda, Azərbaycan televiziyası və radiosunun Gürcüstanda yayımlanması üçün rabitə naziri Nadir Əhmədova müraciət edəcəyəm. Səhiyyə naziri Əli İnsanovla da görüş nəzərdə tutulur. Ümumiyyətlə, Gürcüstanda sıx bağlılığı olan bütün nazirlik və hökumət strukturlarının qapısını döyəcəyəm".
Oktyabrın
11-də vaxt bitir...
Şadman Hüseyn: "Hamı kimi mənim də
seçkidə iştirak etmək hüququm var".
|
Təkrar seçkilərdə iştirak etmək üçün namizədlərin sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməsi üçün vaxt oktyabr ayının 11-də bitir. MSK-dan verilən məlumata görə, bu günə kimi iki dairə üzrə 15 namizəd qeydə alınıb. Onlardan 7-si Ağcabədi, 8-i isə Tovuz seçki dairəsindən namizədliklərini irəli sürüb.
MSK-dan AMİP Siyasi Şura üzvü Şadman Hüseynin namizədliyini irəli sürməsi ilə bağlı yayılan məlumatları təkzib etdilər. Dedilər ki, keçmiş millət vəkili dünənə kimi onlara rəsmi şəkildə müraciət etməyib. Şadman Hüseyn də barəsində yayılan məlumatları təkzib etdi: "Açığı, hələ də başa düşə bilmirəm ki, mənim namizədliyimi irəli sürüb-sürməyəcəyimlə camaat niyə belə maraqlanır. Hamı kimi mənim də seçkidə iştirak etmək hüququm var. Əgər lazım gələrsə, bu hüququmdan başqaları kimi istifadə edəcəm. Belə bir addım atsam, bunu heç kimdən gizələtməyəcəm. Vaxta hələ var və ona görə də qərarımı qətiləşdirməyə tələsmirəm".
"İslahatçı" mətbuat xidməti təhrif edib...
Qüdrət Həsənquliyev: "Mən elə söz deməmişəm"
|
Bu günlərdə AXCP (klassiklər) sədr müavini Fazil Qəzənfəroğlunun "islahatçı" Qüdrət Həsənquliyev barəsində dediyi sözlər partiyada əsl qalmaqala çevrilib.ÿQüdrət Həsənquliyevlə Əli Kərimovun münasibətlərini şərh edən Fazil Qəzənfəroğlu deyib ki, birinci ikincidən "iyrəndiyinə görə", münasibətlər gərginləşməyə başlayıb.
Bunun ardınca məsələyə adekvat münasibət bildirən AXCP (islahatçılar) mətbuat xidməti Qüdrət Həsənquliyevə istinadən məlumat yayıb. Məlumatda Əli Kərimovdan iyrənməsi ilə bağlı Qəzənfəroğlunun dediklərini təkzib edən Qüdrət bəy bildirib ki, o, nəinki sədrindən, ümumiyyətlə, heç bir "cəbhəçi"dən usanmayıb.
Mətbuat xidməti həmçinin Qüdrət Həsənquliyevin adından "kimin kimdən iyrəndiyini cəmiyyət bilir" sözlərini yazıb. Halbuki, Qüdrət Həsənquliyev mətbuat xidmətinə belə söz deməyib. Beləliklə də AXCP (islahatçılar) mətbuat xidməti Qüdrət Həsənquliyevin sözlərini təhrif edib.
Qüdrət Həsənquliyev bizimlə söhbətində məlumatı təsdiqlədi: "Mən qeyd etmişdim ki,ÿƏli Kərimovla şəxsi münasibətlərimdə heç bir problem yoxdur. Və bizim münasibətlərimizi təftiş etməyə heç kimin haqqı çatmır. Amma mətbuat xidmətinin əməkdaşları "kimin kimdən iyrənməsini cəmiyyət bilir" və s. fikirləri də mənim adımdan yazıblar. Mən o cür söz deməmişəm. Məsələ ilə bağlı mətbuat xidmətinə öz etirazımı bildirdim. Mən heç kimdən iyrənmirəm. Sadəcə olaraq müəyyən adamlarla, o cümlədən Fazil Qəzənfəroğlunun özü ilə müəyyən fikir ayrılıqlarım var. O, bu gün birləşmənin əleyhidarı, mən isə tərəfdarı kimi çıxış edirəm. Əli Kərimovla da müəyyən fikir ayrılıqlarım var. Amma onunla şəxsi münasibətlərimdə heç bir problemim yoxdur".
|