Mədəniyyət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Kriminal
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#112(336)
Azərbaycan YUNESKO-ya xatırlatdı
İşğal olunmuş ərazimdə 500-dək tarixi-memarlıq, 100-dən artıq arxeoloji abidə, fondlarında minlərlə əşyanın toplandığı 22 muzey, 4 rəsm qalereyası qalıb

Dünən Rəşid Behbudov adına Mahnı Teatrında "Mədəni irsin qorunmasına dair normativ aktlar"a həsr olunmuş beynəlxaq seminar öz işinə başladı. Xatırladaq ki, bu tədbir YUNESKO-nun xətti ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının, Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin təşəbbüsü ilə həyata keçirilir. Sentyabrın 19-dan 21-dək davam edəcək seminarda mədəni irsin qorunmasına dair ən müxtəlif mövzular üzrə səkkiz sessiya gerçəkləşəcək.
Seminarı açan mədəniyyət naziri Polad Bülbüloğlu tədbir iştirakçılarını və qonaqları salamladıqdan sonra proqramdan kənara çıxdı. Belə ki, öncədən nəzərdə tutulmayan məruzə ilə çıxış etdi. "Hər bir xalqın mədəni irsi onun milli sərvəti və tarixi mədəniyyətidir", - deyən nazir bildirdi ki, "İnsan həmişə öz keçmişini dərk etməyə və onu layiqincə qiymətləndirməyə çalışır. Özümüzə və başqalarına, torpağımıza, ayrı-ayrı şəxsiyyətlərimizə, tariximizə, baş vermiş sosial-siyasi hadisələrə münasibətin formalaşmasında mədəni irsin rolu əvəzsizdir. Və onun qorunması beynəlxalq normativ sənədlərlə tənzimlənir. Bu gün o hüquqi sənədlərin qəbulu və fəaliyyəti YUNESKO-nun adı ilə bağlıdır". Ölkəmiz suverenlik əldə etdikdən sonra Azərbaycanın mədəniyyət sahəsində müstəqil siyasət yeritdiyini vurğulayan nazir faktlara müraciət etdi. Bildirdi ki, müvafiq orqanların fəaliyyətində mədəni irsin qorunması mühüm yer tutur. Və bu işə dövlət qayğısı öz əksini müstəqil Azərbaycanımızın ilk Konstitusiyasında tapıb. Bu müddət ərzində ölkəmizin qanunvericilik orqanı olan Milli Məclisdə tarix və milli mədəniyyət abidələrinin qorunması, muzeylər, kitabxanalar, arxiv, kinematoqrafiya haqqında qanunlar qəbul edilib. Mədəni sərvətlərin ölkədən çıxarılmasına nəzarət mədəniyyət nazirliyinə həvalə olunduqdan sonra qurumun tabeçiliyində bu işlə əlaqədar ekspert komissiyası yaradılıb. Azərbaycanın mədəniyyət üzrə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlara üzv olduğunu, o cümlədən, konvensiyalara qoşulduğunu bəyan edən nazir ölkə daxilində bu öhdəliklərin yerinə yetirildiyini bildirdi.
Polad Bülbüloğlu çıxışında Azərbaycanın məcburən cəlb edildiyi münaqişədə milli mədəni sərvətlərimizə vurulan ziyan barədə də ətraflı danışdı: "Ermənilər işğal etdikləri ərazilərdə Azərbaycan xalqının tarixi keçmişini və bu gününü əks etdirən maddi-mənəvi nümənələrini planlı surətdə məhv edir, ya da öz adlarına çıxırlar. İşğal olunmuş ərazidə 500-dək tarixi-memarlıq, 100-dən artıq arxeoloji abidə, fondlarında minlərlə əşyanın toplandığı 22 muzey, 4 rəsm qalereyası qalıb. Hazırda həmin sərvətin məhv edilməsi və Ermənistana köçürülməsi siyasəti həyata keçirilir. 1977-ci ildə Azərbaycan hökumətinin qərarına əsasən, qoruq elan edilmiş, 1992-ci ildə isə işğal olunmuş Şuşa şəhəri də eyni münasibətə məruz qalıb. Şəhərin məscidləri dağıdılıb, qədim qəbiristanlıq yerlə yeksan edilib. O cümldən, Ağdamda Pənah xanın imarəti, Laçında Həmzə sultan və Sultan Əhməd sarayları, mağaralar, daş heykəllər, furqonlar dağıdılmış və daşınması mümkün olan bütün əşyalar Ermənistana aparılmışdır. Albanlara məxsus abidələr məhv edilir, alban məbədləri isə erməniləşdirilir".
İstər tarixi, istərsə də mədəni sərvət baxımından, əvəzsiz olan bu nümənələrin nə dərəcədə dağıdıldığını göstərməyin imkan xaricində olduğunu bildirən nazir yeganə vəsait kimi hal-hazırda R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin həyətində saxlanılan, qəlpələrdən tamamilə yararsız hala düşən Üzeyir Hacıbəyovun, Bülbülün, Xurşudbanu Natəvanın abidələrinin adını çəkdi. 1992-ci ildən etibarən erməni təcavüzkarları tərəfindən mədəni sərvətlərimizin talan edilməsi və Ermənistana aparılması barədə YUNESKO-ya, və Beynəlxalq Muzeylər Şurasına dəfələrlə müraciət etdiklərini vurğulayan nazir təəssüf hissi ilə qeyd etdi ki, bu mürciətlər uzun müddət cavabsız qalıb. Yalnız 1994-cü ildə bu məsələ ilə maraqlanan YUNESKO bir il sonra Ermənistan hökumətini "Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında konvensiya"nın müddəalarına əməl etməyə çağırıb. Mədəniyyət nazirimiz çıxışında maraqlı bir məqama da toxundu. "Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında konvensiya"dan irəli gələn tələbləri yerinə yetirməyən Ermənistanın adı, elə həmin ili sözügedən konveniyanın icrası ilə bağlı YUNESKO tərəfindən nəşr olunan məlumat kitabında çəkilməyib. Eləcə də, Azərbaycanın mədəni sərvətlərinin talanı barədə bu kitabda heç bir qeydə rast gəlinməyib. Çıxışının sonunda YUNESKO-nun bu sərvətləri geri qaytarmaq iqtidarında olmadığını başa düşdüklərini vurğulayan nazir onlardan vəziyyətə yalnız hüquqi qiymət verilməsini gözlədiyini bildirdi.
Daha sonra çıxış edən Baş nazirin müavini Elçin Əfəndiyev öncə Azərbaycanın son bir əsrlik tarixi barədə qonaqlara məlumat verdi. Son hadisələrin üzərində dayanan Elçin Əfəndiyev mədəniyyət nazirimizin çıxışında toxunduğu məsələlərə bir qədər də aydınlıq gətirdi: "808 ədəd mədəniyyət evi, fondunda 4 milyon 600 min nüsxə kitabı olan 927 kitabxana, XI-XIX əsrlərə aid 40 minə yaxın nadir, qiymətli muzey eksponatları, eləcə də, 22 muzey, 2 konsert, 4 teatr müəssisəsi, 5640 qiymətli musiqi aləti ilə bərabər 85 musiqi məktəbi tamamilə qarət olunmuşdur. Ümumiyyətlə, mədəniyyətə məxsus 1852 bina dağıdılıb, 1240 ədəd xalça Ermənistana aparılıb. Bu siyahıya təbiət qoynunda olan daş abidələri və başqalarını da əlavə etsək, Azərbaycan mədəniyyətinə, eləcə də, bəşəri mədəniyyətə vurulan zərbənin miqyası barədə sizlərdə daha dolğun təssəvvür yaranar.".
YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Ramiz Abutalıbov isə ondan öncə çıxış edən natiqlərin çıxışlarının əhatəli olduğunu vurğulayaraq, yalnız seminar iştirakçılarını salamlamaqla kifayətləndi.
"Mədəni irsin müdafisinə dair YUNESKO-nun fəaliyyəti" mövzusunda çıxış edən YUNESKO-nun mədəni irs departamentinin beynəlxalq standartlar şöbəsinini direktoru Lindel Prott öncə bu sahədə Azərbaycanın fəaliyyətinə toxundu. Mədəni irsin qorunması sahəsində Azərbaycanın da gördüyü işləri yüksək qiymətləndirən qonaq çıxışında bu sahədə vacib olan bir sıra məqamların üzərində dayandı.
Mədəni irsin qorunub, saxlanılmasında yalnız hökumət orqanlarının fəaliyyətinin lazımı nəticələr verməyəcəyini bildirən natiqin sözlərinə görə, bu sahədə əsas rolu vətəndaş cəmiyyəti oynamalıdır. Daha sonra o, keçid dövrü yaşayan ölkələrdə mədəni irsə münasibətə dair bir sıra xoşagəlməz nüansları sadaladı; mədəni irsin nümunələri qeyri-qanuni yollarla ölkədən çıxarılır və ya qeyri-qanuni dövriyyəyə buraxılır. Bütün bunlara baxmayaraq, YUNESKO-nun yerlərdə fəaliyyətindən razı qalan Lindel Prott daha effektli nəticə üçün ekspertlərdən ibarət şəbəkə yaradılmasını və bu şəbəkə vasitəsilə bir sıra layihələrin həyata keçirilməsinin lazımlığını söylədi. Sonra natiq mədəni turizmin inkişafı sayəsində mədəni irsin qorunmasına toxundu. "Mədəni turizmə yalnız o zaman fayda verə bilərik ki, o, nəzarətdən çıxmasın" deyən natiqin fikrincə, əks təqdirdə bunun mənfi nəticələri ola bilər. Belə ki, mədəni turizm nəzarətdən çıxarsa, turistlər fərqinə varmadan, qədim mədniyyət abidələrini korlaya bilərlər. Ona görə də mədəni turizmin inkişafına şərait yaratmaqdan əvvəl bu, qanuni yolla tənzimlənməlidir".
Natiq YUNESKO-nun "Xüsusi mədəni irs" haqqında qanun layihəsi üzərində işlədiyini bildirdi. "Xüsusi mədəni irsi gözəgörünməyən mədəni irs" kimi dəyərləndirən natiq bu konvensiyanın işlənməsində bir sıra problemlərlə qarşılaşdıqlarını da bildirdi. Belə ki, öncə gözəgörünməyən irsin nə olub-olmadığını aydınlaşdırmaq lazımdır. Mənəvi dəyərlərin, adət və ənənələrin bu qəbildən olduğunu bildirən natiq onların nəsildən nəsilə ötürülməsinin vacibliyini vurğuladı. Əks təqdirdə, nəsillər arasında mənəvi körpü dağılar. Bu isə öz növbəsində insanlığın humanizmini fəlakətə sürükləyər. Natiq çıxışının sonunda mədəni irsin qorunması üçün dünya ölkələri arasında əlaqələrin möhkəmləndirlməsini, eləcə də, ölkədaxili mədəniyyət qurumları arasında koordinasiya işinin yaxşılaşdırılmasının vacibliyi barədə danışdı.
Daha sonra YUNESKO-nun mədəni irs departamentinin nümayəndəsi Eduard Planşen "Haaqa konvensiyası və onun protokolları" mövzusunda məruzə ilə çıxış etdi. Yenidən kürsüyə çıxan Lindel Prott "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsinin və mülkiyyət hüquqlarının başqasına verilməsinin qarşısının alınmasına və qadağan olunmasına yönəldilmiş tədbirlər haqqında" və "Oğurlanmış və qeyri-qanuni çıxarılımş mədəni dəyərlər haqqında" konvensiyalara dair YUNESKO-nun işi barədə seminar iştirakçılarını məlumatlandırdı. Natiqin ABŞ və Kanada ölkələrinin timsalında milli çərçivədə mədəni irsin müdafiəsi proqramının gerçəkləşdrilməsi barədə çıxışı ilə seminar ilk iş gününü yekunlaşdırdı.

Luçiano Pavarotti həbs edilə bilər

Əfsanəvi tenor Luçiano Pavarottini dəmir barmaqlıqlar arxasına düşmək təhlükəsi qarabaqara izləyir. Üzümüzə gələn həftə məşhur sənətçi məhkəmə qarşısında cavab verməli olacaq. Onun günahı vergilərdən yayınmasıdır. Əgər bu, təsdiq olunarsa, Pavarotti növbəti üç ili həbsxanada qarşılamalı olacaq.
1989-cu ildən 1995-ci ilə qədər İtaliyanın vergi müfəttişləri Pavarottidən borclu olduğu 5,2 milyon dolları heç cür ala bilmirdilər. Son beş il ərzində ölkənin maliyyə nazirliyinin acığa düşmüş nümayəndələri araşdırma apararaq, tenorun günahını sübut edən kifayət qədər material toplayırlar. O vaxt Pavarotti böyük hay-küyə səbəb olacaq bu məhkəmə prosesini rüsvay olmaması xatirinə qapada bilir. Belə ki, günahı boynuna qoyulduğu ən son anda o, kompromissə gedir və 5,2 milyonu ödəyərək, məhkəmə orqanlarını işi bağlamağa razı salır. Amma əfsanəvi tenor itirdiyi məbləğin acığını çıxmaq üçün tələsib nümayişkarcasına vergilərdən heç vaxt yayınmadığını bəyan edir. Pavarottinin bu açıqlaması isə öz növbəsində maliyyə nazirliyinin məmurlarını yenidən qıcıqlandırır və onlar yarımçıq qoyduqları işi davam etdirmək qərarına gəlirlər. Bunun da nəticəsi göz qabağındadır - məşhur tenor birinci gün məhkəmə qarşısında vergilərdən yayınmasının səbəbini izah etməlidir.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd