Sənət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Kriminal
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#112(336)
"Bir neçə pillə qalxmışam"

Rüfət Mehdiyev - bu ad çoxlarınıza tanışdır. Televiziyada az-az görünsə də, musiqisevərlər arasında onun öz "çəki"si var. İxtisasca geoloq olsa da, digər müğənnilərimizdən heç də geri qalmır. O özünü belə təqdim edir: "Yaradıcılığımı sıfırdan başlayaraq, yenidən inkişaf etdirdim. Toylara gedirəm və çəkinmədən bunu boynuma alıram. Saksafona saatlarla qulaq asa bilərəm. Xeyr, mən hələ zirvədə deyiləm. Mən heç vaxt sənətə dəbə görə gəlməmişəm. Bəlkə də Azərbaycanın kaset piratlığı "tarix"ində ən qəribə əhvalat mənim başıma gəlib"...

- Sənətə 1989-cu ildə gəlmişəm. Ancaq müğənni kimi yox, pianoçu kimi. Sonra özümdə oxumaq bacarığı da hiss etdim. Belə qərara gəldim ki, özümü sınayım. Müğənnilik karyeramın təməlini 1992-ci ildə qoydum. Həmin illərin ən məşhur qruplarından birinin - "Badi-kubə"nin solisti olmuşam. Sonra müəyyən səbəblər üzündən bu qrup dağıldı. Və mən qərara gəldim ki, sıfırdan başlayaraq, yaradıcılığımı yenidən inkişaf etdirməliyəm.

Deməli, musiqi təhsilin yoxdur...

- Musiqi təhsili deyəndə ki, 10 illik fortepiano məktəbinin məzunuyam. O vaxtı "26 Bakı komissarı" adına məktəbdə fortepianoçu təhsilini almışam. Belə isə Bakı Dövlət Universtitetinin geologiya fakültəsini bitirmişəm. İxtisasca geoloqam.

Əvvəllər səni televiziyada tez-tez görürdük. Sonra elə bil birdən-birə yoxa çıxdın. Bir-iki il olar ki, Rüfət Mehdiyev yenidən görünməyə başladı. Bu, nə ilə bağlı idi?

- Kiçik fasilənin səbəbi, bayaq dediyim kimi, "Badi-kubə" qrupunun müəyyən səbəblərdən dağılması oldu. Görünmədiyim bu bir il ərzində ansambl yığmaqla məşğul idim. Ansambl tam formalaşdı və mən yenidən müğənniliklə məşğul olmağa başladım.

Hansı bəstəkarlarla işləyirsən?

- Demək olar ki, əksəriyyəti ilə. Əsasən Nadir Əzimovla işbirliyi yaratmışam. Elə ikinci albomuma daxil etdiyim mahnıların çoxu da Nadir Əzimova məxsusdur. Eyni zamanda Elçin İmanovla, Eldar Mansurovla da işləmişəm. Hazırda isə Vaqif Gərayzadə ilə layihə üzərində çalışırıq. Yaxın zamanda bu laiyhə gerçəkləşəcək.

İndiyə qədər neçə kasetin, albomun işıq üzü görüb?

- İki albomum çıxıb. İlk albomum 1998-ci ildə işıq üzü gördü. Adı da "O gözlər" idi. İkinci albomum isə 2000-ci ildə çıxdı. Bu albomun adını isə "Darıxdım" qoydum. Sözün düzü, mən heç vaxt hesabat üçün işləməmişəm.

Bəs kliplərin?

- Kliplərim çoxdur. Düzdür, onların əksəriyyəti köhnə olduğu üçün televiziyada gec-gec verirlər. Ancaq yeni kliplərimi vaxtaşırı bütün kanallarda nümayiş etdirirlər. Gələcəkdə fikrim var kliplərimdən ibarət videokaset yazdırım. O ki qaldı gələcək kliplərə, artıq həftənin birinci günündən başlayaraq, başım yeni klip çəkilişlərinə qarışıb. Bu klip Nadir Əzimovun bəstələdiyi və hələ heç yerdə səslənməyən "Demə mənə" mahnısına çəkiləcək. Mahnının sözlərinin müəllifi Sabir Abdinovdur.

Sənin Elnur adlı tələbən də olmalıdır...

- Bəli, var. Ancaq mən ona tələbə deməzdim. Mən Elnura müğənnilik sənətində müəllimlik etməmişəm ki, ona tələbə də deyim. Sadəcə olaraq, onun ifa etdiyi mahnıların stili mənim oxuduğum mahnıların stilinə uyğun olduğu üçün o özü mənə müraciət edib. Onun ifası xoşuma gəldi və mən onunla işbirliyinə başladım. İndiki dildə desək, mən Elnurun prodüsseriyəm. Və əlimdən gələni edəcəm ki, Elnur Quliyev yaradıcılıq işlərində müvəffəqiyyətlər qazansın, qabağa getsin.

Toylara gedirsən?

- Gedirəm və çəkinmədən bunu boynuma alıram. Bəzi müğənnilərimiz toya getməyi özlərinə eyib sayaraq, boyunlarına almırlar. Mənsə fəxrlə deyirəm ki, toylara gedirəm. Azərbaycanda bildiyiniz kimi şou-biznesin səviyyəsi aşağıdır. Biz müğənnilərə isə kaset satışından çox cüzi miqdarda pul qalır. Bizim kasetlərimiz ancaq Azərbaycanın hüdudlarında satışa çıxarılır. Ona görə də mənim gəlirimin böyük hissəsi toylardan çıxır. Əgər gələcəkdə kasetlərim Avropa ölkələrində, yaxud başqa dövlətlərdə satılarsa və mənə müəyyən miqdarda vəsait gətirərsə, yəqin ki, onda toylara gec-gec gedərəm. İndi isə məmnuniyyətlə dəvətləri qəbul edirəm.

Oxuduğun mahnıların hamısında saksafona xüsusi yer verirsən. Son populyar mahnılarından biri olan "Gözəl Bakı"da da bu ənənəndən çıxmamısan.

- Düzdür, mahnılarımın əksəriyyətində saksafon xüsusi səslənir. Bu alətdə çox populyar saksafon ifaçısı Eldar Zeynalov çalır. Aramızda böyük yaş fərqi olsa da, biz Eldar müəllimlə çoxdan ailəvi dostluq edirik. Saksafona saatlarla qulaq asa bilərəm. Bu musiqi alətindən qopan səs mənim ürəyimi fəth edir. Həm Eldar müəllimlə dost olduğum üçün, həm də saksafonu bəyəndiyim üçün çalışıram ki, bütün mahnılarımda saksafon öz yerini tapsın.

Boş vaxtlarında nə edirsən?

- Boş vaxtım az olsa da, imkan yaranan kimi dostlarımla bir yerə yığışıb, deyib-gülürük. Onu da deyim ki, səhnədə nə qədər ciddi, ağır adam olsam da, həyatda bir o qədər də deyib-gülən adamam. Ümumiyyətlə, sənətçilərin məclislərində iştirak etmək mənə çox xoşdur. Zarafat edirik, kimisə "prikola" tuturuq, vaxtımızı xoş keçiririk.

Bayaq qeyd etdin ki, "Badi-kubə" dağılandan sonra hər şeyi sıfırdan başladın. Səncə, indi lazım olan zirvəyə gəlib çatmısan?

- Əslində, sənət elədir ki, insan nə qədər müvəffəqiyyət qazansa da, yenə də azdır. Məndə də belədir. Hələ zirvədə deyiləm. Düzdür, bir neçə pillə qalxmışam, ancaq bu, hələ zirvə deyil.

Hazırda Azərbaycan estradasında bir duet ənənəsi formalaşıb. Sən nə əcəb kənarda qalmısan?

- Mən heç vaxt sənətə dəblə yanaşmamışam. Ona görə yaradıcılıqla məşğul olmuram ki, məni tez-tez televizorda görsünlər və yaxud küçədə tanısınlar. Sənətimin inkişafı üçün bu işlə məşğulam. Ancaq duet təklifi olsa və tərəf müqabilimlə səsimiz uyğun gəlsə, yəqin ki, qəbul edərəm.

Rüfət, ifanda, rus dili istisna olmaqla, xarici dildə mahnı eşitməmişik. İndi əksər müğənnilərin buna meyl etdikləri bir vaxtda sən niyə xarici dildə oxumursan?

- Mən başa düşə bilmirəm, əgər müğənni xarici dili bilmirsə, necə həmin dildə mahnı ifa edə bilər? Düzdür, çoxları deyir əsas odur ki, oxuduğun mahnının mənasını başa düşəsən. Ancaq səni inandırım ki, bu, belə deyil. Məhz bu səbəbdən də rus dilindən başqa heç bir xarici dildə mahnı oxumuram.

Kaset piratlığı ilə necə, rastlaşmamısan ki?

- Bəlkə də Azərbaycanın kaset piratlığı "tarix"ində ən qəribə əhvalat mənim başıma gəlib. Deməli, "Gedirəm" mahnısını təzə yazdırmışam. Bir nüsxəsini "Radio-107 FM" radiosuna vermişdim, bir nüsxəsi də məndə idi. Küçədə adam gözləyirdim. Birdən qulağıma "Gedirəm"in səsi gəldi. Əvvəlcə elə bildim ki, mahnı, sadəcə, qulağımda qalıb. Ancaq gördüm ki, mahnı yaxınlıqda yerləşən kaset satışı məntəqəsindən gəlir. Ayaq saxlayıb axıra qədər qulaq asdım. Adətən onlar mahnını radiodan yazıb, "zastavka" olan yerləri silirlər, diqqətlə qulaq asanda düzəliş edilən hissələri bilinir. Mahnı bitdi, amma mən orada düzəliş olan yeri tuta bilmədim. Yaxınlaşdım kaset satılan yerə və bu mahnı olan kaseti istədim. Satıcı mənə Azərbaycan müğənnilərinin mahnılarından ibarət bir kaset verdi. Soruşdum ki, bu kaseti hardan almısan, satıcı mənə "satandan" cavabını verdi. Vəssalam. Mahnını yazdırdığım studiyada da, radioda da mənim etibar etdiyim adamlar işləyirlər. Bu mahnı onların əlinə necə keçib, indiyə qədər də başa düşə bilmirəm.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd