|
|
|
|
#112(336)
|
 |
Ermənistan-beynəlxalq
terrorizmin yuvası
Qarabağ münaqişəsində və R.Köçəryanın siyasi karyerasında ASALA böyük rol oynayıb
|
Əvvəli qəzetimizin ötən sayında
Regionun əsas məskunlaşma məntəqələrində - Boqdanovka, Orlovka, Sameba və Pasovnada çox da böyük olmayan döyüşçü qrupları şəklində fəaliyyət göstərən "Fidainı" hərbiləşdirilmiş təşkilatına (lider Ambarsum Qevorkyan) "Daşnaksutyun" partiyasının döyüş qanadı tərəfindən nəzarət olunur. Məhz onların göstərişi ilə 1996-cı ilin sentyabrında özünün gürcüpərəst baxışları ilə tanınan Axalkalakinin meri Serqey Darbinyan döyülüb.
Yuxarıda qeyd etdiyimiz təşkilatlar Rusiya Silahlı Qüvvələrinin regional strukturları - xüsusilə də Axalkalakidə yerləşən və rəsmi Tbilisinin nəzarətində olmayan 62-ci hərbi bazanın dəstəyinə arxalanırlar.
Prezident Levon Ter-Petrosyan istefaya getdikdən sonra Ermənistanda terrorçu təşkilatların rəhbərlərinin reablitasiyası prosesi başlandı. Hələ Ermənistan prezidenti səlahiyyətlərini icra edərkən Robert Köçəryan ilk vəzifə kimi məşhur İran terrorçusu Qrant Markaryanı həbsxanadan azad etdi. Sonuncu 1991-ci ildə saxta sənədlərlə Ermənistana gəlmiş, oradan isə Dağlıq Qarabağa göndərilmişdir.
Robert Köçəryanın təşəbbüsü ilə Q.Markaryan və digər terrorçular - Monte Melkonyan və Vazgen Sarkisyan nə az, nə çox Qarabağ müharibəsinin "qəhrəmanları" kimi tanınıblar.
Bu da deməyə əsas verir ki, Robert Köçəryan hələ 1992-ci ildə Xankəndində "dövlət müdafiə komitəsinin sədri" olarkən regionun azərbaycanlı əhalisinə qarşı həyata keçirilmiş terror aksiyalarında bilavasitə iştirak edib.
Ermənistan prezidenti Robert Köçəryanın təşəbbüsü ilə 1996-cı ildə "Dro" təşkilatının terrorçu fəaliyyəti ilə bağlı məhkum edilən Vaqan Ohanesyan Yerevan həbsxanasından azadlığa buraxılır. Hazırda V.Ohanesyan Ermənistan prezidentinin müşaviridir.
Ermənistanın indiki rəhbərləri - R.Köçəryan, Serj Sarkisyan, "DQR" "prezidenti" Arkadi Qukasyan özlərinin terrorçularla sıx əlaqələrini gizlətmirlər. Belə ki, 1997-ci il noyabrın 25-də Yerevan filarmoniyasında Monte Melkonyanın xatirəsinə həsr olunmuş gecədə R.Köçəryanın müraciəti səsləndirilir.
Həmin müraciətdə deyilirdi ki, "Artsax azad olunub və bunun naminə M.Melkonyan öz həyatını qurban verib. Melkonyanın etdikləri yaddan çıxmamalıdır" ("Qolos Armenii" qəzeti. 27.11.97). Göstərilən faktlar qismən də olsa dünya ictimaiyyətinə məlumdur. Xüsusilə də "Caucasus. War & Peace. The New World Disorder & Caucasian" (Naarlem, SOTA, 1998, M.Tutuncu) kitabında, Qarabağa həsr olunmuş bölmədə Kaliforniyanın Avrasiya Mərkəzinin rəhbəri Alan Foqelkvist bəzi sirlərə toxunur. O, azərbaycanlıların Ermənistandan qovulmasından, qeyri Qarabağ ermənilərinin DQMV-dəki rolu, Sumqayıt hadisələri və 1990-cı ilin "qanlı yanvar" hadisələrindən söhbət açır. Elə həmin kitabda Hollandiya jurnalisti Çarlz Van Dör Leu erməni terrorizmi mövzusuna toxunur. Xüsusilə də o bildirir ki, Qarabağ münaqişəsində və R.Köçəryanın siyasi karyerasında ASALA böyük rol oynayıb. Livandan Qarabağa təşrif gətirmiş ASALA-nın terrorçuları Davidyan və Melkonyan, R.Köçəryan tərəfindən "səhra komandirləri" kimi xidmətə qəbul olunub. Onlar Xocalı, Şuşa və Laçında azərbaycanlıların kütləvi şəkildə qırılmasına görə məsuliyyət daşıyırlar.
"Bizim ƏSR"də oxucuların nəzərinə çatdırdığımız faktların təhlili deməyə əsas verir ki, erməni terrorizmi dövlət siyasti səviyyəsinə çıxarılıb. "Qarabağ ermənilərinin hüquqları uğrunda mübarizə" şüarı altında Ermənistanda terrorizmdən istifadə edən qüvvələr hakimiyyətə gəliblər.
Həyatını əsgərlərinin yolunda qurban verdi...
Qobustan qiyamında qəhrəmancasına həlak olmuş Rövşən Rzayev haqqında kitab nəşr olunub
|
Dünən Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Mühafizə Alayında şair Abbas Arazlının "Təki əsgər yaşasın" kitabının təqdimat mərasimi keçirildi. Kitab 1999-cu ilin yanvarında Qobustan qapalı həbsxanasında baş vermiş qiyamda qəhrəmanlıqla həlak olan kapitan Rövşən Rzayevin xatirəsinə həsr olunub.
Xatırladaq ki, həmin il yanvarın 7-də Qobustan qapalı həbsxanasında xüsusi təhlükəli cinayətlər törətdiklərinə görə məhkum olunmuş Vahid Musayev və Faiq Baxşəliyevin rəhbərliyi ilə sabiq Xüsusi Tə`yinatlı Polis Dəstəsinin cəza çəkən bir qrup üzvü və digər ağır cinayətlər törətmiş məhkumlar həbsxanadan qaçmağa cəhd etmişdilər. Bu məqsədlə onlar həbsxanadakı xidmət heyətinə zorakılıq göstərərək, mütəşəkkil surətdə nəzarət-buraxılış məntəqəsinin mühafizə-rejim postlarını zəbt etmişdilər. Həmin vaxt cinayətkarlar 4 nəfər hərbi qulluqçunun və həbsxana komendantının həyatına sui-qəsd etməklə yanaşı, 28 nəfər hərbi qulluqçu və nəzarətçini girov götürmüşdülər. Qiyamın yatırılması üçün yanvarın 8-də Ədliyyə və Daxili İşlər Nazirliklərinin hərbi hissələri birgə xüsusi əməliyyat tədbirləri keçirərkən, əməliyyat zamanı iki nəfər hərbçi qəhrəmancasına həlak olmuş, 21 nəfər müxtəlif növ xəsarət almış və 4 nəfər ağır yaralanmışdır.
Öz həyatını əsgərlərinin yolunda qurban verən komandir R.Rzayevə prezidentin fərmanı ilə həmin il yanvarın 12-də ölümündən sonra Milli Qəhrəman adı verildi.
Dünənki tədbirə toplaşanlar bir daha R.Rzayevin göstərdiyi şücaətdən söhbət açdılar və əsgəri uğrunda komandirin özünü ölümə verməsini tarixdə analoqu olmayan bir hadisə adlandırdılar.
Qeyd edək ki, mərasimdə Ədliyyə Nazirliyinin nümayəndələri ilə yanaşı R.Rzayevin ailəsi, həmçinin onun təhsil aldığı orta məktəbin bir qrup müəllim və şagird heyəti də iştirak edirdi.
Müəllif A.Arazlı kitabın R.Rzayevin həyat yolundan və döyüş şücaətlərindən bəhs etdiyini bildirdi. Kitabda, o cümlədən milli qəhrəmanın komandirlik fəaliyyəti də işıqlandırılıb. Bundan başqa kitabda R.Rzayevin döyüş dostları, yaxınları və ümumiyyətlə, onu tanıyanların qəhrəmanla bağlı xatirələrinə də geniş yer verilib.
|