|
|
|
|
#112(336)
|
 |
Savaşın astanasında
"Lütfkar qartal" əməliyyatının hər an
başlayacağını göz önünə alan
minlərlə əfqan ölkəni tərk edir
|
ABŞ-ın taliban hökumətinə verdiyi 72 saatlıq ultimatumun vaxtı dünən gecə başa çatdı. Əfqanıstanın Ağsaqqallar Şurası uzun müzakirələrdən ben Ladenin təhvil verilməsi ilə bağlı yekun qərarını bu günə saxlayıb. Elə dünən taliban rejimi ABŞ rəhbərliyi ilə danışıq aparmaq niyyətini bildirsə də, Vaşinqton bunu rədd edib. Prezident Corc Buş "hətta ben Laden təhvil verilsə də, əməliyyat keçiriləcək" deyərək, Əfqanıstandakı terrorizm yuvasını darmadağın etmək qətiyyətini dilə gətirib.
Konqres "Lütfkar qartal" əməliyyatının həyata keçirilməsi ilə bağlı prezidentə müstəsna səlahiyyət verib. Konqresmenlər əməliyyatın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən istənilən qədər vəsait ayrılmasını da qərara alıblar. Dünən axşam Vaşinqtonda bir araya gələn Rusiya xarici işlər naziri İqor İvanov və ABŞ dövlət katibi Kolin Pauell antiterror əməliyyatlarını koordinasiya olunması barədə razılıq əldə ediblər.
Pakistan prezidenti Pərviz Müşərrəf dünən ölkə əhalisinə müraciət edərək, milli maraqlar naminə "Lütfkar qartal" əməliyyatına şərait yaradılacağını bildirib. Dəhşətli müharibə qorxusu minlərlə əfqanı qonşu ölkələrin sərhədlərinə üz tutmağa məcbur edib.
İlk hədəflər bəllidir
Şübhəlilərin siyahısı isə 30 ölkəyə göndərilib
|
Pakistan prezidenti Pərviz Müşərrəf məlumat verib ki, amerikalıların qisas aksiyasının əsas hədəfi taliblərin Qəndahardakı mənzil-qərargahı və Kabilda bəzi hökumət binaları olacaq.
Paytaxtın ərəblər yaşayan rayonları da bu sıradadır. Cəlalabad hava limanı başda olmaqla Əfqanıstanın 18 aerodromu mümkün hədəflər sırasında yer alır. ABŞ taliblərin hərəkətinin qarşısını almaqüçün ən iri körpülərə zərbələr endirmək niyyətindədir. Pakistan hərbi əməliyyatlarda istənilən səviyyədə iştirakı təkzib edir. Ölkənin XİN başçısı Əbdül Səttar bildirib ki, heç bir Pakistan əsgəri ölkədən kənar hərbi əməliyyatlarda iştirak etməyəcək.
Vaşinqton ABŞ-da törədilən terror aktlarında şübhəli bilinən 18 nəfərin siyahısını yoxlanmaq üçün Bosniya və Herseqovinaya göndərib. Təxminən 30 ölkəyə analoji siyahılar göndərilib.
Hazırda Sarayevoda naturalizasiya komissiyası 1992-95-ci illərdə vətəndaş müharibəsi zamanı Bosniya və Herseqovinada vətəndaşlıq alan 11 min nəfəri yoxlayır. Onların 95 faizi artıq yoxlanılıb və ərəb ölkələrini təmsil edən 420 min nəfərin sözügedən ölkələrdə vətəndaşlıq alması aşkar edilib.
Səfirin prezidentə məktubu
ABŞ Terrorizmə qarşı mübarizə
üçün Azərbaycanla sıx əlaqələr qurulacaq
|
ABŞ-ın Bakıdakı səfiri Ross Uilson prezident Heydər Əliyevə məktub göndərib. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Məktubda ABŞ-da baş vermiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə ABŞ xalqı və hökuməti adından Azərbaycan xalqı və hökumətinə minnətdarlıq bildirilir.
Məktubda qeyd olunur ki, prezident Corc Buş terrorizmlə mübarizə məsələsində Azərbaycan rəhbərliyinin dəstək və həmrəyliyindən çox razıdır.
Həmçinin deyilir ki, yaxın vaxtlarda ABŞ Azərbaycanla sıx əlaqələr quraraq belə cinayətlərin açılması, günahkarların cəzalandırılması ilə bağlı iş aparmaq, beynəlxalq terrorizmin bütün təzahürlərinə son qoymaq məqsədilə koalisiyada fəal iştirak etmək niyyətindədir.
Conston "müəmması"
AŞPA baş katibinin "ikibaşlı" açıqlaması Strasbuqra yola düşməyə hazırlaşan Azərbaycan nümayəndə heyətini də çaşdırıb
|
Bakıya səfəri zamanı Azərbaycanda siyasi məhbusların olmadığını bəyan etmiş Avropa Şurası Parlament Assambleyasının baş katibi lord Rossel Conston ölkəmizin hüdudlarını adlayan kimi paradoksal açıqlama verib.
Azərbaycan və Ermənistanda "siyasi məhbus" probleminin mövcudluğunu iddia edən Conston Avropa Şurasının buna görə cəza tətbiq etmək niyyətində olmadığını bildirib. AŞPA baş katibinin ziddiyyətli bəyanatları Azərbaycanı bu təşkilatda təmsil edən nümayəndə heyəti üzvlərinin də təəccübünə səbəb olub. "Avropa Şurasının sessiyasında iştirak etmək üçün bu həftənin şənbə günü yola düşürük. Gələn həftə isə AŞPA-nın payız sessiyası öz işinə başlayır. Ona görə də gəlin tələsməyək. Orada Azərbaycanda siyasi məhbusların olub-olmaması məruzə dinləniləcək. Rossel Constonun bu ziddiyyətli bəyanatının səbəbləri də bizə orada bəlli olacaq. İndiki halda isə mülahizələrlə danışmaq istəməzdim"- deyə, millət vəkili Rəfael Hüseynov "Bizim ƏSR"in müxbiri ilə söhbətində deyib. O, ermənilərin adekvat addımlar atması ehtimalını diqqətə çəkərək Azərbaycan nümayəndə heyətinin AŞPA-da qaldıracağı məsələlər barədə məlumat verməkdən də imtina edib.
Azərbaycanı AŞPA-da təmsil edən digər millət vəkili Qulamhüsen Əliyev isə Rossel Constonun Azərbaycanda verdiyi bəyanatı tələskənlik sayır: "O, "Azərbaycanda siyasi məhbus yoxdur" deyəndən sonra bildirmişdi ki, bu məsələ hələ araşdırılmalıdır, guya o, müstəqil ekspertlərin rəyi ilə tanış deyil. Hesab edirəm ki, o müstəqil ekspertlərin rəyi ilə tanış olmamış belə bir bəyanat verməməliydi. Ümumiyyətlə, Rossel Conston sonradan Azərbaycanda verdiyi bəyanatın düzgün olmadığını başa düşüb".
Qulammhüsen Əliyevin məlumatına görə, AŞPA-nın sessiyasında Azərbaycanla bağlı hansısa məsələnin qaldırılması nəzəşrdə tutulmayıb: "Yəqin ki, siyasi məhbuslarla bağlı AŞPA-nın insan haqları və hüquq komissiyası öz rəyini bildirəcək. Həmin komitədə isə indiyə qədər müzakirələr aparılmayıb".
"Mitinq keçirməyə motiv yoxdur"
"İslahatçı"lar ADP-nin uğursuzluğa düçar oacağını deyirlər
|
Demkonqres (islahatçılar) Məclisinin sentyabrın 22-də keçiriləcək toplantısında fövqəladə hansısa qərar qəbul edilməyəcək. AXCP mətbuat xidmətinin rəhbəri İshaq Əvəzoğlu "Bizim ƏSR"ə açıqlamasında belə deyib.
Onun sözlərinə görə, Məclis üzvləri ölkədə və beynəlxalq arenadakı ictimai-siyasi durum, müxalifətdaxili münasibətlər müzakirə olunacaq. Eləcə də Demkonqres komissiyalarının formalaşdırılması istiqamətində işlər davam etdiriləcək.
İshaq Əvəzoğlu Demkonqres Məclisinin kütləvi aksiyalarla bağlı qərar verəcəyi barədə yayılan məlumatları təkzib edib. Onun sözlərinə görə, müxalifətin kütləvi aksiyalara başlamasına zəmin ola biləcək elə bir ciddi hadisə yoxdur. O, həmçinin ADP-nin keçirəcəyi aksiyaların uğursuzluqla nəticələnəcəyini iddia edib: "Mitinq xatirinə mitinq keçirmək istəmirik. Hesab edirik ki, mitinqin keçirilməsi üçün gündəmdə hansısa motiv olmalıdır. Bu olmadığı üçün keçiriləcək aksiyaları da siyasi spekulyasiya sayıram. Məsələn, bu gün ADP-nin yürüş-mitinq keçirmək istəyi bizə gülməli görünür. Çünki onların heç bir sosial dayağı yoxdur. Ötən mitinqlərdə də gördük ki, Sərdar Cəlaloğlu beş-on nəfər qohum-əqrəbasını başına yığıb polisə döydürür. Belə hallar ictimaiyyətdə mitinqlərə qarşı ikrah hissi yaradır. Sadəcə olaraq onlar mitinqləri hakimiyyətə gəlmək üçün vasitə sayırlar. Ancaq artıq həmin dövr bitib".
Demkonqres qərar verə bilmir
Zəlimxan Məmmədli: "Siyasi bloka daxil olmaqla hüquqlarımızı itirməmişik"
|
Demkonqresdə kütləvi aksiyaların keçirilməsi istiqamətində müzakirələr davam etsə də, hələlik konkret nəticə yoxdur.
Bunu AXCP (klassiklər) sədrinin müavini Zəlimxan Məmmədli müxbirimizlə söhbətində deyib. Müsavat Partiyasının kütləvi aksiyaların keçirilməsində maraqlı olmaması barədə yayılan məlumatları təkzib edən Məmmədlinin sözlərinə görə, yaxın vaxtlarda Demkonqresin mövqeyi bəlli olacaq.
AXCP-nin Demkonqresdən kənarda kütləvi aksiyaların keçirilməsinə hazırlıq üzrə təşkilat komitəsi yaratmasına gəlincə, Zəlimxan Məmmədli bunun hansısa problem yaratmadığını bildirir: "Siyasi blokda daxil olmaqla hüquqlarımızı itirməmişik. Demkonqresdəki müzakirələr bir nəticə verməsə, o zaman öz mövqeyimizi bildirəcəyik".
Biləcəri qəsəbəsində yerləşən "N" hərbi hissənin qərargah rəisi, mayor Yalçın Bağırov intihara cəhd göstərib. Əldə etdiyimiz məlumata görə, o, qolunun damarlarını doğradıqdan sonra bıçaqla boğaz nayihəsinə də xəsarət yetirib.
Özünə qəsd edən zabit sonradan qışqıraraq qonşuları köməyə çağırıb. Onu dərhal hərbi hospitala çatdırıblar.
"Lider" TV-yə hərbi hospitaldan verilən məlumata görə, çoxlu qan itirdiyindən Yalçın Bağırovun səhhəti ağırdır. Amma həkimlər onun sağalacağına ümid bəsləyirlər.
Hadisə baş verən zaman mayor Bağırovun ailə üzvləri evdə olmayıb. Sözügedən hərbi hissədəki mənbə "Lider" TV-yə bildirib ki, qərargah rəisi hadisədən bir neçə gün əvvəl ailəsini əvvəllər yaşadığı Lənkəran rayonuna yola salıbmış.
Həmin mənbənin ehtimalına görə, zabitin intihara əl atmasının səbəbi onun xidməti vəzifəsini itirmək qorxusu ilə əlaqədardır. Belə ki, təxminən, bir neçə ay bundan əvvəl qərargah rəisi təyin edilən Yalçın Bağırova vəzifədən çıxarılıcağı barədə xəbərdarlıq edilibmiş. Zabitin məhz bu xəbərdarlığa etirəz əlaməti olaraq özünə qəsd etdiyi güman olunur.
Faktla bağlı Bakı qarnizonu hərbi prokurorluğunda istintaq işi başlanıb. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri polkovnik Ramiz Məlikov bu hadisənin sentyabrın 17-də baş verdiyini bildirsə də, onun səbəbləri barədə məlumatsız olduğunu deyib.
O, Yalçın Bağırovun səhhəti ilə bağlı təhlükə olmadığını vurğulayıb və "intihar əl atan zəif adamı mövzu obyektinə çevirməməyi" tövsiyə edib.
|
NATO zabitləri Naxçıvana gələcək
|
Noyabrın 1-20-də Azərbaycanda keçiriləcək Coorerativ Determination - 2001 komanda-qərargah təlimlərində iştirak edəcək NATO bölmələrindən biri Naxçıvan Muxtar Respublikasına gələcək.
"Turan"ın bölgə müxbirinin məlumatına görə, NATO hərbçilərinin Naxçıvan səfəri çərçivəsində dünən Azərbaycan Müdafiə Nazirliyinin bir qrup zabiti Naxçıvanın hərbi hissələrində olub.
|
İqbal Ağazadə
partiyasını itirib...
|
"Bütün partiya, ictimai birlik və təşkilatlara, kütləvi informasiya vasitələrinə bildiririk ki, İqbal Ağazadənin sədri olduğu Vətəndaş Birliyi Partiyası adlı qurum yoxdur, onun bazasında Mühafizəkarlar Partiyası yaradılıb". Bu sözlər Mühafizəkarlar Partiyasının dünən yaydığı bəyanatdandır.
Sənəddə VBP-nin bu il sentyabrın 14-də keçirdiyi qurultayında səs çoxluğu ilə partiyanın Mühafizəkarlar adlandırılması, İ.Ağazadənin partiya sədri vəzifəsindən uzaqlaşdırılması və bu barədə Ədliyyə Nazirliyinə müraciət olunduğu bildirilir.
Xatırladaq ki, Vətəndaş Birliyi Partiyası 1999-cu ilin yazında yaradılıb. Sədri Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovdur. 2000-ci ildə keçirilən parlament seçkilərilə bağlı yaranan fikir ayrılığına görə partiya funksioneri İ.Ağazadə təşkilat sıralarından çıxarılıb. Sonra İ.Ağazadə eyniadlı partiya yaratdığını bildirib.
"Niyə Almaniya
bombalanmır?"
Namus Partiyasının sədri
təəccüblənib
|
"ABŞ dövlətinin bir saylı terrorçu saydığı Üsəma ben Ladenin ABŞ-da törədilən son terrorda günahı təsdiq edilmədiyi üçün bu şəxsə görə Əfqanıstana hücumun nəzərdə tutulmasını əsassız sayırıq," - deyə Namus Partiyasının sədri Toğrul İbrahimli dünənki mətbuat konfransında bildirib.
ABŞ-da terroru icra edən "kamikadze"lərin Almaniya və İngiltərədə təlim keçmələrinin təsdiq edildiyini deyən T.İbrahimli buna görə ABŞ-ın bu dövlətləri bombardman etməməsinə təəccübünü bildirib. Terrorizmə qarşı mübarizədə Azərbaycanın ərazi və səmasından ABŞ-a istifadə etməyə imkan verməyi əsassız sayan T.İbrahimlinin fikrincə, Azərbaycan on ildən artıqdır ki, Ermənistanın terroruna məruz qalıb və bir dövlət ona bu terroru aradan qaldırmaqda yardım etmir.
NATO-nun komanda qərargah təlimlərinin Azərbaycanda keçirilməsinin nəzərdə tutulmasının yolverilməz olduğunu vurğulayan T.İbrahimliyə görə bu akt Azərbaycanın müstəqil dövlət olduğunu yox, Qərbmeylli olduğunu önə çəkib.
|
Brüsselə də hücum
gözlənilir
|
Ötən həftə Nyu-York və Vaşinqtonda törədilən vəhşi aksiyalar "terrorçu internasionalın" planlaşdırdığı genişmiqyaslı aksiyanın bir hissəsidir. Bu barədə AFR federal axtarış polisi idarəsi dövlət təhlükəsizliyi şöbəsinin hökumət üçün hazırladığı məxfi analitik sənəddə bildirilir.
Sənədə görə, islam ekstremistlərindən ibarət qrup Brüsseldə NATO-nun mənzil-qərargahına hücum etmək niyyətindədir. Şimali alyans təhlükəsizlik xidmətinə məlum olub ki, ərəb terrorçularından ibarət naməlum birləşmə təxminən oktyabrın 1-də terror aktı törətməyə hazırlaşır.
Mütəxəssislərin hesablamalarına görə, hazırda Almaniya ərazisində fəaliyyətini müvəqqəti dayandıran 30 terrorçu qrup var. Almaniya xüsusi xidmət orqanlarının fikrincə, onlar müvafiq göstəriş aldıqdan sonra fəaliyyətə başlamağa hazırdır.
"Əsrin müqaviləsi" hələ 8-10 milyard dollar sərmayə gətirəcək
Qraham SKOTTON: "Bunun özü kifayətdir ki, Azərbaycanda "neft bumu" haqqında danışaq"
|
1994-cü il centyabrın 20-də Bakıda "Gülüstan" sarayında dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi"ndən bizi nə az, nə çox, düz 7 illik zaman kəsiyi ayırır. Sentyabrın 20-si həm də ona görə, əlamətdardır ki, ölkə prezidenti Heydər Əliyevin bu yaxınlarda imzaladığı sərəncama əsasən, həmin gün respublikamızda ilk dəfə Neftçilər günü kimi qeyd edilir. Azərbaycanın yeni neft startegiyasının həyata keçirilməsində başlıca rolu da 100 minlik neftçilər ordusu oynayır...
Neft sənayemizin dirçəlişinə səbəb olmuş "Əsrin müqaviləsi" çərçivəsində görülən işlərin konkret yekunları necədir? Yeni sərmayələr və ikinci "neft bumu" gözlənilirmi? Bu suallara Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (AIOC) əməliyyatlar üzrə vitse-prezidenti Qraham SKOTTON cavab verir.
- Mənə belə gəlir ki, ümumi mənada götürsək, ABƏŞ və onun səhmdarları olan xarici neft şirkətləri respublika hökuməti və Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə əməkdaşlıqda artıq sübut ediblər ki, bu ölkədə uğurlu biznes qurmaq olar. Ötən illərə nəzər salanda əsas uğurlarımızı bir daha xatırlamaq yerinə düşər. Bu, ilkin neft layihəsi çərçivəsində həyata keçirilmiş böyük işlərdir. Yəni "Çıraq" platformasının işə salınması... Hal-hazırda bilirsiniz ki, həmin platforma istismarda olan qurğudur. "Qərb" ixrac boru kəmərinin tikilməsi, "Şimal" ixrac boru kəmərinin təmir edilməsi və yenidən işə salınması, onların hamısının kuliminasiya nöqtəsi olaraq, hal-hazırdakı nailiyyətimiz odur ki, biz "Çıraq" platformasından ildə 6 milyon tona yaxın neft hasil edirik. Bu isə həm Azərbaycan, həmdə bizim səhmdarlar üçün çox böyük nailiyyətdir.
ABƏŞ-in gələcək planlarında hansı
istiqamətlərə daha çox güc vermək nəzərdə tutulub?
Bizim hal-hazırda işimiz ona yönəlib ki, "Azəri", "Çıraq", "Günəşli" yataqlarının "Azəri" və "Günəşli" hissəsinin işlənməsi və müqavilə ilə bağlı bütün arzularımızı həyata keçirə bilək. Siz bilirsiniz ki, "Çıraq" platforması eyni adlı yataqdan neft hasil edir. Buna əlavə olaraq cəmi iki həftə əvvəl böyük təntənə ilə FAZA-1 layihəsinin tam miqyaslı işlənməsinə qərar verildi. Bu isə o deməkdir ki, FAZA-1-in və ondan sonrakı FAZA-ların istismara başlanması ilə Azərbaycanda neft sənayesinin yenidən qurulması və dirçəlişi bərqərar olacaq. Bunun nəticəsi olaraq, biz haradasa, 2005-ci ildə "Azəri", "Çıraq", "Günəşli"də gündəlik neft hasilatını 1 milyon barelə çatdıracağıq.
Məlumdur ki, "əsrin müqaviləsi"
çərçivəsində ən böyük layihələrdən biri neftin nəqlidir. Bakı-Tbilisi-Ceyhan marşrutunun istifadəyə verilməsi nə vaxt reallaşa bilər?
- Bu layihə də uğurla irəliləməkdədir. Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə müfəssəl mühəndis-layihə işləri müvəffəqiyyətlə davam etdirilir. Əgər belə gedərsə, 2002-ci ilin ortalarında Bakı-Tbilisi-Ceyhan layihəsinin səhmdarları tikinti işlərinin başlanması ilə bağlı sanksiya qərarı qəbul edəcəklər. Əgər gələn ilin ortalarında tikinti işlərinə başlanarsa, deməli FAZA-1 üzrə neft çıxan zaman, yəni 2005-ci ilin əvvəlində artıq sözügedən marşrut üzrə kəmər işə salınacaq.
Yaxın illər ərzində Azərbaycanın neft
sektoruna nə qədər investisiya qoyulacağı gözlənilir?
- Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq konteksində bizim ümumi istiqamətimiz məlumdur. Biz iki həftə əvvəl FAZA-1 üzrə sanksiya qərarı verilərkən elan etdik ki, bu 3,4 milyard dollar sərmayə tələb edən layihədir. Bundan başqa, əgər gələn ilin ortalarında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi ilə bağlı sanksiya qərarı qəbul olunarsa, daha 2,9 milyard dollara yaxın sərmayə gözlənilir.
Daha sonra, FAZA-1-in ardınca, FAZA-2, FAZA-3 layihələri gəlir. Bunlar da milyard dollarla sərmayə tələb edən layihələrdir. Üstəlik, "Şahdəniz" yatağından qazın ixrac edilməsi ilə bağlı hazırda danışıqlar aparılır. O, da bir neçə milyard dollarlıq layihə olacaq. Amma bu sərmayələrin Azərbaycan iqtisadiyyatına yönəldilməsi üçün əlverişli şərait yaradan müəyyən şərtlər yerinə yetirilməli, hökumətlərarası sazişlər imzalanmalıdır. Məsələn, "Şahdəniz" yatağından qazın nəql edilməsi ilə bağlı Azərbaycan və Gürcüstan arasında danışıqların vaxtında tamamlanması, respublika hökumətinin digər qonşu ölkələrlə sazişlər imzalaması, digər lazımı biznes və kommersiya sazişlərinin əldə olunması vacibdir.
Azərbaycanda ikinci "neft bumu"
gözlənilirmi? Son dövrlərdə bir çox Rusiya mütəxəssisləri bildirirlər ki, Azərbaycanın bir çox yataqları, proqnozların, əksinə olaraq boş çıxır...
- Mən son vaxtlar uğursuz nəticələr əldə edən şirkətlər haqqında heç nə deyə bilmərəm. Mən yalnız onu deyə bilərəm ki, respublikada işləyənlər və Azərbaycan xalqı unutmasınlar ki, "Azəri-Çıraq-Günəşli" yatağının yalnız özü bundan sonrakı mərhələrdə 8-10 milyard dolar sərmayə tələb edən bir layihədir. Yəni bu özü elə böyük, elə geniş miqyaslı, dünya səviyyəli layihədir ki, yuxarıda göstərdiyim qədər sərmayə tələb edir. Məhz bunun özü kifayətdir ki, Azərbaycanda "neft bumu" haqqında danışaq. Yəni Azərbaycan kimi balaca ölkə bu investisiyaların nəticəsini görəcəksə, bu artıq böyük nailiyyətdir. Və bütün bu sərmayələr, nailiyyətlər insanlarsız heç cür mümkün deyil. Bunların hamısının başında insan və onun əməyi durur. Ona görə də Azərbaycan neftçiləri günü çox gözəl bir bayramdır. Bu münasibətlə bütün Azərbaycan neftçilərini təbrik edirəm və düşünürəm ki, təkcə "Əsrin müqaviləsi"ni deyil, digər sazişləri də həyata keçirən o böyük insan neftçidir.
|