Xəbərlər xətti

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Kriminal
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#112(336)
Ermənistan mövqeyini dəqiqləşdirməyib

ABŞ və müttəfiqlərinin beynəlxalq terrora qarşı genişmiqyaslı əməliyyata başlayacağı təqdirdə rəsmi Yerevanın hansı mövqe tutacağı hələlik müəyyənləşməyib.
Dünən bu barədə açıqlama verən Ermənistan Təhlükəsizlik Şurasının katibi Serj Sarkisyan Vaşinqtondakı səfir vasitəsilə məsləhətləşmələrin aparıldığını, lakin hələlik konkret variant üzərində dayanılmadığını bildirib. "Yəqin ki, bizdə bu kampaniyada iştirak etməliyik" - deyə Sarkisyan qeyri-müəyyən münasibət bildirib. Ermənistan TŞ katibinin sözlərinə görə, antiterror əməliyyatı başlayarsa, bu barədə son qərarı prezident Köçəryan verəcək.

Rusiya geri çəkildi

Amerika qoşunlarının Əfqanıstana zərbələr endirməsi məqsədilə MDB ölkələrinin öz hərbi bazalarını ABŞ-a verib-verməməsi məsələsi hər bir ölkənin daxili işidir.
Bu barədə dünən Rusiya XİN başçısı İqor İvanov ABŞ-a gələrkən bildirib. Onun sözlərinə görə, "hər bir ölkə bu məsələdə ABŞ-la nə dərəcədə və hansı formada əməkdaşlıq etmək məsələsini özü həll edəcək". Beləliklə, Moskva ABŞ-ın terrorçulara qarşı aksiyasında Mərkəzi Asiya ölkələrinin iştirakına etirazını geri götürüb. Öncə Rusiya bunun qəti əleyhinə idi.

"Terrorizmlə mübarizə qanunu" dəyişdiriləcək

Dünən spiker Murtuz Ələsgərovun sədrliyi ilə parlamentin oktyabrın 1-də başlayacaq payız sessiyasının gündəliyinə həsr olunmuş müşavirə keçirilib. MM-in aparatının rəhbəri Səfa Mirzəyevin verdiyi məlumata görə, payız sessiyasında 29 hüquqi sənədin müzakirəsi planlaşdırılıb. Onların arasında 2002-ci ilin büdcə layihəsi, "Azərbaycan dilinin qorunması haqqında", "Təhsil haqqında", "Bakının statusu haqqında", "Fövqəladə vəziyyət haqqında" və s. qanun layihələri var. "Terrorizmə qarşı mübarizə haqqında" qanuna da əlavə və dəyişikliklər ediləcək. Qanunun bir sıra müddəalarının daha da sərtləşdiriləcəyi gözlənilir. Bundan əlavə, payız sessiyasında Azərbaycan prezidentinin parlamentə göndərəcəyi hüquqi sənədlər də müzakirə olunacaq.

ATƏT Bakıya yeni nümayəndəsini göndərir

Sentyabrın 18-də xarici işlər naziri Vilayət Quliyev ATƏT-in Bakıdakı nümayəndəliyinin başçısı Aleksandr Kornelisseni diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib. XİN mətbuat xidmətinin məlumatına görə, Kornelissen Azərbaycanda işlədiyi müddətdə ona göstərilən köməyə və səmərəli əməkdaşlığa görə V.Quliyevə təşəkkür edib. Diplomat ümidvar olduğunu bildirib ki, ATƏT və Azərbaycan arasında əməkdaşlıq bundan sonra da davam edəcək. Öz növbəsində nazir ATƏT-in Bakı ofisinin açılmasında Kornelissenin rolunu yüksək qiymətləndirib. O, ATƏT və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinə tərəfdar olduğunu vurğulayıb.

Arazda müqavilə bağlandı

Dünən Araz Su Elektrik Stansiyasının qərargahında Araz çayının istismarına dair müqavilə imzalanıb. Sənədi Naxçıvan Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi ilə İranın Şərqi Azərbaycan Ostandarlığının nümayəndələri imzalayıb. Sənəd Arazın Türkiyə, Naxçıvan, İran hissəsi boyunca dağılmış hidrometik qurğuların bərpası və yenilərinin qurulması, Araz çayının suyuna keyfiyyət nəzarətinin daha da gücləndirilməsi, Araz suyundan istifadənin optimallaşması üçün suyun miqdarının ölçülməsinin birgə aparılmasını nəzərdə tutur. "Turan"ın bölgə müxbirinin məlumatına görə, Ermənistan ərazisindən Araza axıdılan sənaye tullantıları nəticəsində qiymətli balıqların məhv edilməsi və suyun keyfiyyətinin pisləşməsi müşahidə olunur.

Naxçıvanda zəlzələ baş verib

Bu gün saat 14.40 radələrində Naxçıvan şəhərindən 40 km. aralı yerləşən Şahbuz rayon ərazisində zəlzələ baş verib. Naxçıvan seysmik stansiyasından verilən məlumata görə, zəlzələnin episentrində yeraltı təkanların gücü 2-2,5 bal olub. Şahbuz rayon İcra Hakimiyyətindən verilən məlumata görə, zəlzələ nəticəsində dağıntı və tələfat yoxdur.

Zabit silahını götürüb qaçıb

Dünən səhər Gəncə şəhərindəki "N" saylı hərbi hissənin zabitlərindən biri xidməti avtomatını götürərək hissəni tərk edib. Onun fərarilik etməsinin səbəbi və hansı istiqamətə yollandığı hələlik məlum deyil. Müdafiə Nazirliyinin mətbuat xidmətində bu faktı təsdiq etsələr də, əlavə açıqlama verməkdən çəkiniblər. Yalnız onu bildiriblər ki, hadisə ilə əlaqədar Gəncə qarnizon prokurorluğunda cinayət işi qaldırılıb. Hərbi polis və əlaqədar orqanlar zabitin axtarışını davam etdirirlər.

Nyu-York faciəsində bir azərbaycanlı həlak olub

Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətinin yaydığı bəyanata görə, Manhettendəki Dünya Ticarət Mərkəzinin binasına çarpılaraq partladılmış təyyarələrdən birində əslən Cənubi Azərbaycandan olan 69 yaşlı Turi Büllurçu da olub. İslam İnqilabından sonra İranı tərk etmiş Büllurçu ABŞ-da yaşayırmış. O, Nyu-Yorkdan Bostona - qızının və nəvələrinin yanına gedirmiş.

Ankara Astanaya hərbi yardım edəcək

Türkiyə Müdafiə Nazirliyi cari ilin sonunadək Qazaxıstana 561 min dollar məbləğində hərbi-texniki yardım göstərəcək. Bu barədə açıqlamanı Qazaxıstan-Türkiyə danışıqlarından sonra ölkənin müdafiə naziri Sat Tokpakbayev verib. Nazirin sözlərinə görə, həmin vəsaitə hərbi texnika alınacaq. Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən Qazaxıstana verilən patrul kateri artıq Aktau limanına çatıb. Bundan əlavə Türkiyə Qazaxıstana 30 avtomobil də ayırmaq niyyətindədir. Astanada iki günlük səfərini başa vuran Türkiyə müdafiə naziri Səbahəddin Çakmakoğlu qeyd edib ki, onun ölkəsi Qazaxıstanın hərbi qüdrətinin gücləndirilməsi məqsədilə gələcəkdə də yardım etmək niyyətindədir.

Sürücü Şirakdan qisas aldı

İyirmi beş il Jak Şirakın şəxsi sürücüsü olmuş Jan Klod Laumond işdən çıxarıldıqdan sonra keçmiş şefindən intiqam almaq üçün "25 il onunla" adlı kitab nəşr etdirib. Bu kitabda Fransa prezidentinin həyatı ilə bağlı kompromat xarakterli materiallar dərc edilib. Sürücü yazır ki, Şirak vaxtaşırı olaraq qəzet işçiləri və aktrisalarla cinsi əlaqədə olurmuş.

İstanbulda mehmanxana uçqunu

İstanbulun Aksaray məntəqəsində 3 mərtəbəli köhnə binanın dağılması nəticəsində bir neçə nəfər ölüb, onlarla adam yaralanıb. İlkin məlumatlara görə, binanın altından metro tikintisi üçün çəkilən lağım keçirmiş. Mehmanxananın yanındakı bir neçə bina da ciddi xəsarət alıb.

Ermənistanda neft qıtlığı

Ermənistanda neft məhsullarının qiyməti qalxıb. Benzinin topdansatış qiyməti 4-5 faiz, dizel yanacağının qiyməti isə 10-20 faiz artıb. Əvvəllər benzinin hər litri 245 drama (bir dollar təqribən 553 dollar təşkil edir) satıldığı halda, indi bu rəqəm 260-a çatıb. Hələlik pərakəndə satış qiymətlərində dəyişiklik edilməsə də, köhnə ehtiyatların qurtarmaqda olması və neft treyderlərinin strateji məhsulları daha baha qiymətə alması yaxın günlərdə ajiotajın artmasına səbəb olacaq.

Köçəryanın yenidən seçilməsi absurddur

Ermənistanın müxalifət düşərgəsinin liderləri hesab edir ki, dövlət başçısı Robert Köçəryanın ikinci dəfə prezidentliyə namizədliyini irəli sürməyə heç bir mənəvi haqqı yoxdur. Milli Birlik Partiyasının lideri Artaşes Geqamyan bəyan edib ki, cəmiyyətdəki sosial dayaqlarından məhrum olan Köçəryan iqtidarı xalqın dərdinə şərik çıxmaq əvəzinə, cinayətkar ünsürləri himayə etməklə məşğuldur. Geqamyan televiziya vasitəsilə Köçəryana müraciət edərkən onun daxili və xarici siyasətinin Ermənistanın məhvinə xidmət etdiyini deyib. Yerevanın sabiq meri, Respublikaçılar Partiyasının lideri Albert Bazeyanın sözlərinə görə, 1999-cu ildə parlamenti gülləbaran edən cinayətkarların arxasında hansı qüvvənin dayandığını araşdırmaq üçün iqtidar "əlini ağdan qaraya vurmur", çünki "parlament faciəsinin ssenari müəllifləri prezident administrasiyasında məsul vəzifələrdə çalışır. Siyasi olimpin əsas fiqurları aradan götürüləndən sonra hakimiyyətin Köçəryanın əlində cəmləşməsi prosesi baş verdi. Nəticə etibarilə prezident mütləq hakimə çevrilib".

7 gürcü kadeti Türkiyəyə yollanacaq

Gürcüstan Müdafiə Nazirliyinin 7 kadeti Türkiyənin müvafiq hərbi məktəblərində hazırlıq kurslarında iştirak etmək üçün sentyabrın 24-də qonşu ölkəyə yollanacaq. Yeddi kadetdən üçü Türkiyənin hərbi-tibbi, hərbi-hava və ümumqoşun məktəblərində xüsusi təlim keçəcəkdir. Kadet korpusunda türk dilini öyrənən 31 kadetdən yalnız 7-si müsabiqə əsasında seçilib.

Orta Asiya götür-qoy edir

Özbəkistan prezidenti İslam Kərimov guya ölkəsinin ABŞ-ın Əfqanıstana müdaxiləsi əməliyyatlarında iştirak etməyə hazır olması haqda yayılan məlumatları təkzib edib. O deyib ki, Daşkənd heç kimə hücum üçün hava məkanı vəd etməyib. Türkmənistan isə bəyan edib ki, onun üçün vacib olanı BMT qarşısında götürdüyü öhdəliklərə ciddi əməl etməkdir. Ölkənin xarici siyasət idarəsi deyib ki, hələlik heç bir dövlət Türkmənistandan bu məsələdə yardım istəməyib.

Ankara "Türkiyə modeli"ni təklif edir

Türkiyə kəşfiyyatı Əfqanıstanda döyüş əməliyyatlarına başlamaq istəyən Vaşinqtonun terroru dəstəkləyən qüvvələrin və ayrı-ayrı dövlətlərin qurduğu "tələyə düşəcəyini" istisna etmir.
Ankara bu qüvvələrin adlarını açıqlamasa da, onların ABŞ və Qərb dövlətlərini vaxtilə Sovetlərin ilişib qaldığı "əfqan bataqlığı"na çəkmək istədiyini bildirir. Türkiyənin xüsusi xidmət idarələri amerikalı müttəfiqlərini Üsəma ben Ladenin məlum terror əməllərində suçlu olmasını isbatlayacaq dəlillərin azlığına diqqət yetirməyə və bu vəziyyətdə Əfqanıstana müdaxilənin ciddi itkilərə səbəb olacağına inandırmağa çalışır. Məlumatlarda deyilir ki, bu vəziyyətdə agentura şəbəkəsini genişləndirmək lazımdır. Ankara həmin sahədə öz xidmətlərini təklif edir. (Məlum olduğu kimi, Türkiyə Şimal Alyansına daxil olan özbək mənşəli Əbdürrəşid Dustumla müəyyən əlaqələrə malikdir).
Antiterror əməliyyatlarında, xüsusən səhra və dağlıq rayonlarında aparılan partizan döyüşlərində böyük bacarığa malik olan Türkiyə bu təcrübəsini amerikalılarla bölüşməyə hazırdır. Xatırladaq ki, vaxtilə Abdulla Öcalan da məxfi xidmət orqanlarının zərgər dəqiqliyi ilə işlənmiş birgə planı ilə Keniyada ələ keçirilmişdi. Türkiyə hesab edir ki, Üsəma ben Ladenin başçılıq etdiyi dəstələrə nöqtəvi zərbələrin endirilməsi daha məqsədəuyğundur - bu halda terrorçu birləşmələrin arasına düşəcək ajiotaj sonda vahid rəhbərliyin zəifləməsinə, daha sonra isə süqutuna səbəb olacaq.

Danışıqlar Londonla bitməyəcək

Gürcüstan prezidenti Eduard Şevardnadze milli radioya verdiyi müsahibəsində Londonda Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi layihəsinin nəqli ilə bağlı tariflərin müəyyənləşdirilməsinə dair aparılan danışıqlarda tərəqqinin əldə olunduğu üçün onun yekun sənədin imzalanma mərasimində iştirakı yaxın vaxtlarda reallaşa bilər.
Məsələyə aydınlıq gətirmək üçün Gürcüstanın Bakıdakı səfirliyinə müraciət etdik. Səfirliyin birinci katibi Georgi Karalaştili əməkdaşımızla söhbət zamanı bildirdi ki, prezidentliyə heç bir rəsmi məlumat daxil olmayıb. "Əgər bunu prezident deyibsə, deməli, səfər yaxın zamanlarda gerçəkləşə bilər". "Bəs Gürcüstan tərəfi London danışıqlarının yekun qərarından razıdırmı" sualının cavabında Karalaşvili dedi ki, prinsipcə, müəyyən razılıq əldə edilib. Lakin tərəflərin maraqlarına tam cavab verən sazişin imzalanmasından öncə işçi qrupunun növbəti danışıqlarının keçirilməsi istisna olunmur. Xatırladaq ki, danışıqların hazırkı mərhələsində tərəflərə Azərbaycan qazının Gürcüstan ərazisindən nəqli üçün yeni tariflər təklif olunub: birinci beş il üçün hər 1000 kubmetrə 2 dollar, ikinci mərhələ üçün 2,75 dollar, növbəti 5 il üçün 3,50 və ən nəhayət, yekun mərhələdə tranzit ölkəyə 4,25 dolların verilməsi nəzərdə tutulur.

Qısa xəbərlər

  • ABŞ dəniz piyadaları qoşunlarının elitar birləşmələri Yaponiyanın Okinava adasındakı Amerika hərbi bazasından hərəkətə başlayaraq Əfqanıstan sərhədlərinə qoşun çıxarılması əməliyyatlarına hazırlaşırlar. "Kyodo" agetliyi xəbər verir ki, Pakistan ərazilərində ABŞ xüsusi təyinatlıları mövqe tutublar.
  • ABŞ-ın Kitty Nawk hərbi gəmisində olan qırıcı təyyarələr sentyabrın 20-26-sı aralığında gecə uçuşlarından ibarət məşqlər keçirəcək. Yaponiya informasiya dairələri təsdiqləyir ki, məşqlər Tokiodan 1300 kilometr cənubda yerləşən İvodzima rayonunda başlayacaq.
  • Mərkəzi Kəşfiyyat İdarəsi burada xidmət etmək istəyənlərin rezümelərini yığıb-yığışdıra bilmir. Yalnız 11 sentyabrdan sonra 3 min nəfər idarəyə işə götürülmək haqqında ərizə ilə müraciət edib.
  • ABŞ Müdafiə Nazirliyi ekspertlərinin hesablamalarına görə, Pentaqonun binasına dəyən xəsarətin aradan qaldırılması büdcəyə 520 milyon dollara başa gələcək. Təmir işləri Böyük Britaniyanın AMEC Plc tikinti şirkəti həyata keçirməlidir. Adı çəkilən şirkət artıq 25 milyon dollar avans alıb.
  • ABŞ Nyu-York və Vaşinqtonda, habelə Pitsburqda baş vermiş qanlı hadisələri törətmiş terrorçuları dəstəkləməkdə şübhəli bildiyi dövlətlərin siyahısına İraqın adını da əlavə edib. Xatırladaq ki, bir neçə gün əvvəl Riçard Çeyni Vaşinqtonun Bağdaddan şübhələnmədiyini demişdi.
  • BMT Təhlükəsizlik Şurası (TŞ) Əfqanıstanın Taliban hökumətindən şuranın 1333 saylı qətnaməsinə əməl etməyi, yəni Üsəma ben Ladenin təhvil verilməsini tələb edib. Bundan başqa, TŞ Əfqanıstanda fəaliyyət göstərən bütün terrorçu mərkəzlərin və məşq bazalarının bağlanmasını istəyib.
  • Fransalı ekspert Rolan Jakarın bu günlərdə işıq görəcək "Üsəma ben Laden naminə" kitabına istinad edən "Praym-Tayss" agentliyi xəbər verir ki, "bir nömrəli terrorçu" primitiv nüvə silahına malikdir. Amma Üsəmanın əlində cəmləşmiş arsenal təkcə nüvə silahından ibarət deyil. Kitabda yazılıb ki, ben Laden Qazaxıstandakı gizli dairələrdən yüksək texnologiyalı silahlar alıb.
  • BMT-nin Qaçqınların İşi üzrə Komissarlığı təşkilatı Əfqanıstanda humanitar təhlükəyə hazır olmağa çağırıb. Bircə onu demək kifayətdir ki, bu gün Pakistandakı qaçqın düşərgələrində 2,5 milyon nəfər əfqan didərgini var. Pakistan Əfqanıstanla sərhədləri bağlayıb, amma BMT humanitar vəziyyəti nəzərə alaraq İslamabaddan sərhədləri yenidən açmağı xahiş edib.
  • Taliban rejiminin lideri Molla Məhəmməd Ömər başçılıq etdiyi hökumətin Üsəma ben Ladenin təhvil verilməsi ilə bağlı olaraq ABŞ-la danışıqlar aparmağa hazır olduğunu dilə gətirib. Ömər deyib ki, Əfqanıstan ABŞ-la münasibətlərdə problem yaratmaq istəmir.
  • Almaniya Bundestaqı beynəlxalq terrorizmlə mübarizədə ABŞ-a hərbi yardım vermək haqqında qərar qəbul edib. Alt palatada təmsil olunan Demokratik Sosializm Partiyası bu qərarın əleyhinə səs versə də, azlıqda qalıb.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd