Köşə yazarları

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Kriminal
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#112(336)
XXI
m.nur@azeurotel.com

Nikbin proqnoz

2010-cu ilədək iş yerlərinin sayı artacaq. Əgər əhalinin artımı bu iş yerlərinin artımını üstələməsə, hər şeyin yaxşı olacağını biz də bilirik. Amma ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Stenli Eskudyeronun proqnozları daha dəqiq və planlıdır: 2010-cu ilədək Azərbaycan inkişaf infrastrukturunu elə qurmalıdır ki, (xüsusilə Xəzərin şərqinə doğru) gələcəkdə Bakı Orta Asiya ilə Qərb arasında administrativ və kommunikasion mərkəzə çevrilsin. Eskudyero bilir ki, məhz bu zaman Qərb firmalarının Xəzərin Şərqinə doğru planlı axını başlayacaq və bu prosesin sonunda Azərbaycanın ən əlverişli tranzit ölkə olacağı qaçılmazdır. Belə çıxır, gələcək öz əlimizdədir. Buna inanmaq olduqca maraqlıdır. Hələ də Orta Asiya ilə iqtisadi əlaqələri xırda göstəricələrlə müşayət olunan Azərbaycan onsuz da bu ölkələr üçün hər zaman Qərbə pəncərə olub. Bakı Orta Asiya üçün iki böyük mədəniyyətin (Qərb və Şərq) qovuşduğu ümidlər şəhəridir. Amma bununçün Bakı öz adamlarının ümidlərindəki boş suxurları doldurmalı və sonra daha yaxşı günlər üçün yaşamalıdır... Ümid çörək olmasa da çörək də ümidsiz qazanılmır. Orta Asiya ilə gözlənilən inteqrasiya yuxarıda deyilənlərdən daha nəhəng bir perspektivdən xəbər verir. Orta Asiyaya yol, mehmanxana, pul versək də əvəzində zəngin bir mədəniyyətin az qala qırılmaqda olduğumuz köklərinə bir də varmaq imkanları qazanacağıq. Bu ölkələrdə olanlarımız bilir ki, Orta Asiyaya düşəndə Azərbaycan mədəniyyətinə və Azərbaycan mənəvi dəyərlərinə çox yaxın bir nəfəsi duymadan yan ötmək mümkün olmur. Bu yerin adamları Azərbaycanı başqalarından daha isti və daha anlaşıqlı qavrayırlar...
Gedib Orta Asiyada oturmaq hamımıza ləzzət edəcək. Bəlkə də Orta Asiyanın Azərbaycana "gəlməsi"ndən savayı həm də Azərbaycanın Orta Asiyaya doğru "geriləmə"si baş verəcək? Çünki ən azı Azərbaycan humanitarları (vətəndaşları) bir çox mədəniyyət elementlərinin "dərininə" daha orijinalda baxmalı və təzə düzənlərdə yanaşmalı olacaqlar. Orta Asiya astagəl adamların yeri olsa da biz onlara dinamika, onlar bizə köklərdə oturmaq öyrədəcəklər. Eskudyeronun proqnozları isə əlbəttə, düz çıxacaq: çünki onun ölkəsi Orta Asiya barəsində ciddi düşünməkdə davam etmək məcburiyytindədir...

Məqsəd Nur

Günün axarı

Biz niyə "ilişirik"?

...Belə bir lətifə var, bəlkə də, eşitmisiniz: kefikök oğlanların məclisində başı dumanlı cavanlardan biri dil qəfəsə qoymadan elə hey "burda kiminsə ağzı cırılacaq" deyib, təkrarlayır. Axırda qoluzorlu tay-tuşlarından biri dözmür və bunun ağzının üstünə yağlı bir şillə çəkir. Həmin cavan oğlan sanki rahatlanır və "bayaqdan deyirəm axı, burda kiminsə ağzı cırılacaq," - deyib də, məclisi tərk edir.
"Millətin səsi" qəzetinin baş redaktorunun altı ay həbs cəzası alıb, məhkəmə zalından bir başa təcridxanaya aparılması xəbəri bu sarkastik əhvalatı yadıma saldı. Hər bir müqayisə qüsurludur, amma o şirin lətifə ilə bu acı gerçək arasında oxşarlıq axtarmağımın günah sayılmasını istəməzdim.
Ya sözünün həddini bilmədin, ya söz azadlığının - fərqi nədir? Əstəğfürllah, mən nə söz, mətbuat azadlığının əleyhinəyəm, nə də açıqfikirliliyin... Mətbuatı azad, jurnalistləri müstəqil, cəmiyyəti sağlam, məmurları vicdanlı görmək hər bir normal insan və vətəndaş kimi mənim də arzumdur. Təəssüf ki, bu, elə arzu olub da qalmaqdadır. Mətbuat azaddırmı? Azaddır - qanunların imkan verdiyi, jurnalistlərin bu imkanlardan istifadə etdiyi, məmurların onun sərhədlərini sıxdığı qədər... Bu üç amilin çevrəlidiyi bir məkanda jurnalist yalnız öz peşəkarlığına güvəndiyi zaman güclüdür. Başqa halda, onu "ilişdirməyin" heç bir çətinliyi yoxdur. Jurnalist peşəkarlığı təkcə fitri istedad - söz demək və yazmaq qabiliyyəti - deyil, həm də gördüyün işin rəsmi qayda-qanunlarını bilməkdir. İxtisasca hüquqşünas olan Şahbaz bəy "Millətin səsi" ilə yanaşı "Qanun" jurnalının və eyniadlı nəşriyyatın da sahibidir. Özü də tez "Redaktorlar birliyi"nə gedib-gələn adamdır... Həm qanunlardan xəbərdardır, həm də peşəkarlarla oturub-durur. Yəni "ilişməməliydi"... Yəni peşəkarlığı "tiraj ehtirası"nın güdazına verməməliydi.
"Jurnalist faktın quludur" - tanınmış həmkarımın bu kəlamını elə jurnalistləri məhkəməyə verənlərə və mühakimə edənlərə də şamil etmək olar. Yəni fakt qarşısında onların da boynu, necə deyərlər, qıldan nazikdir.
Hər dəfə mətbuat və məhkəmə məsələsi qalxan kimi, jurnalist hüquqlarını müdafiə edən komitələr işə düşür. Hətta elə jurnalist təşkilatları var ki, "çörəyi" belə hadisələrin sayını, siyahısını aparmaqdan çıxır və bu yerdə "Allah rəvac versin" demək günahdır. Haqqı tapdanan həmkarlarımıza qahmar çıxmaq, onları müdafiə etmək borcumuzdur. Bəli, mən də razıyam, cürbəcür yaramazlıqlarla məşğul olan məmurlar fürsət axtarırlar ki, jurnalistin naşılığından yapışıb məşhər ayağına çəksinlər. Ancaq öz işinin qayda-qanunlarını bilməyən və ya bilib də onlara məhəl qoymayan qeyri-peşəkarların "hüquqlarını müdafiə komitələri"ni yaratmağın faydası varmı?
Hüquqlarımız, bilirsinizmi, daha çox nə vaxt pozulur? O vicdansız adlandırdığımız məmurlar bizə informasiya verməkdən və sorğumuzu cavablandırmaqdan boyun qaçıranda... "KİV haqqında" qanunun 59-cu maddəsini əsas tutaraq, hansısa məmuru məhkəmə məsuliyyətinə cəlb etmək fikrinə düşənimiz olubmu? Mən, hələ belə faktla rastlaşmamışam. Kim necə adlandırır-adlandırsın - "məmurların mətbuat üzərinə növbəti hücumumu", "azad sözün boğulmasımı", yoxsa "dördüncü hakimiyyətdən sui-istifadə olunmasının qarşısının alınmasımı" - jurnalistikamızdakı bu "besperedel" hələ çox qurbanlar aparacaq (hərçənd o lətifə qəhrəmanın da sözü burda yerinə düşərdi). Şahbaz Xuduoğlu da onlardan biri oldu. Allah qapısını açsın!

Elşən Əlioğlu

Suallı künc

Cibimiz dolu olsun

Dədə-babadan nefti "qara qızıl" aldandırmışıq. Bu sərvəti qızıla tay tutmaqla onun dövlətin güc və qüdrət simvolu olduğunu da vurğulamışıq. Lakin onillər boyu nə bu sərvət gerçəkdən bizimki olub, nə də onu "doydum" demədən içinə çəkərək əzələsi ilə qürrələnən nəhəng dövlət. Halbuki həmin dövlət məhz nəyin hesabına İkinci Dünya Savaşından qalib çıxdığının və fövqəlgüclər sırasına qoşulduğunun fərqində idi.
1994-cü ilin payızında müstəqil Azərbaycan "qara qızıla"ına sahib çıxdığını bütün dünyaya nümayiş etdirdi. Dünyanın neft nəhəngləri "Əsrin müqaviləsi"nə imza atdılar. O vaxt 20 sentyabrın təqvimə xüsusi gün kimi düşəcəyi və "Əsrin müqaviləsi" ilə Azərbaycanın inkişaf strategiyasında yeni səhifənin açılacağı az təsəvvür edilirdi. Amma faktın əhəmiyyəti hamı tərəfindən etiraf olunurdu.
Təsadüfi deyil ki, həmin addım Azərbaycan neftində gözü olan çoxlarının ürəyini xarab etmiş, ölkəmizə qarşı bitməyən hədyan və təhdidlərə rəvac vermişdi. Azərbaycanın müstəqil neft səlnaməsini ilk səhifədəcə qapatmağa çalışanlar buna müvəffəq olmayınca gənc dövləti çevriliş cəhdləri, polkovnik qiyamları ilə silkələməyə başladılar, Xəzərin statusu ilə bağlı əsassız ambisiyalarını top lüləsinə qoyub üzərimizə tuşladılar. Bundan da kar aşmadıqda "Onsuz da Azərbaycanın neft siyasəti iflasa uğrayacaq, nə böyük neft çıxacaq, nə də onu nəql etmək üçün böyük kəmər tikiləcək" deyib bizə çiyin atdılar. Yazıqlar olsun ki, belə "ağzıgöyçəklər" sırasında öz içimizdən çıxanlar da yox deyildi. Oğurluq sisternlərin hesabına okeanın o tayında neft baronluğu edən şəxs hələ üç il öncə "2010-cu ilədək nə böyük neftdən, nə də Bakı-Ceyhandan danışmaq illüziyadır" deyə falçılıq etmişdi. Amma Azərbaycan dövləti bu səfsəfələrə məhəl qoymadan nəticəsi dəqiq hesablanmış siyasətini yeritməkdə idi. Vaxtilə iddialarını bizə diqtə etdirmək istəyən xarici neft nəhəngləri indi "böyük neft"in iyini duyub başımıza hərlənirlər. "Kəməri oradan çəkməyin, buradan çəkin, yoxsa sərmayə qoymayacağıq" deyən şirkətlər indi Bakı-Ceyhanda iştirak üçün növbədə düzülüblər. Üç həftə öncə "Faza-1"-ə imza atan xaricilər də vaxtilə həmin pessimist bəyanatların müəlliflərindən idilər. Azərbaycanın neft səlnaməsi səhifələrini durmadan təzələyir, "Əsrin müqaviləsi"ndən sonra 20 analoji sənəd imzalanıb. Ölkəmiz 3-4 ildən sonra enerji dünyasında böyük rəqabətin iddialı iştirakçılarından olacaq. "Azərbaycanın sərmayə cəlb etmək imkanları tükənib" deyənlər milyardarla dollarlıq sərmayə "yağışı"nın davamını hələ çox seyr edəcəklər.
Əlbəttə, "İndiyədək neftdən nə xeyir görmüşük ki, bundan sonra da nəyə ümid edək" deyə bədgüman olanlarımız da var. Onları qınamırıq. Çünki əksəriyyətimiz neftin bizə verəcəyini dərhal və bilavasitə (öz cibimizdə, güzəranımızda, şəxsi, ailəvi rifahımızda) görmək istəyirik. Təbii hislərdir. Amma onlara qapılıb dövlətimizə, onun perspektivinə, bütövlükdə hamımızın sabahına cibimizin imkanları prizmasından baxmamalıyıq. Bəli, bu neft, bu "qara qızıl" bizimdir və onun bəhrəsini dadmağa hamımızın haqqı var. Və bu da baş verəcək. Amma birdən-birə deyil. Böyük neftimiz ilk növbədə Azərbaycan dövlətinin sanbal və gücünə, hələlik böhranda olan sənaye və təsərrüfatının dirçəlişinə, iqtisadi tərəqqiyə, işsizliyin ləğv olunmasına və ən ümdəsi ordumuzun əzəmətinə və intizarında olduğumuz zəfərinə xidmət etməlidir. Çünki bu elə hamımızın maraq və mənafeyi deməkdir. Onun tə`min olunması, dövlətimizin varlanması nəticə e`tibarilə hər birimizin cibinin tutumunda əks olunacaq. Cibimiz dolu olsun. Olacaq. Tələsməyin.

V.Orxan

Şəhər söhbətləri

Göydələnlər
(I yazı)

Şəhərləri bəşəri sərvət hesab etmək olar. Müasir sivilizasiya şəhərlərdən gəlir və bütün insanlar şəhərlərdə yaşamağa can atır. İndi nahaq yerə Nyu-Yorka və Vaşinqtona endirilən zərbələr bəşəriyyətə - sivilizasiyaya yönələn addım sayılmır. Xüsusilə Nyu-Yorkda hər biri 412 metr olan iki göydələnin yerlə-yeksan edilməsi buna işarədir... Niyə ən böyük zərbə Nyu-Yorka endirildi?
Tərəqqisevən insanlar Amerikanı "yeni dünya" adlandırıb. "Nyu-York" da əslində "yeni şəhər" deməkdir. Əgər bütün ölkələrin əhalisi şəhərlərdə yaşamağa meyllidirsə, dünya əhalisinin də az qala yarısı Amerikada - Nyu-York şəhərində yaşamaq arzusunda olub. Mühafizəkar ideyalardan, miskin həyatdan qurtulmaq üçün... Deməli, "yeni dünya"nın azad həyat tərzini təqdir edənlərin sayı artmaqda ikən Nyu-Yorkun bombardman edilməsi təsadüfi deyil. Yoxsa bu həyat tərzi mühafizəkar ölkələri bürüyər, mühafizəkar quruluşlara son qoyardı.
Əgər ABŞ dünyanın bir nömrəli ölkəsidirsə, Nyu-York da dünyanın paytaxtı sayıla bilər. Hərçənd ABŞ-ın paytaxtı Vaşinqtondur, ancaq 200 il öncə bu status Nyu-Yorkda olub. Bununla belə, Nyu-York indi də ABŞ-ın ən böyük iqtisadi və mədəni mərkəzidir. Amerikalılar Nyu-Yorkla çox öyünüb. Hətta bir Amerika filmində deyilir ki, "Nyu-York şəhərlər şəhəridir, başqa şəhərlərdə yaşayanlar elə bilirlər ki, yaşayırlar"...
İndi Nyu-Yorkun timsalında Amerika şok içindədir. Amerika sivilizasiyasından enerji alan bir insan kimi mən də təşvişdəyəm. Nyu-Yorkun timsalında müasir dünyanın, müasir şəhər modelinin məhv olacağından qorxuram. Göydələnlərin uçmasını az qala bu tərəqqinin enməsi kimi yozuram. Axı, mənim ən fantastik arzum dünyanın hansısa bir ölkəsində (lap elə Azərbaycanda) Nyu-Yorka bənzər şəhər salmaqdır. Heç kəsin müdaxilə etməyəcəyi müstəqil şəhər. Mən də bu şəhərə bütün tərəqqipərvər, daha doğrusu, kosmopolit baxışlı adamları dəvət edərdim. Həm də istərdim belə şəhərlər hər yerdə salınsın, tədricən ölkələri sıxışdırsın... İnsanlar ölkə-sərhəd, millət-din çərçivəsindən çıxsın, hər şəhər bir dövlət olsun. Məncə, dünyanı belə şəhərlər xilas edəcək. Doğrudanmı sivilizasiyanın sonudur, axı şəhərlər bombardman edilir...

Elçin Məmmədli

Teatral freskalar II

OXLOV VƏ QALSTUK
(xor rəhbəri üçün kantata)

İLHAM (ƏHMƏDOV) NAMİQ KAMAL. Xas bəy. Xarici görkəminə baxanda deyərsən ki, bu, ya nazirdi, ya vəkildi, uzağı həkimdi, ya da apparat işçisi: komfort kabinetindən indicə çıxıb gəlir. Təmiz, səliqəli geyinir. Saçı həmişə dən-dən, əyin-başı qutu kimi. Ədəb-ərkan, nəzakət, qanacaq boyuna biçilib. Davranış və danışıq manerasında bir əsilzadəlik, bəlkə də azcana vasvasılıq var. Eləsən XIX yüzilin kübar salonlarında nəfəsini dərmədən inqilabi nitqlər söyləməyə adətkərdə olmuş rus zadəganıdır və ya fransız dilmancı. Hər bir rus zadəganı isə sonucda bir balaca cənab PLYUŞKİNƏ oxşayır. Mənimsə onunla bağlı şəxsi fikrim belədir ki, bu adam özünü sanki baron Münhauzen kimi kəkilindən tutub dartıb axırı aktyor eliyib Azərbaycan xalqının teleekran zövqünə uyğun. İlham mütəmadi məşqlərin, güzgü ilə üzücü şərik oyunların aktyorudur, avtomatizm dərəcəsində dəqiqləşdirilmiş mimikaların aktyorudur, yaxşı him-cim ustasıdır. Göz, qaş, dil və dodaqlar onun bığsız sifətinin gülüş "partitura"sında əsas "not"lardır. OXLOV yun çubuğunun ideal modelidir, kündə-kündə kəsilmiş xəmiri yayıb istənilən formaya salmaqdan ötrüdür. Onsuz bütün Azərbaycan mətbəxi yetim qalar, tamam bişir-düşürlərin ritmi yavaşıyar. Lakin milli mədəniyyət kontekstində oxlov həm də neqativ mənalar qazanıb eyhama, işarəyə çevrilir, düz, şax, "arıq", taxta qamətdə vizuallaşmış, gerçəkləşmiş qurubəyliyin, özündən razılığın, lovğalığın gülünc obrazı kimi qavranılır. İLHAM monoloqlaşdırılmış söhbətlərin peşəkar ifaçısıdır. Çoxsözlü, uzun mətnlər onu yormur, qorxutmur, əksinə, daha da qızışdırır, coşdurur, "motorlaşdırır". MONOLOQ İlham Namiq Kamalın sənət hücrəsidir. Bu yeri onun üçün məddah, qissəxan və naqqalların ənənəsi qoruyub saxlayıb. Ancaq İlhamın özü də dildən pərgar bir vücud. Məhz bu cizgi onun rollarının xarakterik əlaməti. Odur ki, rejissor H.Atakişiyev Spuri Tit Mamma ("Böyük Romul" tamaşası, 1985) adlı personajı İlhama tapşırmışdı. İstəyirdi ki, əvvəla, MAM-MA səhnədən avtomat kukla kimi görünsün; ikincisi, aktyor İlhamın diksiyasını, plastikasını "sındırıb" onun sənətçi bacarığını yeni bir rakursdan işıqlandırsın. Bu aspektdə pəltək, axsaq xor dirijoru Əntərzadə Mammanın primitiv variantı. Amma düzü, onu dəyişdirmək zülm. Nə eləyirsə, eləsin, İlham yeddi ağaclıq məsafədən tanınır. Burada geyim, qrim köməyə çatmaz. QALSTUK Qərb mədəniyyətində rəsmilik və ciddilik rəmzi kimi qəbul olunub. Kişilər onu özlərinə yaraşıq bilirlər. Hərçənd sosioloji və tibbi araşdırmalar aşkarlayıb ki, qalstuk taxan adamların əqli fəaliyyətinin intensivliyi zəifləyir; çünki insanın boyun nahiyəsindən keçən damarlar yüngülcə sıxılır və beynin qanla normal təchizatı pozulur. Hələ bu, nə imiş ki... Sən demə, QALSTUK masonların ölüm simvoludur, ilgəkdir, xaltadır, dar ağacıdır, hər bir xristianın ömrünün sonuna qədər daşımalı olduğu XAÇIN əvəzidir. Müasir cəmiyyətlərin hamısı əbədilik qalstuka urcah. Ondan imtina etmək mümkünsüz.
Mənim aləmimdə İlham Namiq Kamalın sənətçi imici elə qalstukdan başlayır. Olsun ki, öz şəxsi qalstuklarının sayı sarıdan İlham Azərbaycan ziyalıları cərgəsində çempiondur. Niyə ki, İlham ictimaiyyətə həmişə əla qalstuklarda görünür. Onun aktyor portretinin, plastikasının mayası da, məncə, burda. Əksərən İlham Namiq Kamalın obrazlarını karnavallaşdıran vacib elementlərdən biri, bəlkə də birincisi, olub QALSTUK, alabəzək, əlvan, saya, enli, ensiz, uzun, qısa... Çünki nadan adam qalstuk vuran kimi OXLOVA dönür və gülüş obyektinə çevrilir. İstedad sahibi üçün bunu sezib duymağa nə var ki...

Aydin Talıbzadə

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd