Şərh

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Kriminal
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#113(337)
Azərbaycan savaşa cəlb olunacaqmı?
Birləşmiş Ştatların beynəlxalq terrora qarşı elan etdiyi total müharibə dünyanı da faktiki seçim qarşısında qoyub. Hər kəs bu əməliyyatlara münasibətini və iştirak dərəcəsini müəyyənləşdirmək zorundadır. Azərbaycanın bu müstəvidə hansı mövqeni tutacağı da günün aktual məsələsidir

Amerikanın ilkin olaraq hədəf aldığı Əfqanıstan coğrafi baxımdan Azərbaycandan kifayət qədər uzaq olsa da (təxminən 3 min kilometr) başlanacaq əməliyyatın bizə heç bir dəxli olmayacağını düşünmək sadəlövhlük olardı. Əvvəla, ABŞ və müttəfiqlərinin birgə düzənləyəcəyi və şərti olaraq "Alicənab qartal" adlandırılan əməliyyatın heç də qısamüddətli və məhdud əhatəli olmayacağı, tədricən genişmiqyaslı savaşa çevriləcəyi şübhə doğurmur.
Təsadüfi deyil ki, prezident Corc Buş Amerika əhalisinə müraciətində müharibənin uzun sürəcəyini bildirib və ölkəni də buna hazır olmağa çağırıb. ABŞ-ın mövcud hərbi-texniki, aerokosmik, kəşfiyyat və xüsusi xidmət resursları tamamilə bu məsələyə indekslənib. Digər yandan, Vaşinqton beynəlxalq terrora qarşı qlobal savaşda geniş müttəfiqlər koalisiyası formalaşdırmaqdadır. Məhz potensial koalisiyanın gücünü nəzərə alan ABŞ-ın müdafiə naziri Donald Rasmfeld terrorizmin bütün şəbəkələrinin (o cümlədən beynəlxalq maliyyə qaynaqlarının) məhv ediləcəyini qətiyyətlə vurğulayıb. Düzdür, dünən Konqresin hər iki palatasının qarşısında çıxış edən ABŞ prezidenti hərbi əməliyyatın nə vaxt başlanacağına aydınlıq gətirməyib. Amma istər Amerika, istərsə də müttəfiqlər koalisiyası qərarın hər an veriləcəyini gözləyir.
ABŞ-ın müttəfiqləri qismində ilk növbədə NATO nəzərdə tutulur. Alyans 52 illik tarixində ilk dəfə kollektiv müdafiə haqqında müddəanı (NATO Nizamnaməsinin 5-ci bəndi) işə salıb və NATO üzvlərinin antiterror əməliyyatında konkret hansı qismdə iştirak edəcəyi bilavasitə Vaşinqtonda məsləhətləşmələr gedişində müəyyənləşəcək. Hərçənd, ABŞ daha geniş dəstək qazanmaqda maraqlıdır. Hərbi əməliyyatların ilkin (Əfqanıstan) və mümkün (Yaxın Şərq, Şimali Afrika) əhatə zonası NATO-dan kənar dəstəyi Amerika üçün xüsusilə vacib edir. Hələlik dünyanın heç bir dövləti ilk hədəfi Əfqanıstan olacaq antiterror əməliyyatı ilə bağlı "axına qarşı üzmək" və "Taliban"a açıq qahmar çıxmaq niyyəti göstərməyib. Sadəcə bu əməliyyatın taktikası və ona dəstək (hərbi, informasiya, hava məkanı ilə və s.) variantları müxtəlifdir. Bir sıra ölkələr terroru qınamaqla yanaşı, faktiki bitərəflik göstərirlər.
Bilavasitə Əfqanıstanı əhatə edən dövlətlərə nəzər salsaq Hindistan və Pakistan (Talibanı rəsmən tanıyan dövlət olmasına baxmayaraq) hava məkanlarını ABŞ və müttəfiqləri üçün açmağa prinsipcə hazırdır. İslamabadın əsas şərti əməliyyatların məhz ben Laden ətrafında hüdudlanmasıdır. Əfqanıstanla böyük sərhədə malik İran Taliban rejiminə müxalif olsa da (taliblər Əfqanıstanın iranpərəst Rəbbani hökumətini deviriblər), əməliyyatda iştirakı, o cümlədən hava məkanını ABŞ və onun müttəfiqlərinin təyyarələri üçün açmağı qəti istisna edir. Odur ki, Amerikanın Fars körfəzindəki hərbi gəmiləri hind okeanına doğru yerdəyişməli, hərbi təyyarələr isə zərbələr üçün dolayı yol qət etməlidirlər. Prinsipcə ABŞ əsas zərbəni Hind okeanında lövbər salan nəhəng laynerlərdəki təyyarə və raketlərlə endirəcək. Lakin əlavə reydlər də istisna deyil. Türkiyədəki "İncirlik" hərbi bazası artıq döyüş hazırlığına gətirilib.
Bu xüsusda bizim regionun əhəmiyyəti ayrıca qeyd olunmalıdır. Cənubi Qafqaz-Xəzər-Orta Asiya "zolağı" istər antiterror əməliyyatına müvafiq şəraitin (o cümlədən hava reydləri üçün dəhliz kimi) yaradılması, istərsə də preventiv xarakterli informasiya-kəşfiyyat dəstəyinin verilməsi üçün müstəsna önəmlidir. Mərkəzi Asiyada Əfqanıstanla həmsərhəd olan Özbəkistan və Türkmənistan bu xüsusda yardıma hazır olduqlarını dilə gətirərək eyni zamanda əməliyyatın BMT tərəfindən sanksiyalaşdırılmasını istəyirlər. Cənubi Qafqaza gəldikdə isə, Gürcüstan (ABŞ və NATO ilə sıx əlaqələrini də nəzərə alaraq) qeyd olunan müstəvidə fəal iştirakı ola bilər. Rəsmi Tbilisi bu yöndə müəyyən mesajlar verib. Xatırladaq ki, Gürcüstanın Çeçenistanla sərhəddə faktiki nəzarətsiz olan Pankis dərəsində Yaxın Şərq və Əfqanıstandan gəlmiş mücahidlərin də yerləşdiyi bildirilir. Bütün qərarlarını Rusiyaya baxaraq verən Ermənistan hələlik mövqeyini müəyyənləşdirməyib. Odur ki, Yerevanın qərarı Moskvanın Vaşinqtonla hansı zəmində dil tapacağından asılı olacaq. Ümumiyyətlə, MDB ölkələrinin ABŞ-ın antiterror əməliyyatlarına qoşulması xeyli dərəcədə məhz Rusiya faktoru ilə tənzimlənəcək məsələdir. Moskva bir tərəfdən özünün də üzləşdiyi beynəlxalq terrorizmə qarşı geniş müharibəni zəruri sayır, digər yandan bu əməliyyatlar nəticəsində ABŞ-ın Mərkəzi Asiyada möhkəmlənəcəyindən ehtiyatlanır. Yəni geosiyasi (strateji) məqamlarla taktiki niyyətlər uzlaşmır. Hərçənd srağagün Vaşinqtonda görüşən ABŞ və Rusiya xarici siyasət idarələrinin rəhbəri beynəlxalq terrora qarşı "birgə və əlaqələndirilmiş mübarizə barədə" razılığa gəliblər. Həmçinin Rusiya XİN başçısı MDB ölkələrinin bu əməliyyatda iştirak məsələsində tam suveren olduqlarını vurğulayıb.
Nəhayət, Azərbaycanın mövqeyi barədə. Son günlər ölkəmizin beynəlxalq antiterror əməliyyatında iştirakı ilə bağlı spekuliyasiyalar tirajlanmaqdadır. Bəzi analitiklər Azərbaycan ərazisində ABŞ-ın xüsusi zərbə kontingentinin yerləşdirilməsindən tutmuş ölkəmizin nüvə (radiasiya) təhlüksinə məruz qalacağınadək çeşidli proqnozlarla çıxış edirlər. Odur ki, bir sıra məqamları dəqiqləşdirmək vacibdir. Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi bu beynəlxalq fəlakətlə mübarizəyə hər zaman hazırdır. Lakin cari kontingentdə Azərbaycanın adının həddən artıq hallandırılması qeyri-məqbuldur. Çünki bu mülahizələrin əksəriyyəti guya ABŞ-ın terrora dəstək verən ölkə kimi İranı da vuracağı və Bakının da bu əməliyyatda Vaşinqtona dəstək verəcəyi fərziyyəsi üzərində köklənib. Halbuki ABŞ-ın son terrorla bağlı hədəf seçdiyi regionlar arasında İran yer almayıb. Əksinə, Tehran birincilər sırasında ABŞ-a rəsmi başsağlığı göndərib. Öz növbəsində Vaşinqton cari şəraitdə İranla taktiki əməkdaşlıq yolları arayır. Çünki Vaşinqton-Tehran münasibətlərindəki ziddiyyətlər daha geniş müstəviyə malikdir və ABŞ həmin məsələni perspektivə saxlayır. Odur ki, indi (Azərbaycan-İran münasibətlərinin cari vəziyyətini də nəzərə alaraq) bu mövzu ətrafında spekuliativ fikilər ən azı arzuolunmazdır.
Cari şəraitdə Azərbaycanın beynəlxalq antiterror əməliyyatında iştirakının real istiqamətlərini vurğulamaq daha məqsədəuyğundur. Buraya ilk növbədə informasiya mübadiləsi, beynəlxalq terrorizm şəbəkəsi ilə bu və ya digər əlaqəsi güman edilən şəxslərin (qurumların) ifşa olunması, bu xüsusda ABŞ-ın müvafiq orqanlarının da iştirakı ilə axtarış-təhqiqat əməliyyatlarının aparılması və beynəlxalq terrorun maliyyələşmə şəbəkəsinin Azərbaycandakı kanallarının (əgər varsa) üzə çıxarılması kimi məsələlər daxildir. Artıq bu yöndə müəyyən tədbirlər görülməkdədir. PA-nın şöbə müdiri Novruz Məmmədovun sözlərinə görə, Azərbaycanın antiterror əməliyyatının bilavasitə hərbi müstəvisində iştirakı nəzərdə tutulmayıb. Əlavə edək ki, bu müstəvidə iştirak (hətta hava məkanı ayırmaqla) ölkəmiz üçün arzuolunmaz fəsadlar doğura bilər.

Əfqanlar kimi dəstəkləyəcək?

Əfqanıstan üzərini almış müharibə təhlükəsi yaxınlaşdıqca, ölkədaxili qüvvələr nisbəti, parçalanmış siyasi həyatda müttəfiqlik məsələləri müşahidəçilərin və hərbi mütəxəssislərin diqqətini daha çox çəkir. Şəksiz, cavab addımlarının effektivliyi, davamlılığı yerli xalqın müdaxiləyə necə yanaşmasından asılı olacaq. Məsələn, xalq Taliban üzərinə hücumu Əfqanıstana kafir hücumu kimi dəyərləndirsə, bu vaxtadək onun qanını içmiş rejimə qoşulacaq.
Hərbi-siyasi elitanın əsas nəhəngi olan Taliban Əfqanıstana mümkün hücumun baiskarı olmaqla yanaşı, həm də bu müharibə yükünün əsas daşıyıcısıdır. Amma hələlik Taliban azlıqda qalmış kimi görünür. Sərhədlərin qapadılması bu işi daha da çətinləşdirə bilər. Şimal Alyansına gəlincə, koalisiya baş verənləri əski rəqibin əzişdirilməsi üçün yaxşı fürsət sayır və bunun üçün ABŞ-la əməkdaşlığa getməyə hazırdır. Amma BMT-də Əfqanıstanın səlahiyyətli nümayəndəsi kimi tanınmış Məhəmməd Abdullanın dediklərindən anlaşılır ki, Əhməd Şah Məsudun öldürülməsindən sonra Şimal Alyansı lider qıtlığı ilə üzləşib. Abdulla deyib ki, müdafiə naziri postu general Fəhimə tapşırılsa da, hərəkatda bu adamın rolunu Əhməd Şah Məsudun əhəmiyyəti ilə müqayisə etmək olmaz. General Fəhim Bürhanəddin Rəbbani hökumətində milli təhlükəsizlik naziri olub. Bu adam son illərdə alyansın Təxar cəbhəsi üzrə baş komandanı kimi fəaliyyət göstərib. "Conbeş" rəhbəri general Əbdürrəşid Dustum antitaliban koalisiyasındadır. Əhməd Şahın ölümündən sonra bu adamın mövqeləri xeyli güclənə bilər. Belə ki, Buşun ilk dəfə olaraq Şimal Alyansına üz tutması (Pentaqon koalisiya rəhbərliyindən xahiş edib ki, məhəlli xəritələrin tərtib edilməsində ona yardımçı olsun) Türkiyə ilə yaxşı münasibətlərdə olan özbək liderini həmin qurumla Qərb arasında körpüyə çevirə bilər.
Vacib bir nüans var - yaxın zamanlarda qüvvələr nisbəti dəyişə bilər. Məlum olduğu kimi, İranda gizlənən Gülbəddin Hikmətyar ("Hizbi-İslami" və ya İslam Partiyası) bu günlərdə "ABŞ Əfqanıstan üzərinə əməliyyatlara başlasa, biz Taliban tərəfində vuruşacağıq" deməklə koalisiyanın parçalanmasının əsasını qoymuşdu. Əslində Taliban tərəfindən küncə sıxışdırılmış əfqan liderinin bu çıxışını kölgədən çıxmaq cəhdi kimi dəyərləndirmək olar, bununla belə, bir şey aydındır - bu qərar əfqanların kənardan müdaxilə qarşısında birləşməsi üçün psixoloji baza yaradacaq. Bu mənada yaxın zamanlarda, xüsusən hərbi əməliyyatların davamlı xarakter kəsb edəcəyi halda mövqeyini qətiləşdirməmiş və ya qarşı tərəfdəki barrikadanı seçmiş qüvvələri Taliban ətrafına toplaya bilər. Bunun nə ilə nəticələnə biləcəyini təsəvvür etmək çətin deyil - bircə onu demək kifayətdir ki, Hikmətyarın 30 minlik dəstəsi var. Yeri gəlmişkən, Hikmətyarın başçılıq etdiyi İslam Partiyasından ayrılmış eyni adlı firqənin (rəhbəri Mouləvi Məhəmməd Yunis Xalis) arxasında dayanan 10 min nəfərlik dəstənin kimin tərəfində dayanacağı bəlli deyil. Amma hələlik bu partiya Bürhanəddin Rəbbani ilə əməkdaşlığa meyl edir. O Rəbbani ki, ötən günlərdə Əhməd Şah Məsudun dəfn mərasimi zamanı pişnamaz kimi çıxış etmişdi.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd