İc siyasət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Kriminal
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#113(337)
"Bizdə fikir ayrılığı var"
Mirmahmud Mirəlioğlu: "Onların da müəyyən şərtləri ola bilər"

"AXCP (klassiklər) ilə Milli Vəhdət Partiyası (MVP) çox güman ki, birləşəcək."AXCP sədri Mirmahmud Mirəlioğlu "Bizim ƏSR"in müxbiri ilə söhbətində belə dedi.Mirəlioğlunun sözlərinə görə,AXCP-də müəyyən adamlar var ki, birləşmə məsələsində fərqli fikirdədir. Bununla belə, Mirəlioğlu həmin narazıçılığı partiyaların birləşməsi üçün əngəl saymır. AXCP sədri həmin narazıların adlarını çəkmir.
Mirmahmud MirəlioğluAXCP ilə MVP-nin birlşməsi üçün modelin hələ də tapılmadığını bildirir.Onun sözlərinə görə, hər iki partiya nümayəndələrinin müzakirəsinin mövzusu da elə budur:

- Hər iki partiyanın nümayəndələri görüşlər keçirir və danışıqlar prosesi davam edir...

Yunus Oğuz bildirir ki, AXCP-də partiyaların birləşməsini istəməyən qüvvələr var: hətta müavinlər səviyyəsində...

- Bu barədə partiyada müəyyən fikir ayrılığı var. Daha partiyaların birləşməsinə mane olmaq söhbəti yoxdur. Bu prosesdə forma məsələsi daha çox özünü göstərir. Çünki elələri var ki, AXCP-yə fərdi şəkildə, bəziləri də var ki, partiya kimi birləşmənin tərəfdarıdırlar. Fikir ayrılığı təkcə bu məsələdədir.

Siz AXCP ilə MVP-nin birləşməsində hansı formanın tərəfdarısınız - fərdi, yoxsa partiya şəklində?

- Hansı formanın tərəfdarı olduğumu indidən demək istəmirəm. Çünki danışıqlar prosesi hələ də başa çatmayıb. Və buna görə də indidən mənim öz mövqeyimi ortaya qoymağım düzgün çıxmaz. Proses başa çatandan sonra özüm açıqlama verəcəm.

Bəs fikir ayrılığının əsas iştirakçıları kimlərdir, yəni onlar doğrudanmı AXCP-nin böyüməsini istəmirlər?

- Bilirsiniz, biri deyir ki, bu birləşmə partiya şəklində olmalıdır, amma başqa birisi tamam fərqli düşünür.Buna fikir ayrılığı və ya iki versiya da demək olar.

Sadəcə olaraq dəqiqləşdirmək istəyirik görək həmin narazılar müavinlərdir, yoxsa sıravi "cəbhəçi"lər.

- Açığı, AXCP-nin rəhbərliyində təmsil olunanlar arasında da bu fikirdə olanlar var. Hər halda bu istiqamətdə də partiya funksionerləri arasında danışıqlar gedir. Danışıqlar bitən kimi AXCP ilə Milli Vəhdət Partiyasının hansı formada birləşəcəyini hamı görəcək. Təbii ki, bu artıq hamının razılaşdığı bir forma olacaq.

Almurad Əliyev artıq dəfələrlə bildirib ki, AXCP ilə MVP-ni yüz faiz birləşdirəcək. Onun AXCP adından danışmasına partiyada münasibət nə cürdür?

- Mən belə hesab etmirəm ki, Almurad bəy AXCP adından danışır. O, sadəcə olaraq öz adından danışır. Almurad bəy əm də AXCP Ağsaqqallar Şurasının üzvüdür. Yəni onun da söz deməyə haqqı var.

Şəxsən Siz AXCP ilə MVP-nin birləşməsini istəyirsiniz?

- Birləşmək istiqamətində müzakirlər gedir və hər şey bu danışıqların nəticəsindən asılı olacaq. Açığı, çox istərdim ki, AXCP ilə Milli Vəhdət hər iki partiyanın nümayəndələrinin istədiyi şəkildə birləşsin, bir yerdə fəaliyyət göstərsin.

Partiyaların birləşməsi baş tutsa, Yunus Oğuz AXCP rəhbərliyində təmsil olunacaq?

- Hər halda bu məsələlər də müzakirələrdən sonra həllini tapacaq. Onların şərtlərinin nə olacağını dəqiqliklə bilmədiyimizə görə, bu barədə danışmaq mümkün deyil.

Demək, konkret olaraq Yunus Oğuza veriləcək postla bağlı müzakirələr aparılacaq...

- Məsələn, bizim partiyadakılar deyir ki, onların birləşmə ilə bağlı iki variantları var. Danışıqlar ərəfəsində də Milli Vəhdət Partiyasının nümayəndələri deyə bilər ki, sizin söylədiyiniz məsələ ilə bağlı filan-filan şərtlər var. Amma bu məsələ hələ ki, gəlib o həddə çatmayıb.

"Biz gəlirik" şüarını yordunuz!
İsa Qəmbər "İnternet forum"da AXCP-ni parçalamaqda ittiham edildi

İnternetlə ünsiyyət imkanlarının genişlənməsi son vaxtlar ölkə siyasətçilərini də bu vasitədən faydalanmağa sövq edib. İctimaiyyətin müxtəlif təbəqələri ilə mütəmadi əlaqə saxlamağa çalışan siyasi partiya liderləri müxtəlif saytlarda yerləşdirilmiş forumlarda öz ünvanlarını yerləşdirməyə başlayıblar. Onların içərisində Müsavat başqanı İsa Qəmbər də var.
Belə ki, internet həvəskarları "www.atoo.az.forum" internet saytına daxil olmaqla Müsavat başqanına müxtəlif suallar ünvanlayırlar. Suallara cavabları İsa Qəmbərin əvəzinə, Müsavatın Divan üzvü Hikmət Hacızadənin cavablandırdığı barədə müəyyən şübhələr olsa da, maraqlısı bu deyil. Forum iştirakçılarının verdiyi suallardan belə bəlli olur ki, onlar İsa Qəmbərin indiki komanda ilə nə vaxtsa hakimiyyətə gələcəyinə inanmırlar. Başqanı vaxtilə hakimiyyəti saxlaya bilməməkdə, "Biz gəlirik" şüarını "yormaqda", AXCP-ni parçalamaqda ittiham edənlər də var. İsa Qəmbərə ünvanlanan əsas narazılıqlar isə onun təsisçi olduğu "Yeni Müsavat" qəzeti ilə bağlıdır. Belə ki, forum iştirakçıları qəzetin bir çox məsələlərə qərəzli mövqedən yanaşdığından şikayətlənirlər. Müsavat lideri isə onlara cavabında təsisçi olduğu qəzetin yazdıqlarından bəzən özünün də narazı qaldığını iddia edib. Qəzet rəhbərliyinə təsir imkanlarının olmadığını etiraf edən İsa Qəmbər narazılara çıxış yolu da göstərib: "Əgər qəzetin yazdıqları, sizi qane etmirsə, onda buyurub digər qəzetləri alın. İndi istənilən zövqə uyğun qəzet tapmaq mümkündür".

"Müsavatdan gedirəm"
Nazim Məmmədov: "İsa Qəmbər partiya üzvlərindən başqa hamını qəbul edir"

Redakasiyamıza gələn Müsavat Partiyasının üzvü Nazim Məmmədov üzvü olduğu təşkilatın rəhbərliyindən şikayətini "Bizim ƏSR"in müxbirinə danışdı.
Məmmədov bildirdi ki, Müsavatda ona qarşı haqsızlıq aprel ayında keçirilən konfransdan sonra başlayıb: "Konfransda Hacı Hacılı 3 il müddətinə sədr seçildi. Sonra nə baş verdisə seçkinin nəticəsini ləğv etdilər. 15 gündən sonra təkrar və saxta seçki keçirildi. Əvvəlcədən üzvlərə bülletenlər paylanmışdı. Saxta seçkidə Rəsul Hüseynli öz tələbələrini məcbur etdi ki, ona səs versinlər. Əvəzində seçilsə, onları şura üzvlüyünə salacağına söz vermişdi".
Narazılar MNTK-ya müraciət etsə də, şikayətlərinə baxılmayıb. Bunula da Rəsul Hüseynli "onlara qarşı hücuma keçib": "Sonra Çəmbərəkənd özəyinə seçkilərdə mənim namizədliyim irəli sürüldü. Amma bu dəfə də Rəsul Hüseynlinin adamı seçildi. Təsəvvür edin ki, kvorum olmaya-olmaya seçki keçirdilər. Yenə də MNTK-ya müraciət etdim. Sonra təkrar seçkinin vaxtı təyin edildi. Rəsul Hüseynlinin adamları başladılar mənə şər atmağa. Guya mən qonşumun Müsavat Partiyasına gəlməsinə mane olmuşam. Başqa bir ittihamları o oldu ki, bir nəfər dağıstanlı Müsavatdan mənə görə gedib".
Nazim Məmmədov insidentlə bağlı İsa Qəmbərin qəbuluna düşməyə dəfələrlə cəhd etsə də, Müsavat başqanı onu qəbul etməyib. Nazim Məmmədovun dediynə görə, İsa Qəmbərin köməkçisi və mühafizəçiləri görüşə icazə vermirlər: "İsa Qəmbər partiya üzvlərindən başqa hamını qəbul edir. Ona görə də mən belə qərara gəlmişəm ki, partiya sıralarını tərk edim. Yaxın günlərdə ya, ALP-yə, ya AXCP-yə (islahatçılar), ya da ki, ASDP-yə keçəcəm".

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd