Kriminal

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Kriminal
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#113(337)
Təsisçi, baş redaktor və müxbir məhkəmə qarşısında

Dünən Nizami Rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə "Bakinski bulvar" qəzetinin təsisçisi Elmar Hüseynov, baş redaktor Bella Zakirova və müxbir İradə Hüseynovanın barəsində qaldırılan cinayət işinə baxıldı.
Xatırladaq ki, qəzetin 16 iyul tarixli sayında dərc edilmiş məqalədə şərəf və ləyaqətinin təhqir edildiyini bildirən şəhər meri Hacıbala Abutalıbov qəzetə qarşı məhkəmədə iddia qaldırmışdı. Ərizədə qəzetin bağlanması tələb olunurdu. Lakin buna baxmayaraq, mer barədə məqalələr davam etdirildiyindən Abutalıbov E.Hüseynov, B.Zakirova vh İ.Hüseynova barəsində cinayət işinin qaldırılmasını tələb etmişdi. Bu ayın əvvəllərində sözügedən məhkəmədə H.Abutalıbovun mülki iddiası təmin edildi və "Bakinski bulvar" qəzeti qapadıldı. Dünənki prosesdə isə qəzetin hər üç işçisinin CM-nin 147 və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxıldı. Prosesin əvvəlində E.Hüseynovun müdafiəçisi Elton Quliyev məhkəmə tərkibinə etiraz edərək, cinayət işinə başqa tərkibdə baxılması barədə vəsatət qaldırdı. İttihamçı tərəf isə vəkilin vəsatətində heç bir əsas olmadığını bildirdi. Lakin müşavirədən qayıdan hakimin qərarına əsasən vəsatət rədd edildi. İttihamçı tərəf sözügedən məqalənin heç bir sübut olmadan dərc edildiyini bəyanladı və qəzetin hər üç əməkdaşı barədə ən ciddi cəzanın tətbiq edilməsini tələb etdi. Vəkil E.Quliyev isə E.Hüseynovun məsuliyyətə cəlb edilməsində heç bir əsas olmadığını bildirdi. Onun sözlərinə görə, təsisçinin faktiki adı hallandırılsa da, əslində onun qəzetin istehsalı və yayımında heç bir rolu yoxdur. Vəkil bu barədə müqavilə sənədini də hakimə təqdim etdi. E.Hüseynov da ifadəsində təqsirli olmadığını bildirərək "qəzetin təsisçisi olsam da, rəhbərlik səlahiyyətim yoxdur", - dedi. B.Zakirova isə müxbirin yazısına bir sıra əlavələr etdiyini, hətta yazının başlığını da özü qoyduğunu bildirdi. Onun sözlərinə görə, müəllifin bundan xəbəri olmayıb. Məhkəmə işində fasilə elan etdi. Proses bu gün davam edəcək.

Hərbi hissədən qaçan əsgər tutulub

Gəncə şəhərindəki N saylı hərbi hissədən qaçan sıravi əsgər dünən gecə saat 3 radələrində həbs edilib. Hərbi hissəni özbaşına tərk edən 1983-cü il təvəllüdlü Şamo Elxan oğlu Rəhimov Bakıda, yaşadığı Səbayel rayonunda tutulub.
Aldığımız məlumata görə, əsgər tutularkən özüylə götürdüyü "Kalaşnikov" markalı xidməti avtomatdan 3 dəfə atəş açıb. Ş.Rəhimovu Səbayel Rayon Polis İdarəsinin yaxınlığında yaxalayıblar. Əsgər əvvəlcə onu həbs etmək istəyən polisi girov götürüb. Sonra əməliyyatçılar silahlı əsgərlə danışıqlar aparıblar, nəticədə fərari könüllü şəkildə təslim olub. Ondan avtomatla bərabər 57 ədəd patron da aşkar götürülüb. Dünən aldığımız son məlumata görə, o, hərbi hissədən qaçandan sonra Bakıya gəlmək üçün pul əldə etmək məqsədilə Gəncə şəhərinin Nizami rayonunda yerləşən "Məskən" firmasına məxsus yanacaqdoldurma məntəqəsinə hücum edib. Ş.Rəhimov məntəqənin əməkdaşlarına silahla hədə-qorxu gələrək C.Namazovdan 336 min manat alıb və hadisə yerindən qaçıb. Xatırladaq ki, Ş.Rəhimov ötən il Səbayel Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. O, tanınmış yazıçı Süleyman Rəhimovun nəticəsidir.

İtkin düşmüş podpolkovniki axtarırlar...

Daxili İşlər Nazirliyinin Narkomaniya və Narkobizneslə Mübarizə İdarəsinin əməkdaşı podpolkovnik Azər İsmayılovun müəmmalı şəkildə yoxa çıxmasıyla bağlı axtarış əməliyyat tədbirləri yenidən gücləndirilib. Belə ki, A.İsmayılovun oğlundan qan götürülərək, DNK ilə meyitin genetik strukturu müqayisə olundu. Həkim-eksperlərin son rəyi isə tapılan meyitin A.İsmayılova aid olmadığını təsdiqləyib.
Qeyd edək ki, lap əvvəl məhkəmə tibb ekspertizasının 6 aylıq müayinəsi də heç bir nəticə verməmişdi. Ekspertlər qəti qərarı genetik müayinədən sonra verəcəklərini bildirirdilər. Xatırladaq ki, o, ötən il iyunun 21-də yoxa çıxıb. Həmin günün səhərisi A.İsmayılovun "VAZ-2107" markalı maşını Xətai rayonundakı "Ramstore" ticarət mərkəzinin qarşısından tapılmışdı. Bu ilin fevral ayında Nərimanov rayonu ərazisindən qazıntı zamanı aşkar edilmiş kişi meyitinin A.İsmayılov olduğu barədə versiyalar səsləndi. A.İsmayılovun yaxınları meyiti bəzi əlamətlərinə görə podpolkovnika bənzədiyini bildirdilər.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd