|
|
|
|
#113(337)
|
 |
Audiovizual festival yaxınlaşır
İştirakçılar 14 nominasiya üzrə yarışacaqlar
|
Xəbər verildiyi kimi, Azərbaycan Professional Kinorejissorlar Gildiyası Gənclər, İdman və Turizm Nazirliyi ilə birgə Azərbaycanda ilk dəfə olaraq, "Gənc peşəkarlar" adlı audiovizual festival gerçəkləşdirir.
Bədii və sənədli film, film-tamaşa, müəllif verilişi, klip, reklam üzrə keçiriləcək müsabiqədə 14 nominasiya üzrə qaliblər müəyyənləşdiriləcək.
Müsabiqənin gedişatı ilə bağlı məlumat öyrənmək məqsədilə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyevlə əlaqə saxladıq. Hüseyn Mehdiyev bildirdi ki, hazırda festivala ciddi hazırlıq işləri görülür. Festivala qatılmaq istəyənlərin sənədləri sentyabrın 25-dək qəbul olunsa da, artıq yetirncə müraciətlər qeydə alınıb. "Hətta müsabiqənin şərtini pozaraq, 35 yaşından yuxarı yaradıcı şəxslər də sənəd vermək istəyirlər. Təbii ki, biz onların istəyini yerinə yetirə bilmərik" deyən Hüseyn Mehdiyev festivalın bu cür yüksək səviyyədə, maraqla qarşılanacağını gözləmədiklərini bildirdi.
Yeri gəlmişkən, onu da deyək ki, Azərbaycan Professional Kinorejissorlar Gildiyası ölkəmizdə ilk dəfə audiovizual əsərlərin festivalını keçirmək istədiyini bəyan edəndə, bu işdə hansı qurumların onlara kömək edəcəkləri hələ açıqlanmamışdı. Söhbət əsnasında bu məqama da toxunan Hüseyn Mehdiyev söylədi ki, artıq bu məsələni də aydınlaşdırıblar. Onlara təşkilati köməyi ölkəmizin Mədəniyyət Nazirliyi, Kinematoqrafçılar İttifaqı, "Azərbaycanfilm" kinostudiyası, texniki köməyi isə "Past Prodok" və "Slexsboall solution" firması göstərəcəkdir.
Tədbirin sponsoru isə "İnternyus" olacaq. Müsabiqənini keçiriləcəyi məkan da artıq müəyyənləşib. Zuğulbanın "Gənclik" istirahət düşərgəsi. Burada filmlərin nümayişi, eləcə də, müsabiqənin gerçəkləşməsi üçün tələb edilən lazımi şəraitin olduğunu vurğulayan müsahibim bu sarıdan heç bir problemlə üzləşmədiklərini söylədi.
Rəssamlıq və biz
Fırçanı qələmin güdazına vermiş şəxsin qeydləri
|
Uşaqlığımın pəmbə diləklərindən və bitməyən istəklərindən biri də təsviri sənətlə bağlı olub. Hətta onu incəsənətin digər sahələri, deyək ki, müğənnilik kimi kənardan, uzaqdan-uzağa sevmişəm. Nə az, nə çox, düz yeddi il qonşuluqdakı Pionerlər evinin rəsm dərnəyində professional rəssam-pedoqoqdan dərs də almışam. Əgər fırçanı qələmə dəyişməsəydim, yəqin ki, Mirteyyub müəllimin mənimlə bağlı ümidli proqnozlarının necə çin çıxdığı barədə başqaları fikir yürüdə bilərdilər. Nəsə, belə olmadı.
Digər sənətşünas və mədəniyyətdən yazan jurnalistlərdən fərqli olaraq, rəssamlığa münasibətdə, uşaqlığımın zərif duyğularını qoruyub saxlamışam. Haqqında söz saldığım rəssamları da özümə bir köynək yaxın sayıram. Yəqin geniş tamaşaçı kütləsinin bu zərif sənətə biganə münasibətinin məni ağrıtmağının bir səbəbini də bunda axtarmaq gərəkdir. "Rəssam necə dolanır?" sualının ürəkqısan cavablarından bəhs etmək istəmirəm. Onsuz da ölkə dışına çıxışı olmayan, əsl sənətlə məşğul ciddi sənətkarların sosial durumu göz qabağındadır. Görünən kəndə nə bələdçi?..
Hərçənd xatırlanan sualın bədbin cavabının kökünü bizim bütövlükdə rəssamlığa bir sənət növü kimi münasibətimizdə aramaq gərəkdir. Fikrimcə, ilk sualı belə də qoymaq olar:
Sərgiyə kimlər gəlir?
Telekanalların xəbər buraxılışlarında, cari mədəni həyatı işıqlandıran məxsusi informativ verilişlərdə, qəzet səhifələrində ara-sıra hansısa qalereyada, yaxud muzeydə sərgilərin nümayişi göstərilir. Bəlkə də bu qəbildən olan məlumatları izləyən seyrçi-oxucuya elə gəlir ki, paytaxtımızın mərkəzində yaşayanlar belə tədirlərin birini də ötürmürlər. Təəssüf ki, həmin teleseyrçi bu xüsusda möhkəm yanılır. Hansısa partiya məclisi kimi belə tədbirlərin də tamaşaçı kontigenti formalaşıb. Gələnlər ya səbəbkarın qohum-əqrabasıdır, ya belə tədbirlərdə iştirak birbaşa vəzifə borcu sayılan məmur, ya da jurnalistdir. Maraqlıdır ki, ilham pərisindən qidalanan digər incəsənət adamları da sərgilərdə seyrək görünürlər. Arif Məlikovla Xəyyam Mirzəzadədən savayı, başqa tanınmış bəstəkarla belə yerlərdə qarşılaşmazsınız. Belə çıxır ki, təsvir duyumu güclü olan bəstəçilər ya ölkəni tərk ediblər, ya da başları yaradıcılığa möhkəm qarışıb.
Ədiblər də eləcə. Əgər sərgi açan rəssamı kino və teatrla işbirliyi bağlayırsa, o zaman milli teatr-kino bomondumuzun təmsilçiləri - aktyorlar, rejissorlar belə yerə ədəb xatirinə təşrif buyura bilərlər.
Lakin sərgiyə təşrif məsələsində bir nüans var. Əgər sərgini hansısa səfirlik təşkil edibsə, yaxud nüfuzlu şirkətin sponsorluğu ilə baş tutubsa, mədəniyyət məmuru və jurnalist qisminin geniş təmsil olunacağına şübhəniz qalmasın. Deməli, həm zəngin furşet olacaq, həm də nə bilmək olar: bəlkə sizi də görüb yadda saxlayarlar. Ağız açsanız, hansısa probleminizi də həll edərlər. Lap məşhur tamaşadakı elçilik səhnəsindəki kimi.
Düzdür, bəzi istisnalar da olur. Bir dəfə adi masajçı təsadüfən olduğu sərginin təəssüratını mənimlə bölüşəndə xeyli təəccüblənmişdim. Əgər masajçı sərgilənən əsərlərin diqqətəlayiq olanını kənara qoyub, ən zəifini tərifləməsəydi, sözsüz ki, təəccübüm keyfiyyətcə yeni hisslərə çevrilərdi. Hələliksə, jurnalist qeydlərinin "sərgi, yaxud filan, sənətsevərlər tərəfindən böyük maraqla qarşılandı" məzmunlu cümlələrilə bitən sonluğuna inanan rəssamlar da, öz dediyinə inanmağa borclu olan qələm əhli də əvvəlcə bir-birilərini, daha sonra isə birləşib teleseyrçi, oxucu kütləsini aldadırlar.
Görüşə gəl...
Mövzudan uzaqlaşdığımı zənn etməyin. Sadəcə, rəhmətlik Səttar Bəhlulzadənin cəmiyyətimizdə təsviri sənətə və bu sənətin daşıyıcılarına münasibət barədə dediyi fikirlər yadıma düşür. Bir dəfə "Qobustan" jurnalına müsahibə verəndə böyük Səttar bizim bu gözəl sənətə biganəliyimizi bir misalla təsvir edibmiş. O deyirmiş ki, hələ görmədim ki, kimsə sevdiyi qıza muzeydə, sərgi salonunda görüş verə, onunla birlikdə belə məclislərə təşrif buyura.
Səttarın bu sözləri söylədiyi zamandan ən azı 25-30 il keçib, hətta əsr dəyişib, yeni minillik başlayıb. Ötən illər boyunca Azərbaycanda çox mətləbə münasibət özgələşib, bircə təsviri sənətə maraqdan başqa.
Biganəlik nədən yarandı?
Ara-sıra ziyalılar arasında rəssamlıqdan söhbət düşəndə bəziləri bizim bu biganəliyimizin kökünü müsəlmanlıqda, insan təsvirini yasaq edən əzəli qanunlarda axtarır. Bu cür düşünənlər haqlıdırlarmı? Məncə, yox. Hər halda ötən əsrlərdə bizdən daha etiqadlı, daha saf, itaətkar və Allah xofundan çəkinən müsəlman babalarımızın dövründə, məhz Yaxın Şərqdə miniatür sənəti zirvəyə ucaldı. Əgər indiki biganəlik İslamla əlaqəli olsaydı, onda bizim miniatür sənəti haqqında anlayışımız olmayaydı. Bəs, biganəliyin kökünü nədə axtaraq? Təəssüf ki, bu sualın ən ağlabatan cavabını hələ tapmamışam. İşdir, tapsam, "kəşf"imi mütləq sizlərlə bölüşəcəyəm.
Bizə qalan nə...
İyirmi-otuz il öncə Azərbaycanda musiqi təhsili almaq, sənət dərnəklərinə getmək yaman dəbdə idi. Təbii ki, həmin illərin zorən musiqi təhsillililərinin doxsan faizi musiqiçi olmadı. Təxminən, 20 il əvvəl mənimlə eyni vaxtda rəsm dərnəyində məşğul olanların çoxu da bu sənətin ardınca getmədi. Amma öz qazancımız az olmadı: rəng duyumu, ölçü hissi, zövq, dizayn anlayışı, yeri düşəndə, Azərbaycan və dünya təsviri sənəti barədə söz demək qabiliyyəti.
Bu günsə valideynlərin istəyi, uşaqların marağı bambaşqadır. Sözsüz ki, xarici dil bilmək, yaxud yolunu kəsən birinə uşu, karate fəndi ilə cavab verməyi bacarmaq çox yaxşıdır. Amma gərəkməz ki, öyrəndiyimiz yad dildə özümüz haqqında, illah da daşıyıcısı olduğumuz mədəniyyətin ünlü simaları, tariximiz barədə də söz deməyi bacaraq?
Hər halda bu barədə düşünməyə və çıxış yolu axtarmağa dəyər. Mədəniyyətimizi yaşatmaq naminə.
|