İş günü

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Kriminal
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#113(337)
"Havada" qalmış tələbələr
Ləğv edilmiş özəl ali məktəblərin tələbələrini dövlət ali təhsil müəssisələrinə asanlıqla qəbul etmirlər

Bir müddət əvvəl təhsil naziri Misir Mərdanov respublikada fəaliyyət göstərən özəl ali təhsil müəssisələrinin sayının çoxaldığını qeyd edərək onların işinə yenidən baxılacağını bildirmişdi. O, fikrini həmin məktəblərin elmi-texniki bazasının aşağı olması, bu səbəbdən də orada kadr hazırlığının istənilən səviyyədə aparılmaması ilə izah edib. Ötən tədris ilinin sonunda isə Təhsil Nazirliyinin (TN) müvafiq orqanları özəl məktəblərə verilən lisenziya şərtlərinin necə yerinə yetirilməsini araşdırmaq üçün "Müstəqil Azərbaycan", "Naxçıvan" Universitetləri, San-Marino Beynəlxalq Elmlər Akademiyasının Akademik Mərkəzinin Azərbaycan filialı və Gəncə Elm və Təhsil Mərkəzinin tərkibinə daxil olan üç ali məktəbdə yoxlamalara başladı.
Cari ilin avqust ayında aparılan yoxlamalar yekunlaşdıqdan sonra məlum oldu ki, TN tərəfindən adı çəkilən məktəblərdən birincisi istisna olmaqla digərlərinin lisenziyaları ləğv edildi. M.Mərdanovun qərarı ilə fəaliyyətini dayandıran həmin özəl təhsil müəssisələrinin tələbələri öz ixtisaslarına uyğun olaraq dövlət ali məktəblərinə köçürülüb. Nazirlik rəsmiləri həmin tələbələrin yerləşdirilməsinin sentyabrın 1-ə qədər yekunlaşacağını iddia etsələr də proses hələ davam edir. Qeyd edək ki, adı çəkilən özəl məktəblər bağlandıqdan sonra hüquq fakültələrində təhsil alan tələbələr Bakı Dövlət Universitetinin eyniadlı ixtisasına köçürülüb. Həmçinin, ləğv edilən özəl məktəblərin tələbələrinin bir qisminin universitetin jurnalistika və filologiya fakültələrinə qəbul edilməsinə qərar verilib. Buna baxmayaraq, universitet rəhbərliyi həmin tələbələri asanlıqla qəbul etmək fikrində deyil. Çünki elmi-texniki və kadr potensialına görə, BDU respublikada ən nüfuzlu təhsil müəssisəsidir. Qəbul imtahanlarında yalnız ən yüksək bal toplayan abituriyentlər orada təhsil almaq şansı əldə edə bilir. Lakin özəl ali təhsil müəssisələrinə tələbələr daha aşağı ballarla qəbul olunur. Hətta həmin məktəblərdə qəbul planı dolmadıqda onlar daxili test keçirərək bu yolla biliksiz tələbələri belə qəbul edirlər. Bunu nəzərə alan BDU-nun rektoru Abel Məhərrəmov universitetin nüfuzunu aşağı salmamaq üçün Təhsil Nazirliyinin qarşısında ləğv edilən özəl məktəblərin tələbələrini müsabiqə keçirməklə qəbul edilməsi məsələsini qaldırıb. Rektorun bu addımı tələbələr və onların valideynlərinin narazılığına səbəb olsa da, Məhərrəmovun qərarı dəyişməz qalıb. BDU-nun mətbuat xidmətinin rəhbəri Qafar Çaxmaqlı özəl məktəblərdən köçürülən tələbələrin universitetə qəbul edilməsi üçün müsabiqə keçirildiyini bildirdi. Q.Çaxmaqlı bunu universitet tələbələri ilə özəl məktəblərdə təhsil alanların bilik səviyyələrinin eyni olmaması ilə izah etdi: "Hamıya məlumdur ki, özəl universitetlərə qəbul digərlərinə nisbətən daha asandır. Buna görə də 650 və daha çox bal toplayaraq BDU-nun hüquq fakültəsinə qəbul olan tələbə ilə 100-110 balla özəl universitetə daxil olanların səviyyəsini eyniləşdirmək olmaz". Onun sözlərinə görə, köçürülən tələbələrin qəbulu üçün universitetdə TN və BDU-nun nümayəndələrindən ibarət komissiya yaradılıb. Burada tələbələrin sənədləri ilə bərabər müsabiqə yolu ilə onların bilik səviyyələri yoxlanılır. Q.Çaxmaqlı müsabiqədən keçməyən tələbələrin digər özəl məktəblərə göndəriləcəyini söylədi. Qeyd edək ki, komissiya universitetə köçürülənlər sırasında 67 nəfər, o cümlədən 7 nəfər hüquq fakültəsi tələbəsinin müsabiqəyə buraxılmasına qərar verib.
Xatırladaq ki, ötən illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbul haqqında əmri ilə özəl ali məktəblərə qəbul olunmayan tələbələrin dövlət ali təhsil müəssisələrinə yerləşdirilməsindən imtina edilib. Daxili testlə özəl ali məktəblərə qəbul aparılması qeyri-qanuni olduğundan bu yolla həmin məktəblərə qəbul edilən tələbələr Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Dövlət Dillər Universitetində (DDU) də qəbul olunmur. Bu səbəbdən ADPU-nun tarix və filologiya fakültələrinə köçürülən 100-ə yaxın tələbədən yalnız təqribən 60 nəfəri həmin ali məktəbdə təhsillərini davam etdirə biləcək. Universitetin tədris hissəsinin müdiri Vaqif Həsənov bunu adı çəkilən özəl məktəblərdə daxili qəbul keçirilməsi ilə izah etdi. O, müvafiq komissiyada onların sənədlərini araşdıraraq TQDK-nın qəbul haqda əmri olmayan tələbələrin ADPU-ya köçürülmədiyini bildirdi.
TN ləğv edilən "Naxçıvan" Universitetinin 350 nəfər tələbəsinin isə DDU-nun tərcümə və ingilis dili fakültələrinə köçürülməsi haqda qərar qəbul edib. Universitetin prorektoru Natiq Yusifov orada yaradılan TN, "Naxçıvan" Universiteti və DDU-nun nümayəndələrindən ibarət komissiyada həmin tələbələrin müsahibə yolu ilə yoxlanıldığını bildirdi. Onun sözlərinə görə, köçürülən tələbələrin hamısı komissiyadan keçdikdən sonra universitetin müvafiq fakültələrinə yerləşdirilib.
Onu da deyək ki, ləğv edilən özəl ali məktəblərə daxili testlə qəbul olan tələbələrin taleyi sual altındadır. Dövlət ali məktəblərinə qəbul olunmayan həmin tələbələr yenidən TN-ə müraciət edəcəkləri bildirirlər. Nazirlikdə isə hələlik bu haqda qəti qərar qəbul olunmayıb. Bu haqda daha dəqiq məlumat isə növbəti sayımızda dərc ediləcək.

Dövlət büdcəsi kreditlərdən məhrum ola bilər
Dünya Bankı Azərbaycan hökumətinə noyabra kimi vaxt verib

Xəbər verdiyimiz kimi, dövlət sektorunda islahatların tənzimlənməsi layihəsinə hazırlıq məqsədilə sentyabrın 19-da Kristian Petersonun rəhbərliyi ilə Dünya Bankının nümayəndə heyəti Bakıya gəlib. Bankın ekspertləri sözügedən maliyyə strukturunun tövsiyələrinin Azərbaycan hökuməti tərəfindən noyabr ayına kimi yerinə yetirilməsi məsələsini müzakirə etməlidirlər. Məhz noyabrda bankın direktorlar şurası Azərbaycanda struktur islahatlarının aparılması üçün kredit ayrılması barədə qərar qəbul edə bilər.
Dünya Bankının Azərbaycan hökuməti qarşısında irəli sürdüyü vacib tövsiyələrindən biri ilk növbədə struktur islahatları ilə bağlı orta təcili proqramın hazırlanmasıdır. 30 milyon dollar həcmində olan noyabr krediti proqramın yalnız ilk mərhələsi üçün hesablanıb. Lakin Azərbaycan hökuməti DB-nin struktur islahatları ilə bağlı ayıracağı kreditlərin 2 mərhələdə verilməsi ilə razılaşmır. Çünki həmin kreditlər büdcə kəsirini aradan qaldırmaq üçün 2001-ci ilin dövlət büdcəsində öz əksini tapıb. Respublikada struktur islahatları proqramı 5 mərhələni özündə birləşdirir. Onların arasında dövlət idarəçiliyində struktur islahatlarının davamı, neft sektorunun inkişafı, investisiya mühitinin, özəlləşdirilmə prosesinin, əhalinin qaz, su və elektrik enerjisi ilə təhcizatının yaxşılaşdırılması, həmçinin dövlət büdcəsindən səhiyyə və təhsilə ayrılan vəsaitlərin artırılması nəzərdə tutulur. İlk növbədə kommunal xidmətlərin idarə olunması sisteminin təkmilləşdirilməsi və özəlləşdirilməsi prosesinə başlanması gözlənilir. Dünya Bankının tövsiyələrində həmçinin energetika sahəsində maliyyə nizam-intizamının yaradılması proqramının hazırlanmasının vacibliyi önə çəkilir.
Lakin Azərbaycan hökumətində hesab edirlər ki, kommunal xidmətlərlə bağlı qeyd edilən proqramın hazırlanmasına ehtiyac yoxdur. Çünki ölkə hökumətinin BVF və DB ilə birgə hazırladığı proqramda 2005-ci ilə kimi bütün kommunal sektorun inkişafı ilə əlaqədar tədbirlərin görülməsi nəzərdə tutulub. Bakıda səfərdə olan Dünya Bankının ekspertləri ilə müzakirə olunan məsələlərdən biri də enerji sektorunun ümumi proqramdan ayrılması olacaq.
Dünya Bankının digər tövsiyələri "Büdcə sistemi haqqında" qanun layihəsinə, "Antikorrupsiya proqramı"nın qəbuluna, Hesablama Palatasında kadrların komplektləşməsinə, Nəqliyyat Nazirliyinin yaradılmasına, sənayə və kommunal sektorun restrukturlaşdırılması və özəlləşdirilməsinə toxunur. Sonuncu tələbi həll edilmiş hesab etmək olar. Belə ki, artıq bu sektorların özəlləşdirilməsi prosesinin sürətləndirilməsi məqsədilə maliyyə məsləhətçisinin seçilməsi ilə əlaqədar tender elan edilib.
Əslində "Büdcə sistemi haqqında" qanun layihəsi sentyabrın 1-nə kimi hazırlanmalı idi. Lakin həmin layihə üzrə işlər hələ də davam edir. Sözügedən qanun layihəsinin hazırlanmasında DB ekspertləri köməklik göstəriblər. Hesablama Palatası haqqında əsasnamə isə artıq hazırdır. Hələ ki, bu orqan öz sədrindən - keçmiş iqtisadiyyat naziri Namiq Nəsrullayevdən ibarətdir.
Nəqliyyat Nazirliyinin strukturu haqqında əsasnamə hazırlansa da hələ ki, Nazirlər Kabineti və Prezident Aparatında baxılmayıb. Antikorrupsiya proqramı isə hələ də Prezident Aparatında öyrənilir. İndi isə Azərbaycan hökuməti noyabra kimi Dünya Bankının bütün şərtlərini yerinə yetirməlidir. Yaxud da əksinə, bankın rəhbərliyi hökumətin haqlı olduğuna inanmalıdır. Bununla da dövlət büdcəsi üçün vacib olan kreditlər əldə oluna bilər.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd