|
|
|
|
#113(337)
|
 |
RLS oyandı
Rusiya Pentaqonun regiondakı hərəkətini Qəbələ radiolakasiya
stansiyasından izləməyə başlayıb
|
Əfqanıstan ətrafında durumun kəskinləşməsi və ABŞ-ın terrorçu bazalarına zərbələr endirməyə hazırlaşması ilə əlaqədar Qəbələ radiolokasiya stansiyası (RLS) yüksək hazırlıq vəziyyətinə gətirilib.
"Turan"ın bu barədə yaydığı məlumata görə, yerli sakinlər bildiriblər ki, sentyabrın 16-dan RLS ərazisi tünd rəngli dumana bürünüb. Sakinlərin fikrincə, bu, obyektin fəaliyyəti nəticəsində əmələ gəlib. Onkoloji və ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin səhhətinin kəskin pisləşməsi də RLS-in fəaliyyətini canlandırmasından xəbər verir. Hər dəfə RLS aktiv rejimdə işləməyə başlayanda belə hallar baş verir.
Qəbələ RLS-in aktiv iş rejiminə keçməsi faktını Azərbaycan Müdafiə Nazirliyində də təsdiq ediblər. "Lider" TV-nin "Səda" proqramı nazirlikdəki mənbələrə istinadən dünən xəbər verib ki, RLS-də bütün modullar işə salınıb. Əvvəllər stansiyanın modulları 30 faiz gücü ilə işlədilirdisə, indi tam qüvvə ilə işlədilir. Belə olan halda RLS nəzarət etdiyi trayektoriyada bütün hərəkətləri detallarına qədər izləyir. Hərbi obyektin modulları işləyəndə isə, istər-istəməz, həm təbiətə, həm də canlı orqanizmlərə mənfi təsir göstərir. Qəbələ RLS-nin ətraf mühitə vurduğu ziyanı araşdıran ikitərəfli komissiya stansiyada iş apararkən ruslar modulların 80-90 faizini söndürüblər. Stansiya tam gücü ilə işə salınaraq yoxlanmayıb, əgər yoxlansaydı, onun hansı mənfi izlər buraxdığı asan və tezliklə aşkara çıxardı.
Əlavə edək ki, Rusiya Qəbələ RLS-də həyata keçirdiyi tədbirləri Azərbaycanla razılaşdırılır. "Səda"nın müxbirləri stansiyanın yüksək hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı ölkəmizdən razılıq alınıb-alınmadığını dəqiqləşdirə bilməyiblər.
Rusiyanın strateji obyekti olan Qəbələ RLS Bakının 210 km.-də yerləşir. Stansiya Cənub yarımkürəsində qitələrarası ballistik raketlərin uçuşunu izləyr. Obyektdən İran-İraq müharibəsi dövründə, NATO-nun "Səhrada fırtına" əməliyyatı, həmçinin digər hərbi böhranlar zamanı texniki kəşfiyyat məqsədilə istifadə olunub.
Qəbələ RLS-in yenidən tam gücü ilə işə salınması ABŞ-ın düzənləyəcəyi hərbi əməliyyatdan Rusiyanın ciddi şəkildə narahat olduğunu göstərir. Moskva Pentaqonun regionda gözlənilən manevrlərini daha yaxından izləmək niyyətindədir. Bu, Qəbələ RLS-in Rusiya üçün nə dərəcədə strateji əhəmiyyətli obyekt olduğunu bir daha təsdiqləyir.
İran vəd etdiyi yeri vermədi
Tehrandakı səfirliyimizə
bina tikmək üçün başqa ərazi axtarılacaq
|
İran hökuməti səfirlik kompleksinin tikilməsi ilə əlaqədar Azərbaycan tərəfinə əvvəlcə təklif etdiyi ərazini ayırmaqdan imtina edib. Azərbaycanın İrandakı səfirliyinə Tehranda başqa bir ərazi axtarmaq tövsiyə oluub.
Bu barədə məlumat verən Azərbaycan Dövlət Layihə İnstitutunun direktoru Yaşar Mirzəzadənin sözlərinə görə, ötən il Azərbaycan tərəfinə 3 alternativ sahə təklif edilib. Həmin sahələrdən biri Azərbaycan tərəfindən qəbul edilib. Artıq ötən həftə tikinti üçün sahənin ayrılması məqsədilə Tehran bələdiyyəsi ilə protokol imzalanması planlaşdırılıbmış. Lakin İran qəfil həmin ərazini Azərbaycan səfirliyinə verməkdən imtina edib. İran Xarici İşlər Nazirliyi imtinanın səbəblərini izah etməyib.
Qeyd edək ki, 3 hektar ərazini əhatə edəcək səfirlik kompleksində inzibati korpus, səfirin iqamətgahı, biznes və mədəniyyət mərkəzi inşa edilməlidir.
|
Nümayəndə Heyətimiz
Strasburqa yola düşür
|
Bu gün deputat İlham Əliyevin başçılığı ilə Milli Məclis daimi nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyasında iştirak etmək üçün Strasburqa gedəcək. Bu barədə "Turan"a nümayəndə heyəti başçısının müavini, parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri Səməd Seyidov məlumat verib.
Onun sözlərinə görə, sentyabrın 24-28-də keçiriləcək sessiyanın gündəliyinə ABŞ-da baş vermiş son terror aktları ilə bağlı terrorizm məsələsi daxildir. Məsələ ətrafında ciddi müzakirələr aparılacaq və hər bir ölkə problemə münasibətini bildirməlidir.
Sessiyanın gündəliyində Azərbaycanla birbaşa bağlı bənd olmasa da, parlament nümayəndələri dolayısı ilə ölkənin problemlərini əhatə edən məsələlərə toxunmaq niyyətindədir.
Bununla yanaşı, Ermənistan KİV-i bildirib ki, ölkə nümayəndə heyəti bu il sentyabrın 5-də Dağlıq Qarabağda keçirilən "yerli hakimiyyət orqanlarına seçkilərin" legitimliyini sübut edən sənədləri AŞPA-ya təqdim etməlidir.
|
Beynəlxalq Azərbaycan telekanalı yaradılacaq
|
Dünən Milli Məclisin insan hüquqları üzrə komissiyasında "Xaricdə yaşayan azərbaycanlılara əlaqədar Azərbaycan Respublikasının dövlət siyasəti" haqqında qanun layihəsi müzakirə edilib.
Həmin qanun layihəsi respublika hüdudlarından kənarda yaşayan şəxslərə münasibətdə dövlətin siyasi xəttini müəyyənləşdirir.
Qanun layihəsi bütün dünyaya translyasiya ediləcək beynəlxalq Azərbaycan telekanalının yaradılmasını nəzərdə tutur. Kanalın yaradılmasında məqsəd, respublikada baş verən hadisələrlə bağlı xaricdə yaşayan bütün azərbaycanlılara məlumat verməkdir. Qanun layihəsində o da qeyd olunub ki, başqa dövlətlərdə yaşayan azərbaycanlılara qarşı diskirminasiya halları aşkara çıxarsa, ölkə hökuməti həmin dövlətlərə qarşı siyasətini dəyişə bilər.
Çöhrəqanlı Bakıya gələ bilərmi?
Çingiz Göytürk: "Artıq buna mane olmağa heç bir hüquqi əsas yoxdur"
|
"İran prezidenti Xatəminin göstərişi ilə CAMAH lideri Doktor Mahmudəli Çöhrəqanlının xarici pasport probleminin həlli onun Azərbaycana gəlməsi üçün ciddi bir problemin aradan qaldırılması deməkdir". BAB sədrinin birinci müavini Çingiz Göytürk bu qənaətdədir.
Onun sözlərinə görə, BAB-çılar CAMAH liderini Azərbaycanda yüksək səviyyədə qəbul etməyə hazırlıq görürlər. O, həmçinin Çöhrəqanlıya xarici pasport probleminin həllində Güneydəki proseslərin də təsirinin olduğunu deyib: "BAB bir ay əvvəl BMT-nin İnsan Haqları Komissiyasına, Beynəlxalq Əfv Təşkilatına müraciət etmişdi. Çünki Doktor Çöhrəqanlının səhhətində çox ciddi problemlər yaranmışdı. İran adlanan ölkənin ərazisində onun müalicəsinə qətiyyən imkan verilmirdi. Eyni zamanda, xarici pasportunun yoxluğu ona xaricdə müalicə olunmaq imkanı da vermirdi. Ona pasport verilməsi isə Güneydə gedən azadlıq hərəkatının bir nailiyyətidir. Artıq onun Bakıya gəlməsi üçün hüquqi baxımdan maneələr yoxdur. BAB onun Azərbaycana problemsiz gəlişi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək".
BAB funksioneri bildirib ki, müalicə olunmaq üçün xaricə getmək niyyətində olan Çöhrəqanlı səfərini Azərbaycandan başlayacaq: "Doktorun müalicəsi Avropa ölkələrində və ya Kanadada mümkündür. Dünya azərbaycanlıları müalicə xərclərini öz üzərilərinə götürəcəklər. Doktor böyük ehtimalla müalicə üçün xarici seçəcək. Ancaq o, bildirib ki, xarici səfərinin Bakıdan, Azərbaycandan başlayacaq".
|
"Şimal Alyansı" da əməliyyata qoşulacaq
|
Amerikalılar "Şimal Alyansı"na müraciət edərək, Əfqanıstan ərazisinə zərbələr endirilməsi üçün mümkün məqsədlərlə bağlı informasiya verməyi xahiş edib. Amerikalı hərbçiləri hava limanları, silah anbarları, qərargahlar və təlim bazalarının yeri, həmçinin hərbi hissələrin yeri və hərəkət istiqaməti maraqlandırır. Bu barədə CNN teleşirkəti adının çəkilməsini istəməyən "Şimal Alyansı" nümayəndəsinə istinadən məlumat yayıb. Mənbənin məlumatına görə, Alyans ABŞ-ın Əfqanıstan ərazisində aparacağı istənilən hərbi əməliyyatda iştiraka hazırdır.
Bununla yanaşı, lider Əhməd Şah Məsudun ölümü ilə əlaqədər Alyansın Amerikaya yardım göstərmək imkanları məhdudlaşıb.
|
Gürcüstan Dağlıq Qarabağdakı "seçkilər"i tanımır
|
Dünən Gürcüstan XİN sentyabrın 5-də Dağlıq Qarabağda keçirilmiş "yerli özünüidarəetmə orqanlarına seçkilər"lə bağlı bəyanatla çıxış edib. Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, sənəddə rəsmi Tbilisinin suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına istiqamətlənmiş norma və beynəlxalq prinsiplərə tərəfdar olduğu bir daha təsdiq edilir.
Gürcüstan Dağlıq Qarabağ münaqişəsində maraqlı tərəflərii ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları davam etdirməyə, eləcə də münaqişənin sülh yolu ilə nizamlanmasına mane olan hər hansı bir addımdan çəkinməyə çağırır.
Gürcüstan XİN dünya ictimaiyyətinin dəfələrlə etdiyi çağırışlara baxmayaraq münaqişə zonalarında keçirilən qeyri-legitim seçkilərlə bağlı öz narahatlığını bildirib. Xarici siyasət idarəsinin bəyanatında deyilir ki, belə hərəkətlər bölgədə sabitliyə və təhlükəsizliyə xidmət etmir.
|
"DİFAİ" partiyası
yaranır
|
"DİFAİ" Partiyasının yaradılması üzrə Təşkilat Komitəsi (TK) formalaşdırılıb. TK-ya Vəhdət Partiyası sədrinin keçmiş müavini Adil Poladoğlu rəhbərlik edir.
Yeni partiya yaradılması xalq kütlələrini yeni platforma ətrafında birləşdirmək zərurətindən doğub. Mənbənin məlumatına görə, təşkilat fəaliyyətində ölkədəki bütün xalqların partiyası olmaq məqsədini hədəf seçib.
Bildirilir ki, indiki siyasi elita tarixin sınaqları önündə gücsüzlüyünü nümayiş etdirdiyi üçün Qarabağ problemi unudulur, ölkənin bütövlüyü təhlükə altına düşür, xalqın yaşayış səviyyəsi gün-gündən aşağı düşür. TK yerlərdə partiya strukturlarının formalaşdırılmasına başlandığını bildirir.
|
Prezident GUÖAM
qadınlarının nümayəndələri ilə görüşüb
|
Dünən prezident Heydər Əliyev GUÖAM (Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan, Moldova) ölkələri qadınlarının birinci əməkdaşlıq forumunun iştirakçılarını qəbul edib.
Görüş zamanı H.Əliyev GUÖAM-ın yaranma tarixi, qurumun beynəlxalq siyasətdə yeri barədə qonaqlara məlumat verib. O qeyd edib ki, GUÖAM ölkələri qadınları arasında əməkdaşlıq böyük fayda verə bilər. Bildirilib ki, GUÖAM qadınları arasında əməkdaşlıq qrupu qadın hüquqlarının qorunması kontekstində dövlətlərarası sazişlərin reallaşmasına yardım göstərəcək. Qrup bloka daxil olan ölkələr arasında əməkdaşlığın dərinləşməsinə yardımçı olmağı qarşısına məqsəd qoyub. Qeyd edək ki, indiki forumda ancaq Gürcüstan, Ukrayna və Azərbaycan nümayəndələri iştirak edir.
|
Başsağlığına görə minnətdarlıq
|
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ross Uilson Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadəyə məktub göndərib.
Məktubda sentyabrın 11-də Vaşinqton və Nyu-Yorkda baş vermiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə minnətdarlıq bildirilir. "Mənim ölkəm üçün Azərbaycanın dəstəyi böyük əhəmiyyət daşıyır," - deyə məktubda vurğulanır.
|
Sement
heykəllərin
müsabiqə-sərgisi
|
V.Səmədova adına sərgi salonunda sentyabrın qeyri-ənənəvi sərgi açılacaq. Bu dəfə sementdən hazırlanmış heykəllərin müsabiqə-sərgisi keçiriləcək.
Sərgiyə 100-dən artıq heykəl təqdim edilib. Bu heykəllərin arasından yaş qruplarına uyğun olaraq, 3 nominasiya üzrə qaliblər seçiləcək. Qalibləri pul mükafatları gözləyir. Ən yaxşı heykəl kompozisiyası isə Qaradağ sement zavodunun həyətində iri həcmdə ucaldılacaq.
Xatırladaq ki, Müsabiqənin təşəbbüskarı və sponsoru Qaradağ sement zavodudur.
R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində sentyabrın 28-də ilk qadın xalq rəssamımız Maral Rəhmanzadənin fərdi yaradıcılıq sərgisi açılacaq. M.Rəhmanzadənin 80 illiyinə həsr edilmiş bu sərgidə rəssamın uzun illər yaratdığı qrafik əsərlər silsiləsi nümayiş etdiriləcək. "Xınalıq", "Lənkəran qadınları", "Neft daşları", "Qədim Bakı" və s. tamaşaçılara o dövrün ab-havasını xatırladacaq. Sərginin ekspozisiyası həm müəllifin şəxsi kolleksiyasından, həm də muzeyin fondlarında saxlanan əsərlərdən təşkil edilmişdir.
"PKK-nın özəyi Ermənistana köçüb"
İsa Sadıqov: ""Əfqanıstan mütləq bombalanmalıdır"
|
ABŞ-ın ben Ladeni təhvil vermək üçün Əfqanıstana ayırdığı vaxt bitdi. Pentaqon ben Ladenin ABŞ-a təhfil verilməyəcəyi təqdirdə Əfqanstanı yerlə yeksan edəcəyi barədə bəyanat verib. Əfqanıstan, daha dəqiq desək, Taliban nümayəndəsi molla Məhəmməd Ömər isə bildirib ki, ben Ladenin günahkar olduğu təsdiqlənməyincə ABŞ heç kimi ala bilməyəcək. Və bunun ardınca ABŞ-a danışıqlar təklif edən Ömər Ağ evin sərt bəyanatı ilə qarşılaşıb: "Danışıqlar aparmaq yox, iş görmək lazımdır".
İlk baxışdan belə görünür ki, Pentaqon "Əfqanıstanı bombalamalımı, bombalamamalımı" sualı ətrafında düşünür, hətta bu məsələdə bir qədər tərəddüd edir. Müdafiə nazirinin keçmiş müavini, Ehtiyatda Olan Zabitlər Birliyinin (EOZB) sədri İsa Sadıqov isə birmənalı şəkildə bildirir ki, ABŞ Əfqanıstanı bombalamalıdır. Onun fikrincə, Pentaqon bu məsələdə tərəddüd etməməlidir:
- Əfqanıstanın bombalanması məsələsində ABŞ tərəddüd etməməlidir. Çünki bu, bütün Amerika xalqının şərəfi ilə bağlı bir məsələdir. Yüz faiz əmin ola bilərsiniz ki, ABŞ Əfqanıstını bombalayacaq. Pentaqonun hərbi əməliyyatlara başlamaması qeyri-mümkündür.
Sizcə, Əfqanstanın yerlə yeksan
olunması lazımdırmı? Axı burda söhbət həm də insan tələfatlarından gedir...
- Bu, bütün dünyaya dərs olacaq. Düzdür, hərbi əməliyyatlar nəticəsində insan itgisi qaçılmazdır. Amma inanmıram ki,ÿbu itgilərin miqyası deyilənlər qədər böyük olacaq. Çünki ABŞ-ın başlayacağı hərbi əməliyyatların qısımüddətli olacağı nəzərdə tutulub. Taliblər də çox gözəl bilirələr ki, ABŞ hərbi maşınının qarşısında dayanmaq çox çətindir.
Amma deysənə, ABŞ tərəddüd edir:
artıq vaxt bitib...
- ABŞ tərəddüd etmir. Sadəcə olaraq ABŞ-ın zərbələr endirə biləcəyi nöqtələr çoxdur. Hər şey tam dəqiqləşəndən sonra həmin bazalara güclü zərbələr endiriləcək.ÿVə bunlar elə zərbələr olacaq ki, bu, terroru dəstəkləyən dövlətlərə dərs olacaq. Mən deyərdim ki, ABŞ-ın bu əməliyyatları prestijdir, uğurdur.
Belə çıxır ki, Siz çoxlarından, bəlkə də
hamıdan fərqli olaraq ABŞ-ın Əfqanstanı bombalamasını istəyirsiniz və...
- Bəli, şəxsən mən Əfqanıstanın bombalanmasını istəyirəm. Çünki onlar terrorçuları dəstəkləyirlər. Həmin ərazilərdə terrorçuları hazırlayan bazalar var. Amma hələ də bəlli deyil ki, həmin terrorçular bundan sonra harada və nə törədə bilərlər, o cümlədən də Azərbaycanda. Üsəma ben Ladenin əsas iddialırından biri də odur ki, o, böyük islam dövləti yaratmaq istəyir. Ona görə də həmin ərazilərdə əməliyyatlar aparıb təmizləmə işləri görülməlidir. Neçə ilərdir ki, Türkiyə təkbaşına qalıb və bütün dünyaya sübut edə bilmir ki, türk dünyasına qarşı 30 ildir, terror aktları həyata keçirilir. Ona görə də terrora qarşı mübarizə aparanların ön sırasında durmalıyıq.
Axı hərbi əməliyyatlar başlasa,
istər-istəməz günahsız əfqan vətəndaşları da qırılacaq...
- Hesab edirəm ki, ABŞ-ın zərbə endirəcəyi nöqtələr sırf hərbi bazalar, terorrçulara təlimlərin keçirildiyi, ben Ladenin gizləndiyi ehtimal edilən yerlər olacaq. Yəni ABŞ-ın iri şəhərləri, günahsız insanların yaşadığı yerləri bombalamaq fikri yoxdur. Artıq məlumdur ki, ben Laden bir neçə terror aktlarını həyata keçirib. Bu vəziyyətdə Taliban onu təhvil verməlidir. Öz imkanlarını gözəl bilən Taliban müharibə variantını unutmamalıdır. Ona görə də inanmıram ki, taliblər belə bir müharibəyə girişsinlər. Çünki buna onların nə imkanı, nə də ki, hərbi qüdrəti var. Bu müharibə qısamüddətli və iri, dəqiq zərbələrlə olacaq.
Amma Pentaqonun açıqlamalarında
bildirilir ki,ÿhava hücumlarının ardınca desant qüvvələrindən istifadə ediləcək. Yəni müharibə Siz deyən kimi qısamüdətli olmayacaq.
- Bu, artıq taliblərin hərəkətlərindən asılıdır. Onlar qarşıdurmaya getsələr, tələbləri yerinə yetirməsələr, desant qüvvələri hücuma keçəcək.ÿABŞ-ın buna böyük imkanları var. Amma ABŞ bu addımları həmin ərazilərdə qalmaq yox, əməliyyatları keçirib öz məqsədlərinə nail olmaq üçün atacaq. İnanmıram ki, bu cür təhlükə yaranandan sonra Taliban hökuməti hansısa bir ben Ledenə görə öz hakimiyətindən imtina etsin. Hətta ABŞ şimal alyansının dəstəyi ilə də çox şeyə nail ola bilər.
Srağagün Ermənistan müxalifət
partiyalarının liderləri bəyanat yayıblar ki, Köçəryan terrorizmi dəstəkləyir, terrorçuları himayə edir. Sizcə, antitterror əməliyyatlarına başlayan ABŞ-ın Ermənistana hansısa formada təsiri mümkündürmü?
- Türklərə qarşı terorr aktlarını törədən Abdulla Öcəlan həbs ediləndən sonra PKK-nın özəyi faktiki olaraq Ermənistana, Qarabağa köçürülüb. Ona görə də belə bir antiterror əməliyatının həmin ərazilərdə də aparılması zəruridir. Və biz bütün qüvvəmizi buna səfərbər etməliyik.
Sizcə, Azərbaycan Qarabağda
antiterror əməliyyatları aparmağa başlasa, ABŞ bizə ciddi dəstək verə bilərmi?
- ABŞ-ı deyə bilmərəm... Amma son hadisələrdən sonra Türkiyənin NATO-dakı mövqeyi daha da gücləndi, bu ölkənin əhəmiyyəti artdı. Bu isə o deməkdir ki, Türkiyəyə diqqət artırılacaq. Türkiyə isə bizə böyük köməkliklər edə bilər. Artıq sübut olundu ki, Ermənistanın ASALA terrorçu təşkilatının ərəb dövlətləri ilə sıx əlaqələri var. Və istisna deyil ki, son terorr aktında da onların əli olub. Ona görə də ABŞ Azərbaycana və Ermənistana münasibətində müəyyən dəyişikliklər edəcək.
Corc Buş Azərbaycanın nümayiş
etdirdiyi mövqeyinə görə, prezident Heydər Əliyevə təşəkkürünü bildirib. Sizcə, bunun ardınca ABŞ-dan nəsə gözləmək mümkündürmü?
- Bəli. Həmçinin "907-ci düzəliş"in də aradan qaldırılması mümkündür. ABŞ hər il Dağlıq Qarabağa 12 milyon dollar yardım ayırırdı. Bu da ordakı terrorçulara istər-istəməz dəstək idi. Yəqin ki, bundan sonra onlar bu addımlarında düzəlişlər edəcək. Bu məsələdə Türkiyə də ciddi addımlar atacaq. Onlar İran və İraq ərazilərində PKK ilə mübarizə aparmaq istəyirdisə, bundan sonra Ermənistan ərazilərində və Qarabağda də bu cür əməliyyatların başlanmasına zərurət hiss edilir.
|