Xəbərlər xətti

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Kriminal
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#113(337)
"Qaya"nın Almaniyada diski buraxılıb

Almaniyada yetmişinci illərin məhşur vokal qrupu "Qaya"nın kompakt diskləri buraxılıb. Diskdə qrupun yaradıcılarının - Teymur Mirzəyevin, Arif Hacıyevin, Lev Yelizavetski və Rauf Babayevin ifasında yazılmış mahnılar toplanıb.
Qeyd edək ki, qrupun 40 illik yubileyi oktyabrın 10-da R.Behbudov adına Mahnı Teatrında keçiriləcək. Elə həmin gün də "Qaya"nın BP şirkətinin sponsorluğu ilə buraxılmış təzə disklərinin təqdimatı keçiriləcək. Ansamblın iki üzvünün - T.Mirzəyev və L.Yelizavetskinin xaricdə yaşaması səbəbindən onlar mərasimdə iştirak edə bilməyəcəklər. Yubileydə ölkəmizin tanınmış sənətçiləri iştirak edəcəklər.

Türkmənbaşı dincəlməlidir

Ötən gün Türkmənistan prezidentini müayinə edən alman cərrah-kardioloqu Hans Meysner (1996-ci ilin sentyabrında Münhendə Niyazovun ürəyində cərrahiyə əməliyyatı aparıb) Aşqabadda jurnalistlərlə söhbətində Saparmurat Niyazovun səhhətindən razı olduğunu bildirib.
Cərrahın sözlərinə görə, Aşqabad Beynəlxalq Tibb Mərkəzində aparılan kompleks analiz göstərib ki, "prezidentin ürək-damar sistemi və digər mühüm orqanlarının fəaliyyəti normaldır". Həkim həmçinin Türkmənbaşına məsləhət görüb ki, "çox dincəlsin, az işləsin, stress situasiyalardan uzaq olsun".

Üləmalar Üsəmaya ölkədən çıxmağı təklif etdilər

Dünən Əfqanistan üləmaları ABŞ-da törədilən terror aktlarında şübhəli bilinən Üsəma ben Ladenə ölkəni könüllü tərk etməyi təklif edib. Bu qərar Kabildə üləmalar şurasının yığıncağının yekunlarına əsasən qəbul edilib. Bu barədə bir neçə informasiya agentliyi Pakistan paytaxtındakı mənbələrə istinadən məlumat yayıb. İslamabada daxil olan məlumatda bildirilir ki, üləmaların qərarını talib rejiminin informasiya naziri açıqlayıb. Sənəddə deyilir: "Situasiyanın kəskinləşməsinə yol verməmək üçün üləmalar talib hakimiyyətini ben Ladeni Əfqanıstan ərazisini tezliklə tərk etməyə razı salmağa çağırır. Ben Laden özünə başqa ölkədə sığınacaq tapmalıdır". Qeyd edək ki, öncə talib hökumətinin lideri Molla Ömər ben Ladenin təhvil verilməsini və ya onun Əfqanıstandan çıxmasının mümkünlüyünü təkzib etmişdi.

Corc Buş İslam Kərimovla danışdı

Çərşənbə günü Özbəkistan prezidenti İslam Karimov ABŞ prezidenti Corc Buşla telefonla danışıb. Söhbətdən bir neçə saat öncə isə İ.Karimov Rusiya Təhlükəsizlik Şurasının katibi Ruşaylo ilə görüşündə bildirib ki, Özbəkistan terrorçulara qarşı əməliyyatlarda iştirakla bağlı ABŞ-a razılıq verməyib. Karimovun mətbuat xidmətinin məlumatına görə, Buşla söhbət zamanı regional təhlükəsizlik və beynəlxalq terrorizmlə mübarizə məsələləri diqqət mərkəzində olub. Tərəflər "qlobal problem olan terrorizmlə mübarizədə, onun köklərinin və maliyyə mənbələrinin məhv edilməsində dünya ictimaiyyətinin səylərinin canlandırılmasının" vacibliyini qeyd ediblər. Bu sahədə qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə razılıq əldə olunub.

Səfirlikdə təhlükəsizlik tədbirləri gücləndirilib

ABŞ-ın Bakıdakı səfiri Ross Uilson Azərbaycanda çalışan Amerika şirkətlərinin nümayəndələrilə görüşüb. "Turan" məlumatlı mənbələrə istinadən xəbər verib ki, görüş zamanı səfir amerikalı vətəndaşları ehtiyatlı olmağa və təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb. Bu tövsiyələr Əfqanıstan ətrafında yaranmış durumla bağlıdır. Xatırladaq ki, sentyabrın 11-də baş vermiş terror aktlarından sonra ABŞ səfirliyi diplomatik nümayəndəlikdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.

Tehran tələbələri ABŞ-ı dəstəkləyib

Sentyabrın 19-da Tehranın "Mader" meydanında təhlükəsizlik qüvvələri tələbə qruplarının keçirdiyi mitinqi dağıdıb. Tələbələr Vaşinqton və Nyu-Yorkda baş vermiş terror aktları ilə bağlı ABŞ-la həmrəyliyini bildirib. Bu barədə Bütöv Azərbaycan Birliyi mətbuat xidməti məlumat verib. Aksiya iştirakçılarının bir neçəsi həbs edilib. Bəzi məlumatlara görə, mitinqdə 4 minə yaxın adam iştirak edib.

Neftçilər mükafatlandırıldı

Azərbaycan prezidenti Heydər Əliyev dünən "Neftçilər günü" peşə bayramı münasibətilə bir qrup neftçinin təltif olunması barədə fərman imzalayıb. Fərmanla neft və qaz sənayesinin inkişafındakı xidmətlərinə görə ölkənin bir qrup neftçisi "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə təltif olunub.

Lukaşenko and içir...

Minskdə prezident Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilib. Ölkənin ali dövlət postunda onun üzərinə qoyulan öhdəlikləri vicdanla yerinə yetirəcəyinə and içən Lukaşenko vətəndaşların hüquq və azadlıqlarını qoruyacağını, konstitusiyaya əməl ediləcəyinə söz verib. Belarus prezidentinin inauqurasiya mərasimində yalnız onun tərəfdarları iştirak ediblər.

"Çaqqal" dilinin badına getdi

Fransada ömürlük həbs cəzası çəkən "Çaqqal" ləqəbli məşhur terrorçunun - Karlos İliçin "Frans-Suar" qəzetinə verdiyi müsahibədən sonra Paris Prokurorluğu burada səsləndirilən fikirlərlə bağlı istintaqa başlayıb. "Çaqqal" bəyan edib ki, o, televiziya kanallarında terrorçuların ABŞ-a hücumu haqqında reportajları seyr edəndə sevincinin həddi-hüdudu yox imiş. O, həmçinin deyib ki, Nyu-York və Vaşinqtondakı "düşmən hədəflərini" məhv etmək məqsədilə həyata keçirilən hava zərbələrini onun adamları təşkil edib.

Əyalət danışığa gəlmədi

Moldova prezidenti Vladimir Voronin və Dnestryanı bölgənin lideri İqor Smirnov arasında nəzərdə tutulan danışıqlar baş tutmayıb. Belə ki, qiyamçı əyalətin rəhbəri Smirnov danışığa gəlməkdən imtina edib. Moldova prezidenti deyib ki, rəsmi Kişinyov dialoqun davam etdirilməsi naminə danışıqlar masası arxasında oturmağa hazırdır.

"Qazprom" türkmən qazı alır

"Turkmenistan.ru" internet saytının verdiyi məlumata görə, Aşqabadda Rusiyanın "Qazprom" Səhmdar Cəmiyətinin və "Türmkmənneftqaz" dövlət ticarət korporasiyasının nümayəndələri arasında türkmən qazının alınmasına dair danışıqlar başlayıb. Danışıqların əsas mövzusu türkmən qazının alqı-satqısına dair uzunmüddətli müqavilənin layihəsinin hazırlanması məsələsidir. Tərəflər sazişin 5 və ya 10 il müddətinə bağlanması, ən əsası isə qiymət məsələsində orta məxrəcə gələ bilmirlər. Aşqabad "mavi yanacağ"ın bütün alıcıları qarşısında eyni şərtlər irəli sürür. Xatırladaq ki, Ukrayna 2002-ci il üçün türkmən qazının hər 1000 kub metrinə 42 dollar ödəmək şərtilə saziş imzalayıb.

Qazaxıstan hiddətlənib

Fransalı ekspert Rolan Jakarın "Dünyanın bir nömrəli terrorçusu Qazaxıstandan əldə etdiyi primitiv nüvə silahını istənilən vaxt tətbiq edə bilər" ehtimalı Qazaxıstan hökumətinin etirazına səbəb olub. Rəsmi Astana hesab edir ki, fransız aliminin "kəşfi" konkret faktlarda öz əksini tapmayıb və bu, özünün məşhurlaşması üçün ortaya atılan bir uydurmadır.

Departament xəbərdarlıq edir

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Türkmənistan və Yəmənə səfərə çıxmamağı məsləhət görüb. Bu, ABŞ-ın Əfqanıstana qarşı hazırladığı hərbi əməliyyatların tezliklə başlanması ehtimalı ilə bağlıdır. ABŞ sözügedən ölkələrdən diplomatlarının evakuasiyasına başlayıb. Qeyd edək ki, Türkmənistan-Əfqanıstan sərhədinin uzunluğu 700 kilometr təşkil edir.

Kipr müdafiə naziri Ermənistana gəlib

Kiprin müdafiə naziri Sokrates Hasikos Ermənistana gəlib. Üç gün davam edəcək səfərdə kiprli nazir Ermənistan prezidenti Robert Köçəryan, baş nazir Andranik Marqaryan, parlament spikeri Armen Xaçaturyan, müdafiə naziri Serj Sarkisyanla görüşüb. Ermənistan və Kipr hərbi əməkdaşlıq haqqında proqram hazırlamaq niyyətindədir. Tərəflər ölkələrin əlaqələri tarixində ilk dəfə olaraq hərbi sahədə bir sıra müqavilələr imzalayıblar. Ermənistan baş naziri kiprli nazirlə görüşdə deyib ki, regionda ölkələrin hərbi maraqları üst-üstə düşür və indi hərbi sahədə əməkdaşlıq layihələri üçün daha yaxşı zəmin var.

Kanada tədbir görür

"Qlob ənd meyl" qəzeti yazır ki, Kanada Miqrasiya Nazirliyi öz əməkdaşlarına Əfqanıstan, Albaniya, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Türkiyədən, habelə Çeçenistan və Dağıstandan gələn sərnişinlərə nəzarəti gücləndirmək haqqında xüsusi instruksiya verib. Adı çəkilən bölgələr nazirliyin instruksiyasında münaqişə rayonu və ya terrorçuların hazırlandığı ölkələr kimi təsrif edilib.

Ağ eləmə!

İran paytaxtında Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə keçirilən və ABŞ-dakı terror hadisələrinin pislənməsinə yönələn mitinq sonda təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında güclü qarşıdurmaya səbəb olub. Mitinq iştirakçıları tədbirə "Rədd olsun Taliban!" şüarı ilə başlasalar da, sonradan bunlar "Amerika, biz səninləyik!" çığırtıları ilə əvəz olunub. Polis nümayişçilərin "həddini aşdığını" görüb dəyənəkləri işə salıb. Qarşıdurmada 18 nəfər yaralanıb.

"Bakıelektrikşəbəkə" kimə qismət olacaq?
Elektrik enerjisinin tarifləri artırılacaqmı...

Türkiyənin Barmek Nolding şirkətinin "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin idarəçiliyə verilməsi üzrə tenderdə qalib gəlmək şansı daha çoxdur. Bu barədə məlumatlı mənbələrin bildirdiyinə görə, İqtisadi İnkişaf Nazirliyi ilə şirkət arasında aparılan danışıqlardan məlum olub ki, Barmek Nolding dövlət zəmanəti və yaxın vaxtlar ərzində elektrik enerjisinə görə tariflərin artırılmasını tələb etmir. Elektrik enerjisindən güzəştli əsaslarla istifadə edənlərin məsələsi də artıq həll olunub. Belə ki, hələ Siemens-lə danışıqlar aparılan zaman ölkə hökuməti güzəştlilərin aldığı elektrik enerjisinə görə, dotasiya ayırmağı öz üzərinə götürmüşdü. İndi isə Barmek Nolding-in "Bakıelektrikşəbəkə"ni idarəçiliyə götürüb götürməyəcəyi şirkətin özündən asılı olacaq. Hansı ki, həmin şirkət hazırda "Bakıelektrikşəbəkə"nin götürülməsinin effektli olub-olmayacağı ilə bağlı detal hesablamalar aparır. Bu hesablamalar əsasən elektrik enerjisinin tarifləri ilə bağlıdır. Barmek Nolding-in rəhbəri Hüseyin Arabul bildirib ki, onlar hər ay 2,5 milyard manat enerji haqqı toplamaq fikrindədirlər. Şirkətin tenderdə irəli sürdüyü təkliflərdən görünür ki, Barmek Nolding 25 il müddətində "Bakıelektrikşəbəkə"yə 300 milyon dollar investisiya qoymaq niyyətindədir. İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, Hollandiyanın AES Parkshot Nolding B.V şirkəti də "Bakıelektrikşəbəkəni" idarəçiliyə götürmək niyyətindədir.

"Şahdəniz"lə bağlı kompromis əldə olunmadı
Danışıqlar növbəti həftə davam etdiriləcək

"Şahdəniz" yatağından hasil ediləcək qazın nəql edilməsi üçün nəzərdə tutulmuş Bakı-Tbilisi-Ərzurum marşrutu ilə qaz kəmərinin çəkilişi üzrə Azərbaycan və Gürcüstanın işçi qrupları arasında növbəti danışıqlar çox güman ki, gələn həftə keçiriləcək. Qeyd edək ki, Londonda keçirilən son danışıqlar zamanı tərəflər arasında tranzit tariflərinin həcmi ilə bağlı kompromis əldə olunmayıb. Lakin mövqelərdə yaxınlaşma hiss edilib. Qeyd edək ki, danışıqlarda Britaniyanın BP şirkətinin ekspertləri fəal iştirak edib. Onu da deyək ki, BP "Şahdəniz" yatağının istimarı üzrə operatordur. Tərəflər arasında əsas problemlərin baş qaldırması Azərbaycan qazının Gürcüstan ərazisindən keçən hissəsinin tranzit tarifləri ilə bağlıdır. Gürcüstana aşağıdakı tariflər təklif edilib: İlk 5 il üçün hər 1000 kubmetrin tranzitinə görə 2, növbəti 5 ildə 2,75, sonrakı 5 ildə 3,50, daha sonrakı 5 ildə isə 4,25 dollar. Əldə edilən məlumatlara görə, Gürcüstan tərəfi ilk 5 il üçün hər 1000 kubmetrə 5, sonrakı beşilliklər üçünsə 10 dollaradək artırılmasını təklif edir. Bütün bunlara baxmayaraq, tərəflər hesab edirlər ki, sentyabrın sonuna kimi kompromisə gələ biləcəklər. Kompromis əldə edildikdən sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi ilə əlaqədar dövlətlərarası saziş imzalamaq üçün Eduard Şevardnadzenin Bakıya səfər edəcəyi gözlənilir.

Əmək yarmarkası keçiriləcək

Oktyabrın sonunda Bakıda, Əl oyunları sarayında növbəti əmək yarmarkası keçiriləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsindən verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd Bakıda yaşayan işsizlərin işlə təmin olunmasıdır. Həmin yarmarkada vakant yerlərlə çıxış edən 600 dövlət müəssisəsinin və şirkətin iştirakı gözlənilir. Vakant yerlərin bir hissəsi əlillərə, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə təklif ediləcək. Xatırladaq ki, 1997-ci ildən keçirilməyə başlanılan əmək yarmarkalarında bu vaxta qədər 20 min nəfər işlə təmin olunub.

Hacıbala Abutalıbov haqlıdır, yoxsa bələdiyyələr

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun paytaxt ərazində bələdiyyələrin reklam fəaliyyəti ilə məşğul olmasına qadağa qoyması qüvvədə olan qanunvericiliyə ziddir. Bakı bələdiyyələri digər yerli özünüidarəetmə orqanları Dövlət Torpaq və Kartoqrafiya Komitəsi (DTK) tərəfindən bələdiyyələrin sərhədlərini göstərən sənədlərdən sonra bu hüququ əldə ediblər. Bu barədə məlumat verən DTK-nın analitik-informasiya idarəsinin rəisi Hikmət Məmmədov bildirib ki, BŞİH Torpaq Məcəlləsinin müddəalarını pozub. Onun sözlərinə görə, bələdiyyələrin sərhədləri ötən il avqustun 31-də müəyyənləşib. Və onların öz torpaqlarına sahib çıxmağa tam qanuni hüquqları çatır. Ona görə də bələdiyyələr öz qanuni haqlarını tələb etmək üçün məhkəməyə müraciət etməlidirlər. Qeyd edək ki, respublikada 2267, o cümlədən Bakıda 49 bələdiyyə var.

Hesablama Palatası işə başlayacaq

Milli Məclisin payız sessiyasında "Hesablama Palatası haqqında" Əsasnamə təsdiq ediləcək. Bu da artıq o deməkdir ki, Hesablama Palatası 2002-ci il yanvarın 1-dən fəaliyyətə başlaya bilər. Bu barədə məlumat verən sözügedən strukturun rəhbəri Namiq Nəsrullayev bildirib ki, yanvarın 1-nə kimi Hesablama Palatasının (HP) sədr müavini və 7 auditoru təyin ediləcək. HP-nin xərcləri 2002-ci ilin dövlət büdcəsinin xərclər hissəsində öz əksini tapacaq. Bu qurumun Hökumət evində yerləşəcəyi gözlənilir. Qeyd edək ki, HP dövlət büdcəsinin xərclər hissəsinin audit yoxlamalarını həyata keçirəcək. Beynəlxalq Valyuta Fondu Azərbaycan hökuməti tərəfindən ali audit institutunun (Hesablama Palatası) yaradılmasını struktur islahatlarının vacib istiqamətlərindən biri hesab edir. Beynəlxalq ekspertlər HP-nin səlahiyyətlərini daha genişləndirməyi təklif etmişdilər. Həmin təkliflərə görə, HP təkcə büdcənin deyil, qeyri-büdcə resurslarının da auditini aparmalı, sonra isə auditin nəticələri ictimaiyyətin diqqətinə çatdırılmalıdır. BVF ekspertlərinin fikrincə, bununla da həm büdcə, həm də qeyri-büdcə xərclərinin şəffaflığı təmin olunur. HP hər 2 aydan bir büdcənin gedişi ilə bağlı parlament qarşısında hesabat verəcək.

Qısa xəbərlər

  • Əfqanıstanın Taliban hökuməti Özbəkistan İslam Hərəkatının lideri Cümə Nəmənqanini şimal rayonunda gedən əməliyyatların baş komandanı elan edib. Xatırladaq ki, Cümə Nəmənqani Fərqanə vadisində islam xilafəti yaratmaq istədiyinə və bu məqsədlə Özbəkistanda silsilə qətllər törətdiyinə görə axtarışdadır.
  • Bağdad ölkə mətbuatına yerli sakinlərdən müsahibə almağa qadağa qoyub. Bu, hər şeydən əvvəl ABŞ kəşfiyyatçılarının İraq mətbuatında dərc edilən sensasiya xarakterli yazıları təhqiqat obyektinə çevirməsi ilə bağlıdır.
  • Əfqanıstanın Dini Məsləhət Şurası Üsəma ben Ladenə ölkəni tərk etməyi məsləhət görüb. Amma qazilər "bir nömrəli terrorçu"nu başqa orqanlara təhvil vermək ideyasını da rədd ediblər. Beləliklə, Birləşmiş Ştatlar qarşı tərəfin son cavabını eşitmiş sayılır.
  • Tacikistan prezidenti İmaməli Rəhmanov deyib ki, əksər bölgələri bürümüş susuzluqdan sonra ciddi ərzaq qıtlığı ilə üzləşmiş ölkəyə Əfqanıstandan bircə qaçqın belə qəbul edilməməlidir. Onun fikrincə, kütləvi axın başlasa, qaçqınlarla birlikdə ekstremistlər də Tacikistana gələ bilər.
  • Birləşmiş Ştatlar Hindistandan özünün silahlı qüvvələri üçün plasdarm istəyib. Bundan başqa, Vaşinqton Hindistanın arxa təminatı və tibbi təchizat sahəsində ABŞ-a nə dərəcədə lazımlı ola biləcəyini aydınlaşdırmaq istəyir və bu məqsədlə hospitalların tutumu, limanların hansı tonnajlı gəmiləri qəbul edə biləcəyi haqda rəsmi sorğu ilə Hindistan tərəfinə müraciət edib.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd