Köşə yazarları

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Kriminal
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#113(337)
XXI
m.nur@azeurotel.com

Bizə qalan

26-lar çoxumuzun nikbin uşaqlıq yaddaşıdır... Bəzən bu yaddaş barədə ən xoş sözləri deməyə qorxuruq. Kimlərdən? "Milli-patriot"lardan? "Neobolşeviklər"dən? Birmənalı düşünənlərdən? Duyğularımıza ağalıq eləmək istəyən nə qədər adamlar var, bilirsinizmi? Bəzən biz özümüz də (qəzetçiləri deyirəm) müvazinətimizi itirib oxucularımızla birmənalı danışır, çeşid axtarıb-tapmaqda çətinlik çəkirik. İnciməyin, biz o qədər ikicə rəngdə ideolojiləşmiş cəmiyyətin adamalarıyıq ki, başqa rəngləri sezməkdə kifayət qədər çətinliklərimiz var... Amma 26-lar heykəli bizim sevimli şəhərin təkcə özünə yox, həm də adamlarına sirli bir işıq verirdi: o həndəvərdə gəzənçün tarixi gerçəklərin bir əhəmiyyəti varsa da, estetik qidanın daha başqa bir zövqü var. Bizim şəhərdə zövqlər keyləşib...
26-lar rənglənlmiş bir təsəvvürüydü... Bəlkə də Səməd Vurğun onları işıqlandırmışdı, böyütmüş, rəngləmiş, sərtləşdirmişdi. Amma məncə bu da deyildi: İbrahim Zeynalov (26-lara həsr edilmiş heykəlin müəllifi) onları romantikləşdirmiş, daşlaşdırmış və bir az da kəskinləşdirmişdi. Deyirlər Bakının mərkəzində yerləşən o heykəli müəyyən düzəlişlərlə zamana uyğunlaşdıracaqlar. Bolşevizmi insanların yadından silməyə illər lazımdırsa, bu abidənin Bakı üçün gördüyü işin işığını gizlədib-qapatmaq mümkün deyil. Hər zaman bu işığı içlərində gəzdirmək istəyən insanlara olanlara görə qınaq vurmaq ixtiyarımız varmı? Söz yox, bir zamanlar bayraqlı adamlar bu bağdan - "peraşki" kağızlarını ayaqlarının altına atıb Ali Sovetə getdilər: bir hökuməti yıxdılar, o biri hökumət qurdular. Amma o işıqlı xatirələr hardasa, hansı kişilərinsə, hansı qadınların və hansı uşaqlarınsa yadında qaldı, heykəl kimi yox, şəhər kimi içlərinə çökdü...
Duyğularınıza başqalarını buraxmayın. 26-ları nə qədər acı və nə qədər pərt tarixi kontekstdə xatırlasaq da onların ətrafında yaradılmaşlar bizə qaldı. Bizə qalmış nə varsa, bizimdi...

Məqsəd Nur

Günün axarı

Saylarımız nəhs çıxır

Bu "dördlər"in işi lap qəribə oldu. Yaxşı gəlirdilər. Yaxşı da təqdimat mərasimi keçirdilər. Son on ildə xalqa az-çox sifətini göstərmiş siyasətçilərin əksəriyyətini başlarına yığıb təkcə "xartiya" deyil, həm də "ictimai forum" olduqlarını bəyan etdilər. İnsaf naminə deyək ki, Qarabağ məsələsinin həlli ilə bağlı son yeddi-səkkiz ildə yeridilən rəsmi siyasətin əsas müddəalarını təzə formada yaxşıca işləyiblər də. Amma təqdimatın elə səhərisi "dördlər"dən birinin sıradan çıxdığı məlum olu: heç demə, tanınmış AMİP-çi Nazim İmanov "ictimai forum"un təsisçisi deyilmiş...
Bilmirəm, Nazim bəy niyə "dörd"ü "üç" elədi? Partiya göstərişiydi, yoxsa elə könlü belə istədi. Yadımdadır ki, o bir az əvvəl "xartiya"nın da təqdimatına gəlməmişdi. Bir ayağını qaçacaq qoymuşdu. Bu "xartiya", görünür, məsuliyyətli məsələdir, "ictimai forum" isə ondan da ziyadə... İllah da, bu məsuliyyəti iki sabiq iqtidar mənsubu (Eldar Namazov, Tofiq Zülfüqarov) və bir keçmiş müsavatçı (Sabit Bağırov) ilə bölüşmək lap ağır iş olsun gərək...
O yandan da "analitiklər" "ictimai forum"un pərdəarxasında bir-biri ilə, köhnənin sözü, daban-dabana zidd olan nə qədər nüanslar tapıblar. Bəziləri "dördlər"dən ikisinin əvvəllər sıra nəfəri olduqları komandanın tapşırığı ilə hərəkət etdiyini, bəziləri yenə elə həmin iki nəfərin - siyasi gündəmdə qalmaq üçün canfəşanlıq göstərdiyini deyir. Bundan da betəri odur ki, heç iqtidarda da "xartiya"çıları ciddiyə alan yoxdur. Onların adları və gördükləri iş rəhmətlik Mirzə Cəlilin məşhur komediya qəhrəmanın adı və əməli ilə paralelləşdirilir.
Onsuz da "ictimai forum" dörd nəfərlik iş deyildi. €slində, "dördlər" silsilə ilə artıb elə bizim hamımızın sayı qədər olmalıydı. Belə getsə, olmayacaq. Çünki sıra sökümü çox tez başladı... Səbəbi, görünür, çox sadədir: sıra möhkəm deyil. Sıranın möhkəm olması isə təkcə saydan asılı olmur...
Mən fikir vermişəm: adı miqdar sayı ilə işarə edilən heç bir hərəkat və ya hərəkət sağ-salamat mənzil başına yetişə bilmir. Son illər ictimai-siyasi həyatımıza atılan, sırasındakı adamların sayı ilə adlandırılan neçə "birlik" iflasa uğrayıb. Günah jurnalistlərdədir. Üç adam yığışıb bir iş görmək istəyirsə və "media önünə" çıxmazdan qabaq bu adamlar özlərinə ad tapmırsa, həmkarlarımın "rəqəm yaddaşı" dərhal işə düşür. Bizim milli folklorumuzda rəqəmlərdən indiyədək yalnız biri nəhs saylırdı. İndi hansı rəqəmi götürsən, nəhsdir... Bizim siyasət adamlarının rəqəmlə ifadə edilən və tezcə də iflasa uğrayan birlikləri say sistemimizdə salamat yer qoymayıb.
...Nazim bəyin bəyanatından sonra analitiklərin "xartiya"nın xart eləyib qırılacağı, "ictimai forum"un da formadan düşəcəyi barədə ehtimallar irəli sürüb-sürməyəcəyini bilmirəm. Amma elə indidən "dörd"ün cəm şəklinin də nəhs çıxdığını iddia etmək olar.

Elşən Əlioğlu

Suallı künc

Ben Laden və "sahibsiz" pullar...

Dünya bir nəfərə görə qarışıb. Amerikadakı terrordan sonra yaranmış vəziyyəti çoxları bu cür qiymətləndirir. Əksəriyyət fikirləşir ki, 44 yaşlı Səudiyyə milyonçusu Üsəma ben Laden olmasaydı, dünyanın başı bu qədər ağrımazdı. Və onun aradan götürülməsi ilə vəziyyətin düzələcəyini düşünürlər. Təbii ki, bu zahiri və yanlış qənaətdir.
Ben Ladenin fiqurunu fərdi nöqteyi-nəzərdən deyil, beynəlxalq səciyyəli sindrom kimi qəbul etmək gərəkdir. Onu yetişdirmiş şərait, mühit nəzərə alınmalıdır. Ben Laden dünyanın boynuna sarılmaqda olan dəhşətli bəlanın, çoxşaxəli monstrın cari və üzdəki görüntüsüdür. Sadəcə onu aradan götürməklə iş bitməyəcək, yerində başqa ben ladenlər peyda olacaq. Deməli, sözügedən bəladan qurtulmaq istəyən dünya hədəfi daha dərindən götürməlidir. Məlum kampaniyaya qərar verənlər də bunu başa düşürlər. Buş nahaq yerə bəyan etmədi ki, hətta ben Laden könüllü təslim olsa, yaxud özü başına güllə çaxıb canını tapşırsa da, əməliyyat dayandırılmayacaq. Nədən ki, onun məqsədi qlobal, müddəti uzun, nəticəsi isə real olmalıdır. Amerika beynəlxalq terrorizmdən elə sarsıdıcı zərbə alıb ki, onun kökünü kəsməyincə sakitləşən deyil. Bunu da Ağ Evdən bəyan edirlər. Lakin beynəlxalq sülh və təhlükəsizlik naminə nümayiş etdirilən cari qətiyyət eyni zamanda suallar da doğurur. Terrorun bu səviyyəyədək intişar tapmasına nələrin vəsilə olduğu etiraf ediləcəkmi? Məsələn, götürək beynəlxalq terroru daima ayaqda saxlayan və gerçək miqyası çətin təsəvvür edilən "çirkli pullar" şəbəkəsini. Bu şəbəkənin əsas damarı narkotiklərdir. Narkoqaçaqmalçılığa qarşı mübarizənin zəruriliyini hamı vurğulayır. Hər il onlarla beynəlxalq forum bu mövzuya həsr olunur, çeşidli konvensiyalar, hüquqi öhdəliklər qəbul olunur. Nəticədə nə baş verir? Dünyanın bu başında (tutaq ki, Əfqanıstanda) yetişdirilən yüz tonlarla narkotik planetin o biri hissəsində (Avropada, Amerikada) realizə edilərək milyardlara çevrilir. Bəli, bunlar qeyri-leqal baş verir. Amma bu boyda həngamənin "gözdən gizlədilməsi"nin mümkün olmadığı da şəksizdir. O cümlədən narkotiklərdən əldə edilən milyardlarla dolların beynəlxalq bank-maliyyə şəbəkəsi ilə dövriyyəsini də "sezməmək" mümkünsüzdür.
Bəs onda məsələ nədədir? Məsələ ondadır ki, həmin narkopullar nəticə etibarilə nəhəng miqdarda silah-sursatın, ən müasir hərbi texnikanın, rabitə avadanlığının və s. alınmasına xərclənir. Beləcə "çirkli pullar" yuyulur, tər-təmiz şəkildə dünyanın əsas silah ixracatçılarının topdağıtmaz seyflərinə yığılır. Dünyada böyük alış-veriş belə "sadə" mexanizmlə həyata keçirilir. Dollarlar böyük şəhərlərdə (banklarda) qalır, silahlar isə dağlara, terrorçuların düşərgələrinə daşınır. İlk baxışda bu alış-veriş virtual hesab oluna bilər. Çünki nə pulların konkret harada və kimlər tərəfindən yuyulduğu, nə də silahların kimə göndərildiyi fiksasiya edilir. Amma yalnız sadəlövhlər bu boyda vurtuallığa inanar. Pulların da sahibləri var, o silah-sursatın da. Dünyanın narkotika bazarına mal çıxaranlar da bəllidir, silah satışından pul "qıranlar" da. Və bir gün yetişir ki, onlar yerlərini dəyişir. Terror düşərgələrinə daşınan arsenal bumeranq effekti ilə geri qayıdır, böyük şəhərlərdə yerlə-yeksan olan göydələnlərdə, supermarketlərdə, yüzlərlə dinc insanın qırılan həyatında əks-səda verir. Bir qədər öncə yuyulmuş pulları dəstələyənlər milyardlarla ziyana düşürlər. Necə ki, Amerikanın büdcə-maliyyə-birja şəbəkəsi lərzəyə gəldi. İndi mütəxəssislər itkiləri hesablayırlar. Onu da qeyd edirlər ki, beynəlxalq maliyyə bazarında Amerikanın itirdiyini Avropanın əsas birjaçıları, Britaniya, Fransa, Almaniya və digərləri qazanıb. Bəs sabah kim itirib, kim qazanacaq? Sanki dünyanın nəhəngləri qorxunc "ruletka" oyununda başlarını itiriblər. "Ruletka" fırlanmaqdadır...

V.Orxan

Pərdəarxası

Ruzu

Saçı-saqqalı ağarmış, üz-gözündən Məhəmməd nuru yağan qoca bir kişi qarşısına tərəzi qoyub müştəri yolu gözləyir. Bu məmləkətdə heç nəyi almaq iqtidarında olmayan "250 manat"ı iri hərflərlə yazıb. Yoldan tələsik ötüb keçənlərsə onun fərqində deyillər. Qoca kişini elə küçədəcə mürgü basır. Hərdən gözünü açıb ətrafa da baxır. Gözlərində isə açıq-aydın bir sual yazılıb: "Bu milləti çəkisi niyə maraqlandırmır?". Onun yolçəkən, sakit gözləri məni yoldan edir, qətiyyən maraqlanmadığım nə isəni öyrənmək istəyirəm. Yaxınlaşdığımı görcək tez tərpənişir: "Gəl, bala, Bakıda bunun kimi dəqiq işləyən heç nə yoxdur", - deyir. Sözgəlişi, müştərini yoldan edən bu sözlərə nədənsə, yüzə-yüz inanıram. Və qədərindən bir az artıq haqqını uzadıb, yoluma davam etmək istəyirəm. Qocanın bir qədər əsəbi "Hara getdin?" sualını eşidib dayanıram. "Bala, puluvun qalığını götür" deyib, əlində tutduğu xırda pullardan ibarət bir dəstənin içindən pulumun qalanını çəkib, mənə uzadır: "Heç vədə pulunu atma!". O. ruzusuna haram qatmaq istəmir. 250 manatdan bir quruş da artıq götürmür. Və artıq pulu özünə həqarət bilir.
Açığı deyim ki, təəccüblənirəm. Əvvəllər bunu adidən adi qəbul edərdim. Bir zamanlar "Ruzunu Allah verir" inanclı bəndələr, adətən, ona nə haram qatardılar, nə də Allahın verdiyinə naşükürlük edərdilər. Nəinki özünün, eləcə də özgələrin ruzusuna hörmətlə yanaşardılar.
Atam hər süfrə yığışdırılanda "Allaha şükür" deyərdi. Heç vaxt soruşmasam da, bəzən fikirləşirdim ki, o, hər dəfə niyə "Allaha şükür" deyir. Özü də axı nəyə şükür? Məcburən uzun-uzadı "Ye, ye" təkidinə məhəl qoymayıb, axırda ən çox qorxduğum iynə adını eşidəndən sonra əlimi uzatdığım yeməklərə görəmi?
Sadəcə, bu, gözü-könlü toxluq, Allahın ruzusuna şükranlıqdır. Son vaxtlar işin tərsliyindən, həftədə bir-iki dəfə cibgirlərlə sanki əlbir oluram. Metronun dilənçilərinin hamısını bir ucdan tanıdığım kimi indi də cibgirləri tanımağa başlamışam. Adətən, iki-iki, üç-üç işləyirlər. Yalandan basırıq yaradaraq, "qızıl barmaqları" işə salırlar. Ətrafda nə baş verdiyindən xəbərsizin birinin cibinə əl gəzdirir, ya da Bakını başına götürən əl telefonunu götürürlər. Ruzusu azalan məmləkətdə özgəsini ruzusuna göz dikmək də, əlindən almaq da adiləşib. Bu isə onun ən primitiv formasıdır. "Qızıl barmaqlılar" əl saldıqları cibi boş görəndə, acıqlı-acıqlı bixəbər bəndənin üzünə də baxırlar: "Boy-buxunundan utanmırsan, siftəmi boşa çıxardın".
Mən isə bixəbəri duyuq salmadığım üçün ("məndən ötdü qardaşıma dəydi, elə bildim saman çöpünə dəydi") hər dəfə "Allah keçsin günahımdan" deyirəm. Bir dəfə isə biri əl telefonu götürülən vaxt duyuq düşdü. Elə qarşı tərəf də. Tez telefonu aralığa atdılar. İtiyini tapansa dil boğaza qoymurdu: "Hiss etmişdim, özüm tərpənmirdim ki, əlində tutum. Bir anın içində heç bilmədim necə götürdü". Söhbətə "qızılbarmaq" (axı mən onu tanıyıram) qarışır: "Adam gərək öz işinin ustası ola".
Hər gün gözümün qabağında (primitiv və mükkəməl formalarda) başqalarına pul atıldığını görüncə, nurani qocanın "pulunu atma" sözünə necə təəccüblənməyəsən?

Elçin Məmmədli

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd