|
|
|
|
#114(338)
|
 |
Kamil Səlimov:
"Terrorizmin təbiəti
diqqətlə öyrənilməlidir
|
Vaşinqton və Nyu-Yorkda baş vermiş məlum hadisələrdən sonra dünya dövlətləri beynəlxalq terrorla mübarizədə buraxdıqları səhvləri, mövcud qanunvericiliyi, imkanlarını saf-çürük etməyə başlayıblar. Uzun illər erməni terrorundan əziyyət çəkən Azərbaycanda bu beynəlxalq bəla ilə mübarizə sahəsində hüquqi bazanın vəziyyəti, ölkəmizin müvafiq beynəlxalq konvensiyalarda nə dərəcədə təmsil olunması da aktual məsələlərdəndir. Bu məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən İnsan Hüquqları İnstitutunun eksperti, Bakı Dövlət Universitetinin hüquq fakultəsinin kriminalistika və əməliyyat-axtarış kafedrasının müdiri, hüquq elmləri doktoru Kamil Səlimova müraciət etdik:
Kamil müəllim, Azərbaycan
beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizəni nəzərdə tutan hansı beynəlxalq konvensiyalara qoşulub? Biz bu bəla ilə beynəlxalq mübarizədə fəal iştirak etmək niyyətindəyik.
- Azərbaycan 1999-2000-ci illərdə beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyət kəsb edən iki beynəlxalq konvensiyaya qoşulub. Bunlar terrorizmin maliyyələşdirilməsinə və bomba partlayışı terrorizminə qarşı mübarizə haqqında beynəlxalq konvensiyalardır. Beynəlxalq birlik vaxtında terrorizmin qarşısını almasa, bəşəriyyət dünya tarixində görünməmiş fəlakətlərlə üzləşə bilər. Çünki terrorçuların əsas hədəfi insanlardır. Beynəlxalq terrorçuların ayrı-ayrı ölkələrdə hakimiyyət mənsublarını öz siyasi iradələrinə tabe etdirməsi xüsusilə qorxuludur. Dünyada terrorizmin geniş vüsət almasına baxmayaraq, beynəlxalq birlik hələ bu vaxta qədər terrorizm anlayışını müəyyənləşdirə bilməyib. Onun təbiətinin öyrənilməsi isiqamətində fundamental araşdırmalar aparılmayıb. Məhz buna görə dünya ölkələri terrorizm qarşısında acizdir. Terrorizm ölkədaxili və beynəlxalq miqyaslı olur. Onların qarşısını almaq üçün konkret mexanizm mövcud deyil. Misal üçün, BMT-nin yarım əsrdən çox mövcud olmasına baxmayaraq, təşkilatın nə Baş Məclisi, nə də Təhlükəsizlik Şurası beynəlxalq terrorizmlə mübarizə sahəsində, habelə ekstremizmin digər təzahürlərinin aradan qaldırılması üçün əməli iş görməyib.
Amma BMT öz növbəsində
dünyada cərəyan edən hadisələrə müdaxilə etmək iqtidarında deyil. Bəzən böyük dövlətlər Təhlükəsizlik Şurasının rəyini öyrənmədən hərbi əməliyyatlara qərar verirlər. Sizcə, problemin bir kökü də bunda deyilmi?
- BMT-nin fəaliyyətsizliyi barədə səslənən iradların xeyli əsası var. Arqumentlər konkret faktlara söykənir. Lakin unutmaq lazım deyil ki, BMT hər hansı məsələyə dair qərar çıxarmazdan əvvəl bəzən aylarla, illərlə araşdırmalar aparır. Məncə, bu ilk növbədə beynəlxalq hüquqda olan boşluqlarla bağlıdır. BMT də beynəlxalq hüquq və normalar çərçivəsində fəaliyyət göstərir.
Kamil müəllim, Azərbaycan özü bu
sahə üzrə konkret fəaliyyət proqramına malikdirmi?
- Şübhəsiz dövlət strukturları bu istiqamətdə ardıcıl işlər görür. Eksperti olduğum İnsan Hüquqları İnstitutu da bu yaxınlarda antiterror proqramı layihəsini hazırlayaraq müvafiq dövlət strukturlarına təqdim edib. Hələlik layihə bəzi güc nazirliklərinin dəstəyini qazanıb. O ki qaldı proqramın həyata keçirilməsinə, bu, Azərbaycan dövlətinin səlahiyyətindən asılıdır.
On dörd ildən çoxdur ki,
Azərbaycan erməni terrorizminin təcavüzünə məruz qalıb. Sizcə, Dağlıq Qarabağdakı qiyamların terrorçuluq fəaliyyəti kimi tanınması üçün yuxarıda adı çəkilən konvensiyalar kifayətdirmi?
Əgər bu, hüquqi cəhətdən sübuta yetirilsə, həmin konvensiyaların tətbiqi reallaşa bilər. Bunun üçün müvafiq hüquqi dəyərləndirmə aparılmalıdır. Bir məsələni də nəzərdən qaçırmaq olmaz ki, istər bəzi beynəlxalq təşkilatlar, istərsə də, ayrı-ayrı dövlətlər bəzən məsələlərə öz prizmalarından baxmağa üstünlük verirlər. Təəssüf ki, beynəlxalq münasibətlər sistemində "ikili standart" siyasəti geniş yayılıb. İctimaiyyətin arasında belə bir fikir formalaşıb ki, "ikili standart" siyasəti yalnız müsəlman dövlətlərinə qarşı istifadə olunur. Bu yanlış fikirdir. Heç uzağa getmək lazım deyil. Əgər hər şey müsəlmanlara təzyiq üzərində qurulubsa, onda nəyə görə Abxaziya, Cənubi Osetiya və Dnestryanı münaqişələr öz həllini tapmır. Məgər beynəlxalq aləmdə söz sahibi olan dövlətlər Gürcüstan və Moldovadakı münaqişələrin xronologiyası və anatomiyası ilə tanış deyillər? Sadəcə, dünya nüfuz dairələrinə bölünüb və geosiyasi maraqlar bütün amilləri üstələyib.
"Ya bizimləsiniz, ya da terrorçularla"
Corc Buş bütün ölkələrə
mövqelərini müəyyənləşdirməyi təklif edir
|
Corc Buş ABŞ Senatı və Konqresin Nümayəndələr Palatasının birgə yığıncağında terrorizmlə mübarizəyə dair xüsusi məruzə ilə çıxış edib. Məlumatı CNN yayıb. Prezident qeyd edib ki, eyni vaxtda bütün Amerika xalqına və digər ölkələrin hökumətlərinə ünvanlanan nitqi "müharibənin başlanması haqda məlumat deyil".
Eyni zamanda Buş amerikalıların hökumətə ünvanladığı çoxsaylı sualları, ilk növbədə "Nyu-Yorkda terror aktını kim və nə üçün törədib, ABŞ hökuməti hansı tədbirləri görəcək" suallarını cavablandırmağa çalışıb. Prezident deyib ki, indən belə düşmənə qarşı heç bir güzəşt mövqeyi olmayacaq. Amerikalılar bütün dünyanı özünə tabe etdirməyə çalışan mütəşəkkil terrorizmlə şüurlu şəkildə üz- üzə dayanmalıdır. Başqa ölkələr də öz mövqeyini müəyyənləşdirməlidir: "Siz ya bizimləsiniz, ya da terrorçularla," - deyə Buş vurğulayıb. O cümlədən taliblər "Əl-Kayeda" qruplaşmasının liderlərini təslim etməli və Əfqanıstan ərazisində terrorçuların bütün təlim düşərgələrini inspeksiya üçün açmalıdır. Prezident əlavə edib ki, taliblər "təcili hərəkət etməlidir".
Buş Amerikanı dəstəkləyən ölkə hökumətlərinə təşəkkürünü bildirib və xarici dövlətlərdən "polis, kəşfiyyat xidmətləri və bank sistemlərinin" köməyini ABŞ-dan əsirgəməməyi xahiş edib. Digər tərəfdən prezident xalqı irqi və dini dözümlülüyə çağırıb: "Amerikanın düşmənləri müsəlmanlar, ərəblər deyil. Bizim düşmənimiz - ümumdünya terrorizm toru və onu dəstəkləyən dövlətlərdir".
"Biz qlobal terrorizm şəbəkəsini dağıtmaq üçün bütün imkanlardan - diplomatiyanın bütün imkanlarından, kəşfiyyat, qanunverici aparatdan istifadə edirik, həm maliyyə, həm də hərbi xərclərlə situasiyaya təsir göstərməyə çalışırıq," - deyə Buş vurğulayıb. O həmçinin deyib ki, hərbi əməliyyatlar uzun çəkəcək və ABŞ-ın Fars körfəzində apardığı müharibəni xatırlatmayacaq. Bundan əlavə Buş yeni dövlət orqanının - "Daxili Təhlükəsizlik İdarəsinin" yaradıldığını bildirib. Pensilvaniya ştatının qubernatoru Tomas Ric qurumun rəhbəri təyin edilib. Ona nazir rütbəsi veriləcək və birbaşa prezidentə tabe olacaq.
Buş xalqı əmin edib ki, ABŞ iqtisadiyyatı sabit qalacaq: "Zərbə Amerika iqtisadiyyatının yalnız rəmzini dağıdıb, onun əsaslarına toxunmayıb," - deyə prezident vurğulayıb.
Astana ümidləri doğrultmadı
İran Kalyujnının istefasını tələb edir
|
Xəzərin hüquqi statusuna dair işçi qruplarının Astanada keçirilən görüşündə heç bir tərəqqi əldə olunmayıb. Qazaxıstandakı hökumət mənbələri "Media-Press" agentliyinə bildirib ki, iki gün davam edən danışıqların yekunu olaraq birgə kommünike imzalanmalı idi. Lakin tərəflərin mövqelərində prinsipial fikir ayrılığı olduğu üçün imzalanma mərasimi baş tutmayıb.
Danışıqların növbəti mərhələsinin fiaskoya uğramasını ekspertlər hələ ötən ay proqnozlaşdırırdılar. Rusiya, Qazaxıstan və Azərbaycanın mövqeləri üst-üstə düşür: Xəzərin dibi milli sektorlara bölünür, onun akvatoriyası isə ümumi istifadədə qalır. Gec-tez Türkmənistanın da sövdələşməyə qoşulacağı ehtimal olunurdu. Təkcə İranın xeyir-duasını almaq lazım idi. Lakin İranın Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin "Araz-Alov-Şərq" yataqlarında geoloji-kəşfiyyat işləri aparan Azərbaycan gəmisini ərazini tərk etməyə məcbur etməsindən sonra bütün ümidlər puça çıxdı. Bundan sonra rəsmi Aşqabad da İranın demarşına qoşuldu.
Xəzərin statusuna dair konsensusun əldə olunması məsələsinin yaxın zamanlarda öz həllini tapması istisnadır. Hər halda İranın "İntixab" qəzetində dərc olunan məqalədə belə ehtimal edilir. Qəzetin yazdığına görə, Rusiyanın Xəzərin statusuna dair siyasətində dəyişməz xəttin müşahidə olunması problemin çözülməsini çətinləşdirir. Rəsmi Tehranın fikrincə, Rusiya rəhbərliyi Xəzərin enerji məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Viktor Kalyujnının diplomatik gedişlərinə nəzarət etmir. Kalyujnı Xəzəryanı ölkələrin paytaxtlarında həmin dövlətlərin milli maraqlarına cavab verən bəyanatlar verdiyinə görə, Rusiyanın konkret olaraq hansı varianta üstünlük verdiyini aydınlaşdırmaq olmur.
Qəzet hesab edir ki, Moskvanın diplomatik oyunları Xəzəryanı ölkələrin maraqlarına ziddir və Kalyujnı "LUKoyl" şirkətinin marağını lobbiləşdirir. "İntixab" qəzeti İranın Xarici İşlər Nazirliyinə məsləhət görür ki, Tehran Viktor Kalyujnının vəzifədən uzaqlaşdırılması məsələsini Moskva qarşısında qaldırsın.
|