İc siyasət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#114(338)
"Erməniləri susduracağıq"
Gültəkin Hacıyeva: "Terrorizmlə bağlı müzakirələrdə Azərbaycanın da deməyə sözü olacaq"

"ABŞ-da baş verən terror aktı ilə bağlı müzakirələr Avropa Şurası Parlament Assambleyasının gündəliyinə son anda daxil edilib. Bundan başqa Makedoniyada yaranmış vəziyyət, Ukrayna və Gürcüstanın AŞ-a qəbul olunarkən üzərlərinə götürdükləri öhdəliklər müzakirə ediləcək. Nümayəndə heyətimiz bütün məsələlərin müzakirəsində Azərbaycanın mövqeyini qətiyətlə müdafiə edəcək". Bunu Azərbaycanın AŞPA-dakı nümayəndəsi, millət vəkili Gültəkin Hacıyeva dedi. Xatırladaq ki, sentyabrın 24-dən 28-nə kimi AŞPA-ın növbəti sessiyası keçiriləcək və Azərbaycan nümayəndə heyəti bu gün Strasburqa yola düşür.

Millət vəkilindən öyrəndik ki, iri şəhərlərdə vətəndaşların təhlükəsizlik məsələləri də gündəliyə salınıb. Onun sözlərinə görə, bu, mütəşəkkil cinayətkarlığın qarşısının alınmasına yönəlidilib. Yəni o, həmin təhlükəsizlik məsələləri ilə bağlı müzakirlələrin ABŞ-da baş verən terror aktı ilə əlaqəsinin olmadığını dedi: "Bu, Avropada iri şəhərlərin təhlükəsizlik sisteminin, peşəkar cinayətkarlıqla mübarizənin gücləndirlməsinə hesablanıb. Həmçinin şəhərlərdə olan evsiz uşaqların problemlərini də müzakirə edəcəyik. Sonra "Qaçqınların insan ləyaqəti və şərəfi" mövzusunda müzakirələr də gözlənilir. Bu müzakirələrdən sonra AŞPA qaçqınlara maddi yardım edən təşkilatlara müraciət edə bilər".
Xartıldadaq ki, AŞPA-nın sessiyasında ABŞ-da baş verən terror aktı da müzakirə olunacaq. Verilən məlumatlara görə, bu quruma daxil olan ölkələrin nümayəndələri hadisəyə münasibət bildirməlidir. Görəsən, ABŞ-ın Əfqanıstanda hərbi əməliyyatlar keçirməsi planlarına Azərbaycan nümayəndə heyətinin münasibəti necə olacaq? Gültəkin Hacıyeva dedi ki, ABŞ-da baş verən dəhşətli terror aktına hər bir azərbaycanlının münasibəti birmənalıdır: "Biz də bu terror aktlarını pisləyirik. Azərbaycan da neçə ilərdir ki, terrorizmdən əziyyət çəkir. Amma terrorizmlə mübarizə ayrı-ayrı xalqlarla, dinlərlə mübarizəyə çevrilməməlidir. Biz də yaranmış şəraitdən asılı olaraq erməni terrorizmi ilə bağlı məsələ qaldıra bilərik. Təbii ki, terrorizmlə bağlı müzakirələrdə Azərbaycanın da deməyə sözü olacaq. Biz terrorçuların layiqli cavablarını almasını tələb edəcəyik".
Ermənistanın nümayəndə heyəti Strasburqa yola düşməzdən qabaq AŞPA-ya Dağlıq Qarabağda "yerli hakimiyyət orqanlarına seçkilərin"in legitimliyini "sübut" edən sənəd təqdim olunacağını bildirib. Bununla əlaqədar Gültəkin Hacıyeva Millət vəkili dedi ki, nümayəndə heyəti ermənilərin "hazırcavablığını" cavabsız qoymayacaq: "Amma əsas məsələ ondadır ki, ermənilər "seçki"nin legitimliyini hansı sənədlərlə sübut edəcəklər? Onları bunu nə hüquqi, nə də mənəvi cəhətdən əsaslandıra biləcəklər. Çünki həmin "seçki"ni Azərbaycan ərazisində hansısa bir qondarma rejim keçirib. Avropa Birliyi də bu günlərə bildirib ki, onlar DQ-də keçirilən seçkilərin nəticələrini tanımırlar. Düzü, bu məni heç təəccübləndirmədi. Çünki AŞ-da 43 ölkə təmsil olunur və onların 15-i Avropa Birliyinin üzvüdür".

"Ən böyük terrorçu Robert Köçəryandır"
Bu fikir dünən YAP-ın təşəbbüsü ilə keçirilən "dəyirmi masa"da səsləndi

YAP-ın təşəbbüsü ilə dünən Xalq Mətbuat Mərkəzində "Terrorizm bəşəriyyətin ümumi bəlasıdır" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbirdə müxtəlif siyasi partiya nümayəndələri, politoloq və tarixçilər iştirak ediblər.
YAP icraçı katibinin müavini Mübariz Qurbanlı çıxışında ABŞ-da baş vermiş dəhşətli terror hadisələrindən sonra beynəlxalq miqyasda terrorizmə qarşı mübarizənin gücləndiyini vurğuladı. Onun fikrincə, Azərbaycan cəmiyyəti hadisələrə operativ reaksiyası ilə terrorizmin insanlığa və bəşəriyyətə qarşı bağışlanmaz cinayət saydığını bir daha təsdiqləyib.
BDU-nun hüquq fakültəsinin kriminalistika və əməliyyat-axtarış kafedrasının müdiri Kamil Səlimov baş vermiş hadisə ilə əlaqdar beynəlxalq aləmdə yaranmış şəraitdən Azərbaycanın mənafeyinə uyğun istifadə olunması vacibliyindən danışıb. O, Azərbaycanın taktiki və strateji cəhətdən Ermənistanın təcavüzkar kimi tanınmasının hüquqi aspektlərini tapmalı olduğunu xatırladıb. Səlimovun sözlərinə görə, 1995-ci ilə qədər dünyada terrorizmin təsnifatı olmayıb. O, bildirib ki, "terror" anlayışının tərifi cəmi 6 il bundan əvvəl tapılıb. Hazırda dünyaya 27 terror təşkilatının adının bəlli olduğunu deyən ekspert əlavə edib ki, ABŞ Dövlət Departamenti 7 ölkəni terrorun himayəçisi sayır. Kamil Səlimovun dediyinə görə, keçmiş SSRİ-də terrorla bağlı araşdırmalar ilk olaraq Azərbaycanda başlayıb. O, həmçinin qeyd edib ki, Milli Məclis terrorla bağlı müzakirələr apararaq Ermənistanı terrorçu dövlət elan etməlidir.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın terrorçu fəaliyyətinin ifşası ilə bağlı indiyə qədər XİN, MTN və DİN tərəfindən lazımi işlərin görüldüyünü deyib. Onun bildirdiyinə görə, 1992-ci ildən başlayaraq bu tipli məlumatlar hər il beynəlxalq təşkilatlara çatdırılır. O, bildirib ki, ABŞ-ın terrorçu saydığı təşkilatlar sırasında Ermənistanın himayə etdiyi "ASALA"nın adının olmamasıyla bağlı Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayev hələ 1996-cı Dövlət Departamentinə etiraz məktubu ünvanlayıb.
Tarixçi millət vəkili Yaqub Mahmudov siyasətdə reallıqların nəzərə alınması vacibliyini diqqətə çəkib. Onun fikrincə, yaranmış vəziyyətdən maksimum yararlanaraq Ermənistanın bütün dünyada terrorçu dövlət kimi tanınmasına nail olmalıyıq. Mahmudov təəssüflə qeyd edib ki, hazırda dünyada terrorizmə münasibətdə də "ikili stanadart" mövcuddur. "Bir super dövlət terror aktına məruz qalanda bütün dünya ayağa qalxır. Biz isə Ermənistanın dəhşətli terrorları ilə üz-üzə qalsaq da, buna əhəmiyyət verən yoxdur. "Terrorizmlə belə mübariz aparmaq mümkün deyil," - deyən millət vəkili terrora qarşı mübarizənin qloballaşdırılmasına ehtiyac olduğunu vurğulayıb. Onun fikrincə, Əfqanıstanı bombalamaqla terrorun qarşısını almaq mümkün olmayacaq. Mahmudov fikrini belə izah edib ki, hazırda bir çox superdövlətlər öz siyasi iddialarını gerçəkləşdirmək üçün məhz bu vasitədən istifadə edirlər. Millət vəkili həmçinin terrora münasibətdə irqi, dini, sosial ayrıseçkiliyin də yolverilməz olduğunu söyləyib.
AMİP sədrinin müavini Məhərrəm Zülfüqarlı dünyanın Azərbaycan-Ermənistan münaqişəsinin həllinə biganə münasibətindən şikayətlənib. O, Ermənistan prezidenti Robert Köçəryanı dünyanın ən böyük terrorçusu adlandırıb.

"Ermənilər duruş gətirə bilməyəcək"
Mübariz Əhmədoğlu AŞPA-nın münaqişənin həlli ilə bağlı fəallaşmasını Azərbaycan nümayəndə heyətinin uğuru sayır

Avropa Şurası Azərbaycan-Ermənistan münaqişəsinin həllində son vaxtlar nəzərəçarpacaq dərəcədə fəallaşıb. AŞPA baş katibi Rossel Constonun regiona səfərindən sonra yayılan məlumatlarda bildirilir ki, təşkilatın bu günlərdə başlanacaq payız sessiyasında Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı bəyanat qəbul ediləcək. Maraqlıdır ki, AŞPA-nın münaqişənin həlli istiqamətindəki fəallığı Ermənistan siyasətçilərinin də ciddi narahatlığına səbəb olub. Onlar Avropa Şurasını Azərbaycanın maraqlarından çıxış etməkdə günahlandırırlar.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu AŞPA-nın münaqişənin həlli ilə bağlı fəallığını Azərbaycan nümayəndə heyətinin uğurlu fəaliyyəti ilə əlaqələndirir: "AŞPA-da iqtidarlı-müxalifətli çox gözəl komanda formalaşıb. Onlar ümummilli məsələlərdə dil tapmağı, vahid mövqedən çıxış etməyi bacarırlar. Mən son vaxtlar Avropa Şurasının fəaliyyətindəki aktivliyi bununla əlaqələndirərdim".
Politoloqun fikrincə, Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmağa tam hüquqi əsası var. O, bununla bağlı ermənilərin narazılıqlarını da əsassız hesab edir: "Avropa Şurasının Parlament Assambleyası Məşvərətçi və nüfuzlu bir qurumdur. Orada qəbul olunan bütün qərarlarla demək olar ki, Avropanın bütün dövlətləri hesablaşırlar. Bu dövlətlərdə Azərbaycan-Ermənistan münaqişəsinin mahiyyəti barədə düzgün rəy formalaşmasında Avropa Şurası Parlament Assambleyasının rolu mühüm ola bilər. Ermənilərin AŞPA-nın fəallaşmasına birmənalı olaraq etiraz etməsi də maraqlı haldır".
Azərbaycanın ərazi bütövlüyü məsələsində son vaxtlar beynəlxalq ictimaiyyətdən daha ciddi dəstək aldığını deyən Mübariz Əhmədoğlu ermənilərin buna duruş gətirə bilməyəcəyini iddia edir: "ATƏT-in Minsk Qrupu həmsədrləri də birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü əsas götürürlər. Mən bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Bauçerin, E.Consun verdiyi bəyanata əsasən deyirəm. Ki Uest danışıqlarından çıxan nəticə də budur. Artıq hamı münaqişənin ərazi bütövlüyü prinsipi ilə həlli vacibliyini başa düşür. Bu selin qarşısında ermənilər duruş gətirə bilməyəcək".

"Heç kimə embarqo qoymamışıq"
"Yeni Müsavat"ın baş redaktor əvəzi Qabil Abbasoğlu Mehman Cavadoğlu ilə razılaşmır

Müsavat Partiyası rəhbərliyinin İsa Qəmbərin təsisçi olduğu "Yeni Müsavat" qəzeti ilə bağlı narazılıqları yenidən qabarıb. Partiyanın mətbuat məsələləri üzrə sədr müavini Mehman Cavadoğlu "Bizim ƏSR"ə açıqlamasında qəzet rəhbərliyini Müsavatın bəzi funksionerlərinə qarşı tətbiq etdiyi "embarqo"nu indiyədək götürməməkdə ittiham edib.
Bundan qəzetin daha çox ziyan çəkdiyini deyən Mehman Cavadoğlu dolayısı ilə Müsavat rəhbərliyindəki şəxslərə qarşı olan ayrıseçkilikdən şikayətlənib: "Embarqo ilə bağlı hansısa ciddi narahatlığa əsas yoxdur. Mən bu fikirdəyəm ki, "Yeni Müsavat" qəzetinin embarqo tətbiq etməsi Müsavat Partiyası rəhbərliyində olan şəxslərin fəaliyyətinə mənfi təsir göstərmir. Qəzet öz siyasi xəttini özü müəyyənləşdirir. Açığı, bizim onların fəaliyyətinə təsir göstərmək mexanizmlərimiz də yoxdur. Onlar tanınmış siyasətçilərin fikirlərini öz qəzetlərində dərc etmirlərsə, bununla özlərinə ziyan vururlar. Elə adamlar var ki, onlara embarqo tətbiq edilməsi oxucuların da qəzetdən üz döndərməsinə səbəb olur".
Qəzetin baş redaktoru Rauf Arifoğlunun həm də Müsavat Partiyasının sədr müavini olmasına gəlincə, Mehman Cavadoğlu bəzi problemlərin məhz buradan qaynaqlandığını bildirir: "Qəzetin baş redaktoru qəzetdəki fəaliyyəti ilə partiyadakı fəaliyyətini bir-birinə qarışdırmayacağını deyib. Buna riayət etmək, əlbəttə ki, çox çətindir. Təbii olaraq müəyyən adamlarda belə fikirlər yaranır ki, "Yeni Müsavat" Müsavat partiyasının qəzetidir. Bu ziddiyyətli məsələdir və bunu tənzimləmək Rauf Arifoğludan böyük məsuliyyət tələb edir".
"Yeni Müsavat" qəzetinin baş redaktor əvəzi Qabil Abbasoğlu isə Mehman Cavadoğlunun ittihamları ilə razı deyil: "Biz dəfələrlə bildirmişik ki, "Yeni Müsavat" qəzeti heç kimə, o cümlədən Müsavat Partiyası rəhbərliyində olan şəxslərə embarqo qoymayıb. İndi kimsə buna inanmırsa və yaxud özü istədiyi şəkildə yanaşırsa, bu, artıq bizim problemimiz deyil".

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd