|
|
|
|
#114(338)
|
 |
|
UEFA Rəşid Özbəyovu yad etdi
|
AFFA mətbuat xidmətindən verilən məlumata görə, milli federasiyanın ünvanına tanınmış futbolçu Rəşid Özbəyovun vaxtsız ölümü ilə əlaqədar UEFA-dan faks daxil olub.
Sənəddə Azərbaycan futbolunda böyük xidmətləri olmuş R.Özbəyovun vəfatından UEFA rəhbərliyinin, eləcə də bu qurumun İnkişaf və Yardım Departamenti üzvlərinin dərindən kədərləndiyi ifadə olunub. Erik Epplenin imzaladığı faksoqramda başsağlığının Azərbaycan futbol ictimaiyyətinə, həmçinin mərhumun ailəsinə, qohum və dostlarına çatdırılması AFFA-dan xahiş olunur. R.Özbəyovun xatirəsinin əziz tutulması yönündə daha bir məlumat: bu günlərdə AFFA-nın operativ məsələlərin həlli üzrə komitəsi yas mərasiminin bütün xərclərinin federasiya tərəfindən ödənilməsi və mərhumun ailəsinə hər ay 450 min manat müavinət verilməsi baradə qərar çıxarıb.
İki oyun baş tutmayacaq
Azarkeşlər "Xəzər Universiteti"-"Dinamo/Bakılı" və "Şəfa"-"Ümid" görüşlərini izləyə bilməyəcəklər
|
Bu gün futbol üzrə 11-ci Azərbaycan çempionatının güclülər dəstəsində beşinci turun oyunları start götürür: lakin nəzərdə tututlan 3 görüşdən yalnız ikisi keçiriləcək, 17 və 19 yaşınadək futbolçulardan ibarət seçmə komandalara 3-dən artıq idmançı verdiyindən, "Xəzər Universiteti"nin "Dinamo/Bakılı" ilə qarşılaşması olmayacaq. Sabaha planlaşdırılan "Şəfa"- "Ümid" matçı da anoloji səbəbdən ("Şəfa"ya görə) baş tutmayacaq. Təxirə salınan iki görüşün nə vaxt keçiriləcəyi hələlik məlum deyil. Bir məsələni də qeyd etmək yerinə düşər ki, adıçəkilən komandalar növbəti turda bir-biriylə qarşılaşmalıdırlar. AFFA-dan verilən məlumata görə, həmin görüş elə təqvim-cədvəldə nəzərdə tutulduğu gündə - sentyabrın 30-da olacaq.
Beşinci tur ərəfəsində bəzi statistik məlumatları nəzərinizə çatdırırıq: indiyədək keçirilən 24 matçın balansında bərabərlikdir, yəni meydan sahibləri ilə qonaqlar hərəyə 11 dəfə qalib gəlməklə 2 oyunu heç-heçə bitiriblər. Lakin topların nisbətində "ev"də çıxış edənlər üstündürlər - 37:30. Qapılardan keçirilən 67 topun (4-ü penaltiylə vurulub) 46 müəllifi var: 31 futbolçu bir, 11 futbolçu iki, 2 futbolçu üç və daha 2 futbolçu isə dörd dəfə fərqləniblər.
Turun afişası
22 sentyabr
"Şəmkir"-"Qarabağ/Azərsun". Şəmkir şəhər stadionu. Hakim: İmanxan Sultani (Bakı);
"Araz"-"Turan". Naxçıvan şəhər stadionu. Hakim: Munis Abdullayev (Bakı).
23 sentyabr
"Şahdağ"-"Neftçi". Qusar. Şövkət Orduxanov adına şəhər stadionu. Hakim: Asim Xudiyev (Bakı);
MOİK-"Kəpəz". Bakı. Ordu İdman Klubunun stadionu. Hakim: Fazil Mürşüdov (Sumqayıt).
Görüşlərin başlanma saatı - 17.00.
|