|
|
|
|
#114(338)
|
 |
"Bakinski bulvar"ın təsisçisi həbs edildi
Elmar Hüseynov 6 ay müddətinə azadlıqla vidalaşdı
|
Artıq iki gündür Nizami Rayon Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun "Bakinski bulvar" qəzetinə qarşı qaldırdığı iddia ərizəsi üzrə keçirilən məhkəmə prosesi dünən yekunlaşdı. Xatırladaq ki, qəzetin 16 iyun sayında dərc olunan məqalənin səbəb olduğu iddia ərizəsində qəzetin təsisçisi Elmar Hüseynov, baş redaktor Bella Zakirova və yazının müəllifi İradə Hüseynovanın cinayət məsuliyyətinə cəlb olunması tələb edilirdi.
Vəkil Elton Quliyevin vəsatətinə əsasən, prosesdə ilk öncə sözügedən qəzetin redaksiyasına müraciət edən şikayətçilərin dindirilməsinə başlandı. Şahidlərin hamısı paytaxtda aparılan təmizlik işləri zamanı köşkləri və digər obyektləri sökülən şəxslərdir.
Şahidlərin ifadəsindən sonra məhkəmə istintaqının yekunlaşdığını bildirən hakim vəkillərə və təqsirləndirilən şəxslərə son söz verdi.
Meriya nümayəndələrindən Sani Nəsirov çıxışında şahidlərin məhkəməyə çağırılmasını ittiham olunanların məsuliyyətdən yaxa qurtarmaq vasitəsi kimi qiymətləndirdi. Digər ittihamçı Xaliq İmanov CM-nin 147 və 148-ci maddəsi ilə E.Hüseynova və B.Zakirovaya 3 il cəza tələb etdi.
Vəkil E.Quliyev isə çıxışında məqalədə heç bir təhqiredici və nalayiq ifadəyə yol verilmədiyini dedi.
Sonda isə vəkil hazırda təqsirləndirilənlərin həbsindən heç nə əldə edilməyəcəyini vurğulayaraq, məhkəmədən onlara bəraət verilməsini xahiş etdi.
E.Hüseynov isə bu yaxınlarda məhkəmənin qərarı ilə fəaliyyətinə son qoyulan "Etimad" qəzetini misal çəkərək, Allahşükür Paşazadənin qəzetin redaktorunu bağışladığı halda, H.Abutalıbovun da bu addımı atmasında heç bir qəbahət olmadığını dedi.
Müşavirədən qayıdan məhkəmə qərarını verdi: E.Hüseynov 6 ay müddətinə azadlıqdan məhrum edilsin. B.Zakirova isə 6 ay müddətinə şərti cəzaya məhkum edilsin.
E.Hüseynov elə məhkəmə salonundaca həbs edildi. Sonda qeyd edək ki, barəsində cinayət işi qaldırılmış qəzetin müxbiri İ.Hüseynova hazırda Polşadadır.
|
15 yaşlı oğlan döyülərək öldürülüb?
|
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmədə adam öldürməkdə ittiham edilən bir azyaşlının mühakiməsinə başlanılıb. İttiham aktına görə, 1982-ci il təvəllüdlü Bakı sakini Qurban Əliyev özündən 4 yaş kiçik olan Rəfael Bənnayevi döyərək öldürüb. Hadisə isə ötən ilin sentyabrında, onun yaşadığı Buzovna qəsəbəsi, G.Məmmədov küçəsindəki 6 "a" saylı binanın qarşısında baş verib. Belə ki, ötən il sentyabrın 11-də Qurban sinif yoldaşı Orxan İsayevin həmin ərazidə yerləşən köşkündə kompüterlə oyun oynayırmış.
Qonşuluqda yaşayan Rəfael isə icazə almadan içəri daxil olub və oyuna baxıb. Onun içəri keçməsindən hirslənən Qurban təkidlə bayıra çıxmasını tələb edib, hətta uşağın ünvanına nalayiq söyüşlər söyüb. Rafaeldən eyni cavabı eşidəndə, Qurban onun başına və qarın nahiyyəsinə təpik zərbələri vurub.
İttiham aktında göstərilir ki, R.Bənnayev fiziki cəhətdən çox zəif və xəstə olub. Aldığı xəsarətlər onun vəziyyətinin gərginləşməsinə səbəb olub. Rəfaelin valideynləri uşağın ağrılarının getdikcə artdığını görüb onu Əzizbəyovda yerləşən 14 saylı xəstəxanaya çatdırıblar. Elə həmin gün R.Bənnayev daxili qanaxmadan vəfat edib. Hadisədən sonra Q.Əliyev həbs olunub.
Müttəhim istintaqdakı ifadəsində Rəfaeli döydüyünü etiraf etsə də, onun bu xəsarətdən ölmədiyini bildirib. Dekabrda yekunlaşan cinayət işi məhkəməyə göndərilib. Lakin məhkəmə vəkil Vüqar Xasiyevin vəsatətinə əsasən işi təkrar istintaqa qaytarıb. Təkrar istintaqın nəticəsində iki şahid ifadəsini dəyişdirib. Belə ki, onlar istintaqa bildiriblər ki, vəkil V.Xasıyev onları müttəhimin xeyrinə ifadə verməyə məcbur edib.
Dünən başlanan prosesin əvvəlində V.Xasıyev vəsatətlə çıxış edərək, tanış olduğu növbəti ittiham aktında ibtidai araşdırmanın yenə də birtərəfli aparıldığını dedi. Vəkil dedi ki, şahidlərə təzyiq göstərilərək, nəinki təqsirləndirilən şəxsə, hətta onun müdafiəçisinə qarşı yalan ifadələr alınıb. Vəkil dedi ki, mərhum əvvəllər iki dəfə sarılıq xəstəliyi keçirib və onun qaraciyərində daşlaşma gedirmiş. Bu vəziyyətdə Rəfaelə vurulan zərbələr ağır olsa idi, o, elə həmin gün ölərdi. Bundan başqa vəkil hadisənin ertəsi günü Rəfaeli həyətdə görənlərin olduğunu söylədi.
V.Xasıyev vəsatət qaldıraraq daha 10 nəfərin əlavə şahid qismində ifadə verməsini tələb etdi. Məhkəmə heyətinin qərarına əsasən vəsatət qismən təmin olundu. Proses davam edir.
|