|
|
|
|
#114(338)
|
 |
İmtiyazlı şəxslərin
güzəştləri ləğv ediləcək
Fərhad Əliyev: bunun əvəzində həmin vətəndaşlara ünvanlı kompensasiyalar veriləcək
|
1995-ci ildən üzü bəri Azərbaycan hökumətinin apardığı islahatlar nəticəsində iqtisadiyyatın inkişafına bütün mənbələr hesabına 8,7 milyard dollar, o cümlədən 6 milyard dollar həcmində xarici investisiya yönəldilib. Hesablamalara görə son 6 ildə respublikada Ümumi Daxili Məhsulun (ÜDM) real artımı 40 faizdən yuxarı olub. Özəlləşdirmə, torpaq islahatları və sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlər nəticəsində ÜDM-də qeyri-dövlət sektorunun xüsusi çəkisi 68 faizə çatıb.
Dünən YAP qərargahında keçirdiyi mətbuat konfransında bu barədə məlumat verən iqtisadi inkişaf naziri Fərhad Əliyev büdcə proqnozları, iri müəssisələrin özəlləşdirilməsi, sosial-iqtisadi inkişafın prioriet istiqamətləri barədə geniş açıqlama verdi. Onun sözlərinə görə İqtisadi İnkişaf Nazirliyi (İİN) yaxın 10 il üçün respublikanın sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri layihəsini hazırlayıb. Layihədə göstərilən prioritet vəzifələrin icrasının konkret mexanizmləri üç illik iqtisadi inkişaf ssenarisi, regional və sahəvi proqramlar, yoxsulluğun azaldılması və dövlət investisiya proqramlarında öz əksini tapacaq. Nazir 2002-ci ildə hökumətin fəaliyyətinin əsas istiqamətinin sosial sahədə qarşıya qoyulan məqsədlərin həyata keçirilməsindən ibarət olacağını bildirdi. Həmin məqsədlər təhsil, səhiyyə, pensiya sahələrinin islahatları, kommunal təsərrüfatlarının, eləcə də işə götürənlərlə işçilər arasında əmək münasibətlərinin təkmilləşdirilməsindən ibarətdir.
Nazir investisiya həcminin daha yüksək artımını əsasən maddi istehsal sahələrinin restrukturizasiyasının sürətləndirilməsi və investisiya siyasətində prioritetlərin dəyişməsi ilə əlaqələndirdi. Belə ki, hökumət investisiya mühitini yaxşılaşdırmaq məqsədilə 2002-2004-cü illər üçün dövlət investisiya proqramı hazırlamış və bu proqrama qeyri-neft sektorunda investisiyaların artırılması ilə bağlı tədbirlər, eləcə də üç ildən artıq konkret investisiya layihələri daxil edilib. Sənayenin real artım sürətinin 7,9 faiz olacağını deyən F.Əliyev burada qeyri-dövlət sektoru payının 52 faiz təşkil edəcəyini proqnozlaşdırır. Enerji haqlarının yığılmasında problemlərin mövcudluğundan danışan nazir onların həlli məqsədilə 2002-ci ildə əhalinin müəyyən təbəqələrinə edilən güzəştlərə yenidən baxılacağını bildirdi. Növbəti il bütün imtiyazlı vətəndaşlara edilən güzəştlərin ləğvi gözlənilir. F.Əliyevin sözlərinə görə, bunun müqabilində onlara büdcədən birbaşa ünvanlı kompensasiyaların verilməsi nəzərdə tutulur. Qeyd edək ki, respublika əhalisinin 25 faizi güzəştlərdən istifadə edir. O, növbəti ildə "Bakıelektrikşəbəkə" SC-nin Azərenerji SC-yə ödəniş səviyyəsinin ən azı 50 faizə çatdırılacağını qeyd etdi. Neft və qaz hasilatında istehsal həcmi daxili imkanlar və həyata keçirilən müqavilələr hesabına 15,1 milyon ton, o cümlədən Azərbaycan Dövlət Neft Şirkəti üzrə 8,9 milyon ton, ABƏŞ və digər şirkətlər üzrə 6,2 milyon ton neft hasil ediləcəyi gözlənilir. Gələn il xam neftin ixracı 2,5 milyon ton olacaq. Qeyd edək ki, 2002-ci ilin dövlət büdcəsində 1 barrel neftin qiyməti 22 dollar həcmində nəzərdə tutulub. Lakin dünya bazarındakı qiymətlərdən asılı olaraq bu məbləğin 26 dollara yüksələcəyi istisna olunmur. Hesablamalara görə, gələn il neftdən dölət büdcəsinə 530 milyard manat vəsait daxil olacaq.
Elektrik istehsalında qazdan istifadənin artdığını deyən nazir neft ixracından əldə edilən gəlirin qaz idxalına yönəldəcəyini bildirdi. Kimya sənayesində istehsalın 10 faiz artaraq 800 milyon olacağını deyən F.Əliyevin fikrincə, bu göstərici əsasən polietilen, yuyucu tozlar, kallistis soda hesabına əldə ediləcək.
ÜDM-də kənd təsərrüfatı istehsalının payı gələn il 17,5 faiz proqnozlaşdırıldığını deyən nazir burada qeyri-dövlət sektoru istehsalının 99 faiz təşkil edəcəyini dedi. Həmin sahədə istehsaldan əldə ediləcək gəlir 6 trilyon 312 milyard manat, real artım isə 7,5 faiz olacaq. 2002-ci ildə xidmət sahələrinin xüsusi çəkisi 42,5 faiz təşkil edəcək.
Nazirin sözlərinə görə, 2001-2004-cü illərdə yoxsulluğun azaldılması və iqtisadi artımın təmin edilməsi üzrə dövlət proqramının aralıq sənədi hazırlanıb və əsas sənədin üzərində iş aparılır. Bununla yanaşı növbəti ildə vergi dərəcələri və məcburi ödəmələrin səviyyəsinin endirilməsi, azadolma da daxil olmaqla vergi güzəştlərinin tətbiq edilməsi, özəlləşdirmədən daxil olan vəsaitlərin müəssisələrin sağlamlaşdırılmasına yönəldilməsi, yerli və xarici müəssisələr, bankların iştirakı ilə maliyyə-sənaye qruplarının yaradılması, istehsalı xammaldan son məhsul mərhələsinədək idarə edəcək biznes inkubatorlarının təşkili, kiçik və orta sahibkarlığın inkişafı üçün mikrokreditləşmə bankının yaradılması nəzərdə tutulur.
Hazırda əhaliyə verilən özəlləşdirmə payının 40 faizinin dövriyyədən çıxarıldığını deyən F.Əliyev prosesin gələn ildə də davam edəcəyini istisna etmədi. Kommunal xidmət sahələrinin xüsusi mülkiyyətə verilməsinə gəlincə, nazir bildirdi ki, 2002-ci ildə həmin obyektlər özəlləşməyə hazırlanacaq.
Qərb təhsilli azərbaycanlılara tələbat azdır
Azərbaycanın kadr bazarında nələr müşahidə edilir...
|
Son vaxtlar Azərbaycanın işədüzəlmə bazarında ixtisaslaşmış əmək resurslarının artıqlığı müşahidə olunur. Bu barədə məlumat verən "Diplomat" kadr şirkətinin prezidenti Konstantin Frenklin bildirib ki, artıqlığa baxmayaraq, məhz ixtisaslaşmış işçi qüvvəsinə tələbat daha çoxdur.
K.Frenklin məlumat verib ki, ən çox tələb olunan ixtisaslar sırasında menecer, katib-referent, mühasib, proqramçılar və s. adlarını çəkmək olar. Əgər bir neçə il bundan əvvəl hər hansısa bir peşə sahibi tələb olunurdusa, indi ixtisas plankası, işçilərin professionalığı daha da yuxarı qalxıb. Praktiki bütün şirkətərə öz sferasında yaxşı təcrübəyə malik olan kadrlar lazımdır. Kadr (rekruter) bazarında tendensiyanı aşkara çıxaran K.Frenklin xüsusi qeyd edib ki, bir sıra ixtisaslar üzrə əməkhaqlarının aşağı düşməsi müşahidə edilir. Bu hal yeni ixtisalar - kompüter dizayneri, proqramçılar və s. üzrə işçi qüvvəsinin çoxalması ilə əlaqədardır. Mütəxəssislərin böyük seçimi işverənlərə imkan verir ki, bir sıra hallarda əməkhaqlarını 1,5-2 dəfə aşağı salsınlar.
Ümumiyyətlə, əməkhaqqının aşağı düşməsi tendensiyası həm iri, həm də kiçik şirkətlərdə müşahidə olunur. K.Frenklinin sözlərinə görə, hazırda Azərbaycanda Qərb təhsili almış mütəxssislərə tələbat elə də böyük deyil. Məsələ burasındadır ki, Azərbaycanda fəaliyyət göstərən Qərb şirkətlərində əsas postları əcnəbilər tutub. Yerli kadrlar isə tərcüməçi, ofis menecerləri, ictimai əlaqələr üzrə əməkdaş, sürücü və s. işlər üçün lazımdır. K.Frenklinin sözlərinə görə, Qərb təhsili almış azərbaycanlılara tələbat yerli biznesin inkişafından sonra mümkün olacaq.
|