|
|
|
|
#114(338)
|
 |
AŞPA-da mübarizə olacaq
Strasburqa yola düşən Azərbaycan nümayəndə
heyəti Ermənistanın mövqelərini
"tərksilah" etmək üçün yeni təşəbbüslər hazırlayıb
|
Azərbaycan parlamentarları indiyədək əldə etdikləri uğuru AŞPA-nın payız sessiyasında da möhkəmlətmək əzmindədirlər. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komisiyasının sədri Səməd Seyidovun bildirdiyinə görə, sessiyanın gündəliyində "Terror və demokratiya" mövzulu müzakirələr əsas yer tutacaq.
Nümayəndə heyətinin rəhbəri İlham Əliyev bu müzakirələrdə çıxış edəcək. Azərbaycan parlament heyətinin başçısı Ermənistanın ölkəmizə qarşı təcavüzünün dinc əhaliyə qarşı terrorla müşayiət olunduğunu, Dağlıq Qarabağda və işğal edilmiş digər ərazilərdə narkobiznesin çiçəkləndiyini və bölgənin bütövlükdə terrorizm yuvasına çevrildiyini sübutlayacaq konkret faktları Avropa parlamentarlarının diqqətinə çatdıracaq.
S.Seyidovun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti ötən iki sessiyaya təqdim etdiyi beş sənədin sırasını genişləndirmək niyyətindədir. Bu məqsədlə bir neçə layihə hazırlanıb. Millət vəkili layihələrin məğzini öncədən açıqlamağı məqsədəuyğun saymasa da, onların Ermənistanın beynəlxalq müstəvidəki mövqelərinə ciddi şəkildə təsir edəcək sənədlər olacağını bildirdi. S.Seyidovun qənaətinə görə, Ermənistanın təcavüzkarlığını və Dağlıq Qarabağın narkobiznesin və terrorizmin intişar tapdığı regiona çevrildiyini bu yaxınlarda regionda səfərdə olmuş AŞPA sədri Rassel Constonun da təsdiqləməsi Azərbaycan heyətinə əlavə dəstək sayılmalıdır. Əlavə edək ki, Ermənistan heyəti də payız sessiyasına əliboş getmədiyini və ötən iki sessiyadakı uğursuzluğun əvəzini çıxmaq niyyətində olduğunu bildirib.
"Bakıelektrikşəbəkə" Türkiyə şirkətinə verilir
"Barmek Nolding" paytaxtımızın işıq sisteminin yenidən qurulmasına 300 milyon dollar sərmayə qoyacaq
|
"Bakıelektrikşəbəkə" səhmdar cəmiyyətinin (SC) xarici idarəçiliyə verilməsi barədə danışıqlar, demək olar ki, başa çatıb. SC-ni Türkiyənin "Barmek Nolding" şirkəti uzun müddətə idarəçiliyə götürüb," - iqtisadi inkişaf naziri Fərhad Əliyev dünən keçirdiyi mətbuat konfransında belə deyib.
Onun sözlərinə görə, Türkiyə şirkəti Azərbaycan hökumətinin irəli sürdüyü bütün şərtlərlə razılaşıb. Nazir deyib ki, "biz eyni vaxtda Amerikanın AEC şirkəti ilə da danışıqlar aparırdıq, lakin "Barmek Nolding" şirkətinin şərtləri daha əlverişlidir". Hazırda sənədlər hazırlanır və yəqin ki, oktyabrın 1-dən "Bakelektrikşəbəkə" SC Türkiyə şirkətinin idarəçiliyinə keçəcək.
F.Əliyev bildirib ki, "Barmek Nolding" şirkəti SC-yə 300 milyon dollardan artıq sərmayə qoyacağını vəd edib. AES-in təklif etdiyi sərmayə isə 170-180 milyon dollardır.
"Bakelektrikşəbəkə" SC-nin xarici idrəçiliyə verilməsi üzrə keçirilən tenderdə əvvəllər Almaniyanın "Siemens" şirkəti qalib elan olunmuşdu. Lakin "Siemens"in şərtləri məqbul sayılmadığından Azərbaycan hökuməti onu bu hüquqdan məhrum edib. Məsələn, "Siemens" elektrik enerjisinin haqqını ödəməyənlərin işığının kəsilməsini təkid edirdi (ölkədə elektrik enerjisindən istifadəyə görə ödənişlərin cəmi 33,3 faizi yığılır). Bundan başqa, şirkət elektrik şəbəkələrinin modernləşdirilməsinin xərclərini çıxarmaq üçün tarif haqlarını qaldırmaq tələbi irəli sürürdü. Respublika hökuməti tarifləri 2004-cü ildən qaldırmağı məsləhət bilsə də, "Siemens" bu sənədin indidən təsdilənməsini, 2001-ci il yanvarın 1-dən isə qüvvəyə minməsini istəyirdi.
Ruslar Panikissini bombalayacaq
Gürcüstanıın təhlükəsizlik xidmətinin keçmiş rəhbəri belə deyir
|
Moskva çeçen qaçqınlarının yerləşdiyi Pankissi dərəsinə zərbələr endirməyi planlaşdırır. Rusiya tələb edir ki, qaçqınlar Gürcüstanı tərk etsinlər və Tbilisini çeçen yaraqlılarını dəstəkləməkdə ittiham edir.
Bu barədə Tbilisinin "Rezonansi" qəzeti ölkənin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri İrakli Batiaşviliyə istinadən məlumat yayıb.
Batiaşvilinin sözlərinə görə, Rusiyanın konkret hərbi əməliyyatlar hazırlamasına dair məlumat var. Əməliyyatlar Pankisi və Kodor dərəsində həyata keçiriləcək. Rusiyanın məqsədi Gürcüstanda kütləvi iğtişaşlar yaratmaqdır. Batiaşvili hesab edir ki, bunun qarşısını almaq mümkündür və Gürcüstan beynəlxalq miqyasda-BMT, Avropa Şurası və ATƏT qarşısında həyəcan təbili çalmalıdır.
Öz növbəsində hərbi məsələlər üzrə ekspert David Darçiaşvili hesab edir ki, dünyada aparıcı qüvvə olan sivil demokratik ölkələr birliyi Gürcüstanda sabitliyin pozulmasında maraqlı deyil. Darçiaşvilinin fikrincə, Qərb Böyük Qafqazda müharibəyə yol verməmək üçün bütün tədbirləri görəcək.
|
Qanunvericilik aktları dəyişdirilir
|
Milli Məclisin Dövlət quruculuğu və hüqüq siyasəti daimi komissiyasının dünənki iclasında "Notariat haqqında" Azərbaycan Respublikası Qanununa dəyişiklikləri nəzərdə tutan layihə müzakirə olunub.
Prezidentin imzası ilə parlamentə təqdim olunan sənəddə ölkə ərazisində bütün növ dövlət rüsumlarının ölçüsünün Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulub. Halbuki indiyədək "Notariat haqqında" qanuna görə bu prosedur iki dövlət strukturu - Milli Məclis və Nazirlər Kabineti tərəfindən həyata keçirilirdi.
Bundan əlavə, ölkə prezidentinin imzası ilə bir neçə digər qanuna əlavələrin edilməsini nəzərdə tutan sənədlər paketi də parlamentə göndərilib. Prezidentin qanunvericilik təşəbbüsü ilə "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında", "Ölkəyə giriş və çıxış və pasportlar haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Normativ hüquqi aktlar haqqında", "Polis haqqında", "Daktiloskopik qeydiyyat haqqında" və s. qanunların təkmilləşdirilməsi nəzərdə tutulur. Dünən sözügedən layihələrə parlament komissiyasında nəzərdən keçirilərək MM-in müzakirəsinə tövsiyə edildi. Dünən MM-in Sosial siyasət daimi komissiyasının iclasında da prezident tərəfindən parlamentə göndərilən və bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin olunmasını nəzərdə tutan sənədlər müzakirə olunub. Onların arasında Əmək Məcəlləsi, İnzibati Hüquqpozmalar haqqında Məcəllə, "Narkotiklərin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında", "Əhalinin sağlamlığı haqqında" qanunlarda dəyişiklikləri məqsəd görən layihələr vardı. Sənədlər paketi komissiya tərəfindən bəyənildi.
|
86 yaşlı şahı Əfqanıstana qaytaracaqlar
|
"Guardian" qəzetinin məlumatına görə, Pentaqon Əfqanıstanda talib rejimini devirmək və ölkəni BMT hakimiyyətinə verməyi planlaşdırır. Bu məqsədlə ABŞ hökuməti avropalı müttəfiqlərilə məsləhətləşmələr aparır.
Gələcəkdə isə ABŞ Əfqanıstanda monarxiyanı bərpa etmək və sürgündə olan əfqan şahı 86 yaşlı Zakiri hakimiyyətə qaytarmaq niyyətindədir. Diplomatik mənbələrdən məlum olub ki, ABŞ administrasiyasının məsləhətilə Zakir şah tezliklə bütün əfqan tayfalarını taliblərə qarşı üsyana çağıra bilər.
Artıq Vaşinqton Romada yaşayan monarxla Şimali alyans liderlərinin görüşlərini təşkil edib. ABŞ Dövlət Departamenti yaydığı kommünikedə amerikalıları Əfqanıstanla sərhəd ölkələrlə səfərlərdən çəkinməyə çağırıb. Həmin ölkələr sırasında Türkmənistan və Özbəkistanın da adı çəkilir. Eyni zamanda ABŞ-ın Aşqabaddakı səfirliyinin "ikinci dərəcəli" personalına və diplomatların ailə üzvlərinə ölkəni tərk etməyə icazə verilib.
Aşqabaddakı rəsmi mənbələrin məlumatına görə, hələlik amerikalı diplomatlardan heç kim ölkəni tərk etməyə hazırlaşmır və səfirlik adi rejimdə işləyir.
|
İran hava məkanını vermir
|
İran XİN mətbuat katibi Həmid Reza Asəfi bildirib ki, İran heç bir halda Əfqanıstana zərbə endirmək üçün öz hava məkanını ABŞ-a verməyəcək. Bu barədə "Reuters" məlumat yayıb.
O deyib ki, İran İslam Respublikası bitərəfliyini saxlayır və qonşu ölkələrlə istənilən münaqişəyə müdaxilə etməmək siyasəti yürüdür. Asəfi həmçinin bildirib ki, Üsəma ben Laden İran ərazisinə buraxılmayacaq.
İran prezidenti Məhəmməd Xatəmi Britaniyanın baş naziri Toni Blerlə telefon söhbətində qərb ölkələrini Əfqanıstana zərbələr endirməkdən çəkinməyə çağırıb. "Faciəyə faciə ilə cavab vermək olmaz," - deyə Xatəmi vurğulayıb.
ABŞ-ın Əfqanıstan ərazisində antiterror əməliyyatlarına başlamaq niyyətindən xəbər tutan İran bu ölkə ilə sərhədləri bağlayıb. Lakin artıq 1,5 milyon əfqan qaçqının məskunlaşdığı İran daha çox qaçqın qəbul etməyə hazırlaşır. Bu məqsədlə Əfqanıstan sərhəddi yaxınlığında düşərgələr salınır.
|
BMT Əhali Fondu seminar keçirir
|
Sentyabrın 24-dən 29-dək Bakıda Azərbaycan hökuməti və BMT-nin Əhali Fondunun birgə tədbiri - "Demoqrafik Analiz Metodları" mövzusunda seminar keçiriləcək.
Bu seminar beynəlxalq praktikada qəbul edilmiş əsas demoqrafik konsepsiyaların və demoqrafik analiz metodlarının öyrənilməsinə xidmət edir. Birgə treyninq tədbirində Türkiyənin Hactəpə Universiteti Əhali İnstitutunun ekspertlərinin də iştirak etməsi yerli və beynəlxalq mütəxəssislərin müasir demoqrafiyada istifadə edilən praktik metodlar, habelə konseptual haşiyələrlə daha yaxından tanış olmasına imkan yaradacaq. Seminarın açılış mərasimində BMT idarələrinin Azərbaycandakı nümayəndələri, Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Səhiyyə Nazirliyinin əməkdaşları iştirak edəcəklər.
|
Gürcü-osetin münaqişəsi Buxarestdə çözülür
|
Gürcü-osetin münaqişəsinin tərəfləri arasında qarşılıqlı inamın möhkəmləndirilməsi, habelə tərəflərin vədlərinə əməl etməsi sülh prosesinin ən vacib faktorudur.
Bu fikir tərəflərin gürcü-abxaz münaqişəsinin həlli ilə bağlı danışıqların tənzimlənməsi üzrə ekspert qruplarının iştirakı ilə Rumıniya paytaxtında keçirilən altıncı görüşündə imzalanmış protokolda əksini tapıb. Görüşdə qərara alınıb ki, tərəflər münaqişə vəziyyətindən çıxmaq üçün danışıqları davam etdirsinlər. Görüş Rusiyanın vasitəçiliyi ilə keçirilib. Danışıqlarda ATƏT və AŞ nümayəndələri də iştirak ediblər. Tərəflər ATƏT-in hazırkı sədri, Rumıniya xarici işlər naziri Mirça Conae ilə görüşüblər.
|
Alim Qasımovun
səsini
dünya eşidəcək
|
Oktyabrın 9-da saat 19.00-da "Respublika" sarayında dövrümüzün dahi xanəndəsi hesab edilən Alim Qasımovun konserti olacaq. Konsertdə onu Malik Mənsurov (tar), Rauf İslamov (kamança), Rafael Ələsgərov (qara ney) və Natiq Şirinovdan (nağara) ibarət dördlük maşaiyət edəcək.
Bu konsertdən sonra A.Qasımov İtaliyaya yola düşəcək. Oktyabrın 14-dən 18-ə kimi "MUSICADEI POPOLI" - populyar musiqi mərkəzinin dəvəti ilə bu ölkədə olacaq Alim Qasımov Roma şəhərində bir konsert verəcək. Xanəndə gələn il yanvarın 14-dən 22-ə kimi Bolonya şəhərində də olacaq. Onun həmin vaxt opera tamaşasında 4 çıxışı nəzərdə tutulub. A.Qasımov bu operada Şərq müğənnisi rolunda oynayacaq.
Bu il noyabr ayının 5-dən 10-dək A.Qasımovun Tehrana da səfəri gözlənilir. İran İslam Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ölkəyə dəvət edilmiş müğənni Tehran şəhərində 5 konsert verəcək.
Alim Qasımovun gələn ilki konsertləri arasında "İpək yolu" proqramı ilə dünyanın bir çox ölkələrində çıxışı mühüm yer tutur. Bu konsertlərdə Firəngiz Əlizadənin "Dərviş" musiqi kompozisiyasında müğənni partiyasını ifa edəcək Alim Qasımovu Nyu-York simfonik orkestri və məşhur Çin əsilli violençelçalan Yo-Yo-Ma müşaiyət edəcək. A.Qasımov eyni tərkiblə gələn il yanvarın 22-dən 27-nə kimi Hollandiya şəhərlərinin birində, yanvarın 28-dən 29-na kimi Belçikanın Brüssel şəhərində, yanvarın 30-dan fevralın 2-nə kimi Almaniyanın Köln şəhərində, fevralın 3-də Amsterdamda çıxış edəcək. Onun Fransadakı konsertləri aprelin 4-dən 12-dək Lion şəhərində, aprelin 9-dan 12-dək Paris şəhərində olacaq.
|
"Almanlar Cənubi
Qafqazın şəhər həyatında"
|
Gələn həftənin ilk günlərində Bakıda "Almanlar Cənubi Qafqazın şəhər həyatında (1918-1920-ci illərə qədər) mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Konfransın təntənəli açılışı sentyabrın 24-də saat 10.00-da Kapelhauzda olacaq. Sentyabrın 25-də isə konfrans öz işini Qərb Universitetində davam etdirəcək. Konfransın təşkilatçıları "Almaniya Şərqi Avropa tədqiqatları" institutu, "Şərqi Avropa mədəniyyəti üzrə Alman forumu" və Bakı Qərb Universitetidir.
|
Gənc jurnalistlərin
respublika müsabiqəsi
|
Centyabrın 15-dən noyabrın 15-ə qədər 18-30 yaş arasında olan jurnalistlər arasında ümumrespublika müsabiqəsi keçirilir. Müsabiqənin qalibləri bu nominasiyalar üzrə seçiləcək:
- gənclərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi;
- gənc ailələrin problemləri;
- uşaq problemləri;
- elm və təhsil;
- ədəbiyyat və incəsənət;
- turizm;
- idman.
Hər nominasiyanın qalibinə fəxri diplom və pul mükafatı təqdim ediləcək. Müsabiqəni ölkəmizin Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Jurnalistlər Birliyi keçirir.
Antiterror əməliyyatları və Qarabağ məsələsi
Ermənistan prezidenti
bu barədə proqnoz verə bilməyib
|
ABŞ-da baş vermiş faciənin Qarabağ nizamlanması prosesinə təsirilə bağlı sualı cavablandıran Ermənistan prezidenti Robert Köçəryan "Kommersant" qəzetinə müsahibəsində bildirib ki, ABŞ Qarabağ nizamlanmasında fəal iştirak edir. "ABŞ-ın nə dərəcədə bu fəallığı saxlayacağı, diqqət və resurslarını tamamilə yeni təhlükə ilə mübarizəyə yönəldib- yönəltməyəcəyi hələlik bəlli deyil," - deyə o vurğulayıb.
Bir çox halda situasiya ABŞ-ın nə kimi antiterror əməliyyatları həyata keçirməsindən, hansı koalisiyanın formalaşmasından və bundan sonra əldə ediləcək nəticələrdən asılıdır. "Zənnimcə, bu gün heç kim bu barədə fikir söyləyə bilməz. Müxtəlif variantlar güman etmək olar. Lakin bütün bunların beynəlxalq situasiyaya necə təsir göstərəcəyi və nəticələri haqda indidən söz demək çətindir," - deyə prezident vurğulayıb.
Eyni zamanda Köçəryanın fikrincə, ABŞ-da hadisələrin güclü rezonansı Qarabağ nizamlanmasına "hansısa" təsir göstərə bilər. Bununla belə, Ermənistan prezidenti əmin olduğunu bildirib ki, ABŞ-ın sülh prosesində məsuliyyəti çox böyükdür və ölkə istənilən addımı bu məsuliyyəti nəzərə alaraq atacaq.
|
Birgə əməliyyatlar planı məxfidir
|
"Azərbaycan terrorla mübarizə aparanların tərəfindədir. Çünki biz özümüz də həm ölkə daxilində, həm də Ermənistan- Azərbaycan münaqişəsi nəticəsində terrordan əziyyət çəkirik," - deyə Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Turan"ın müxbirilə söhbətində bildirib.
"Beynəlxalq terrorizmlə mübarizəyə dair hazırlanan genişmiqyaslı əməliyyatlarda birgə fəaliyyətlə bağlı ABŞ rəsmi Bakı ilə məsləhətləşmələr aparırmı" sualını cavablandıran N.Məmmədov deyib ki, "bu barədə məlumatı yoxdur".
"Əgər məlumat olsaydı belə, yenə deməzdim," - deyə o bu qəbildən olan məsələlərin konfidensial xarakter daşıdığına işarə edib.
Eyni zamanda N.Məmmədov xatırladıb ki, ötən şənbə AŞPA sədri ilə görüşündə prezident Heydər Əliyev bildirib ki, Azərbaycan terrorizmlə mübarizə sahəsində hər hansı bir tədbirin keçirilməsi üçün öz ərazisindən istifadə olunmasına hazırdır.
N.Məmmədov qeyd edib ki, antiterror əməliyyatlarının aparılması üçün Azərbaycan mənəvi dəstəklə yanaşı ABŞ-a öz imkanları çərçivəsində digər köməyi də göstərməyə hazırdır.
"Azərbaycan dövləti dünyadakı soydaşlarımıza arxa duracaq"
Millət vəkili Mais Səfərli xarici soydaşlarımızla bağlı qanun hazırlanmasını müsbət qiymətləndirir
|
Xəbər verildiyi kimi, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının iclasında "Xaricdə yaşayan həmvətənlərə münasibətdə dövlət siyasəti haqqında" qanun layihəsi müzakirə olunub.
>Xeyli müddət əvvəl Azərbaycan dövlətinin xaricdəki soydaşlarımızla münasibətlərini tənzimləyən qanunverici bazanın formalaşdırılması təşəbbüsü ilə çıxış edən millət vəkili, "Yurddaş" Partiyasının sədri Mais Səfərli "Bizim ƏSR"in müxbiri ilə söhbətində qanun layihəsi ilə bağlı fikirlərini bölüşüb.
Mais bəy, belə bir qanunun qəbul
edilməsi zərurəti nəylə izah olunur?
- Biz dünyanın tək-tük xalqlarındanıq ki, bölünmüşük. Və bu gün bizim soydaşlarımızın böyük əksəriyyəti öz dədə-baba torpaqları ilə birgə yad dövlətlərin ərazisində qalıb. Bundan savayı, taleyin amansız hökmü ilə milyonlarla azərbaycanlı qürbətdə yaşayır. Bu gün yer üzündə 40 milyondan çox olan azərbaycanlıların yeganə dövləti Azərbaycandır. Bu dövlət yer üzündə yaşayan bütün soydaşlarımıza arxa durmalıdır. Azərbaycan dövləti çalışmalıdır ki, dünyadakı azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq özlərini milli xüsusiyyətlərini, dilini, dinini, mentalitetini, tarixi unutmasınlar. Bütün bu problemlərin həlli üçün sözügedən qanunun qəbuluna ehtiyac var.
Elə isə Azərbaycan dövlətinin
xaricdəki soydaşlarımızla bağlı siyasəti necə olmalıdır?
- İndiyə qədər Milli Məclisdə dövlət siyasəti ilə bağlı çox az qanunlar qəbul olunub. Ümumi desək, dövlətin xaricdəki azərbaycanlılarla münasibətləri necə olmalıdır, dövlət hansı prinsiplərlə bu siyasəti gerçəkləşdirməlidir, dövlətin bu siyasətinin məqsədləri nədən ibarətdir, dövlət bu siyasətini beynəlxalq hüquqla necə tənzimləməlidir - bütün bu və digər məsələlər qanunda öz əksini tapıb. Yeri gəlmişkən, onu da deyək ki, hələ bir neçə il əvvəl "Yurddaş" Partiyası alternativ qanun layihəsi ilə Milli Məclisə müraciət etmişdi. Ancaq təəssüf ki, o vaxt bizim təqdim etdiyimiz qanun layihəsi müzakirəyə çıxarılmadı.
Qanun layihəsinə görə, xaricdə
yaşayan soydaşlarımızın Azərbaycanın mədəni, sosial, iqtisadi inkişafında, dövlət quruğuluğu və idarəçiliyində iştirakı təmin olunmalıdır. Bu məsələlərin həyata keçirilməsi mexanizmləri barədə nə deyə bilərsiniz?
- Qanunda Azərbaycandan kənarda yaşayan azərbaycanlıların sosial hüquqlarının müdafiəsi nəzərdə tutulur. Göstərilir ki, həmvətənlərlə münasibətdə Azərbaycanın dövlət siyasətinin həyata keçirilməsi zamanı müvafiq icra orqanları onların kommersiya təşkilatlarının yaradılmasını, iqtisadiyyatımıza investisiya qoyuluşunda iştirakını təmin etməlidir. Eləcə də xarici dövlətlərin və Azərbaycanın müvafiq qanunvericiliyinə uyğun olaraq onların qarşılıqlı faydalı əməkdaşlığını həvəsləndirməlidir. Azərbaycan dövləti hətta xaricdəki aztəminatlı ailələlərə sosial yardımlar da göstərə bilər. Tutaq ki, qanun Gürcüstanda acınacaqlı vəziyyətdə yaşayan azərbaycanlılara dövlət yardımı edilməsinə imkan verəcək.
Mais bəy, xaricdəki azərbaycanlılar
tərəfindən ölkə iqtisadiyyatına sərmayə qoyuluşu ilə bağlı hansı güzəştlər nəzərdə tutulur?
- Bu məsələ də qanunda öz əksini tapmalıdır. Elə milyoner soydaşlarımız var ki, başqa dövlətlərin iqtisadiyyatına sərmayə qoyurlar. Niyə onlar başqa dövlətlərə xeyir verməlidirlər? Onların ölkə iqtisadiyyatında investisiya qoyması üçün güzəştli şərait yaradılmalıdır. Hansısa əcnəbidən fərqli olaraq əslən azərbaycanlı olan şəxsin Azərbaycandakı biznes fəaliyyətinə yanaşmada fərq olmalıdır.
Qanun layihəsində maraqlı
müddəalardan biri də budur ki, Azərbaycanın xarici siyasəti azərbaycanlılara qarşı münasibətdən asılı olaraq dəyişə bilər. Bu, bəzi dövlətlərlə münasibətlərimizdə gərginlik yaratmayacaq ki?
- Əvvəla, xaricdəki azərbaycanlıların bir qismi Azərbaycan vətəndaşlarıdır. Yəni Azərbaycan dövləti onların hüquqlarının müdafiəsinə bilavasitə cavabdehlik daşımalıdır. Azərbaycan vətəndaşı olmayan soydaşlarımızdan söhbət gedirsə, biz qanunu qəbul etməklə onların hüquqlarının müdafiəsi ilə bağlı da öhdəlik götürəcəyik. Harada yaşamalarından asılı olmayaraq onların təhlükəsizliyi üçün çalışmalı olacağıq. Sivil dünyada insan hüquq və azadlıqları üçüq sərhəd yoxdur. Azərbaycan dövləti beynəlxalq hüquq normaları, konvensiyalar əsasında bu işləri gerçəkləşdirə biləcək.
Azərbaycan diasporasının
fəaliyyətsizliyi ilə bağlı da cəmiyyətdə bir narahatlıq var. Qanun layihəsində bu istiqamətdə hansısa fəaliyyət nəzərdə tuturmu?
- Təəssüf ki, qanun layihəsində bununla bağlı xüsusi maddə yoxdur. Amma bütövlükdə qanunun qüvvəyə minməsi xaricdə yaşayan milyonlarla azərbaycanlının bir diaspora şəklində formalaşmasına gətirib çıxaracaq. Yəni xaricdə yaşayan azərbaycanlılar üçün təhsil müəssisələri, məktəblər, mədəniyyət ocaqları yaratmaqla, onların bir diaspora şəklində formalaşmasına ciddi kömək göstərəcəyik.
"Beynəlxalq Azərbaycan telekanalı"nın yaradılması ilə bağlı qanun layihəsində öz əksini tapan müddəa da maraq doğurur...
- Bu mənim təklifimlə qanun layihəsində öz əksini tapıb. Azərbaycan dövlət televiziyasının peyk vasitəsilə bütün dünyaya yayımının təşkili, eyni zamanda, dövlət televiziyasının əsasında "Beynəlxalq Azərbaycan telekanalı"nın yaradılması da nəzərdə tutulur. Soydaşlarımız bu televiziya vasitəsi ilə Azərbaycanda gedən ictimai-siyasi prosesləri obyektiv şəkildə izləmək imkanı əldə edəcəklər.
Xaricdəki soydaşlarımızın
Azərbaycana problemsiz gediş-gəlişi üçün viza probleminin aradan qaldırılması məsələsi qanunda öz əksini tapmayıb. Bu nəylə bağlıdır?
- Çox təəssüflər olsun ki, bu nəzərdə tutulmayıb. Dünən müzakirələrdə iştirak edən DİN əməkdaşları bu məsələnin qanunda öz əksini tapması ilə bağlı məsələ qaldırdılar. Ola bilsin ki, peşəkar hüquqşünaslar hüquqi problemlərin yaranmaması üçün əvvəlcədən bu müddəanı qanuna salmayıblar. Çünki bu təkcə Azərbaycanın istəyindən asılı deyil. Bunun üçün müxtəlif dövlətlərlə danışıqlar aparılmalı, onların da razılığı alınmalıdır. Güman edirəm ki, bu problem də öz həllini tapacaq.
|