Xəbərlər xətti

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#114(338)
Viza rejimi ləğv edilməyəcək

"İndiki mərhələdə Türkiyə ilə Azərbaycan arasında vizalı gediş-gəliş rejiminin ləğv edilməsi məqsədəuyğun deyil". Bu barədə "Trend"ə məlumat verən Azərbaycanın İstanbuldakı baş konsulu Xeyrəddin Qocanın sözlərinə görə, viza rejiminin ləğvinə dair təşəbbüslərin müzakirəsindən sonra hər iki tərəf belə nəticəyə gəlib ki, belə bir addım indiki şəraitdə Azərbaycanın və Türkiyənin milli təhlükəsizlik maraqlarına uyğun gəlmir. Hər iki tərəf ehtiyat edir ki, viza rejiminin aradan qaldırılması cinayətkar və terrorçu qruplaşmalarla, habelə ekstremist və separatçı qüvvələrlə aparılan mübarizəyə mənfi təsir göstərə bilər. Çünki vizalar verilərkən şübhə doğuran bu və ya digər şəxsin barəsində müvafiq yoxlama aparıla bilər. Viza rejiminin ləğvi isə belə proseduru mümkünsüz edəcək. Qeyd edək ki, Türkiyə və Azərbaycan arasında viza rejiminin ləğv edilməsinə dair təşəbbüslər son illər bir neçə dəfə Türkiyənin rəsmiləri tərəfindən də irəli sürülmüşdü.

"Bəri bax" festivala dəvət alıb

"Bəri bax" qrupu dekabr ayında Moskvada keçiriləcək caz festivalına dəvət alıb. Qrupun rəhbəri Rauf Babayevin dediyinə görə, "Slavyan bazarı"ndakı uğurlu çıxışın da burada təsiri var. R.Babayev deyib ki, "Bəri bax"ın professionalların iştirak edəcəyi bir festivalda ölkəmizi təmsil etməsi olduqca əhəmiyyətli hadisədir. Hazırda qrupla bağlı bir sıra planların olduğunu söyləyən musiqiçi onlara dövlət statusu veriləcəyinə ümid edirr.

Ecevit: "Türkiyə döyüşlərdə iştirak etməyəcək!"

Türkiyənin baş naziri Bülənd Ecevit CNN agentliyinə verdiyi müsahibəsində bildirib ki, bu ölkənin ordusu Əfqanıstana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək. Baş nazirin fikrincə, Türkiyə Şimal Alyansı dəstələrinin döyüşlərə daha yaxşı hazırlaşdırılmasını təmin edə bilər. Ecevit ABŞ-ı cavab zərbələrinin endiriləcəyi dövlətlərin siyahısını genişləndirməməyə və öz ordusu ilə Əfqanıstana hərbi müdaxilə etməməyə çağırıb. Baş nazir deyib ki, indiki halda yalnız Şimal Alyansına kömək etmək məqsədəuyğun sayıla bilər.

Aeroportda atışma

Amsterdamın Sifol hava limanında baş vermiş atışma nəticəsində üç nəfər yaralanıb. Niderland polisi hadisənin motivləri haqda dəqiq məlumata malik olmasa da, baş verənləri terror əməli kimi dəyərləndirmədiyini bildirib. Çox güman ki, atışan tərəflərdən biri qaçaqmalçılar olub. Hələlik yaralananların adları və onların vəziyyəti haqda məlumat verilmir.

Xəzər statusuna dair sənəd hələ təsdiqlənməyib

Xəzəryanı dövlət XİN nümayəndələri Xəzərin hüquqi statusuna dair konvensiya layihəsinin paraflanmasını təxirə salıb. Bu barədə Qazaxıstan xarici işlər nazirinin birinci müavini Nurtay Abıkayev dünənki brifinqdə bildirib. Brifinqdən öncə Xəzəryanı ölkə ekspertlərindən ibarət işçi qrupunun beşinci görüşünün yekunlarına dair birgə kommünike imzalalanıb. Sənədin paraflanması növbəti görüşdə baş tutacaq. İlkin məlumatlara görə, görüş dekabrda Moskvada keçiriləcək. Lakin diplomat qeyd edib ki, sahilyanı dövlət başçılarının Türkmənistan sammiti baş tutsa və dekabra kimi davam etsə, ekspertlər konvensiya layihəsinə həmin sammit ərəfəsində baxacaq. Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan xarici işlər nazirləri müavinləri səviyyəsində işçi qrupunun hazırkı danışıqları sentyabrın 18-da Astanada başlayıb.

Özəl poliklinikanın binası sökülür

Paytaxtın Puşkin küçəsində yerləşən stamatoloji poliklinikanın bir hissəsi dünən sökülüb. Bu iş Səbayel Rayon İcra Hakimiyyəti nümayəndələrinin və polis əməkdaşlarının nəzarəti altında həyata keçirilib. Mülkün sahibi olan həkim-stomatoloq Ramiz Əhmədbəylinin sözlərinə görə, obyektin tikintisinə hələ 1999-cu ildə razılıq alınıb ("Turan"). O, klinikanın layihəsinin hətta blə başçısı tərəfindən bəyənildiyini və tikinti üçün 2001-ci ildə təkrar razılıq alındığını da bildirib. Həkim-stomatoloq "obybektin Bakının keçmiş meri Rafael Allahverdiyevə məxsus olması bəhanəsi" ilə söküldüyünü iddia edib. Onun dediyinə görə, binanın sökülməsinə sentyabrın 18-də başlansa da, bu barədə yerli icra orqanının sərəncamı sentyabrın 20-də verilib. Dünən isə məhkəmə binanın sökülməsinin dayandırılması ilə bağlı qərar çıxarıb. Lakin Səbayel Rayon İcra Hakimiyyəti bu qərara məhəl qoymayıb. Poliklinikanın sahibi Bakı şəhər və Səbayel rayon icra hakimiyyətlərinin məsul əməkdaşlarını cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə müraciət etmək niyyətindədir.

Senator həddini aşır

Amerikalı respublikaçı-senator Con Kuksi deyib ki, ABŞ-da özünün müsəlman olduğunu açıq göstərən istənilən şəxs terrorçu təşkilatların işində iştirak etməkdə şübhəli bilinə və təhlükəsizlik xidmətləri tərəfindən yoxlanıla bilər. Luziana ştatını təmsil edən senatorun fikrincə: "başında bez gəzdirən istənilən şəxs sorğu-suala hazır olmalıdır". Kuksi "bez" kəlməsi ilə əmmamə və ya çalma məfhumunu ifadə etməyə çalışıb. Kuksinin bu sözləri təkcə müsəlmanlar arasında deyil, ABŞ siyasi dairələrində də hiddətlə qarşılanıb. ABŞ-da dini dözümlülüyün ciddi zərbələrə məruz qaldığı indiki zamanda çalmanı uşaq bezinə bənzətmiş Kuksinin ən azı töhmətləndiriləcəyini gözləmək olar. Xatırladaq ki, bir neçə gün bundan əvvəl prezident Buş da oxşar səhvə yol vermiş, antiterror əməliyyatlarını Həcc səfərinə bənzətmiş, daha sonra yenidən müsəlmanlarla görüş arayaraq ağzından çıxardığı ifadəni "İslam - sülh deməkdir" cümləsi ilə əvəzləməyə çalışmışdı.

Partlayış Fransanı da silkələdi

Dünən Fransanın cənubunda - Tuluza şəhərində kimya zavodlarından birində baş vermiş güclü patlayış nəticəsində 15 nəfər həlak olub, 200 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, onlardan 80-nin vəziyyəti son dərəcə ağırdır. Zavodun iki binası tamamilə dağılıb. Müəssisə "Ariane" raketləri üçün yanacaq hazırlayırdı. Təhqiqat və xilasetmə işləri aparılır.

PKK Türkiyəni hədələyir

Türkiyə xüsusi xidmət orqanlarının məlumatına görə, PKK "kamikadzelər" vasitəsilə ölkədə bir sıra terror aktlarının törədilməsinə qərar verib. Terror aktları Türkiyə məhkəməsinin PKK lideri Abdulla Öcalan barəsində çıxardığı ölüm hökmünün Avropanın İnsan Hüquqları üzrə Məhkəməsi tərəfindən bəyənilməsindən sonra baş tuta bilər. Məhkəmənin qərarı sentyabrın 18-də elan olunacaq.

Təyyarə qəzaya uğradı

Gürcüstan Müdafiə Nazirliyinə məxsus L-29 təyyarəsi Marneuli rayonunda təlim-məşq uçuşu keçirərkən qəzaya uğrayıb. İlkin məlumatlara görə, qəzaya uğrayan təyyarənin göyərtəsində yalnız pilot olub, təlimatçı isə ikinci təyyarədən uçuşlara nəzarət edirmiş.

Faciə rəqəmlərdə

Son hesablamalara görə, ABŞ-da baş verən terror aktları nəticəsində ölən və yaralananların ümumi sayı 6807 nəfərdir. Nyu-Yorkda 241 nəfər həlak olub, onlardan 157 nəfəri ölümü təyyarənin göyərtəsində qarşılayıb. Həlak olanlardan yalnız 170 nəfərinin cəsədini tanımaq mümkün olub. 6333 nəfər itkin düşmüş sayılır. Onlardan 189 nəfəri faciə zamanı Pentaqonda, 124 nəfəri isə binaya çırpılan təyyarənin göyərtəsində olub. Vaşinqtonda 189 nəfər itkin düşmüş sayılır. Bunlardan 124 nəfəri Pentaqonda, 64 nəfəri təyyarədə olub. Pentaqonun dağıntıları arasından 143 meyit çıxarılıb, onlardan 40-ı hələ də tanınmayıb. Pensilvaniyada partlayan təyyarənin 44 sərnişini həlak olub.

Əcnəbi 12 milyon 367 min manat maaş alır Yerli kadrlar isə...

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda orta aylıq əməkhaqqı 255 min 400 manat (54,6 dollar) təşkil edib. Bu da btən ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycanda çalışan əcnəbilərin orta aylıq məvacibləri 12 milyon 367 min manat təşkil edir. Azərbaycanda mövcud olan orta aylıq əməkhaqqı ilə əcnəbilərin məvacibləri arasında 48,4 dəfə fərq var. Respublikada daha çox əməkhaqqı Yanacaq Energetika Kompleksində, mehmanxana və restoran biznesində, həmçinin maliyyə təşkilatları və banklarda müşahidə edilir. Ən az əməkhaqqı isə kənd təsərrüfatı, səhiyyə sahəsində çalışanlar alır. MDB-nin Dövlətlərarası Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan bu məkana daxil olan dövlətlər arasında orta aylıq əməkhaqqının səviyyəsinə görə 7-ci yeri tutub. Sonda bildirək ki, MDB dövlətləri içərisində ən az əməkhaqqı artımı Ermənistanda müşahidə edilib - cəmi 12,3 faiz.

Pulsuz zibil torbaları paylanacaq Eksperimental ekoloji layihə həyata keçirilir

Milli Qeyri Hökumət Təşkilatları Forumunun ekoloji departamentinin üzvləri olan Ekoloji problemlərin tədqiqi mərkəzi və Analitik sosial ekoloji treninq mərkəzi tərəfindən hazırlanmış və təqdim olunmuş "Şəhərimizin təmizliyi bizim rifahımızdır" ekoloji layihəsi Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən maliyyə dəstəyi qazanmışdır. Ekoloji Problemlərin Tədqiqi Mərkəzinin rəhbəri Kamran Mahmudovun "Bizim ƏSR"ə verdiyi məlumata görə layihədə əsas məqsəd ətraf mühitin polimer tullantılardan təmizlənməsi, onların yandırılmasının qarşısının alınması və təkrar istehlak dövriyyəsinə qaytarılmasıdır. Kamran Mahmudovun sözlərinə görə, əhalidən qəbul olunacaq polimer tullantılar mərkəzin öz avadanlıqları vasitəsilə təkrar emal olunaraq zibil torbaları şəklində əhalinin istifadəsinə veriləcək. Həmin zibil torbaları pulsuz paylanacaq. Esperimentlərin aparılmasına ilk olaraq Bakının Nizami rayonunda yerləşən 150-160 ailənin yaşadığı bir bina seçiləcək. Nizami rayon İcra Hakimiyyəti layihənin həyata keçirilməsinə müsbət yanaşıb. Kamran Mahmudov onu da bildirdi ki, 6 ay davam edəcək layihə müvəffəqiyyətlə sona çatarsa, yaxın gələcəkdə dövlət strukturlarının, özəl şirkətlərin və s. təşkilatların dəstəyi ilə bütün şəhər ərazisində belə tədbirlər həyata keçirilə bilər.

Zakatalada yenə silahlı basqın olubmu?

Son iki gündə Zaqatala-Balakən bölgəsində kriminogen durumun yenidən kəskinləşməsi barədə bir-birinin ardınca ziddiyyətli məlumatlar yayılır. Belə məlumatlardan birində bildirilir ki, dünən Balakən rayonundakı körpünün altından partlayıcı maddə tapılıb. Bundan başqa Zaqatala hava limanının rəisi Fəxrəddin Dibirovun, eləcə də üç imkanlı şəxsin evinə silahlı basqın olması da bildirilir. Sözügedən məlumatları dəqiqləşdirmək məqsədilə Zaqatala Rayon Polis İdarəsi ilə əlaqə saxladıq. Əkbərov familiyalı növbətçi bu məlumatların yalan olduğunu və rayonda heç bir silahlı basqın faktının qeydə alınmadığını bildirdi.

Qısa xəbərlər

  • Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Səud əl-Veysəl ABŞ prezidenti Corc Buşla görüşdən sonra ölkəsinin terrorla mücadiləyə hazır olduğunu dilə gətirib. Nazir onu da bildirib ki, beynəlxalq terrora qarşı mübarizə koalisiyasına İsrail da daxil edilsə, Səudiyyə Ərəbistanı bu birlikdə iştirak etməyəcək.
  • Taliban hökuməti Üsəma ben Ladenin təhvil verilməsindən imtina etdiyini təsdiqləyib. Rejimin Pakistandakı səfiri bildirib ki, Üsəmanı ölkədən getməyə məcbur etmək və ya başqa dövlətə təhvil vermək islamın təhqir edilməsinə bərabər olardı.
  • Vaşinqton hazırladığı planın həyata keçirilməsi üçün BMT Təhlükəsizlik Şurasının dəstəyini gözləməyəcək. ABŞ siyasətçiləri hesab edirlər ki, 11 sentyabr hadisələrini ciddi tənqid edən BMT qətnaməsi ABŞ-ın güc tətbiq etməsinin təsdiqlənməsi kimi qəbul edilə bilər.
  • Səddam Hüseynin oğlunun redaktorluğu ilə çıxan "Babil" qəzeti yazır ki, hətta ABŞ taliblər üzərinə hücuma keçsə belə, İraq hadisələrə müdaxilə etməyəcək. "Babil" qəzeti "üçüncü dünya müharibəsini qızışdırdığına" görə beynəlxalq sionizmi ciddi tənqid edir.
  • "Amerika Əfqanıstana hücum etsə, xalqımızın vətəni müdafiə etməkdən başqa yolu qalmayacaq. Xalq belə bir hücumun qarşısını almaq üçün ayağa qalxacaq və biz də ona qoşulacağıq" - bu bəyanat hazırda mühacirətdə olan keçmiş əfqan siyasətçisi, antitaliban hərəkatının liderlərindən olan Gülbəddin Hikmətyarın Bi-Bi-Si agentliyinə verdiyi müsahibədən götürülüb.
  • Pakistan rəhbərliyinin ABŞ-la əməkdaşlığa hazır olması haqda bəyanatı yerli əhali tərəfindən birmənalı qarşılanmayıb. Ölkənin bir sıra müxalifət partiyaları İslamabadda hökumətin bu qərarına qarşı etiraz mitinqləri keçirməyə başlayıblar. Hökumət ilk çıxışları yatırmaq üçün zora əl atmalı olub.
  • Ağ Ev terrorçulara qarşı yönələcək hərbi əməliyyatlar planının kod adını ("Sərhədsiz ədalət məhkəməsi") dəyişmək niyyətindədir. Yeni kodun adı açıqlanmır. "CNN" Pentaqona yaxın mənbələrdən birinə istinadən yazır ki, birinci kod adı da əməliyyatların başlanmasınadək ictimaiyyətdən gizli saxlanmalı imiş, amma bu məlumat təsadüfən mətbuat dairələrinə sızıb.
  • The New Üork Times qəzeti yazır ki, Hollivudun əsas kino şirkətlərindən biri terrorçuların növbəti hücum obyekti ola bilər. Bu təhlükənin aradan qaldırılması məqsədilə iri kino istehsalçıları ilə Federal Təhqiqat Bürosu əməkdaşları arasında xüsusi görüş keçirilib. Xatırladaq ki, Hollivudun kino nəhənglərinin hər birində 3-5 min əməkdaş çalışır.
  • Portlend hava limanında izləyici videokamera iki terrorçunu - Məhəmməd Otta və Əbdüləziz əl-Öməri lentə ala bilib. Videotəsvirdə onların pasport yoxlamasından keçdiyi an görünür. Təsvirlər təyyarənin partladılmasından 3 saat əvvəl lentə alınıb.
  • Əfqanıstan özbəklərinin lideri general Əbdürrəşid Dustum Məzari-Şərif şəhərinin 50 kilometrliyində yerləşən qoşunlarını Üsəma bin Ladenin məhv edilməsi əməliyyatlarına qoşmağa hazırlaşır. Hazırda onun tabeliyində 15 min döyüşçü var.
  • Pakistanda nəşr edilən ingilisdilli The International News qəzeti yazır ki, Üsəma ben Laden ən azı beş gün bundan əvvəl Əfqanıstanı tərk edib. Xəbər verilir ki, Taliban lideri Molla Məhəmməd Ömər "bir nömrəli terrorçunun" Əfqanıstandan getdiyini hələ Üləma Şurasının toplantısının başlanmasından əvvəl bilirmiş.
  • Nyu-York şəhərinin meri Rudolf Culiani deyib ki, Ümumdünya Ticarət Mərkəzinin dağıntıları altında həlak olanların hamısının cəsədlərini çıxarmaq mümkün olmayacaq. O deyib ki, hadisənin baş verdiyi yerdə hərarət 1100 dərəcə selsiyə çatıb və buradan bütün cəsədləri çıxarmaq asan məsələ deyil.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd