|
|
|
|
#114(338)
|
 |
Günün axarı
|
Asim və
Üsəma
Dünyanın "bir nömrəli" terrorçusu Üsəma ben Ladenin adı yenə dillərdə əzbərdir.
Hərə öz məssəbinə uyğun çəkir bu adı: fanatik saydığımız müsəlman qardaşlarımız onun qəhrəmanlığından vəcdə gəlir, bizim kimi ağlı başında olanlarsa dünyanın tərəqqipərvər ictimaiyyətinə qoşulub bu amansız terrorçunu lənətləyir. Çünki kürreyi-ərzi qana çalxayan adama "sağ ol" deməzlər. Hələ amerikalılara söz də vermişik ki, Üsəmanın özünü tapmağa gücümüz çatmasa da, onun yer üzünə səpələnmiş quldur yoldaşlarını axtaracağıq. Amma hüquq-mühafizə və xüsusi xidmət orqanlarımız hərəkətə gələnə qədər artıq fərasətli soydaşlarımızdan biri ABŞ-ın istəyini yerinə yetirib.
Asim Mollazadə Üsəma ben Ladenin yerini öyrənib və təcili özünü çatdırıb okanının o tayına...
Dünən bu xəbəri eşidəndə az qaldı sevincdən gözlərim yaşara... Mən çoxdan duymuşdum ki, Asim bəy Amerikanı sevən adamdır. Həm də bu sevginin qarşılıqlı olduğunu da sezmişdim. Amerikalılar sevmədikləri adama qrant ("krant" yox a) etibar etməzlər. Hər halda Asim bəy Üsəmanın yerini bilir və bunu amerikalılara da bildirmək üçün Vaşinqtona uçursa, ağıllı iş görür.
Amma bir məsələ məni heç açmadı: bu xəbər Fazil Qəzənfəroğlunun dilindən çıxıb.
Əvvəla, belə şad və mühüm xəbəri verən adam gərək qısqanclıq eləməyə. Yoxsa o nədir, durub deyir ki, Asim bəyin səfəri təmənnalıdır. Guya gedib ki, görsün, Üsəmanın başına qoyulmuş puldan "götürüb" gələ bilirmi...
İkincisi, guya Asim bəy, iraq-iraq, Amerikanın agentidir, özü də, deyəsən, o qədər dəyərli xəfiyyədir ki, onu Vaşinqtona aparmaq üçün xüsusi uçaq da göndərə bilərlər. Fazil bəyin ən yaramaz "variantı" isə Asim bəyin guya "agentlərin toplantısı"nda iştirak edəcəyi barədə xəbəri dövriyəyə buraxmasıdır.
Mən kiçik bir hesablama aparıb da öyrəndim ki, nə "xüsusi uçaq"dan şübhələnməyə əsas var, nə də "agentlərin toplantısı"ndan...
Deyilənə görə, Amerika son günlər yeddi təyyarə itirib və yəqin ki, belə kasadlıqda Asim bəy özü də razı olmazdı ki, onun üçün ayrıca "reys" açılsın. Toplantıya qaldıqda isə, tər-təmiz şər-şəbədədir. Dünən bütün günü interneti ələk-vələk elədim: bu arada belə bir toplantı gözlənilmir. Yoxsa şəxsən mən Zərdüşt bəylə Sərdar Cəlaloğlundan da şübhələnərdim...
Amma bir tanışım məni yaman dilxor elədi...
Dedi ki, sənin sevinməyin və bu xəbəri belə incələməyin mənasızdır. Fazil Qəzənfəroğlunun məqsədi Asim Mollazadəni dilə-dişə salmaqdır... Guya bu da bizdə "siyasi mübarizə"nin bir forması sayılır. Tanışım bunun ardınca bir "siyasi lətifə" də söylədi: "Asim Mollazadə ilə Fazil Qəzənforğlu təyyarədə uçurmuşlar. Asim bəy Fazil bəydən soruşur ki, təyyarə qəzaya uğrasa, səncə, islahatçılar çox kədərlənər, yoxsa klassiklər? Fazil bəy hazırcavablıq göstərir: "Yəqin ki, daha çox müsavatçılar kədərlənər ki, niyə Rauf Arifoğlu da bizimlə bir yerdə olmayıb".
Mən də güldüm...
Elşən Əoğlu
|
|
Şəhər söhbəti
|
Həmişə fəxr edərdim ki, şəhərdə hər hündür bina bir alınmaz qaladır. Kənddəkindən fərqli olaraq, şəhər binaları təhlükəsizdir və yeri gələndə zəlzələyə də davamlıdır. Bakı zəlzələsində bunun şahidi olduq. 5-9 mərtəbəli sadə dəmir-beton binalarımız bərk silkələnsə də, tab gətirdi.
Amerikalıların göydələnləri isə dünya şəhərsalmasında tərəqqi və əzəmət rəmzi olub. Ancaq Nyu-Yorkda onlardan ikisi (Dünya Ticarət Mərkəzinin binası) elə asanlıqla uçdu ki, əzəmətinə şübhə yarandı.
ABŞ-dakı terrordan sonra cavabsız qalan suallardan biri də budur: nəyə lazım belə hündür binalar ki, dağılanda itkisi daha böyük olur? Bu binalar polad konstruksiyalardan inşa edilir. Deyirlər, onların möhkəmliyi təsadüfən baş verə biləcək təyyarə qəzasına da hesablanıb. Ancaq dünyanın gözü qarşısında iki göydələn bu zərbəyə tab gətirmədi.
Təyyarələrin alovlanmasındanmı möhkəmliyini itirdi polad? Əlbəttə, binanın və ya poladın nə günahı? Elə Bakı zəlzələsindən sonra bu qənaətə gəldim ki, heç zəlzələdə də Allahı ittiham etmək lazım deyil. Ümumiyyətlə, biz niyə hündür binalar tikirik ki, uçub-dağılanda da altında qalaq? Yaxud Allah neyləsin ki, insanlar binaları topa-tüfəngə tutur?
Yəqin amerikalılar təsəvvür etməzdilər ki, bir-iki göydələnin uçması az qala bütün şəhərin məhvi olarmış. Mən düşünürdüm ki, daha ABŞ-da belə binalar tikməzlər, camaatda xof yaranar (çünki Bakı zəlzələsindən sonra qorxuya düşən bizlər indi çoxmərtəbəli binalardan can qurtarmağa çalışırıq). Ancaq Nyu-York şəhərinin rəhbərliyi göydələnləri bərpa etmək əzmində olduğunu vurğulayıb. Hətta İtaliya hökumətinin təmsilçisi dəstək verib ki, bərpanı 15 Avropa ölkəsi asanlıqla maliyyələşdirə bilər. O da təklif olunub ki, qüllələrdən biri "Avropa", ikincisi "ABŞ" qülləsi adlansın və avropalılarla amerikalıların qardaşlığının rəmzinə çevrilsin...
Ancaq minlərlə cəsəd üzərində yenidən ticarət mərkəzi tikmək?! Bu yerdə ölənlərin xatirəsinə abidə ucaltmaq daha münasib olmazdı? Düzdür, bu binalar Nyu-Yorkun fəxri idi və onları şəhərin tarixindən silmək də ağırdır. Ancaq bu işdə "Avropa-ABŞ qardaşlığı"nı qabartmaq ayrı-seçkilik kimi başa düşülür. Bu işi hamılıqla görmək olar, axı ABŞ-dakı terror bəşəriyyətə yönəlib.
Elcin Məmmədli
|
Suallı künc
|
Rassel Constonun
"vəkilləri"
|
AŞPA sədrinin regiona səfəri barədə yazmışdıq. Prinsipcə bu mövzuya qayıtmağı düşünmürdük. Çünki lordun səfər zamanı verdiyi ümumi səciyyəli və ziddiyyətli açıqlamalar həm onun yaddaşına, həm də danışdıqları barədə kifayət qədər məlumatlı olmasına ciddi şübhələr yaratmışdı. Təkcə bir məqamı qeyd etmək yetər ki, Rassel Conston Azərbaycan prezidenti ilə görüşdə AŞ Nazirlər Komitəsinin Dağlıq Qarabağ konflikti ilə bağlı bu yaxınlarda verdiyi bəyanatın mətnini xatırlaya bilməmişdi.
Rassel Constonun Strasburqa dönəndən sonra söyləyəcəyi fikirlərin də qatmaqarışıq olacağı təsəvvür edilirdi. Zənnimizdə yanılmadıq. AŞPA sədrinə istinadən "Frans-Press"in yaydığı xəbər yenə bizi çaş-baş qoydu. Xəbərə əsasən, Rassel Conston AŞ ekspertlərinin Ermənistan və Azərbaycanda insan haqları və "siyasi məhbus"lar sahəsində vəziyyəti əks etdirən hesabatının tənqidi olduğunu bildirib və onun nəticəsi kimi müəyyən qınaq tədbirlərinin görüləcəyini deyib.
Necə deyərlər, lord yenə üyüdüb-töküb. Amma bəlli olmur, tənqidi hesabat dedikdə konkret hansı ölkə (Ermənistan, yoxsa Azərbaycan) nəzərdə tutulur? AŞPA sədri o qədər ümumi danışıb ki, sanki Azərbaycanla Ermənistan elə bir dövlətdir. İndi hər iki ölkədə Rassel Constonun növbəti tapmacasının özünəməxsus yozumları başlayıb.
Ermənilər bir səslə AŞPA rəhbərinin məhz Azərbaycanı nəzərdə tutduğunu deyirlər. Hərçənd Rassel Conston Bakıda olarkən Azərbaycanın AŞ öhdəliklərinə əməl etməsi barədə müsbət danışmışdı. Hətta lordun "Azərbaycanda siyasi məhbus yoxdur" deməsi bizim müxalifləri və hüquq müdafiəçilərini özündən çıxarmışdı. Artıq neçə gün idi ki, onlar Rassel Constonu korrektə etməklə məşğul idilər.
Ermənilərdən fərqli olaraq bizdə rəylər yenə haçalanıb. İqtidardakılar konkret arqumentlərə (o cümlədən Rassel Constonun Bakıdakı bəyanatına) əsaslanaraq AŞ-nin tənqid hədəfinə Ermənistanın gələcəyini deyirlər. Lordun "korrektorları" isə "Frans-Press"in xəbərindən sonra rahatlanaraq hesabatın məhz bizə aid olduğuna əmindirlər. Əslində burada baş sındırmağa ehtiyac yoxdur. AŞPA-nın payız sessiyası artıq başlanıb və yaxın günlərdə mənzərə aydınlaşacaq.
Amma bizim üçün maraqlı olan başqa məsələdir. Rassel Constonun Bakıda dediklərindən hiddətlənən və indi papaqlarını göyə ataraq "Gördünüz, biz deyən oldu" qışqıranlar nədən belə məmnundurlar? Bunun üçün AŞPA sədrinə "vəkillik" edib onun elə deyil, belə danışdığını iddia edənlərin motivini aydınlaşdırmaq lazımdır.
Məsələ ondadır ki, Rassel Constonun "Azərbaycanda siyasi məhbus yoxdur" fikri indi sevinən hüqüq müdafiəçilərinin maraqlarına uyğun deyildi. Çünki əgər siyasi məhbus yoxdursa, onda qrant da olmayacaq. Onda "siyasi məhbus"ların "şotuna" dolanan bu qədər adam nə ilə məşğul olacaq?) "Məhbus ("siyasi") çox olarsa, qrant da bol olar" tezisi onların fəaliyyət prinsipidir.
Hətta iş o yerə çatıb ki, "siyasi məhbus" kimi tanıtdırılan Səyavuş Mustafayev (Naxçıvanda daxili işlər naziri ola bilməyən "cəbhəçi") türmədən çıxandan sonra hüquq müdafiəçilərinin qrantbazlığını tənqidə tutub. Bu ilin əvvəlində "siyasi məhbus"ların sayı ilə bağlı Azərbaycanın hüquq müdafiəçiləri arasında düşən çəkişməni xatırlamaq da kifayətdir. Siyahılar o qədər müxtəlif idi ki, onlar az qala saçyolduya (əsasən qadın hüquq müdafiəçiləri) çıxmışdılar. Məşədi İbad demişkən, pul böyük qüvvədir.
İndim mənim Rassel Constona lap yazığım gəlir. Onsuz da nə dediyini dəqiq kəsdirə bilməyən lordu Azərbaycandakı "vəkilləri" də bir tərəfdən dilə-dişə salıblar. Lordun bircə yolu qalıb ki, çıxarıb onların hərəsinə bir paçka pul verib "Məni də, "siyasi məhbus"ları da rahat buraxın" desin. Amma rahat buracaqlarmı?..
V.Orxan
|
 |
|
| |
|