|
|
|
|
#115(339)
|
 |
Beynəlxalq müstəvidə terrora qarşı başlanan mübarizə Azərbaycanda da geniş diskussiyalara yol açıb. Ölkəmizin bu kampaniyada iştirakı, mövcud şəraitdə Ermənistanın terrorçuluq mahiyyətini ifşa edərək ona qarşı beynəlxalq sanksiyaların tətbiqinə nail olmaq, habelə Azərbaycanın işğal olunmuş ərazilərində antiterror əməliyyatı düzənləmək imkanları qızğın müzakirə mövzusudur. Lakin bu müzakirələrdə spekulyativ xarakterli fikirlər real situasiyanı əks etdirən məqamlara nisbətən üstünlük təşkil edir.
Transmilli terrora qarşı elan edilən total müharibə beynəlxalq münasibətlərin ön mövzusuna çevrilib. Kampaniyanın prinsipial istiqamətlərinin BMT Baş Məclisinin cari sessiyası gedişində konkret sənəd halında sanksiyalaşdırılacağı da şübhə doğurmur. Bu isə o deməkdir ki, terrorizmlə mübarizə müvafiq beynəlxalq öhdəliklərlə müşayiət olunacaq. Azərbaycanın dövlət olaraq bu müstəvidə necə təmsil olunacağı prinsipcə bəllidir. Rəsmi Bakı beynəlxalq terrora qarşı başlanan kampaniyada informasiya mübadiləsi, əməliyyat-axtarış və qanunvericilik tədbirlərinin görülməsi və s. sahələr üzrə fəal iştirak etmək niyyətindədir. Azərbaycanın bilavasitə beynəlxalq antiterror əməliyyatında iştirakı nəzərdə tutulmayıb və yəqin ki, çeşidli səbəblər (o cümlədən Azərbaycanın dövləti maraqları) nəzərə alınaraq bu variant işə salınmayacaq.
Amma Azərbaycanın konkret cəbhədə, yəni Ermənistanın təcavüzünün beynəlxalq müstəvidə ifşası, ona qarşı müvafiq beynəlxalq rəyin formalaşdırılması, həmçinin Qarabağda analoji antiterror tədbirinin həyata keçirilməsi istiqamətində hansı fəaliyyət göstərəcəyi açıq qalmaqdadır. Üstəlik bu məsələ ətrafında qarışıq və ziddiyyətli mənzərə yaranıb. Bəzi maksimalistlər situasiyadan istifadə edərək ilk növbədə Ermənistanın terroru təşviq edən dövlətlər sırasına salınmasına nail olmağı vacib sayırlar. Həmin mərhələdən sonra Ermənistana qarşı həm beynəlxalq sanksiyalar, həm də cəza tədbirlərinin tətbiqini real sayırlar. Lakin mövcud gerçəkliyi diqqətlə analiz etsək, bu ideyanın kifayət qədər illüzor olduğunu görərik.
Hətta beynəlxalq müstəvidə mütəmadi olaraq üzləşdiyimiz "ikili standart" siyasətini kənara qoysaq belə, Ermənistanın terrorçu dövlət kimi təsbitlənməsi real deyil. Əvvəla, indiyədək dünyada erməni mənşəli terror təşkilatlarının fəaliyyətinə dair (onların sayı 10-12 arasında göstərilir) kifayət qədər fakt olsa da, hazırda bu qruplardan heç biri beynəlxalq hesabatlarda, o cümlədən ABŞ Dövlət Departamentinin hər il açıqladığı məruzədə (sonuncu sənəddə 27 təşkilat qeyd olunub) yer almır. İzahat da bu olur ki, həmin qruplar artıq fəaliyyət ("rəsmən") göstərmirlər. O cümlədən Ermənistan dövlətinin sözügedən qruplaşmalarla əlaqəsini təsdiqləyəcək beynəlxalq əhəmiyyətli sənəd yoxdur. Odur ki, bu məsələdə Ermənistanı diskreditasiya edəcək hansısa hüquqi baza mövcud deyil (təəssüf ki) və Bakı "sıfır"dan başlamaq zorundadır.
Bununla belə, Ermənistanın Azərbaycana qarşı təcavüzünün məhz dövlət səviyyəsində dəstəklənən terrorizmlə (dinc əhalinin qətlə yetirilməsi (Xocalı və s.), etnik təmizləmə və Dağlıq Qarabağda aqressiv separatizmin bütün üsullarla təşviq edilməsi) müşayiət edildiyini təsdiqləyən faktlar kifayət qədərdir. Sadəcə onları müvafiq beynəlxalq instansiyalarda gündəmə gətirib ardıcıl fəaliyyət göstərmək lazımdır. Bu istiqamətdə Azərbaycan erməni terrorizmindən böyük əziyyət çəkmiş qardaş Türkiyə ilə sıx tərəfdaşlıq edə bilər. Başqa tərəfdaş ölkələrlə əlaqələr də zəruridir. Bəzi ekspertlər bu sırada İsraili xüsusi qeyd edirlər. Livan, Suriya və digər Yaxın Şərq ölkələrində mənzillənmiş erməni terrorçularının ərəb mənşəli ekstremist təşkilatlarla sıx əməkdaşlığı faktdır və İsrail erməni terrorizminin ifşasında maraqlıdır.
Lakin bu məsələdə prioritetlər öncədən aydınlaşdırılmalı, hədəflər isə real seçilməlidir. Qeyd olunduğu kimi, hətta beynəlxalq həmrəylik sayəsində də Ermənistan dövlətinin terrorçuluq mahiyyətini sübutlamaq mümkün görünmür. Odur ki, bütün səylər ona istiqamətlənməlidir ki, Dağlıq Qarabağ və Ermənistan tərəfindən işğal olunmuş digər ərazilər heç olmasa terrorizmin yuva tapdığı region kimi təsbitlənsin. Beynəlxalq birliyi inandırmaq lazımdır ki, bu region təkcə külli miqdarda nəzarətsiz silahın toplandığı yer deyil, həmçinin mütəşəkkil cinayətkarlığın, narkotik qaçaqmalçılığının və terror qruplarının təşkilatlanması üçün əlverişli mühit rolunu oynayır. Odur ki, regionun beynəlxalq monitorinqə alınması, oradakı vəziyyətin bilavasitə araşdırılmasının vacibliyi müvafiq instansiyalara (BMT, ATƏT, Avropa Şurası və s.) çatdırılmalıdır. Buna paralel olaraq sözügedən mənzərənin yaranmasında Ermənistanın hansı rol oynadığı beynəlxalq diqqətə çatdırılmalıdır. Çünki Ermənistanın Azərbaycana qarşı təcavüzü de-fakto bütün beynəlxalq instansiyalarda etiraf edilir və bu "rol"un təsdiqlənməsi faktiki etirafın tədricən rəsmiləşdirilməsinə (konkret sənədlərdə, qətnamələrdə) gətirə bilər.
İndilik Azərbaycan sadalanan məqsədə nail olmaq üçün əsasən Avropa Şurası müstəvisində fəaliyyət göstərir. Bu istiqamətdə beş bəyanat və müraciət AŞPA-nın sənədləri kimi müvafiq qeydiyyat prosedurundan keçib. İşə başlayan payız sessiyasında (terrorizmlə mübarizə əsas müzakirə mövzusu olacaq) bu bazanın möhkəmləndirilməsi vacibdir. Azərbaycan problemi bilavasitə Avropa Şurasının ümumi müzakirəsinə çıxarmalı və beynəlxalq həmrəylik çevrəsini (hələlik 20-25 parlamentarla məhdudlaşır) genişləndirərək Ermənistanı "tərkisilah" edəcək sanballı, praktik əhəmiyyətli qətnamələrin qəbuluna nail olmalıdır. Eyni zamanda beynəlxalq səciyyəli fəaliyyət digər müstəvilərdə də genişləndirilməlidir. Xüsusilə BMT çərçivəsində intensiv iş aparılmalıdır. Çünki praktika göstərir ki, məhz BMT tərəfindən qəbul edilən sənədlərin icrası az-çox praktik nəticə verə bilər.
Beləliklə, Azərbaycanın Dağlıq Qarabağdakı erməni separatizminin gerçək simasını ifşa etmək, işğal edilmiş ərazilərdə terrorizmin cücərməsinə görə Ermənistanın bilavasitə məsuliyyət daşıdığını sübutlamaq üçün yetərli arqumentləri və hüquqi rıçaqları var. Bu rıçaqların işə salınması ilə ortaya çıxacaq beynəlxalq hüquqi baza Bakıya konkret tədbirlər (hərbi səciyyəli) görməyə əsas verə bilər. Həmin tədbirlərin mahiyyəti və praktik nəticəsi nə ola bilər? Bu, ayrıca mövzudur və onu növbəti sayda nəzərdən keçirəcəyik.
Ben Ladenin Qərb dayaqları
|
Nyu-York və Vaşinqton faciələrindən sonra bütün dünyaya səs salmış Ben Ladenin maliyyə imkanları, onun saxlandığı yerlər haqda dəqiq məlumatlar olmasa da, nədənsə, əksər ehtimallar Asiya ölkələri motivi üzərində qurulur. Halbuki, son hadisələr Səudiyyə milyonçusunun Avropa və Amerikada, Kanadada güclü dayaqlara malik olduğunu isbatlayır.
Maraqlıdır ki, ABŞ-da törədilən məlum terror əməllərindən bir qədər əvvəl aradan götürülmüş Əhməd Şah Məsudun qatilləri Londonda fəaliyyət göstərən bir agentliyin əməkdaşları kimi qeydə alınmışdılar. Bu yaxınlarda ben Ladenin Kiprdə də maliyyə mexanizmlərinin olması haqqında xəbərlər yayılıb. Məlum olub ki, ben Ladenin çirkli pullarının böyük bir hissəsi adanın yunan bölümündə "yuyulur", həmin vəsait Kipr banklarında saxlanılır. Maraqlıdır ki, dünən Kipr NATO-nun onun ərazisindən istifadə etməsinə razılıq vermədiyini bildirib.
Ben Ladenin biznes şəbəkəsi bütün Avropaya səpələnib. Diqqəti cəlb etməmək üçün şirkətlərin gəliri onların genişləndirilməsinə yox, yeni müəssisələrin yaradılmasına sərf edilir. Bu isə məxfiliyin qorunmasını təmin edir.
Şəksiz, Ben Ladenin maliyyə mənbələri haqda danışarkən onun nəzarəti altında olan geniş narkotik istehsalı, qaçaqmalçılığı və realizasiyası şəbəkəsi üzərində xüsusi dayanmaq lazımdır. Bu sistemin bir ucu Qərbə gedib çıxır - Əfqanıstanda istehsal edilən "ağ ölüm" maddəsi uzun, kriminalla dolu bir sənaye və tranzit yolu keçsə də, sonda Avropada realizasiya edilir (necə ki, Kolumbiyanın narkotik istehsalı ABŞ bazarı üçün nəzərdə tutulub). Dolayısı ilə Avropa və Amerika özünə qarşı terroru maliyyələşdirir. Ben Laden kabusu, ümumilikdə terror sindromu Asiyanın olmaqdan daha çox Qərbin məhsuludur.
İndi Qərb dünyası narkotik ticarəti sahəsində mövcud olan əsas ödəmə üsulunu - "alternativ banklar" sistemini araşdırmalıdır. Söhbət Hindistanda "xavala", Əfqanıstan və Yaxın Şərqdə "xundi" adlanan və narkotiklərə görə ödəməni daha təhlükəsiz əsaslarla həyata keçirən sistemdən gedir.
Tutalım, Londondan Pakistanın ucqar kəndinə "xundi" kanalı ilə pul ötürmək üçün London pakistanlıları arasında bir broker tapmaq, pulları ona vermək lazımdır. Bir qədər sonra həmin brokerin Pakistandakı partnyoru həmin qədər pulu yerli pul vahidi ilə lazımi ünvana çatdırır. Tərəflər yalnız bu əməliyyatları həyata keçirmiş brokerlərə cüzi faiz verirlər. Beləcə, narkotik ticarətinin pul dövriyyəsi nəzarətdən kənarda qalır.
Buşun "Mövqeyinizi dəqiqləşdirin!" ismarıcı Asiya ölkələrini hərəkətə gətirməklə bir sıra maraqlı məqamları ortaya qoydu.
Məsələn, ABŞ-ı dəstək hərəkatının pionerlərindən olan Hindistan "Bu məsələdə çox dərinə getməyəcəyik" deməklə geriyə doğru bir addım atmış oldu, rəsmi Pakistanın cəsarətli çıxışlarından bir qədər sonra isə müharibə əleyhdarları İslamabad küçələrinə axışdı. Maraqlı məqamlardan biri də ərəb dünyasının ayrı-ayrı dövlətlərinin məsələyə münasibətdə fərqli mövqelər tutmasıdır. Hətta Taliban hökumətinə münasibətini daha qabarıq şəkildə ortaya qoymuş, onu rəsmən tanımış dövlətlər də bu məsələdə yekdillik göstərə bilmədilər və fərqli qərarlar çıxardılar. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri Əfqanıstanla bütün diplomatik münasibətləri kəsdiyi halda (hökumət taliban nümayəndələrinə 24 saat ərzində ölkəni tərk etmək əmri verib), Səudiyyə Ərəbistanı öz ərazisində olan ABŞ hərbi bazalarından Əfqanıstan üzərinə hücum üçün istifadə icazəsi verməyib. Səudiyyə Ərəbistanı ABŞ Hərbi Hava Qüvvələrinin bölgədə keçiriləcək əməliyyatlarını koordinasiya etmək üçün nəzərdə tutulmuş xüsusi komandanlığın yerləşdiyi Prince Sultan bazasına da qadağa qoyub. Mütəxəssislərin dəyərləndirmələrinə görə, bu qərar hərbi əməliyyatların başlanmasını bir neçə həftə yubada bilər. Buna baxmayaraq, indiki halda Taliban diplomatiyası uduzmuş sayılır - indi həmin hökumət dünyada onu tanımış 3 dövlətdən (Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Pakistan) yalnız ikisinin dəstəyinə ümid edə bilər.
|