|
|
|
|
#115(339)
|
 |
Xartiya iflasa uğrayır...
ASDP, "Namsus" və İslam partiyası "dördlər"in xartiyasına atdıqları imzadan imtina edir
|
Sentyabrın 18-də hazırladıqları xartiyanı mətbuata açıqlayan "Dördlər" sözün əsl mənasında iflasa uğrayır. Əvvəlcə Tahir Kərimli, sonra ADP həmsədri Rəsul Quliyevin ardınca dünən daha bir neçə partiya sədri sözügedən sənədə atdıqları imzadan imtina etdiklərini rəsmən açıqladılar.
Hazırda xaricdə səfərdə olan ASDP həmsədri Araz Əlizadə də "Bizim ƏSR"in müxbiri ilə söhbətində xartiyaya atdıqları imzadan imtina edəcəklərini bildirdi. A.Əlizadənin sözlərinə görə "Dördlər" sənəddə ASDP-nin təkliflərini nəzərə almayıblar. Xatırladaq ki, ASDP həmsədri Araz Əlizadə əvvəlcədən bildirmişdi ki, onlar xartiyanın birinci bəndindəki "bütün ərazilər azad edilməli" ifadəsinin "bütün ərazilər qeyd-şərtsiz azad edilməlidir" şəklində verilməsini istəmişdilər. Buna baxmayaraq, həmin bəndə heç bir dəyişiklik edilməyib. ASDP həmsədri bildirdi ki, "Dördlər"lə əvvəlcədən belə şərt kəsiblər: "BMT-nin qətnaməsində də var ki, işğal edilmiş ərazilər qeyt-şərtsiz azad edilməlidir. Biz də xartiyaya bu sözlərin əlavə edilməsini istəmişik. Mənim təklifimi onlar nəzərə almayablarsa, təbii ki, ASDP öz imzasını geri götürəcək".
Onu da deyək ki, "Dördlər" "Namus" Partiyasının sədri, keçmiş millət vəkili Toğrul İbrahimlinin də təkliflərini nəzərə almayıb.ÿToğrul İbrahimli təklif edib ki, xartiyanın son abzası 4-cü prinsip kimi göstərilsin. Buna baxmayaraq, "Dördlər" bu istiqamətdə heç bir dəyişiklik etməyiblər. İbrahimli bildirir ki, yayılan məlumatlardan fərqli olaraq "Namus" Partiyası xartiyaya rəsmi şəkildə imza atmayıb: "Bizim təklifimizi nəzərə almadılar. "Dördlər"in nümayəndəsi Nazim İmanov mənə açıq şəkildə dedi ki, təklifimi nəzərə ala bilməyəcəklər. Çünki bu məsələ xartiyanın müəllifləri arasında bir aydan da artıq müddətə mübahisəyə mövzusu olub. Və qəti qərarları da budur ki, onu əlavə etmək olmaz. Yəni xartiyanı 3 deyil, 4 prinsip kimi təqdim edə bilməyəcəklər. Nazim İmanovla mənim aramda olan söhbətlərə bir neçə nəfər şahiddir. İstəsələr, onların da adlarını açıqlaya bilərəm. Ümumiyyətlə, "Dördlər"in xartiyasını reallıqdan uzaq hesab edirəm. Çünki orada danışıqların vaxtı göstərilməyib. Bu isə reallıqdan uzaqdır. Əgər bu prinsiplər belə təsirli, həlledicidirsə, onda nəyə görə 12 il bunun üstündə dayanan Azərbaycan heç nəyə nail ola bilməyib? Yəni həmin prinsiplər heç də yeni deyil. "Dördlər" bununla ictimaiyyəti çaşdırmaq istəyir".
Ədalət Partiyasının sədri İlyas İsmayılovun da təklifləri keçməyib. İlyas İsmaylov təklif vermişdi ki, son abzasda "BMT-nin nizamnaməsinə" ifadəsindən sonra "və prinsiplərinə" sözləri əlavə olunsun. "Dördlər" İsmayılovun da təklifini nəzərə almayıb. Bunu Ədalət funksionerləri yaxşı hal kimi qiymətləndirməsələr də, imzalarından imtina etməyəcəklərini bildirirlər.
Azərbaycan Liberal Partiyası (ALP) Mərkəzi Komitəsinin sədri Əvəz Temirxan isə dedi ki, "Dördlər"in əvvəlcədən razılışdırılmış şərtləri pozmasına baxmayaraq, onlar imzalarından imtina etməyəcəklər: "Biz həmişə sözümüzün və imzamızın arxasında durmuşuq. Düzdür, biz təklif vermişdik ki, Ermənistanda yaşayan qərbi azərabycanlılara Dağlıq Qarabağın statusuna uyğun status verilməlidir. Onlar isə dedilər ki, bu, ciddi şəkildə müzakirə oluna bilər. Amma bunu etmədilər. Buna baxmayaraq, hələ də ümid edirik ki, "Dördlər" bizim qoyduğumuz problemi gündəmə gətirəcək".
Əldə etdiyimiz başqa bir məlumatda bildirilir ki, İslam Partiyası rəhbərliyi də xartiyaya atdıqları imzalarını geri götürmək qərarına gəlib. Partiya Ali Şurasının sədri Hacı Əlikram Əliyevin "Dördlər"ə təklifi belə olmuşdu ki, ikinci prinsipdə "məcburi köçkünlər öz daimi yaşayış yerlərinə qayıtmalı və" sözlərindən sonra "Azərbaycan silahlı qüvvələri tərəfindən" ifadəsi əlavə olunmalıdır. Buna baxmayaraq xartiyada islamçıların iddiaları təmin edilməyib. Bu səbəbdən də onlar imzalarını geri götürmək qərarına gəliblər.
"Partiya üzvüyəm və bunu dana bilmərəm"
Şadman Hüseyn: "Seçkilərdə iştirakıma heç kəs mane ola bilməz"
|
AMİP Siyasi Şurasının üzvü Şadman Hüseynin təkrar parlament seçkilərində iştirak edəcəyi ilə bağlı söz-söhbətlər səngimək bilmir. Yayılan məlumatlara görə, partiya rəhbərliyi ilə müzakirələr aparan sabiq millət vəkili artıq mövqeyini qətiləşdirib.
Onun yenidən deputat seçilmək arzusunda olduğu və AMİP rəhbərliyinin də buna qarşı çıxmayacağı bildirilir. Bildirilir ki, Şadman Hüseyn seçkidə iştirakına süni əngəllər yaradılmayacağına əmin olduqdan sonra mövqeyini qətiləşdirəcək.
"Bizim ƏSR"in müxbiri ilə söhbətində Şadman Hüseyn təkrar seçkilərdə iştirakını istisna etmədiyini bildirdi. Bununla belə, AMİP funksioneri son qərarı müəyyən məsələləri dəqiqləşdirəndən sonra verəcəyini söylədi: "Ola bilsin ki, bu günlərdə seçkilərdə iştirak barədə mövqeyimi qətiləşdirim. Yəni bu istisna deyil. Amma son qərarı vermədiyim üçün məsələ hələ açıq qalır. Bunu tərəddüd kimi qələmə vermək düzgün deyil. Sadəcə, bir sıra problemlər var ki, onları yoluna qoymalıyam. Bu problemlər şəxsən mənim özümlə bağlıdır və ictimai xarakter daşımır. Müəyyən məsələləri dəqiqləşdirməyə ehtiyac duyuram. Bəziləri qərəzli şəkildə bunu AMİP-lə bağlayır".
Şadman Hüseyn qeyd edib ki, seçkilərdə iştirak qərarını açıqlayandan sonra da AMİP-dən getmək fikri yoxdur: "Mən seçkilərdə fərd kimi iştirak edəcəyəm. Yəni mənim seçkilərdə iştirakım AMİP-in seçkilərdə iştirakı kimi qəbul olunmamalıdır. Ola bilsin ki, buna müəyyən etirazlar olacaq. Amma konkret olaraq heç kim mənə mane ola bilməz. Bu onların öz mövqeyi olacaq. Amma eyni zamanda, partiya üzvüyəm və bunu dana bilmərəm. Seçkidə iştirak etsəm,
AMİP-çi olduğumu göstərəcəyəm".
"Missionerlərlə mübarizənin vaxtı yetişib"
Qurban Cəbrayılın fikrincə, missioner təşkilatları Azərbaycanda fiziki və mənəvi terror mənbəyidir
|
"ABŞ-da baş vermiş terror aktlarından sonra Azərbaycanda missioner təşkilatların fəaliyyəti ciddi nəzarət altına alınmalıdır". "İslam" Partiyasının mətbuat katibi Qurban Cəbrayıl müxbirimizlə söhbətində belə deyib. O, bildirib ki, Azərbaycanda təkcə fiziki deyil, mənəvi terrorun da qarşısının alınması istiqamətində ciddi addımlar atmağın vaxtı yetişib.
AİP funksionerinin fikrincə, dünyada baş vermiş terror aktlarının həyata keçirilməsində dini missioner təşkilatlarının da müstəmna rolu olub və bu amil nəzərdən qaçırılmamalıdır: "Öz ölkələrindən qovularaq yeni müstəqillik qazanmış ölkələrdə münbit şərait tapan təşkilatlara qarşı mübarizə gücləndirilməlidir. Əlaqədar dövlət təşkilatları bu təşkilatların fəaliyyətini məhdudlaşdırmaq istiqamətində iş görməlidirlər. Onların əksəriyyəti hunanitar yardım təşkilatı kimi qeydiyyatdar keçsələr də, əhalini xristianlaşdırmaqla məşğul olurlar. Missionerlik öz dini mahiyyətindən çıxaraq dövlətçiliyimizin əsasları üçün təhlükə yaradır. Məsələn, "Hizbullah" təşkilatının Azərbaycanda terrorçu əməlləri məhkəmə sübut olunmuşdu".
Qurban Cəbrayıl bu qənaətdədir ki, ABŞ-dakı terror aktlarından sonra beynəlxalq təşkilatlar missionerlərə qarşı mübarizəyə görə, Azərbaycanı qınaya bilməyəcəklər: "Ola bilər ki, terror aktlarından sonra da missionerlərə qarşı aparılan mübarizəyə görə Azərbaycana təzyiqlər olsun. Amma biz buna məhəl qoymadan öz işlərimizi davam etdirməliyik. Xüsusən də ona görə ki, onsuz da həmin beynəlxalq təşkilatlardan da problemlərimizin həllində dəstək görmürük".
|