|
|
|
|
#115(339)
|
 |
|
Avropa çempionu
bu gün məlum olacaq
|
Qadın basketbolçular arasında Fransada təşkil edilən qitə çempionatında yarımfinalçılar müəyyənləşib.
Həlledici mərhələdə 12 seçmə komanda iki qrupda yarışıb, əsasnaməyə uyğun olaraq yekunda ilk dörd pilləni tutmuş Fransa, Rusiya, İspaniya, Litva, Polşa, Macarıstan, Yuqoslaviya və Slovakiya basketbolçuları 1/4 finala adlayıblar. Yarışların bu bölümündə Fransa Slovakiyaya (72:65), İspaniya Macaırstana (71:60), Rusiya Yuqoslaviyaya (64:59) və Litva Polşaya (83:81) qalib gələrək, yarımfinalda çıxış etmək hüququ qazanıblar. Dünən gecədən keçmiş 1/2 finalda Fransa Litva basketbolçuları, Rusiya idmançıları isə İspaniya kollektivi ilə qarşılaşıblar. Avropa çempionu bu gün keçiriləcək final matçında məlum olacaq.
"İndi bizi lider qismində görürlər"
Elşən İsmayılovun qənaətinə görə, beynəlxalq arenada
Azərbaycan voleyboluna münasibətdə köklü müsbət dəyişikliklər baş verib
|
Sidney olimpiadasında idmançılarımızın fərdi növlərdə qazandığı uğurlar, ölkəmizdə bir vaxtlar çox populyar olmuş və müəyyən ənənələrə malik kollektiv yarışların dirçəldilməsi zərurətini ortaya çıxardı. Milli Olimpiya Komitəsinin rəhbərliyi Azərbaycanda komanda idman növlərinin inkişaf etdirilməsi və 2004-cü il Olimpiya oyunlarında təmsil olunmasını əsas məqsəd kimi qarşıya qoydu. Bu mənada, voleybolun dirçəldilməsi istiqamətində görülən işlər təqdirəlayiqdir. Qadınlardan ibarət baş komandamızın dünya çempionatının qrup seçmə mərhələsində uğurlu çıxışı, ilk dəfə çimərlik voleybolu üzrə ölkə çempionatının keçirilməsi, qısa vaxt ərzində zona yarışlarının təşkili bu qəbildəndir. Bir neçə gün öncə Çexiyanın Ostrave şəhərində Avropa Voleybol Konfederasiyası (AVK) baş assambleyasının iclası olub. Tədbirdə iştirak etmiş Azərbaycan Voleybol Federasiyasının baş katibi Elşən İsmayılovla görüşüb, toplantının məqsədi və ölkə voleybolundakı hazırkı durum haqda söhbət etdik.
- Əvvəla deyim ki, ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan nümayəndələri ilk dəfə idi belə mötəbər tədbirdə iştirak edirdi: federasiyamız rəsmi beynəlxalq yarışlarda iştirak üçün ərizə verib, lakin öhdəliyi yerinə yetirmədiyinə görə 1996-cı ildə AVK tərəfindən cəzalandırılmışdı. Şükürlər olsun ki, bunlar geridə qalıb, cərimə ödənilib, komandalarımız beynəlxalq yarışlarda çıxış edirlər. Assambleyanı keçirməkdə məqsəd təşkilatın yeni prezidentinin, rəhbər orqan, müxtəlif komissiya üzvləri və başçılarının seçilməsi idi. Prezidentliyə iki namizəd vardı - Belçika Voleybol Federasiyasının prezidenti Filip Berben və AVK-nın prezidenti Andrea Meyer. A.Meyerlə bizim tanışlığımız vardı - Lüksemburda olarkən onunla görüşüb, Azərbaycan voleybolunda aparılan işlər haqda məlumat vermişdim. Müəyyən məsələlərin həllində onun bizə köməkliyi dəyib, bundan sonra da dəyə bilər. Bizim üçün Meyerin prezident olması əlverişli idi. Tədbirdən əvvəl federasiya rəyasət heyətinin iclasında da təklif olundu ki, onun namizədliyi dəstəklənsin. Nəticə sevindirici oldu: A.Meyer 47 səsdən 27-ni toplayaraq, seçkilərdə qalib gəldi. Azərbaycan nümayəndələrinin təşkilatın rəhbər strukturunda təmsil olunması məsələsi də qaldırıldı. Lakin bizə bildirdilər ki, həmin strukturlarda ayrıca namizəd kimi yox, koordinator sifətilə təmsil olunacağıq.
Assambleyanın işində
Azərbaycanın xeyrinə hansı məsələ həllini tapdı?
- Beynəlxalnq Voleybol Federasiyasının prezidenti Ruben Akosta ilə görüşdüm. Son dərəcə səmərəli səhbətimiz oldu. Azərbaycan valeybolunda görülən işlər baradə ona çox ətraflı məlumat verdim. Məni diqqətlə dinlədi, qadınlardan ibarət komandamızın DÇ-nin seçmə yarışlarındakı nəticəsindən xəbərdar olduğunu dedi. Uğurlarımıza görə bizi təbrik etdi və hərtərəfli köməklik göstərəcəyini bildirdi. Cənab Akosta məruzəsində yalnız Azərbaycanın adını çəkərək, bu ölkədə voleybolun inkişaf etdiyini söylədi. Onun ünvanımıza dedikləri assambleya iştirakçıları arasında böyük əks-səda doğurdu. Bundan sonra bir sıra ölkələrin milli federasiya nümayəndələri konkret proqramla, təkliflə çıxış etdilər.
O proqramda nə nəzərdə
tuturlur?
- Voleybolun inkişafına görə bizi regionda lider kimi qəbul edirlər və həmin proqramlar çərçivəsində ölkəmizlə qarşılıqlı iş aparmaq niyyətindədirlər. Proqramın məzmununu danışıqlar başa çatdıqdan sonra açıqlayacağıq. Amma bir məqamı indi deyə bilərəm. Artıq çimərlik voleybolu
Olimpiya oyunlarının proqramına daxil edilib. Qarşımızda məqsəd qoyulub ki, 2004-cü il Afina olimpiadasında ölkəmiz çimərlik voleybolu yarışlarında təmsil olunsun. Budan ötrü federasiyanın xətti ilə ilk dəfə Azərbaycan çempionatı keçirdik. Birincilikdə 8 qadın və 50 kişi komandası iştirak etdi. Nəticədən narazı qalmağa heç bir əsas yoxdur, artıq çimərlik voleybolunda konkret idmançılar qarşısında konkret vəzifələr qoymaq olar. Bu sahəni daha da inkişaf etdirmək məqsədilə hətta AVK-dən dəfələrdə müraciət ediblər ki, Azərbaycanda Avropa miqyaslı turnirlər keçirilsin, özü də elə-belə yarışlar yox, məsələn qitə çempionatı. Amma bundan ötrü ilk növbədə beynəlxalq standartlara uyğun gələn, minimum 2 min tamaşaçı tutan çimərlik voleybolu meydançasına malik olmalıyıq.
Beynəlxalq yarışlarda
hakimlərin bizə qarşı qeyri-obyektivliyi məsələsi Assambleyada qaldırıldımı?
- Mən həmin məsələdən danışdım. Hətta Meyerlə Hollandiya-Azərbaycan qarşılaşmasının videoyazısına baxdıq. Beynəlxalq yarışlarda belə bir qayda var. Əgər hakimlikdən narazılıq varsa, iki saat ərzində protest verməli və 7 min İsveçrə frankı ödəməlisən. Düzgün olduğunu sübut edə bilsən, 7 min frank qaytarılır, sübut edə bilməsən, pul da gedir, nəticə də saxlanılır. Lakin maddi vəziyyətimizi nəzərə alıb, belə bir addım atmadıq. Düzdür, səhvləri dəqiq görmüşdük. Ancaq kameraların həmin epizodları necə götürdüyündən arxayın deyildik. Azərbaycana gələndən sonra əmin olduq ki, doğrudan da qaydalar kobud şəkildə pozulub. Meyer də bizim haqlı və qələbəyə layiq olduğumuzu etiraf etdi. Fəqət, qatar artıq getmişdi, oyunun nəticəsini dəyişmək mümkün deyildi. Ancaq deyim ki, həmin hakim kişilər arasında Avropa çempionatının Rusiya-Yunanıstan matçında kobud səhvlərə yol verib və ruslar protest veriblər. Hakimin dalbadal yol verdiyi səhvləri bu yaxınlarda xüsusi komissiyada araşdırılacaq.
Azərbaycana münasibətdə
hansısa müsbət dəyişikliyi hiss etdinizmi?
- Cəmi iki rəsmi turnirdə iştirak etmişik. Olimpiya oyunlarına lisenziya qazanmaq üçün mühüm addımlar atırıq. Afinaya olmasa da, sonrakı olimpiadalara düşmək üçün müəyyən zəmin yaratmışıq. Avropa və beynəlxalq voleybol federasiyalarının prezidentləri Meyer və Akostanı Azərbaycana dəvət etmişik. Və onlar dəvətimizi məmnuniyyətlə qarşılayaraq, Bakıya gəlməyə razılıq veriblər. Onların ölkəmizə səfərini yüksək səviyyədə təşkil etmək üçün federasiyada artıq işlər görülməyə başlanıb. Azərbaycan voleybolu beynəlxalq arenada kəsərli sözünü mütləq deyəcək.
Əgər əvvəllər Azərbaycana üçüncü dərəcəli voleybol ölkəsi kimi baxırdılarsa, indi bizi lider qismində görürlər.
|