Mədəniyyət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Tarixcə
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#115(339)
"Sibirdən Balkanlara"
Türk dünyasına baxış

Ötən gün İçərişəhərdəki "Abşeron" rəsm qalereyasında Güllü Yoloğlunun "Türk dünyası: "Sibirdən Balkanlara" adlı fərdi sərgisinin açılışı oldu. Sərgidə 15 türk bölgəsində çəkilmiş 60 foto nümayiş etdirilirdi.
Güllü Yoloğlu Atatürk Kültür Mərkəzinin müxbir üzvü etnoqraf-alim, tədqiqatçıdır. Güllü xanımın tədqiqatları daha çox türk xalqları ilə, türkçülüklə bağlıdır. Tədqiqatçı-alim müxtəlif ərazilərdə yerləşən türk bölgələrinə səyahət edərək, yol boyu çoxlu foto şəkillər çəkib. İndi bu fotoları elmi araşdırmaların əyani sübutu kimi dəyərləndirərək nümayiş etdirmək qərarına gəlib. Sərgidə Başqırdıstan, Tiva, Xakasiya, Altay, Qazaxıstan, Özbəkistan, Qaraqalpaqstan, Türkmənistan, Xorasan, Güney Azərbaycan, Quzey İraq, Türkiyə, Makedoniya, Rumıniyada yaşayan türk xalqlarının mədəniyyət və məişətini əks etdirən fotolar sərgilənirdi.
Güllü xanımın bu ilk sərgisində əsas yer şamanizmə ayrılmışdı. "Türkiyədəki müsəlman məzarlığında şamanizmin izləri", "Şaman esrenləri" və s. kimi fotolar müxtəlif türk bölgələrində indinin özünə qədər də yaşayan şamanların həyat tərzini əks etdirir. Təəssüflər olsun ki, vaxtilə şamanizmin ən qədim abidələrinin - mengir qəbirlərinin məhz Azərbaycanda tapılmasına baxmayaraq, indi bu ərazidə onlardan əsər-əlamət belə qalmayıb. Amma şamanizm ənənələrinə müasir dövrdə də rast gəlmək olar. El arasında türkəçarə kimi tanınan çöpçıxartma, çildağetmə və başqaları bu kimi şamanizm ənələrindəndir.
Sərgini 4 il əvvəl fəalliyyətə başlayan "Abşeron" rəsm qalereyasının direktoru Eldəniz İbrahimov açdı. Sonra akdemik Bəkir Nəbiyev, ölkəmizin mədəniyyət naziri Polad Bülbüloğlu, Rumıniyanın Bakıdakı səfiri Təhsin Cəmil, sənətşünas Kübra Əliyeva və başqaları çıxış etdilər. Çıxışçılar Güllü xanımı ən gənc və ən məhsuldar tədqiqatçı alim kimi qiymətləndirərək, gələcək fəaliyyətində ona uğurlar dilədilər.
Nəzərinizə çatdıraq ki, sərgi sentyabrın 28-dək davam edəcək.

"Spektr"in ilk sayı işıq üzü gördü
Dərginin məsləhətçisi Salman Vilayətoğlunun sözlərinə görə, "Jurnal tam sərbəstdir"

Dünən çoxsaylı mətbu orqanlarımızın sırasına daha bir nəşr qoşuldu: "Cpektr" aylıq ictimai-siyasi dərgi. Media tarixində bu dərginin ilk təqvimi belə yazıldı: 2001- ci il sentyabr. Uzun illər sonra jurnalın yubileyi qeyd olunanda yaradıcı heyət də, elə təbrikə gələnlər də bu tarixi yada salacaqlar. Hələliksə dünən "Afrodita" restoranına cəm olan yaradıcı heyətin, siyasət və incəsənət xadimlərinin, o cümlədən, media mənsublarının iştirakı ilə "Spektr" jurnalının təqdimat mərasimi keçirildi.
Jurnalın ilk buraxılışı əlimizdədir, tanışlıq fürsətini əldən verməyək. Oxucusu olacağınız jurnalını səhifələrini bir-bir vərəqləməyi sizlərin ixtiyarına versək də, bir onu deyək ki, ictimai-siyasi, eləcə də, dünyada gedən hadisələrə dair analitik materialları "Spektr"in səhiflərində izləyə bilərsiniz. Oxucunun hərtərəfli maraq dairəsini nəzərə alan jurnal heyəti sənət xadimlərini də diqqətdən kənarda qoymayıb. Ən nəhayət, "Dövran" qəzetinin xüsusi nəşri kimi işıq üzü görən "Spektr" ayda bir dəfə nəşr olunacaq.
Qonaqları salamlayan jurnalın məsləhətçisi, tanınmış media mənsubu Salman Vilayətoğlu mərasimə təşrif buyrunlara "xoşgəldin" etdikdən sonra "Spektr"in adına uyğun mövqe tutduğunu bəyanladı. "Adətən, mətbuat aləminə yeni imza qoşulanda onun yönümünü müyyənləşdirməyə çalışırlar. Ancaq mən birmənalı şəkildə deyirəm ki, dəqiq, qərəzsiz və tərfisiz olacağıq. Sözün əsl mənasında, "Spektr".
Daha sonra Salman Vilayətoğlu bildirdi ki: "Ola bilər "Spektr" jurnalının səhifələrində şəxsən hörmətli prezidentimizə olan rəğbətimi əks etdirən mövqeyimlə rastlaşasınız. Ancaq bu, heç də o demək deyil ki, dərgidə digər mövqelərə yer yoxdur. Jurnal tam sərbəstdir.".
Növbəti natiq, Yaşar Nuri isə, deyəsən, ilk dəfədir ki, bir marağını etiraf elədi: "Ömrüm boyu jurnalist olmaq istəmişəm".
Sənət sevgisinin boğduğu bu istək, deyəsən, yenə boy verir. Belə ki, "Spektr" jurnalının növbəti nömrələrində Yaşar Nurini imzasını görsəniz, təəccüblənməyin. Yaşar Nuri elə hamının qarışısındaca söz verdi ki, "hərdən qələm götürüb aktyorlar, incəsənət haqqında yazacağam". Bəri başdan oxucu auditoriyasını maraqlandırmağa da cəhd göstərdi: "Elə nüanslar var ki, onları qələm əhli bilmir".
Daha sonra söz alan Abutalıb Səmədov, Vüqar Əhməd, Məmməd Əlizadə və başqaları "Spektr" jurnalının əməkdaşlarına uğurlar dilədilər. Və bildirdilər ki, çoxsaylı mətbu orqanları arasında "Spektr" jurnalı öz yerini tutacaq.
Mərasim furjerlə sona yetdi. Üstəlik, jurnalın "Ulduz dünyası" rubrikasının ilk qonağı olan Elza Seyidcahanın öz ifasında bir neçə mahnısı da səsləndi. "Afrodata"nı tərk edənlərin hamısının əlində "Spektr" jurnalı var idi. ÿÿ

Dünyaya 12 yaşlı baxış
Bu baxışdan yaranan əsərlər Salvador Dalinin tablolarını xatırladır

Çoxdan deyilsə də, həmişə və tez-tez xatırlanan bir ifadə var - "uşaqlar bizim gələcəyimizdir". Bir balaca düzəliş etsək, məncə, daha dəqiq olar - indiki uşaqlar, deyəsən, bizim müasirlərimizdir.
Tofiq İsmayılov adına uşaq rəsm qalereyasında 12 yaşlı rəssamın fərdi sərgisinin keçirildiyini eşidəndə düşündüm ki, yəqin, uşaq aləmi ilə bağlı sadə, bəzən də primitiv əsərlərdən ibarət bir sərgi olacaq. Lakin gümanımda yanıldım. Qalereyaya ayaq qoyduğum vaxt divardan asılan tabloların 12 yaşlı uşağın əl işi olmasına inanmadım. Bu, uşaq təfəkkürünün əməyi deyildi. Bu, tamam başqa bir aləm idi. Bu, iç dünyasının mürəkkəbliyi, rəngarəngliyi, bənzərsizliyi ilə diqqəti cəlb edən və tamaşaçını uzun müddət qarşısında saxlayan yetkin bir insanın əməyinə bənzəyirdi. Məhdudiyyət bilməyən bir fantaziyanın məhsulu olan bu əsərlər seyriçini heyran etməyə bilməz.
Balaca Nərminənin çəkdiyi şəkillər müxtəlif mövzulardadır. Onun, demək olar ki, bütün əsərlərində göz təsvirləri var. Əsasən, yağlı boyadan və rəngli qrafikadan istifadə edib. Əsərlərin bir qismi ilahi, bəşəriyyətin başlanğıcı - Adəm və Həvva mövzusunda çəkilib. "İsa peyğəmbərin şeytanla yarışı", "Ruhun dövranı", "Tənhalıq" bu kimi əsərlərdəndir. Avanqard üslubda çəkdiyi "Avanqard natürmort", "Avanqard kokteyl" əsərləri isə özünəməxsusluğu ilə fərqlənir. "Sualtı fantaziya" silsiləli əsərlər təkrarolunmaz təəssürat oyadır. Təbiət hadisələri, natürmortlar, qadın və kişinin məhəbbətli vəhdəti ilə bağlı əsrlər digər tablolarından qətiyyən geri qalmır. Balaca rəssam özünün başa düşdüyü tərzdə izah etməyə çalışdığı kosmik fəzanı, başqa planetləri də yaddan çıxartmayıb.
Nərminə Vəliyeva Tofiq İsmayılov adına uşaq və gənclər yaradıcılıq sarayının təsviri və tətbiqi sənət salonunda Tatyana Kesarın rəhbərliyi ilə rəsm dərnəyində məşğul olur. Atasının dediyinə görə, təsviri sənətlə 10 yaşından məşğul olmağa başlayıb. Buna qədər isə əlinə fırça belə götürməyib. Hətta orta məktəbdə rəsm dərslərində verilən tapşırıqları onun əvəzinə anası yerinə yetirirmiş. İki il əvvəl Nərminədə birdən-birə nəsə çəkmək həvəsi yaranır. Özü də necə çəkmək?! Nəticə budur, göz qabağındadır. Bir çox müsabiqələrdə iştirak edən balaca rəssamın arxivində 15 diplom var. Bu yaxınlarda isə Nərminə Yaponiyada keçirilən rəsm müsabiqəsində iştirak edərək, ikinci yerə layiq görülüb.
Nərminənin bu sərgisində xalqlar dostluğuna həsr edilmiş parça üzərində çəkilmiş "Şəkil paltarlar" adlı əsərləri də təqdim edildi. Bu paltarları Fəxriyyə Xələfovanın "Venera" modalar evinin manekenləri nümayiş etdirdi. "Şəkil paltarlar"la yanaşı küplər, çay daşları üzərində işlənmiş miniatür əsərlər də tamaşaçılarda böyük marağa səbəb oldu.
Sərginin açılışında Rəssamlar İttifaqının nümayəndəsi, Bakı şəhər İcra Hakimiyyətinin təmsilçisi Fidumə xanım, modalyer Fəxriyyə Xələfova, kimya elmləri doktoru, professor Mustafa Salahov, Rəşidə Rəşid və başqaları çıxış etdilər. Gözəl sənətkarımız Ömər Eldarov isə öz çıxışında Nərminənin əsərlərini Salvador Dalinin əsərlərinə bənzətdi. Sərgi 10 gün müddətində davam edəcək. Baş çəksəniz, peşman olmazsınız.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd