|
|
|
|
#115(339)
|
 |
Şəmsəddin Abasov - 95
"El içində bizə derlər Cayadlı..."
|
Ağrı
Ağrılarla uşaq kimi
bir kizlənpaç oynayıram,
Qeyb olmağa çalışsam da,
tapırlar məni.
Onları bu ürəyimdən
çətin ayıram,
Özlərinə rahat yuva
yapırlar məni.
Nə vaxtdır könlümü bir ağrı didir və bu ağrı zaman ötdükcə, səngiyib quzulaşmaqdansa, sərtləşib quduzlaşır, hərdən qızaraq, lap şahə qalxır, məni odu ilə yandırıb-yaxır. Yalnız göz yaşlarım bu qızmış ağrının üstünə ələndikdən sonra guya bir az sustalıb dincəlir. Dincəlirmi? Yox, eləcə, toxdaqlıq donuna girib, yenidən qəlbimdə gizlənir və gizləndiyi yerdən də xain adamlar kimi altdan-altdan öz işini görməkdə, bağrıma dağ çəkməkdə davam edir.
Düz iyirmi altı ildir qəfil itirdiyim bir doğmamın əziz ruhuna borcum var. Bu, babam Şəmsəddin Abasovun ruhudur - məni mehriban qucağında böyüdən, uşaq dəcəlliyimi həmişə səbrlə qarşılayıb, on səkkiz yaşınadək hər nazımı çəkən, zahiri də, batini də nur saçan sevimli babamın ruhu. Məni illərlə qovuran ağrı da bütün bunların müqabilində ona qaytara bilmədiyim borcun zərif çiyinlərimə qoyduğu ağır yükündən yaranıb.
Mən babamın
ilkiyəm
Teli ipək, qulac-qulac,
Çox yaraşır ona bu saç.
Gözləri var gilas kimi,
Ərköyündür Araz kimi.
Bax, belədir mənim qızım,
Əziz balam, iki gözüm.
Bir vaxtlar sözləri babama, musiqisi həmişəyaşar bəstəkarımız Tofiq Quliyevə məxsus "Mənim qızım" mahnısını rəhmətlik Gülağa Məmmədov məlahətli səsilə tez-tez oxuyardı. Musiqiyə bürünüb şərqiləşən bu şer iki oğul balasından sonra qız uşağına tamarzı olan babamın mənə hədiyyəsidir. Mən onun ilk nəvəsi, böyük oğlu Gündüzün birinci övladıyam.
Bu gün babamın - doxsan beş il əvvəl ilıq bir may axşamı dünyaya gəlib, yetmiş yaşının içində, mülayim bir sentyabr səhəri yuxudaca keçinən tanınmış jurnalist, yazıçı, ziyalı Şəmsəddin Abasovun ləyaqətli yaşamının qələm həvəsli, sənət nəfəsli səhifələrini vərəqləmək, mənalı həyatı haqqında doğru-dürüst bir yazı yazmaq və bununla da onun ruhu qarşısında mənəvi borcumu, azacıq da olsa, ödəmək istəyirəm.
Sayadlardan bir yol gəlir Bakıya
El içində bizə derlər sayadlı, Tərlan ovçusuyam, ruhum qanadlı.
Bu misralar Mikayıl Müşfiqindir - ölümü ilə xalqımızın qəlbində çapıq qoyub gedən nakam Müşfiqin.
Keçən əsrin əvvəllərində Sayadlar qədim Bərməkin - Xızının səfalı kəndlərindən biri olub və bu kəndin sakinlərinə "sayadlı" deyiblər. Bu, bizim kəndimizdir.
1908-ci ildə Sayadlardan gələn yol anası yenicə torpağa gömülmüş iki yaşlı balaca Şəmsəddini ata himayəsində, nənə qucağında bacı-qardaş əhatəsində Bakıya gətirir və ailə o zaman şəhərə köçən xızılıların uca bir yerdə saldıqları "Dağlı məhəlləsi"ndə məskunlaşır.
İndiki Şeyx Şamil küçəsi Nəriman Nərimanovun heykəlinə sarı, üzü yuxarı dırmanır. Bu, Bakının məşhur "Dağlı məhəlləsi"nə qalxan yoxuşlarından biridir. Əvvəllər bura sərt bir dikdir olsa da, sonralar yolu asanlaşdırmaq üçün pillələr düzüblər və bunu da köhnə bakılılar "Qırxpilləkan" adlandırıb. Həmin "Qırxpilləkan"ın başında taca bənzəyən daş məhəccərə söykənib durmuşam.
"Dağlı məhəlləsi"
Bu məhəllə dağlıların
Dik başının papağıdır.
Neçə ünlü sənətkarın
Yuvasıdır, oylağıdır.
Dayandığım yerdə babamın atası Bəhlul kişinin şəxsi həyəti, Bakıya köçdükdən sonra öz əli ilə tikdiyi ikimərtəbəli xudmani bir mülkü olub. Bu mülkün qonşuluğunda isə məşhur maarif xadimi Bədəl bəy Bədəlbəylinin evi və məktəbi varmış. Babam və "məhəllə uşaqları" saydığı Əfrasiyab və Şəmsi Bədəlbəyli qardaşları ilə, demək olar ki, bir yerdə böyüyüb. Sonralar - N.Nərimanov adına sənaye tenikumunda oxuyarkən isə imtahanlara hazırlaşmaq üçün Yuxarı Dağlıq küçəsində (İndiki Abdulla Şaiq küçəsi) Abdulla Şaiqin qapıbir qonşuluğunda otaq kirayələyib. Bədəlbəylilər, Şaiq əfəndi və onun ətrafındakı ziyalılar, həmçinin ölməz drumaturqumuz Cəfər Cabbarlı ilə sıx ünsiyyət gənc Şəmsəddinin dünyagörüşünə böyük təsir göstərib, onda ədəbiyyata, sənətə sonsuz maraq oyadıb, görüb-duyduqlarını misralara çevirmək həvəsi yaradıb. Nəticəsi də bu olub ki, o, oxuduğu texnikumda buraxılan "Sənaye fəhləsi" divar qəzetinə redaktorluq edib, dram dərnəyində N.B.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsində Fəxrəddin, H.Cavidin "İblis" əsərində gənc İblis, C.Cabbarlının "Aydın" dramında Aydın rollarını oynayıb, S.Vurğun, S.Rüstəm, R.Rza, M.Müşfilə birgə "Gənc qızıl qələmlər" ittifaqının yaradıcılarından və ilk üzvlərindən olub, bir-birinin ardınca "Məhşər günü", "İntiqam", "Qapa qap!" kitabları çap edilib, neçə-neçə məqaləsi, şeri, hekayəsi dövri mətbuatda işıq üzü görüb.
Yaşı doxsana çatsa da, yaddaşına heç bir xələl gəlməyən nənəm Mələk xanım deyir ki: "1928-ci ildə mən babanla nişanlananda o, "Gənc işçi" qəzetinin, iki il sonra evlənəndə isə ən nüfuzlu qəzet olan "Kommunist"in məsul katibi idi. Belə gənc yaşda o cür böyük vəzifələrdə çalışmaq, o boyda hörmət yiyəsi olmaq az işdir bəyəm?". Babamın evimizdəki arxivində bir kitab var. Bu, 1930-cu ildə "Azərnəşr" tərəfindən latın əlifbası ilə buraxılan, Müşfiqlə babamın ana dilimizə birlikdə çevirdikləri A.S.Puşkinin "Qaraçılar" poemasıdır. Hər yerdə müəllifinin yalnız Müşfiq olduğu göstərilən bu gözəl tərcümənin çap olunduğu kitabın ilk səhifəsində "Çevirəni: M.Müşfiq və Ş.Abasov" yazılıb. Babamı Müşfiq səviyyəli şair kimi təqdim etmək fikrindən çox-çox uzağam. Ancaq insaf da dinin yarısıdır, axı! Həmin tərcümənin hasilə gəlməsində Şəmsəddin Abasovun mütərcimlik qabiliyyətini və zəhmətini danmaq günahdır. M.Qorkinin xeyli hekayəsinin, türkmən yazıçısı Berdi Kerbabayevin "Aysoltan" romanının və daha neçə-neçə qardaş xalqlar ədəbiyyatı nümunəsinin Azərbaycan dilinə bədii tərcüməsi məhz Şəmsəddin Abasovun qələminin məhsuludur.
Şəxsi kitabxanamda babamdan mənə yadigar qalan, birinci səhifəsi müxtəlif müəlliflərin dəsti-xətti ilə bəzənmiş nə qədər kitab var - S.Vurğun, S.Rüstəm, M.İbrahimov, M.Hüseyn və daha kimlər... "Hamımızın böyüyü, hörmətli yazıçımız, gözəl və qayğıkeş insan, əziz Şəmsəddin müəllimə müəllifdən. Bəxtiyar. 31.XII. 54" - bu sətirləri böyük xalq şairi Bəxtiyar Vahabzadə yeni il axşamı babama bağışladığı "Əbədi heykəl" kitabının ilk səhifəsinə yazıb. Həmin kitablar babamın sayı on beşə çatan öz kitabları - "Ürək sözləri", "Təzə sədr", "Ata kölgəsində", "Gur işıqlar", "Tənha dəniz buruğunda", "Seçilmiş əsərlər" və s. ilə birgə kitab rəflərimi bəzəyir. Şəmsəddin Abasovun iki kino ssenarisi ekranlaşdırılıb, "Əsgər və Simuzər", "Qələbə" və "Alaq" adlı üç pyesi tamaşaya qoyulub, müxtəlif nəşriyyatlarda redaktoru olduğu neçə-neçə kitab çapdan çıxıb.
Babam texnikumdan sonra Azərbaycan Sənaye İnstitutunu (İndiki Neft Akademiyası), Azərbaycan Dövlət Universtitetinin filologiya fakültəsini və Moskvada Ali Partiya Məktəbini bitirib. Həmişə vəzifə başında olub. Azərbaycan Dövlət Opera və Balet Teatrının, C.Cabbarlı adına "Azərbaycanfilm" kino-studiyasının direktoru, Azərbaycan KPMK-da şöbə müdiri, Azərbaycan Nazirlər Soveti yanında Dövlət Radio Verilişləri Komitəsinin sədri, Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru işləyib. Onun vəzifəsinə vicdanla yanaşması arxivində qoruduğum öz şəxsi gündəliklərindən, birlikdə işlədiyi neçə-neçə adamın xatirələrindən, təltif edildiyi ordenlər, medallar, fəxri-fərmanlardan bəlli olub, Moskvada-Kremldə, yüksək hökümət məclislərində, Böyük Vətən müharibəsi zamanı cəbhə bölgələrinə dövlət əhəmiyyətli ezamiyyətlərdə çəkdirdiyi şəkillərdən boylanır.
Mənim
şəkil səyahətim
Bu şəkillərə baxdıqca,
Həyəcandan əsir ürək.
Bu şəkillər hafizəmdə
Çox şeyləri dirildəcək.
Uşaqlıqdan bir şakərim var və illər keçsə də, onu tərgidə bilmirəm. Müxtəlif illərdə çəkilmiş şəkillərə, ən çox da retro fotolara baxmağı və orada əks olunan adamlarla ürəyimdə söhbət etməyi sevirəm. Bu, çoxuna qəribə gəlsə də, danılası deyil və elə bu şakərimə görə də, keçmiş qız məktəblərinin müəllim xanımları kimi ciddi bir tərbiyəçi olan nənəmin mənə cəza verdiyi, küncdə üzü divara saxladığı günlər az olmayıb. Ancaq buna baxmayaraq, bu adətimdən vaz keçə bilməmişəm. Nəhayət, bu hərəkətlərimi diqqətlə izləyən babam daxili bir fəhmlə anladı ki, mənim şəkillərə olan aramsız "hücumlarım" nadinc qızcığazın özbaşınalığı yox, keçmişə, tarixə sonsuz bir marağıdır və bu marağa hörmətlə yanaşmaq, dalbadal düzülən suallarımı cavablandırmaq lazımdır. Həmin gündən də babam mənim yaxın həmsöhbətim və sirdaşım oldu. Evimizdəki albomlar, zərflər, qovluqlar dolusu neçə-neçə şəkil babamın sayəsində dil açıb danışdı. Bu minvalla da illər keçdi, mən böyüdüm. Günlərin birində bərk dilxor görünən babam məni heyrətləndirən bir etiraf etdi: "Heyf, Səmədin, Süleymanın, Rəsulun, elə bizim hamımızın qələmindən, ilhamından. Zamanə bizi aldatdı. Bir çox şeyi yanılıb yazdıq. Başa düşəndə isə gec idi". Sən demə, kişinin ürəyində bir sancı varmış - könlündən keçəni azad, rahat yaza bilməməyin, varlığına inandığı yalançı bir kabusa aldanmağın gizli bir sancısı və şübhə yox ki, bu sancı onun qələm dostlarının da qəlbindən yan ötməyib. Allah baisin evini yıxsın!
Babam məni quruluşa asi bir adam kimi tərbiyə etmirdi. Ancaq hər halda bir ağsaqqal müdrikliyi ilə duyurdu ki, etdiyi söhbətlər sovet dövründə yaşayan tələbə qızın dünyagörüşündə mütləq bir iz buraxmalı, onu mücərrəd bir gələcəyə uymağa qoymamalıdır və bütün bunlar da onunla sonuclandı ki, babamın ölümündən üç il sonra, 1978-ci ildə Azərbaycan Dövlət Universtitetinin filologiya fakültəsini bitirərəkən, "Elmi kommunizm" fənnindən verdiyim dövlət imtahanı zamanı bütün kommisiya üzvlərinin qarşısında üzümü fənn müəllimi Həsən Şirəliyevə tutub, sözlərimin nə ilə nəticələnəcəyini düşünmədən, "Mən nə kommunizmə, nə də onun cəfəng elminə inanıram" dedim, bileti cırıb, otaqdan çıxdım. Bu hərəkətimə görə, məni nəinki universitetdən qova, azadlığımı da əlimdən ala bilərdilər. Lakin babamın yaxın dostlarından olan istedadlı yazıçı, diplom rəhbərim Mir Cəlal Paşayev və fakültənin dekanı Firudin Hüseynovun köməyi ilə mənə toxunmadılar. Cəzam da bu oldu ki, qiymət kitabçama həmin "elm"dən imtahansız - filansız bir "3" yazdılar, fərqlənmə diplomundan məhrum edib, adi bir diplom verdilər, aspiranturadan uzaqlaşdırıb, Muğan bölgəsinə müəllim göndərdilər. Bax, onda dərk etdim ki, həqiqəti söyləmək qurban tələb edir. "Qırmızı diplom" mənim ilk qurbanım idi.
"Zato on mujçina..."
Qəribə olsa da, adəti, dəbi,
Böyük bir hünərdir kişilik, qardaş!
Adil Rəsul
Həmişə düşünürdüm ki, repressiya illəri, Mir Cəfər Bağırovun dörd bir yana işləyən "iti qılıncı" daim diqqət mərkəzində olan babamın həndəvərindən yan keçib, ona və ailəsinə zədə toxundurmayıb? Babam üzüyola adam deyildi. İlk baxışda sakit, mülayim görünsə də, ötkəmliyi, qüruru, sözü üzə şax deməyi, nahaqla barışmazlığı, yeri gələndə lap dəli-doluluğu vardı və bu xüsusiyyətlərə malik bir adam o qanlı illəri sağ-salamat necə adlayıb gəlmişdi? Günlərin birində çox maraqlı bir təsadüf suallarımın bağlı qapısına əsl cavab açarı saldı və mən xeyli şey öyrəndim. Yaxşı yadımdadır ki, illər öncə Mərdəkanın doğma "Əncirlik" bağlarındakı yaylaq evimizdən şəhərə gəlmək üçün nənəmlə birgə elektrik qatarına minmişdim. Qatarda bağ qoşumuz - vaxtilə Azərbaycan KPMK-nın katiblərindən biri olmuş Qəzənfər Məmmədovun ömür-gün yoldaşı Bəyim xanımla rastlaşdıq və iki qadın arasında gedən söhbət yola "nərdivan" qoydu. Onlar "Kişi"dən danışırdılar və Bəyim xanımın dedikləri mənim üçün çox şeyi aşkarladı. Sən demə, 50-ci illərin lap əvvəlində kimsə imzasız məktub yazıb, yoldaş Abasovun firavan yaşaması barədə yuxarıya məlumat veribmiş və o bədbəxt dərk etməyibmiş ki, yoldaş Abasov yalnız əmək haqqı deyil, alnının təri bahasına çap olunan kitablarından, yazılarından aldığı qonorar hesabına babat yaşayır. Bu, ömründə rüşvət almayan abırlı bir şəxsin halallıqla qurduğu adi güzərandır. Söz-soraq lap "Kişi"nin özünə gedib çatmıbmış. Belə ki, o imzasız məktub filarmoniyada keçirilən iclasda təhlil olunub və elə həmin iclasdan sonra Qəzənfər Məmmədov öz xanımına bunları nəql edib: "Şəmsəddinin vəzifəsində gözü olan, məktuba görə əllərinə girəvə düşən nadürüstlər onu tənqid eləyib, "Kişi"nin nəzərindən salmağa çalışdılar. Şəmsəddin də bütün bu deyilənlərə çox sərtliklə etirazını bildirəndən sonra qapını möhkəm çırpıb, salonu tərk etdi. Hamımız onun "Kişi"nin hüzurundakı bu cəsarətli hərəkətindən bir-birimizə dəydik. Mən düşündüm ki, vəssalam, Şəmsəddinin evi yıxıldı! Bir neçə quyruqbulayan da vəziyyəti belə görüb, yaltaq-yaltaq canfəşanlıq etməyə başladı: "Görürsünüz də, yoldaş Bağırov, Abasov özünü o qədər sərbəst hiss edir ki, bu qədər adam bir yana, sizi belə saymır." Mir Cəfər də onları əyri-əyri, acıqla süzüb, heç gözlənilmədən "Zato on mujçina, a ne podxalim kak vı..." - dedi, sonra da bir yağlı söyüş söyüb, ürəyimdən tikan çıxartdı".
Hə, Mir Cəfər babama toxunmayıb. Onu yalnız tutduğu vəzifədən azad edib və Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru təyin olunması barədə sərəncam verib. Görünür, Bağırovun da haradasa, ağı-qaradan seçmək, yaxışını yamandan ayırmaq bacarığı varmış və bu da hərdən özünü büruzə verirmiş. Yoxsa, babam adına "Mir Qəzəb" deyilən kinli "Kişi"nin xata-balasından qurtula bilməzdi. Təbii ki, nənəm bu hadisəni bilirdi: "O zaman Allah Şəmsəddini mənə və iki oğluna - Gündüzlə Təyyara bağışladı, Mir Cəfərin də dilinə qıfıl vurub, bizi "gedər-gəlməz"dən saxladı".
"Kimsə çıxartmaz
məni yaddan..."
Nənəm Mələk xanımın bacısı oğlu, çox gənc yaşlarında dünyasını dəyişib, özündən sonra "sandıq dolusu" zərif şerlər, nəfis qəzəllər qoyub gedən nakam Rəhmanın (unudulmaz müğənnimiz Hüseynağa Hadıyevin böyük qardaşı) gözəl bir beyti yadıma düşür:
Ölsəm də, yenə kimsə
çıxartmaz məni yaddan,
Çünki yaralı yüz min ürəkdə
nəfəsim var.
Mən babamın yalnız nəslimizin deyil, bütün onu tanıyıb - bilənlərin qəlbində, hafizəsində yaşadığına əminəm. Lap bu yaxınlarda möhtərəm xalq şairimiz, mərhum Mirvarid xanım Dilbazinin hüzr məclisində Azərbaycan rəqs sənətinin incisi və incəsi Əminə xanım Dilbazi ilə görüşdüm. Ustad rəqqasəmiz babamı böyük ehtiramla yad edib dedi: "Şəmsəddin müəllim gözəl mənəvi keyfiyyətləri olan nadir bir insan idi. Allah rəhmət eləsin!". Bu, qondarma, mübaliğədən kökəlmiş tərif deyil. Mən belə səmimi ürək sözlərini neçə-neçə adamın dilindən dönə-dönə eşitmişəm və sevinmişəm ki, nə yaxşı, babamı yaddan çıxartmayan, məhəbbətlə xatırlayan çoxdur. Onun adı, şəhər dolusu hörməti mənim və daha beş nəvəsinin yoluna həmişə çıraq tutub, işıq salıb. Bir neçə il əvvəl babam (dünyasını dəyişsə də) ön cəbhədə hökumət tapşırıqlarını uğurla yerinə yetirdiyi üçün Böyük Vətən müharibəsinin ildönümü münasibətilə təsis edilən, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general - mayor Həzi Aslanov adına fəxri-fərmana layiq görülüb və bu da onun xalq tərəfindən unudulmazlığının növbəti isbatıdır.
Babamın adını İlqar qoyduğu qardaşımın bir ciyərparası var - köklü-köməcli, qollu-budaqlı "Həsənlilər" nəslinin gənc Şəmsəddin oğlu. Babamın adını ləyaqətlə daşıyan, varlığı ilə təsəlli tapıb ovunduğumuz tələbə - ədəbiyyatşünas Şəmsəddin Abasov - kim bilir, bəlkə də gələcəyin şairi, nasiri qələm sahibidir. İstəyirəm ki, təkcə qardaşım oğlu yox, babamın indiyədək doğulmuş və gələcəkdə doğulacaq bütün törəmələri onun özü kimi millətimiz üçün gərəkli və duz-çörəkli olsunlar!
Vallah, mənə elə gəlir ki, babam haqqında gecə-gündüz danışsam, yazsam, yorulmaram. Ancaq nə edim ki, fikirlərimi yığcamlayıb, sözümü bitirməyə məcburam və həmin məqsədə yönələn qələmim qarşımdakı kağızlara bu yazımın son izlərini salır:
Bir sənətkar ömrü qırılsa, yenə
Xatirələr onu sapa düzəcək.
Cisminin məkanı kor olsa, yenə
Adı neçə dildə, qəlbdə gəzəcək!
|