İş günü

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Tarixcə
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#115(339)
Güzəştlərin ləğvi ciddi etirazla qarşılanacaq
Kommunal islahatlar haqqında qanun layihəsinin qısa zamanda qəbul edilməsi perspektivi kifayət qədər illüziyalıdır

Məlum olduğu kimi, srağagün YAP qərargahında keçirdiyi mətbuat konfransında enerji haqlarının yığılmasında problemlərin mövcudluğundan danışan iqtisadi inkişaf naziri Fərhad Əliyev bildirib ki, onların həlli məqsədilə 2002-ci ildə əhalinin müəyyən təbəqələrinə edilən güzəştlərə yenidən baxılacaq. Növbəti il bütün imtiyazlı vətəndaşlara edilən güzəştlərin ləğvi gözlənilir. F.Əliyevin sözlərinə görə, bunun müqabilində onlara büdcədən birbaşa ünvanlı kompensasiyaların verilməsi nəzərdə tutulur. Qeyd edək ki, respublika əhalisinin 25 faizi güzəştlərdən istifadə edir.
Fərhad Əliyevin kommunal sahədə dəyişikliklərin ediləcəyi ilə bağlı çıxışı Dünya Bankının mütəxəssislərinin Bakıdakı səfəri ilə eyni vaxta təsadüf etdi.
Xəbər verdiyimiz kimi, dövlət sektorunda islahatların tənzimlənməsi layihəsinə hazırlıq məqsədilə sentyabrın 19-da Kristian Petersonun rəhbərliyi ilə Dünya Bankının nümayəndə heyəti Bakıya gəlib. Bankın ekspertləri sözügedən maliyyə strukturunun tövsiyələrinin Azərbaycan hökuməti tərəfindən noyabr ayına kimi yerinə yetirilməsi məsələsini müzakirə etməlidirlər. Məhz noyabrda bankın direktorlar şurası Azərbaycanda struktur islahatlarının aparılması üçün kredit ayrılması barədə qərar qəbul edə bilər.
Dünya Bankının Azərbaycan hökuməti qarşısında irəli sürdüyü vacib tövsiyələrindən biri ilk növbədə struktur islahatları ilə bağlı orta təcili proqramın hazırlanmasıdır. 30 milyon dollar həcmində olan noyabr krediti proqramın yalnız ilk mərhələsi üçün hesablanıb. Lakin Azərbaycan hökuməti DB-nin struktur islahatları ilə bağlı ayıracağı kreditlərin 2 mərhələdə verilməsi ilə razılaşmır. Çünki həmin kreditlər büdcə kəsirini aradan qaldırmaq üçün 2001-ci ilin dövlət büdcəsində öz əksini tapıb.
Respublikada struktur islahatları proqramı 5 mərhələni özündə birləşdirir. Onların arasında dövlət idarəçiliyində struktur islahatlarının davamı, ilk növbədə kommunal xidmətlərin idarə olunması sisteminin təkmilləşdirilməsi və özəlləşdirilməsi prosesinə başlanması gözlənilir. Dünya Bankının tövsiyələrində həmçinin energetika sahəsində maliyyə nizam-intizamının yaradılması proqramının hazırlanmasının vacibliyi önə çəkilir.
Lakin Azərbaycan hökumətində hesab edirlər ki, kommunal xidmətlərlə bağlı qeyd edilən proqramın hazırlanmasına ehtiyac yoxdur. Çünki ölkə hökumətinin BVF və DB ilə birgə hazırladığı proqramda 2005-ci ilə kimi bütün kommunal sektorun inkişafı ilə əlaqədar tədbirlərin görülməsi nəzərdə tutulub.
1999-cu ildə qəbul edilmiş "2000-2003-cü illərdə Dünya Bankının Azərbaycanda əməliyyatları üzrə strategiyası"nda 2001-2002-ci illərdə respublikada kommunal sektorda islahatları dəstəkləmək üçün iqtisadiyyatda struktur islahatlarının aparılmasına (SAC-III) 3-cü kredit tranşının ayrılması nəzərdə tutulur. Ölkə hökumətindəki mənbələr bildirirlər ki, Nazirlər Kabinetində və dövlət idarəçiliyində dəyişikliklər edilməyənə kimi kommunal islahatlara başlanılmayacaq. Bununla yanaşı kommunal islahatlarda bir neçə istiqamət olmalıdır. Mənzil tikintisi və infrastrukturun idarə edilməsi, tariflərin dövlət tənzimlənməsi, kooperasiyanın yeni formalarının inkişafı və s. Xüsusilə də dövlət özünün mənzil tikintisində iştirak imkanlarını müəyyənləşdirməlidir. Çünki dövlətin iştirakı olmadan ucuz mənzil tikintisini bərpa etmək sadəlövlük olardı. Mənzillərin 80 faizinin özəlləşdirilməsi ilə əlaqədar mənzil kondominumumlarının müxtəlif formalarının inkişafına cəhdlər edilməlidir. Hazırda mənzil fondunun 50 faizinin istismar müddəti başa çatıb. Bir çox binalar ya sökülməli, ya da yenidən qurulmalıdır. Bundan başqa, təkcə su sisteminin yenidənqurulması üçün 4 milyard dollar vəsait tələb olunur. Hökumətdəki mənbələrin bildirdiyinə görə, hazırda Dövlət Mənzil Təsərrüfatı Komitəsinin yenidən formalaşdırılması imkanları öyrənilir. Bu sahədə islahatların bir neçə variantı var. Onlardan biri kommersiya fəaliyyətindən ayrılmaqla komitənin bu sektorda dövlət siyasəti aparan orqan kimi formalaşdırılması və işçi personalının 25 nəfərə çatdırılmasıdır. Digər variant isə komitəni kommunal xidmətlər göstərən təsərrüfat hesablı dövlət təşkilatına çevirməkdir. Ümumiyyətlə ekspertlər kommunal sektorun özəlləşdirilməsində ehtiyatlı olmağa çağırırlar. "Bizim ƏSR"in keçmiş saylarında da məlumat vermişdik ki, Azərbaycan hökumətində kommunal ödəmələrdə əhaliyə verilmiş geniş güzəştlərdən ünvanlı dotasiyaya keçmək perspektivi öyrənilir. Bu barədə "Bizim ƏSR"ə hökumətdəki mənbələrdən daxil olan məlumata görə, İqtisadi İnkişaf Nazirliyi "Kommunal xidmətlərdə islahatlar" barədə qanun layihəsini hazırlayaraq Prezident Aparatına təqdim edib.
Qanun layihəsinin hazırlanmasına "Azərenerji" və Dövlət Tikinti və Arxitektura Komitəsinin mütəxəssisləri cəlb ediliblər. Eyni zamanda Dövlət Mənzil-Kommunal Təsərrüfatı Komitəsi və keçmiş İqtisadiyyat Nazirliyinin ekspertləri layihədə iştirak etməyiblər.
Qanun layihəsi əhalinin aztəminatlı təbəqəsinə (sayı məhdudlaşdırılacaq) dotasiya ayırmaqla paralel olaraq kommunal ödəmələrin tariflərini artırmağı nəzərdə tutur. Bundan başqa, institutsional xarakterli tədbirlər də görüləcək. Su təhcizatı və kanalizasiya xidmətləri strukturlarının birləşdiriləcəyi gözlənilir. Eyni zamanda bu qanun layihəsinin qısa zamanda qəbul edilməsi perspektivi kifayət qədər illüziyalıdır. Əvvəla qanun layihəsi çoxlu sayda nazirlik və idarələrlə razılaşdırılmalıdır. Digər tərəfdən layihə ciddi müxalif mövqe ilə üzləşə bilər. İlk növbədə əhali və yerli özünüidarə orqanları tariflərin radikal şəkildə artırılmasına qarşı çıxacaqlar. Mütəxəssislərin də ideyanı dəstəkləyəcəyi ağlabatan deyil. Mütəxəssislərin fikrincə, əhalinin məhdud dairəsinə xüsusilə də su istifadəsində ünvanlı dotasiya ayrılması ciddi hesab olunmur.
Mütəxəssislərin fikrincə, dotasiya ayırmaq üçün ilk növbədə sudan istifadə edənin uçotunu qaydaya salmaq lazımdır. Ölkənin bütün mənzil təsərrüfatlarında su ölçən cihazların quraşdırılması isə real görünmür. Mütəxəssislər hesab edirlər ki, optimal ödəmə sisteminin yaradılması üçün sudan istifadəyə görə əhalinin hər bir nəfərinə illik sərt tariflər qoyulmalıdır. Analoji sistemi qazdan istifadəyə də tətbiq etmək olar.
Müşahidəçilər qeyd edirlər ki, qanun layihəsi hazırlanması Azərbaycanın enerji paylama şəbəkələrinin potensial idarəçiləri, ilk növbədə "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin tələbləri ilə əlaqədardır. Lakin elektrik təhcizatı kommunal ödəmələrin təkcə bir növüdür.

Qəbələ RLS-də nüvə atomlarından istifadə edilir
Professor Fəqan Əliyev: Məhz bu səbəbdən də ətrafda güclü şüalanma baş verir

Qəbələ Radiolokasiya Stansiyasının (RLS) Rusiyanın istifadəsinə verilməsi ilə bağlı müzakirələr hələ də davam edir. Bu arada isə ABŞ-ın Asiya ölkələrində həyata keçirəcəyi hərbi əməliyyatları izləmək üçün stansiya 100 faiz gücü ilə işə salınıb. Mətbuatda gedən məlumatlara görə, bundan sonra Qəbələ və ətraf rayonlarda ekoloji vəziyyət daha da kəskinləşə bilər. Xatırladaq ki, indiyədək Qəbələ RLS-in potensialının yalnız 30 faizindən istifadə edilirdi.
Məlumatlara görə, stansiyanın gücünün artırılmasından sonra onun ətrafında müxtəlif rəngli çalarlarla müşayiət olunan duman əmələ gəlib ki, bu da rayon əhalisinin ciddi narahatlığına səbəb olub. Bu barədə fikirlərini bizimlə bölüşən Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev RLS-in ekoloji mühitə ziyan vurmasının birmənalı olaraq qəbul edildiyi, həmin ərazidə ekoloji mühitin dözülməz hal aldığını bildirdi: "Biz hələ 1991-ci ildə Qəbələdəki hərbi bazanın (RLS-in) ətraf mühitə və insan orqanizminə vurduğu ziyanla bağlı elə həmin rayonda konfrans keçirərək müzakirələr apardıq. Həmin tədbirə Avropa ölkələri və Amerikadan mütəxəssislər dəvət olunmuşdu. Apardığımız müzakirələrin nəticəsi olaraq alimlər təsdiq etdilər ki, hərbi bazanın fəaliyyəti nəticəsində ətrafa yayılan dalğalar insan orqanizminə ani zərbələrlə təsir edir. Onların təsiri nəticəsində hətta insan ürəyi də dayana bilər. Həmin dalğaların zərbələri hamilə qadınlara daha pis təsir edir. Ona görə də doğuşlarda anomal hallar baş verir". Məlumdur ki, Qəbələ və İsmayıllı rayonları dağlıq ərazi olduğundan həmin regionda təbiət nisbətən təmiz və sağlamdır. Lakin RLS-in fəaliyyəti həmin ərazidəki ekoloji duruma ciddi təsir edərək onu demək olar ki, kökündən dəyişib. Statistik məlumatlar göstərir ki, həmin rayonlarda xəstəliklər və ölüm halları digər regionlara nisbətən daha çoxdur. F.Əliyev hələ 1993-cü ildə Qəbələdə yeni doğulan uşaqlarda anomal faktların aşkar olunduğunu qeyd etdi. Stansiyanın ətraf mühitə vurduğu ziyanı hesablamaq üçün yaradılan dövlət komissiyasının işinə toxunan F.Əliyevin fikrincə, bu araşdırmalara dünyanın ən müasir hesablama texnikalarını cəlb etmək daha məqsədəuyğun olardı. Çünki respublikamızda maqnit dalğalarının ani zərbələrini dəqiq qeydə alan cihaz yoxdur. Stansiyanın ekologiya və insan orqanizminə vurduğu zərərin dərəcəsinə gəlincə, akademiyanın prezidenti bu haqda əldə edilən məlumatların mübahisəli olduğunu bildirdi. Onun fikrincə, həmin dərəcəni müəyyən etməyə ciddi maraq göstərilmir. Qeyd edək ki, RLS-in fəaliyyəti üçün hansı kimyəvi maddələrdən istifadə məsələsi də maraq doğurur. Dünyanı nəzarətdə saxlayan bu strateji hərbi obyektə yaxınlaşmağın çətin olduğunu deyən F.Əliyev bu haqda dəqiq məlumatı olmadığını bildirdi. Bununla belə, o, güman edir ki, yaxın və uzaq ölkələrdə baş verənləri bir neçə saniyədə qeydə alan stansiya uran elementləri, müxtəlif nüvə atomları ilə idarə edilir. Məhz bu səbəbdən də ətrafda güclü şüalanma baş verir.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd