Xəbər

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Tarixcə
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#115(339)
Güneydə milli azadlıq hərəkatı...
İran rejimi onun qarşısına sədd çəkməyə çalışır

"Güney Azərbaycan əhalisi yeni siyasi bir ərəfəni yaşayır və burada milli, insani haqlar daha çox zülmə məruz qaldığı üçün milli azadlıq hərəkatının yüksələcəyi aksiomadır".
Bu sözləri Dünya Azərbaycanlılarının Hüquqlarını Müdafiə Komitəsinin sədri Böyük Rəsuloğlu "Güney Azərbaycan milli-azadlıq hərəkatının problemləri və çıxış yolları" adlı dünənki dəyirmi masada deyib. Azərbaycan dövləti qurulandan sonra Quzey və Güney Azərbaycan əhalisi arasında yaxınlaşmanın sürətləndiyini bildirən B.Rəsuloğlu həm də rəsmi Tehranın bu yaxınlaşmaya ciddi şəkildə maneələr törətdiyini açıqlayıb. Son vaxtlar təşkilatlar dövlət qeydiyyatından keçdikdə nizamnamələrindən milli azadlıq yönlü maddələrin çıxarıldığını deyən B.Rəsuloğlu bunu İran rejiminin milli yöndə fəaliyyət göstərməyi qadağan etməsi adlandırıb. Rəsmi Tehranın yasaqlarına baxmayaraq milli-azadlıq hərəkatının Güney Azərbaycanda inkişaf etdiyini deyən B.Rəsuloğlu hərəkatın əsas problemləri sırasında onun təşkilatlanmasını, təşkilatlar və liderlərarası iddiaların aradan qaldırılmasını, bütün dünya azərbaycanlılarının bu hərəkata yardımçı olmasını göstərib. Tədbir iştirakçıları qətnamə qəbul edib. Sənəddə Güney Azərbaycan türklərinin ana dilində təhsil alması üçün məktəblər açılması, milli mətbuat və radio-televiziyanın inkişafına şərait yaradılması tələb olunur.

Azərbaycan risk qrupuna daxil deyil

Norveçdə dərc olunan gündəlik "VG" qəzetinin srağagünkü sayında Böyük Britaniyanın təhlükəsizlik məsələləri ilə məşğul olan "Control Risks Grour" araşdırma şirkəti hesabatı barədə məlumat verilib.
Amerikada baş vermiş terrordan sonra Əfqanıstana gözlənilən zərbələri nəzərə alan şirkət Britaniya turistləri üçün xüsusi tövsiyə sənədi hazırlayıb. Sənədə əsasən, turistlər üçün risk doğura biləcək ölkələr 3 qrupa bölünüb. 1-ci qrupa Əfqanıstan, İraq, Pakistan və Yəmən daxildir. Bu ölkələrdə Qərb turistlərini ciddi təhlükələr gözləyə bilər. 2-ci qrupa Əlcazair, İsrail, İordaniya, Küveyt, Livan, Suriya, Səudiyyə, Sudan, Tacikistan və Özbəkistan aid edilib. Sözügedən ölkələrdə müəyyən təhlükə ilə rastlaşmaq mümkündür. Nəhayət, 3-cü qrupa Azərbaycan, Bəhreyn, Banqladeş, Misir, İndoneziya, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Rusiya, Türkiyə. Oman, Filippin, Ərəb Əmirlikləri və s. ölkələr daxil edilib. Tövsiyədə bildirilir ki, bu ölkələrə səfər etmək istəyənlərin elə bir nigarançılığı olmamalıdır. Həmin ölkələrdə fəaliyyət göstərən firma və şirkətlər isə mütəmadi olaraq XİN-in tövsiyələrini nəzərə almalıdır. Əlavə edək ki, bu məlumatı redaksiyamıza Norveçdə yaşayan daimi oxucumuz Sirus Səraci İnternet vasitəsilə göndərib. İnternet oxucumuza təşəkkür edirik.

Savaş təyyarələri havadadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr artıq Daşkəndəki hərbi aeorodromlardadır. Bu xəbəri dünən AFP agentliyi Özbəkistan Müdafiə Nazirliyindəki mənbələrə istinadən yayıb.
Mənbənin məlumatına görə, kəşfiyyat avadanlığı ilə təchiz edilmiş təyyarələr Daşkəndin 15 kilometrliyindəki Tuzel hərbi aerodromuna enib. Onların sayı və nə vaxt gəldiyi barədə məlumat verilmir. Rusiyanın "gazeta.ru" internet saytında isə təyarələrin Özbəkistana dünən gəldiyi bildirilir. Halbuki bundan əvvəl rəsmi Daşkənd Amerika bombardmançılarının yerləşdirilməsi üçün aerodrom ayrılması barədə xəbərləri təkzib etmişdi.
Savaş təyyarələrinin Əfqanıstana istiqamət götürdüyünü təsdiqləyən başqa bir xəbər isə Türkiyədən gəlib. Belə ki, dünən baş nazir Bülənd Ecevit ABŞ-ın nəqliyyat təyyarələrinə ölkənin hava məkanından və aviabazalarından istifadə etmək imkanı verilməsi barədə qərar qəbul olunduğunu bildirib. Türkiyə həmçinin antitaliban koalisiyasına da hər cür yardımı gücləndirəcəyini vəd edib.
B.Ecevitin bəyanatında ABŞ-ın hansı tipdən olan nəqliyyat təyyarələrinin Türkiyə ərazisindən istifadə edəcəyi açıqlanmayıb. Bununla belə, o, ABŞ-ın Türkiyə aviabazalarından və hava məkanından istifadə etmək niyyətinin təbii olduğunu vurğulayıb. B.Ecevit Əfqanıstanda yerüstü əməliyyatlar aparılması planının məqsədəuyğun olmadığını, həmçinin Türkiyənin öz quru qoşun bölmələrinin həmin ölkəyə göndərməyəcəyini bəyan edib. O, taliblərlə mübarizədə Şimal alyansının önəmli rol oynayacağını vurğulayıb. Rəsmi İstanbul antitaliban koalisiyasının iştirakçılarına hərbi texnika göndərmək və şəxsi heyətə döyüş hazırlığı keçmək yolu ilə kömək edəcəkdir. Hazırda Türkiyə hökuməti Şimal alyansının birləşmə və hissələrinin bir sıra komandirləri ilə əlaqə yaradır ki, bunların da arasında ən tanınmış fiqur özbək general Dustumdur.
Belə vəziyyətdə Rusiya da ehtiyatlılıq tədbirləri görməkdədir. Hazırda Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Anatoli Kvaşnin Tacikistandadır. Onun buraya 201-ci diviziyaya baş çəkmək məqsədilə gəldiyi bildirilsə də, müşahidəçilər ordu generalının Tacikistanda ləngiməsinin səbəbini ABŞ-ın Əfqanıstana qarşı hərbi əməliyyatları Orta Asiyadan başlamaq niyyətləri ilə əlaqələndirirlər. Petaqonun öz hərbi təyyarələrini artıq Özbəkistana göndərməsi də bu niyyətlərin ciddiliyini sübut edir. Onu da deyək ki, A.Kvaşnin ABŞ-ın qisas aksiyasında Rusiyanın heç cür iştirak etməyəcəyini bildirib.

Güc nazirliklərinin rəhbrləri Minskdə görüşəcəklər

MDB ölkələrinin güc nazirlikləri rəhbərlərinin növbəti görüşü bu il oktyabrın 31-də Minskdə keçiriləcək. Toplantının gündəliyinə cinayətkarlığa və terrorizmə qarşı birgə mübarizə məsələləri müzakirə ediləcək.
MDB İcraiyyə Komitəsinin sədri Y.Yarovun "MBD dövlətlərinə narkotəcavüz təhlükəsi və onun qarşısının alınması üçün tədbirlər" barədə informasiya ilə çıxış edəcəyi gözlənilir. Bundan başqa, iclasda mülki, ailə-nigah və cinayət işləri üzrə hüquqi yardım və hüquqi əlaqələr haqqında Konvensiyanın yeni redaksiyasının da müzakirə olunması planlaşdırılıb.

Daha bir yüksək hasilatlı quyu qazılıb

ARDNŞ Xəzərdəki "Günəşli" yatağının dayaz hissəsində daha bir yüksək hasilatlı quyu istismara verib. Şirkətdən "Media-Press"ə bildiriblər ki, 3500 dərinliyi olan bu quyudan sutka ərzində 130 ton neft çıxarılır. Quyuda qazma işlərinə bu ilin martında başlanıb. Bu işi "Bayıl limanı" kəşfiyyat-qazma idarəsi 15 nömrəli stasionar daniz platforması ilə yerinə yetirib. İlin sonunadək bu platforma ilə daha bir quyu qazılması planlaşdırılır. Yeri gəlmişkən, Azərbaycan neftinin ümumilikdə 65 faizi, dənizdən çıxarılan neftin isə 83 faizi "Günəşli" yatağından hasil edilir.

"Jurnalistlərin peşəkarlığı aşağıdır"
Əflatun Amaşov qəzetlərin məhkəmələrə çəkilməsini bununla əlaqələndirir

Jurnalistlərin hüquqi savadını və peşəkarlığını artırmaq məqsədi ilə 2002-ci ilin əvvəllərdən etibarən Jurnalistika və Hüquq İnstitutu fəaliyyətə başlayacaq. Bu barədə "RUH" Jurnalistləri Müdafiə Komitəsinin sədri "Bizim ƏSR"ə məlumat verib. Son vaxtlar qəzetlərin məhkəməyə çəkilməsini jurnalistlərin qeyri-peşəkarlığı ilə izah edən Əflatun Amaşovun fikrincə, yaradılacaq institut maarifləndirmə istiqamətində ciddi işlər görəcək. "RUH" JB sədrinin fikrincə, hazırda söz və mətbuat azadlığından sui-istifadəyə yol verilməsi halları da mövcuddur: "Azərbaycan keçid dövrünü yaşayır. Sovet dövründə jurnalist təhsili olmayan şəxslərin bu sahədə fəaliyyətinə müəyyən yasaqlar var idisə, indi başqa sahələrin mütəxəssisləri də asanlıqla jurnalistika ilə məşğul olurlar. Yəni onların jurnalist peşəkarlığı arzuolunan səviyyədə deyil. Onların əksəriyyəti peşə etikasını, özlərinin hüquq və azadlıqlarını bilmirlər. Bu isə əksər hallarda qanun pozuntusuna, faktsız, dəlil-sübutsuz yazıların ortaya çıxmasına səbəb olur. Bəzi vaxtlarda qəzetlər jurnalist etikasına əməl etmirlər. Bunun digər bir səbəbi də odur ki, Azərbaycanda hansısa yüksək səlahiyyətli məmurla əlaqə saxlamaq, faktı dəqiqləşdirmək mümkün olmur. Qəzetləri məhkəməyə çəkən məmurlar bunu da nəzərə almalıdırlar". Bununla belə, Əflatun Amaşov jurnalist məsuliyyətini artırmaq üçün "KİV haqqında" qanunun sərtləşdirilməsi vacibliyi ilə bağlı irəli sürülən təklifləri dəstəkləmir. "Fikrimcə, jurnalistlərin məsuliyyəti ilə bağlı qanunda nəzərdə tutulmuş mövcud müddəalar demokratik normalara uyğundur və onların sərtləşdirilməsinə ehtiyac yoxdur". Onun fikrincə, problemdən çıxış yolu jurnalistlərin hüquqi biliklərinin artırılmasıdır. Əflatun Amaşov bu işlə məşğul olacaq Jurnalistika və Hüquq İnstitunun ictimai əsaslarla fəaliyyət göstərəcəyini deyib. Onun sözlərinə görə, BDU-nun qabaqcıl müəllimləri institutda jurnalistlərin hüquqi savadının, peşəkarlıq səviyyəsinin artırılması ilə məşğul olacaqlar. O bildirib ki, jurnalist təşkilatları bu istiqamətdə müxtəlif seminarlar da keçirəcəklər.

"907-ci düzəliş"in ləğvi məqamı çatıb
Amerikalı tədqiqatçı xanım Şaffer bu qənaətdədir

Sentyabrın 21-də xarici işlər naziri Vilayət Quliyev Harvard Universiteti Con Kennedi adına İdarəetmə Məktəbinin Xəzər dənizi araşdırmaları proqramının elmi tədqiqatlar üzrə direktoru xanım Brenda Şafferi qəbul edib. Nazir ABŞ-da baş verən terror hadisələrinin bütövlükdə insanlığa, sivilizasiyaya, azadlığa qarşı yönəldiyini qeyd edib. O deyib ki, Azərbaycan terrorizmlə birbaşa üzləşdiyinə görə, ABŞ xalqının faciəsini yaxından dərk edir. "Terrorizmlə mübarizə aparılmasında Azərbaycan əməkdaşlığa hazırdır," - deyə V.Quliyev vurğulayıb. B.Şaffer kədərli və ağır məqamda Azərbaycanın Amerika xalqı ilə həmrəyliyinə və dəstəyinə görə təşəkkürünü bildirib. O, ABŞ Konqresinin 907-ci düzəlişinin ləğv olunması məqamının çatdığını deyib. "Azərbaycan ABŞ-la ikitərəfli münasibətlərdə hər zaman qarşılıqlı anlaşma prinsipindən çıxış edib, dünya dövlətləri ilə sağlam inteqrasiya yoluna sadiqliyini nümayiş etdirib," - deyə B.Şaffer bildirib.

Qazdan benzin alınır
Ancaq nazirliklə zavod arasındakı fikir ayrılığı onun istehsalına başlamağa imkan vermir

Azərbaycan Qaz Emalı Zavodu (AzQEZ) yüksək oktanlı benzin istehsalına heç cür başlaya bilmir. Buna səbəb zavodla Yanacaq və Energetika Nazirliyi arasında fikir ayrılığının olmasıdır. ARDNŞ-dən "Media-Press"ə verilən məlumata görə, qaz kondensatından yüksək oktanlı benzin alınması texnologiyasını Neft və Qaz Problemləri İnstitutunun mütəxəssisləri iləyib hazırlayıblar. İnstitutun əməkdaşları zavodda gündə bir kubmetr qaz kondensatı emal edən sınaq qurğusu quraşdırıblar. Sınaqlar çox yaxşı nəticə verib. Bundan sonra zavodda quraşdırılması nəzərdə tutulan avadanlıq isə gündə 500 ton benzin istehsal edəcəkdi. Lakin Yanacaq və Energetika Nazirliyi ilə fikir ayrılığı üzündən bu iş dayandırılıb. Mənbənin sözlərinə görə, nazirlik benzinin satışını öz əlinə almaq istəyir, zavod isə istehsalın rentabelli olması üçün istehsal etdiyi yanacağın satış hüququnu özündə saxlamağa çalışır. Neft və Qaz Problemləri İnstitutundan bildiriblər ki, yeni texnologiya qonşu Türkmənistan və Gürcüstanı da maraqlandırıb. Bu ölkələr yüksək oktanlı benzini istehsalına başlamağa hazır olduqlarını bildiriblər. Azərbaycanlı mütəxəssislərin hazırladığı texnologiya az kondensatından A76 markalı benzin almağa imkan verir. Gələcəkdə isə yeni texnologiya əsasında Aİ93 markalı benzin istehsalını qaydaya salmaq nəzərdə tutulur.

Mətbuat orqanları və ali məktəblər
Jurnalistlərin Beynəlxalq Əməkdaşlıq Təşkilatı yeni layihə həyata keçirir

Dünən "Xalq qəzeti"nin mətbuat mərkəzində Jurnalistlərin Beynəlxalq Əməkdaşlıq Təşkilatı (JBƏT) "KİV və ali təhsil müəssisələri arasında razılaşma" ilə bağlı dəyirmi masa keçirib. Tədbirdə 18 mətbuat orqanı ilə jurnalist kadrları yetişdirən 7 ali məktəb arasında imzalanmış razılaşma ətrafında fikir mübadiləsi aparılıb. Razılaşmaya görə, mətbuat orqanları və ali məktəblər arasında daim fikir mübadiləsi aparılacaq, tərəflər jurnalistika fakültəsinin tədris və istehsalat təcrübələrinin daha da səmərəli gerçəkləşdirilməsi üçün qarşılıqlı əməkdaşlıq edəcək. Razılaşma layihəsini JBƏT ABŞ-ın "Avrasiya" fondunun dəstəyilə həyata keçirəcək. JBƏT ötən il təsis edilib. Prezidenti "Nezavisimaya qazeta"nın Azərbaycandakı müxbiri Asya Hacızadədir.

Cənub bölgəsinin sahibkarları birləşirlər

Dünən Lənkəranda Azərbaycan Sahibkarları Regional Assosiasiyası təsis edilib. Gənc sahibkar Şakir Lətifov qurumun prezidenti seçilib. O, Almaniyada TASİS proqramı çərçivəsində kurs keçib. Bundan başqa, assosiasiyanın 15 nəfərlik İdarə Heyəti yaradılıb. Təsis konfransında Azərbaycan Sahibkarlar Assosiasiyası Milli Konfederasiyanın fəxri sədri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iştirak edib.

Vergilər Nazirliyi müsabiqə keçirir

Azərbaycan Vergilər Nazirliyi ölkədə müstəqil vergi xidməti yaradılmasının 10-cu ildönümü ilə bağlı "Azərbaycan vergiləri" adlı ümumrespublika müsabiqəsi keçirir. Müsabiqə son 9 ay müddətində mətbu və elektron KİV-də vergi sistemi, qanunvericilik və bu sahədə islahatlara dair material çap və nümayiş etdirən jurnalistlər arasında aparılır. Hər iki kateqoriya üzrə birinci yeri tutan jurnalistə 650 min manat, ikinci yer üçün 450 min manat, üçüncü yerə 250 min manat mükafat veriləcək. Müsabiqədə iştirak etmək istəyənlər 2001-ci il oktyabrın 1-dək aşağıdakı ünvana müraciət edə bilər: Bakı, Landau küç. 16, Vergilər Nazirliyinin mətbuat xidməti, tel: 38-57-60.

Heomofiliyalı xəstələrin müalicəsinəi diqqət artırılır

Azərbaycan Hemofiliyalı Xəstələr Assosiasiyası dünən Türkiyə mütəxəssislərinin iştirakı ilə konfrans keçirib. Assosiasiyanın sədri Gülnarə Hüseynovanın bildirdiyinə görə, konfransın məqsədi ölkəmizdəki hemofiliyalı xəstələrin müalicəsində xarici mütəxəssislərin təcrübəsindən yararlanmaqdır. Hazırda assosiasiyanın sıralarında bu xəstəlikdən əziyyət çəkən 800 nəfər birləşib. Türkiyənin Hemofil dərnəyi ilə birgə təşkil olunmuş bu konfrans beynəlxalq əməkdaşlıq sahəsində assosiasiyanın həyata keçirdiyi ilk tədbirdir. Konfransda iştirak edən türkiyəli professorlar Bülənt Zülfüqar və Ömər Taşer ölkələrində hemofiliyalı xəstələrin durumu, müalicə üsulları haqda bilgi veriblər.

"Struktur dəyişiklikləri gözlənilir"
Hüseyn Paşayev: "YAP-ın Binəqədi rayon təşkilatında baş verən hadisələri ciddi qarşılamadıq"

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiya rəhbərliyi yanında İdarə Heyətinin iclası olub. Bəzi məlumatlarda bildirilir ki, bu, YAP-ın qurultayı ərəfəsində keçrilən sonuncu iclasdır. Əldə etdiyimiz məlumatlara görə, partiyanın noyabr ayında keçiriləcək qurultayında müzakirəyə çıxarılacaq bütün həlledici qərarlar qəbul edilib.
Amma maraqlıdır ki, İdarə Heyətinin iclasında hansı məsələlərin müzakirə olunması ilə bağlı mətbuata açıqlama verilmir. Sadəcə, bildirilir ki, iclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. YAP mətbuat xidmətinin rəhbəri, MSK üzvü Hüseyn Paşayev də bildirdi ki, qapalı şəraitdə keçirilən iclasla bağlı mətbuata əlavə heç bir açıqlama verilməyəcək. Yəni nəyi demək mümkündürsə, o da açıqlanıb:

- İdarə Heyətinin iclasında sadəcə olaraq ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olundu. Və bu məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

Qurultayda bir neçə iqtidaryönlü pariyanın YAP-a birləşəcəyi gözlənilir. Ona görə də həmin məsələ ilə bağlı İdarə Heyətinin toplantısında hansısa qərarların qəbul edildiyi bildirilir.

- Bu, son günlər mətbuatın ən çox yer ayırdığı mövzu olsa da, İdarə Heyətinin son iclasında həmin məsələyə toxunulmadı. Çünki bu günə kimi faktiki olaraq heç bir partiya YAP-a birləşmək üçün bizə rəsmi şəkildə müraciət etməyib. Elə buna görə də birləşmə məsələsini müzakirə etmədik. Qaydaya görə, müraciəti birləşmək istəyən partiyalar etməlidir. Belə bir müraciət hələ ki yoxdur.

Bəs qurultayın vaxtı necə, dəqiqləşdirildimi? Bizdə olan məlumata görə, qurultay mətbuatın yazdığı kimi heç də noyabr ayının 21-də keçirilməyəcək.

- Həqiqətən də qurultayın noyabr ayının 21-də keçirilməsi ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur. Açığı, hələ də dəqiq bilmirəm ki, qəzetlər bu xəbəri haradan götürüb. İdarə Heyətinin iclasında sadəcə olaraq qurultay, tədbirə hazırlıqla bağlı məsələlər müzakirə edilib. Amma qurultayın konkret olaraq hansı tarixdə keçiriləcəyi ilə bağlı heç bir dəqiq tarix müəyyənləşdirilməyib.

Qurultayın noyabr ayı ərzində keçirilməməsi mümkündürmü?

- Qətiyyən. YAP-ın qurultayı noyabr ayında mütləq keçiriləcək. Sadəcə olaraq dəqiq tarix, qurultayın hansı gün keçiriləcəyi bilinmir. Yəqin ki, yaxın günlərdə o da bəlli olacaq.

İdarə Heyətinin iclasında YAP-ın Binəqədi rayon təşkilatında baş verən qarşıdurma müzakirə edildi? Çünki partiya üzvləri bu günlərdə rayon təşkilatının sədrini açıq şəkildə ittiham ediblər.

- Bu günkü (dünənki - red.) iclasda həmin məsələ ilə bağlı heç bir müzakirə aparılmayıb. Çünki bu, qeyri-ciddi bir hadisədir. Bir də ki, həmin şəxslər YAP-ın üzvləri deyillər. Partiyadan qovulmuş şəxslər mətbuat konfransı keçirib partiyanın Binəqədi rayon təşkilatını hansısa məsələlərdə ittiham edirlər. Ona görə də bu cür qeyri-ciddi bir hadisəyə İdarə Heyətinin iclasında reaksiya verilə bilməzdi.

Bəzi məlumatlara görə, qurultayda struktur dəyişiklikləri gözlənilir. Hansı struktur dəyişikliyindən söhbət gedir?

- İstisna deyil ki, qurultayda struktur dəyişikliyi olsun.

Dünənki iclasa bu məsələ ilə bağlı konkret təkliflər olubmu? Məsələn, Bahar Muradova bu günlərdə deyib ki, həmin məsələ ilə bağlı qərar İdarə Heyətinin iclasında qəbul edilə bilər.

- Partiyada aparılacaq struktur dəyişikliyi nə YAP-ın İdarə Heyətinin, nə də ki, Siyasi Şuranın səlahiyyətlərinə aid olan məsələlər deyil. Bu barədə yalnız qurultay qərar verə bilər. Amma istisna edilmir ki, hansısa struktur dəyişikliyi olsun.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd