|
|
|
|
#115(339)
|
 |
|
Erməni vəhşiliyi
ifşa etməliyik
|
Əsir, girov və itkinlərlə iş üzrə Dövlət Komissiyası işçi qrupunun üzvləri dünən ölkənin gənclər təşkilatlarını nümayəndələri ilə görüş keçiriblər. İşçi qrupun rəhbəri İbrahim Hüseynov görüşdə çıxış edərək, erməni vəhşiliyin əsl simasının açılmasında və dünyaya tanıtdırılmasında gənclər təşilatlarının köməyinə ehtiyac olduğunu vurğulayıb.
Onun sözlərinə görə, əsir, girov və itkinlərlə iş üzrə Dövlət Komissiyasının fəaliyyətində növbəti mərhələ başlayır. "Dövlət təbliğatın istiqamətini müəyyənləşdirir. Onu sadə vətəndaşlar, ictimai və qeyri-hökumət təşkilatları aparmalıdır," - İbrahim Hüseynov gənclər təşkilatlarına əsirlikdən qayıtmış soydaşlarımızla sıx əlaqə yaratmağı, ermənilərin törətdikləri vəhşiliklər haqqında faktlar toplamağı və bunlar barədə dünya ictimaiyyətinə ətraflı məlumat verməyi tövsiyə edib.
|
"Baygün" şirkəti
fəhlələrin pulunu vermir
|
Naxçıvanı tərk etmiş "Baygün" şirkətinin fəhlələri maaşlarını ala bilmirlər. Bu barədə KİV-də məlumat getdikdən sonra bir qrup fəhlə MTN-nin Naxçıvan şöbəsinə çağırılıb.
Təhlükəsizlik orqanının əməkdaşları jurnalistlərin fəhlələrlə necə təmas yarada bilməsi ilə maraqlanıblar. Xatırladaq ki, "Baygün" şirkəti Naxçıvan pensiya fonduna 97 milyon manat, elektrotexnika zavoduna 625 milyon manat, fəhlələrə 94 milyon manat, telefon danışıqlarına on milyon manat borcludur.
MTN Naxçıvan şöbəsi TURANın müxbirinin suallarını cavablandırmaqdan imtina edib. Naxçıvan baş nazirinin köməkçisi Nazim Tahirov bildirib ki, şirkət sahibləri bu məsələ ilə bağlı Naxçıvana dəvət olunub və onlarla ən yüksək səviyyədə söhbətlər aparılacaq.
|
Güzəştlərin ləğvi ciddi
etirazla
qarşılanacaq
|
Məlum olduğu kimi, srağagün YAP qərargahında keçirdiyi mətbuat konfransında enerji haqlarının yığılmasında problemlərin mövcudluğundan danışan iqtisadi inkişaf naziri Fərhad Əliyev bildirib ki, onların həlli məqsədilə 2002-ci ildə əhalinin müəyyən təbəqələrinə edilən güzəştlərə yenidən baxılacaq.
Növbəti il bütün imtiyazlı vətəndaşlara edilən güzəştlərin ləğvi gözlənilir. F.Əliyevin sözlərinə görə, bunun müqabilində onlara büdcədən birbaşa ünvanlı kompensasiyaların verilməsi nəzərdə tutulur. Qeyd edək ki, respublika əhalisinin 25 faizi güzəştlərdən istifadə edir. Fərhad Əliyevin kommunal sahədə dəyişikliklərin ediləcəyi ilə bağlı çıxışı Dünya Bankının mütəxəssislərinin Bakıdakı səfəri ilə eyni vaxta təsadüf etdi.
Xəbər verdiyimiz kimi, dövlət sektorunda islahatların tənzimlənməsi layihəsinə hazırlıq məqsədilə sentyabrın 19-da Kristian Petersonun rəhbərliyi ilə Dünya Bankının nümayəndə heyəti Bakıya gəlib.
|
Neftçilər günü qeyd olundu
|
Dünən "Respublika" sarayında neftçilərin peşə bayramına həsr edilmiş təntənəli yığıncaq keçirilib. Yığıncaqda prezident Heydər Əliyev də iştirak edib.
ARDNŞ-nin prezidenti N.Əliyev "Əsrin müqaviləsi"nin imzalandığı 20 sentyabr gününü peşə bayramı kimi qeyd etmələrindən neftçilərin xüsusi qürur duyduqlarını bildirib.
Bu tarixin Neftçilər günü kimi bayram edilməsinin neftçilərin öz arzusunu olduğunu prezident Heydər Əliyev də vurğulayıb. O, "Əsrin müqaviləsi"ni Azərbaycanın neft sənayesinin tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib. Dövlətimizin başçısı neft strategiyasının özünü doğrultduğunu, ilk müqavilədən sonra daha 20 müqavilə imzalandığını, 15 ölkədən 34 şirkətin Azərbaycana gəldiyini, lakin bu mühüm işə istər ölkə daxilində, istərsə də xaricdə mane olmaq istəyənlərin olduğunu qeyd edib. Neftin Azərbaycan üçün həm siyasi, həm də təhlükəsizlik amili olduğunu bildirən prezident həyata keçirilən müqavilələrin sayəsində ölkəyə 60 milyard dollar sərmayə qoyulacağını deyib.
|
Orta aylıq əməkhaqqı artacaq
|
2002-ci ildə Azərbaycan orta aylıq əməkhaqqı 290 min manat, o cümlədən dövlət bölməsində 245, özəl bölmədə isə 456 min manat olacaq. İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına görə, bu göstərici daha yüksək ola bilər, sadəcə, proqnoz məllifləri əməkhaqqının ən aşağı həddini əsas götürüblər.
Gələn il əhalinin əlindəki real pul kütləsinin (bütün ödənişlər nəzərə alınmaqla) həcmi 19,9 trilyon manat olacaq. Cari ilin göstərisi ilə müqayisədə bu 7,2 faiz çoxdur.
"Gələn ilin dövlət büdcəsinin layitəsi qanunvericilikdə nəzərdə tutulan vaxta, oktyabrın 15-dək təsdiqlənəcək". Bu sözləri "Lider" TV-nin müxbiri ilə söhbətində maliyyə naziri Əvəz Ələkbərov deyib. Onun bildirdiyinə görə, büdcənin həm mədaxil, həm də mədaxil hissəsində artım nəzərdə tutulur.
Büdcə layihəsinə əsasən əhalinin imtiyazlı təbəqələrinə ünvanlı güzəştlərn veriləcək. Maliyyə naziri bu güzəştlərin mexanizminin və ayrılacaq vəsaitin həcminin tam müəyyənləşdirilmədiyini deyib. Bununla belə, o, gələn il büdcə xərclərinin 60 faizinin sosial istiqamətlərə yönələcəyini vurğulayıb. Nazirin sözlərinə görə, gələn il sosial sahədə çalışanların - həkimlərin və müəllimlərin maaşlarının, həmçinin pensiyaların artırılması planlaşdırılır.
|
Ağdamdakı mövqelərimiz
atəşə tutulub
|
Sentyabrın 22-də saat 01.20-dən 02.00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Seyidli kəndinin cənubundakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Qaradağlı kəndi istiqamətindəki mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.
Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
|
Terrorizm qarşı birgə
əməliyyatlar zəruridir
|
Azərbaycan xarici işlər naziri Vilayət Quliyev və İranın Bakıdakı müvəqqəti işlər vəkili Səid Xərrazinin dünənki görüşündə terrorizmin dünyada gərginlik yaratması mövzusu müzakirə edilib.
XİN mətbuat xidmətinin məlumatına görə, iranlı diplomat dövlətlərin terrorizmə qarşı birgə əməliyyatlar aparmasına tərəfdar olduğunu vurğulayıb.
V.Quliyev cavab sözündə bildirib ki, Azərbaycan terrorizmlə mübarizə məsələsində istənilən dövlətlə əməkdaşlığa hazırdır. O, İslam Konfransı Təşkilatı ölkələrinin xüsusi yığıncağının keçirilməsi ideyasını dəstəkləyib.
Böyük Britaniyanın Şimali İrlandiya üzrə naziri Con Rid muxtariyyət əsas idarəedici qurumunun - Assambleyanın fəaliyyətini dayandırıb.
Əyalətin əsas idarə strukturu bir sutka səlahiyyətsiz sayılacaq. Belə bir qərarın verilməsinə səbəb Assambleya üzvlərinin yeni rəhbər seçə bilməməsidir. Xatırladaq ki, iyulun 1-də qurumun keçmiş başçısı Devid Trimbl istefa vermişdi. Qanuna görə, katolik və protestant icmalarını təmsil edən deputatlar istefadan altı həftə sonra yeni rəhbər seçməlidir, bu mümkün olmadıqda Assambleyanın fəaliyyəti dayandırılır və bölgə birbaşa Londonun idarəsi altına keçir. Bu, faktiki olaraq Şimali İrlandiya muxtariyyətinin sonu demək olardı. Hələlik fikir ayrılıqları vahid namizəd üzərində dayanmağa imkan vermir.
|
Estoniya prezidenti kommunistdir
|
Estoniya Kommunist Partiyasının keçmiş lideri Arnold Rüytel ölkənin yeni prezidenti seçilib. Estoniya Konstitusiyasına əsasən, dövlət başçısı parlament tərəfindən seçilir. Parlamentdə keçirilən səsvermədə seçki üzrə təyin edilən nümayəndələrin 186-sı A.Rüytelin namizədliyinə səs verib. Yerdə qalan 155 səs isə parlament spikeri Tomas Savinin payına düşüb.
Prezident seçkilərinin birinci turunun nəticələrinə yekun vurulandan sonra parlament üzvlərini təəccüb bürümüşdü: heç kim belə bir nəticə gözləmirdi. Avqustda keçirilən ilk səsvermə zamanı namizədlərin heç biri parlament çoxluğunun etimadını qazanmamışdı. Konstitusiyaya görə, təkrar seçkilərin taleyini Estoniyanın bütün bölgələrini təmsil edən seçki üzrə nümayəndələr kollegiyası təyin etməlidir.
Sovet Estoniyası dövründə Ali Sovetin Rəyasət Heyətinin keçmiş sədri olmuş Arnold Rüytel ölkənin ictimai-siyasi həyatında tarixin arxivinə atılmış siyasətçi kimi ad çıxarıb. Hazırkı prezident Lennart Martinin "Estoniya ciddi seçim qarşısındadır və biz kommunistlərin hakimiyyətdə olduğu ölkənin vətəndaşları kimi tanınmamalıyıq" çağırışlarına baxmayaraq, nümayəndələr kollegiyası nümunəvi sovxozun keçmiş direktorunu prezident kürsüsünə gətirdi.
Bu gün Polşada parlamentin seçkiləri keçirilir. Polşada siyasi islahatların başlanmasından sonra heç bir siyasi qüvvə iki müddət ərzində hakimiyyət sükanını əlində saxlaya bilməyib. Müşahidəçilərin fikrincə, hazırkı seçkilər də heç bir sürpriz vəd etmir. Güman ki, gələn həftədən etibarən ölkəni yeni hökumət idarə edəcək. Polşa Respublikasının parlamenti - Seymdəki 460 yer uğrunda 15 partiya mübarizə aparacaq. Onlardan yalnız altısının seçki baryerini keçmək şansı var. Sosioloji sorğu mərkəzlərinin rəyinə görə, əksəriyyət sol təmayüllü partiyaların namizədlərinə səs verməyə meyllidir.
|
AŞPA mövqeyini dəyişməyəcək
|
Avropa Şurası Parlament Assambleyasının sədri lord Rassel Conston hesab edir ki, terrorçuların ABŞ-a hücumundan sonra təşkilatın Çeçenistandakı vəziyyətə dair mövqeyində heç bir dəyişiklik baş verməyəcək. Assambleyanın payız sessiyası ərəfəsində lord Conston bəyan edib ki, Rusiya antiterror əməliyyatı adı altında dinc əhaliyə divan tutmamalıdır.
Roma katolik kilsəsinin başçısı II İohann Pavel dünən axşam Astanaya gəlib. Hava limanında pantifiki Qazaxıstan prezidenti Nursultan Nazarbayev qarşılayıb. Bu, papanın xarici ölkələrə sayca 95-ci səfəridir. İkinci İohann Pavelin MDB ölkələrinə turnesi "Roma-katolik kilsəsinin bəşəriyyəti sülhə çağırışı" şüarı çərçivəsində keçirilir. Papanın Qazaxıstana səfəri Stalin repressiyası qurbanlarının xatirəsinə ucaldılmış memorial kompleksini ziyarət etməklə başladı. Vatikan rəsmisinin səfəri ərəfəsində Astanada görünməmiş təhlükəsizlik tədbirləri görülüb. Qeyd edək ki, papa Qazaxıstandan sonra Yerevana səfər edəcək. O, ermənilərin xristanlığı qəbul etmələrinin 1700 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak edəcək.ÿÿ
|
Ərəfat-Peres
görüşü baş tutacaqmı?
|
Fələstin Muxtariyyətinin lideri Yasir Ərəfat Türkiyənin xarici işlər naziri İsmayıl Cemlə Ramallah şəhərində keçirdiyi görüşdən sonra bəyan edib ki, onun İsrail diplomatı Şimon Pereslə planlaşdırılan danışıqları sentyabrın 23-də baş tuta bilər. Ərəfat Cemlə keçirdiyi birgə mətbuat konfrasında BMT Baş katibi Kofi Annana və Təhlükəsizlik Şurasının daimi üzvlərinə müraciət edərək danışıqların nəticələrindən asılı olmayaraq Fələstin tərəfinin sülh sövdələşmələrinə sadiq qalacağına söz verib.
|
Çində avtobus qəzası: 36 ölü
|
Çinin Quylin şəhəri yaxınlığında turist avtobusu Lexan su anbarına aşaraq qəzaya düşüb. Əlli turistdən otuz altısı həlak olub. Hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırmalar aparır.ÿÿ
|
Məktəb və bağçalar
özəlləşdiriləcək?
|
Xəbər verildiyi kimi, 2002-ci il üçün dövlət büdcəsinin layihəsi artıq hazırlanıb və Milli Məclisin payız sessiyasında təsdiq ediləcəyi gözlənilir. Həmin layihədə digər sahələrlə yanaşı təhsil və səhiyyə sektorunun inkişafına ayrılan büdcə vəsaitlərinin artırılması nəzərdə tutulub. İqtisadi inkişaf naziri Fərhad Əliyevin sözlərinə görə, təhsil sahəsində aparılan islahatların həyata keçirilməsi üçün gələn il dövlət büdcəsinin 25 faizi həcmində maliyyə vasaiti ayrılacağı gözlənilir. Qeyd edək ki, bu il həmin məbləğ 23 faiz təşkil edib. Bununla yanaşı nazir adıçəkilən sahələrin inkişafı üçün dövlət vəsaiti ayrılmaqla yanaşı xarici ölkələrin maliyyə institutları ilə danışıqlar aparıldığını bildirib.
Təhsil müəssisələrinin özəlləşdirilməsi məsələsinə toxunan F.Əliyev qanunla həmin məktəbəqədər tərbiyə və orta ümumtəhsil məktəblərinə məxsus binaların xüsusi mülkiyyətə verilməsinin qadağan edildiyini qeyd edib: "Həm "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunda, həm də özəlləşdirmə proqramında həmin obyektlərin özəlləşdirilməsi nəzərdə tutulmayıb. Hər hansı təhsil müəssisəsini özəlləşdirəmək dövlətin məqsədi deyil. Buna görə də hazırda təhsil müəssisələrinin kütləvi şəkildə özəlləşdirilməsi planlaşdırılmır." Nazir bəzi texnikum və texniki peşə məktəbələrinin binalarından müxtəlif məqsədlər üçün istifadə edildiyini istisna etməyib. Bunun qarşısını almaq məqsədilə dövlətin yaxın illər üçün strategiyasında yalnız texniki peşə məktəbləri binalarının özəlləşdirilməsi, yaxud onların orta məktəb və litseyə çevrilməsindən söhbət gedə bilər.
|
"Başıboş" tələbələr harada
yerləşdiriləcək?
|
Təhsil Nazirliyinin qərarı ilə ləğv edilən "Naxçıvan" Universiteti, Gəncə Elm və Təhsil Mərkəzi və San-Marino Beynəlxalq Elmlər Akademiyası Akademik Mərkəzinin tələbələri dövlət ali təhsil müəssisələrinin müvafiq ixtisaslarına köçürülməsi ilə bağlı qərar elan ediləndən sonra ictimaiyyət arasında narazılıqlar baş qaldırdı. Ona görə ki, özəl müəssisələrlə dövlət ali məktəblərinin elmi-texniki bazası xeyli fərqlənir və bu fərq tələbələrin qəbulunda da özünü göstərir. Hətta Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi qəbul imtahanlarında müvəffəqiyyət qazanmayan abituriyentlər "daxili test" yolu ilə özəl ali məktəblərə qəbul edilir. Burada rüşvət amilinin ciddi rol oynaması inkar edilə bilməz. Məhz bu cəhətləri nəzərə alan dövlət ali məktəblərinin rəhbərləri nüfuzlarını qorumaq naminə həmin tələbələri öz kontingentinə daxil etmək istəmədiyi haqda məlumat vermişdik. Xatırladaq ki, dövlət ali təhsil müəssisələri ləğv edilən özəl məktəblərə TQDK-nın əmri ilə qəbul olunmayan tələbələrin qəbul edilməsindən imtina edib. BDU-nun mətbuat xidmətinin rəhbəri Qafar Çaxmaqlı həmin tələbələrin digər özəl məktəblərə köçürüləcəyini bildirmişdi. Bunun üçün onlar yenidən TN-yə müraciət etməli idi. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bayram Hüseynzadə yoxlama nəticəsində qeyri-qanuni yolla özəl məktəblərə qəbul edilmələr aşkar edildiyi üçün onların dövlət məktəblərində oxumaq hüquqlarının olmadığını qeyd etdi. Onun sözlərinə görə, həmin tələbələr heç bir ali məktəbə yerləşdirilməyəcək.
Ukraynalı qadınlar
Azərbaycanı dəstəkləyir
Onlar respublikamızdakı qaçqınlarla bağlı BMT-yə müraciət edəcəklər
|
Dünən YAP qərargahında GUÖAM qadınlarının I forumunda iştirak etmiş Azərbaycan və Ukrayna nümayəndə heyətinin üzvləri mətbuat konfransı keçirdi. Məlum olduğu kimi, Sabirabaddakı çadır şəhərciyində qaçqınların həyat şəraiti ilə tanış olan forum iştirakçıları dünya qadınlarına, BMT-nin baş katibi Kofi Annana müraciət qəbul ediblər.
Dünənki mətbuat konfransında isə nümayəndələr forumun yüksək səviyyədə keçdiyini bildirdi. Forumun məqsədini açıqlayan Azərbaycan nümayəndəsi, millət vəkili Məlahət Həsənova regionlararası münaqişələrdə, ümumiyyətlə sülh quruculuğunda qadınların böyük rol oynadığını bildirdi. Forum iştirakçıları da məhz bu məsələləri müzakirə ediblər.
Ukrayna nümayəndə heyətinin üzvlərindən biri Mariya Orlik çıxışını "qadınların hüquqları təmin edilməlidir" - sözləri ilə başladı. Ukraynanın xalq deputatı Yelena Bondarenko həmyerlisinin sözünə əlavə olaraq, "biz təkcə qadın hüquqları üçün çalışmırıq, biz bütün cəmiyyəti, bəşəriyyəti narahat edən məsələlərin həllinə can atırıq" - söylədi. Daha sonra ukraynalı xanım Sabirabaddakı qaçqın şəhərciklərindən söz açdı. "Sabirabaddakı qaçqınların yaşayışı çox ağırdır. Mən fikirləşdim ki, onların şəraitini Ukraynada güzəranlarından narazılıq edənlərə göstərmək lazımdır. Qoy görsünlər ki, burda insanlar hansı şəraitdə yaşayırlar. Təbii ki, qaçıqınları doğma yurdlarına qaytarmaq lazımdır. Amma müharibə etməklə yox. Çox fikirləşdik ki, hansısa yolla bu məsələdə yardım göstərək. Və tapdıq da. Ukrayna Radası adından müxtəlif beynəlxalq təşkilatlara, xüsusilə BMT-yə müraciət qəbul edəcəyik. Qoy Ermənistana təzyiqlər etsinlər".
Hansısa siyasi məsələ ilə bağlı onlara edilən təzyiqdən sonra geri çəkiləcəklərinə irad tutan jurnalistə
ukraynalı deputat "Biz həmişə bütün məsələlərdə bir-birimizi dəstəkləyəcəyik" - dedi.
Qeyd edək ki, nümayəndələrin imzaladığı memorandumda forumların əlifba sırası ilə bütün ölkələrdə keçirilməsi nəzərdə tutulub.
|
Uşaq və gənclər səsini ucaltdı
|
Dünən Gənclər, İdman və Turizm Nazirliyində uşaq və gənclər təşkilatlarının təşəbbüsü ilə "Əsir, girov və itkin düşənlərin problemlərinin həlli, ölkə daxilində və xaricində təbliğat" mövzusunda iclas keçirilib.
Müzakirəyə çıxarılan məsələ ilə bağlı Əsir və İtkin Düşmüş Şəxslərin İşi üzrə Dövlət Komissiyası, bir sıra gənclər təşkilatlarının ayrı-ayrı nümayəndələri tərəfindən irəli sürülən təklif və rəylər dinlənildi. İclasda Ermənistan dövlətini Cenevrə konvensiyasını pozan, beynəlxalq normalara zidd, insanlıqdan kənar vəhşiliklər törədən, əsir və girov götürülənlərdən müəyyən məqsədlər üçün istifadə edən, əxlaqi dəyərləri tapdayan, soyqırım siyasəti həyata keçirən təcavüzkar, terrorçu ölkə kimi bütün dünyada tanıtmaq məqsədi ilə plan və tədbirlərin hazırlanması təklif olundu. Sonda gənclər və uşaqlar arasında təbliğat mexanizminin gücləndirilməsi, əsir və girov götürülənlərin tapılması, müdafiəsi və dünyaya çatdırılması ilə məşğul olacaq 7 nəfərdən ibarət işçi qrupu yaradıldı.
-
Əfqanıstan İslam Dövlətinin xarici işlər naziri Abdulla və Şimal Alyansının hərbi komandanı general Fəhimin Düşənbəyə gözlənilən səfəri dünən baş tutub. Əfqanıstan nümayəndələri Tacikistan paytaxtında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Anatoli Kvaşninlə danışıqlar aparıblar.
- Nyu-York faciəsinin qurbanlarının xatirəsinə həsr edilmiş konsert telemarafonunun yalnız iki saatı ərzində 116 milyon dollar vəsait yığılıb. Konsertin birbaşa yayımı ABŞ-ın Şərq sahilində təşkil edilib. Qərb bölgəsi yalnız videoyazını izləyib. Konsert dünyanın 156 ölkəsinə translyasiya edilib.
- Taliban döyüşçüləri Səmənqan əyalətində gedən döyüşlər zamanı Şimal Alyansının bir vertolyotunu vurublar. Bu məlumatı Taliban hökumətinin informasiya nazirliyi təsdiq edib. Əvvəlcə taliblər ABŞ-ın pilotsuz kəşfiyyat təyyarəsini vurduqlarını iddia edirdilər. "Frans press" bildirir ki, kəşfiyyat təyyarələri hündürdən uçur və onları iriçaplı pulemyotlarla vurmaq mümkün deyil.
- Əfqanıstanın şimalında - Səmənqan və Bəlx əyalətlərində koalisiya qoşunları Talibanın nəzarəti altında bölgələr üzərinə geniş miqyaslı hücum əməliyyatlarına başlayıblar. Şimal alyansının qüvvələri bir neçə vacib məntəqəni ələ keçiriblər. Taliban bu həmlələrə hava zərbələri ilə cavab verib.
- Əfqanıstan mənbələri bildirir ki, Şimal Ayansı ilə ABŞ arasında birgə hərbi əməliyyatların keçirilməsi planları mövcuddur. Bu plana görə, amerikalıların Kabilə raket-bomba zərbələrindən sonra Şimal Alyansının qüvvələrinin yeni yaradılmış desant birləşmələri taliblər üzərinə hərtərəfli hücuma başlayacaq.
- Taliban rejimi nəzarəti altında olan bölgələrin mühafizəsini gücləndirməkdədir. Pakistan, İran, Özbəkistan və Tacikistanla sərhəddə qoşunların cəmləşməsi və yerdəyişməsi müşahidə edilir. Kabildə, Cəlalabadda, Qəndaharda, Məzari-Şərifdə yerləşən bütün ali dini məktəblər bağlanıb, tələbələr orduya cəlb edilib. Yerli sakinlərə mümkün hava və raket zərbələrindən qorunmaq üçün fərdi səngərlər qazmaq tövsiyə edilib.
- Türkiyə hökuməti ABŞ-ın başlayacağı cavab əməliyyatlarına hərbi-texniki yardım, hava məkanından və ərazilərində olan hərbi bazaların xidmətindən istifadə hüququ verdiyini bəyan edib. Ecevitin türk əsgərlərinin döyüşdə iştirak etməyəcəyi haqda verdiyi bəyanat qüvvəsində qalır.
- Hindistan xarici işlər naziri Casvant Sinqh deyib ki, onun ölkəsi "ABŞ-ı dəstəkləsə də, bu sahədə hər şeyə getməyəcək". Xatırladaq ki, məhz Hindistan Əfqanıstana cavab zərbələrinin gündəmə gəlməsindən sonra ABŞ-a plasdarm təklif edən ilk ölkədir.
|