Köşə yazarları

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Tarixcə
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#115(339)
Suallı künc

Müharibəyə hazırıqmı?

Söhbət bizim müharibədən getmir. Çünki onun yaxın perspektiv üçün üfüqləri hələ görünmür. Axır günlər bir para ekspertlər tərəfindən aktuallaşdırılan bu sual Amerikanın başlayacağı müharibəni nəzərdə tutur. Düşünürlər ki, həmin savaş bu və ya digər şəkildə bizi də əhatə edəcək və o səbəbdən ona hərtərəfli hazırlaşmaq gərəkdir.
Pentaqonun düzənləyəcəyi əməliyyatın rezonansını istər regional, istərsə də geosiyasi nöqteyi-nəzərdən təbii ki, hiss edəcəyik. Amma bu qismən baş verəcək. Ölkəmiz Amerikanın hədəf aldığı "izqoy"lardan kifayət qədər aralıdadır. Guya İranın da bombardman ediləcəyi barədə proqnozlar isə sürrealist xarakter daşıyır. Məgər ABŞ-ın başına at təpib? Amerika nəhəng və imkanlı dövlət olsa da, eyni vaxtda dünyanın yarısı ilə müharibəyə qalxmaz.
Ancaq bu müharibəni bizimki hesab edənlər bir-birindən tünd mənzərəli ssenariləri analiz etməkdədirlər. Bəri başdan qeyri-təvazökarlıq göstərib deyim ki, vaxtlarını boşuna sərf edirlər. Bunun izahı üçün dərinə getmək lazım deyil. Məsələn, bəziləri düşünür ki, bombardman nəticəsində Əfqanıstandan didərgin düşən əhali Azərbaycana da gəlib çıxacaq və ölkəmizdə qaçqınlarla bağlı situasiya ağırlaşacaq. Halbuki qaçqın əfqanlar Azərbaycana gəlib çıxmaq üçün 3-4 ölkənin sərhədini keçməlidirlər. Digərləri biri az irəli gedərək Azərbaycanın nüvə-radiasiya təhlükəsi ilə üzləşəcəyini deyirlər. Guya Əfqanıstanda nüvə başlıqlı raketlər də işə salınacaq və radiasiya dumanı gəlib bizə çatacaq. Odur ki, təcili olaraq Azərbaycanda adambaşına nə qədər əleyhqazın düşdüyünü araşdırmağa başlayıblar. Məlum olub ki, duman gəlsə əhalinin bir hissəsi başına keçirməyə əleyhqaz tapmayacaq. Amma Azərbaycanın üzərində nüvə təhlükəsinin şəklini görənlərin ağlına gəlmir ki, bir xəritəyə də nəzər salsınlar. Azərbaycan Əfqanıstandan təxminən 3 min kilometr uzaqlıqdadır və orada partlayacaq (tutaq ki) taktiki nüvə raketinin "dumanı" buralara gəlib çıxa bilməz. Elə olsaydı, onda Çernobıldakı partlayışından sonra Azərbaycanda gərək hamı əleyhqaz axtaraydı.
Gözlənilən müharibənin maliyyə-iqtisadi tərəfini fantasmaqoriya səviyyəsində təsəvvür edənlər də var. Bəzi "ekspertlər" nədənsə belə qənaətə gəlib ki, Amerikanın başlayacağı əməliyyat dünya neft bazarını "vuracaq". Nəticədə ixracatının 80 faizi neftə hesablanan Azərbaycanın büdcə gəliri də "öləcək". Halbuki yaxın-uzaq tarix təsdiqləyir ki, müharibə olanda yanacağın qiyməti ancaq yüksəlib. Bunu ucqar dağ kəndində informasiyadan-filandan uzaq olan savadsız nənələr də bilir. O ki qaldı savadlılara, ABŞ-ın mötəbər ekspertləri Əfqanıstanın bombalanması ilə dünya bazarında neftin barrelinin 40 dollaradək (hazırda 26-28 dollardır) yüksələcəyini ehtimal edirlər. Başqa "öncəgörmələrə" əsasən Əfqanıstan savaşı ilə Azərbaycanın dünya banklarında saxladığı qızıl ehtiyatları zərər görəcək. Guya Azərbaycan dövləti bu ehtiyatlarını Qəndahardakı seyflərdə saxlayır. Azərbaycanın valyuta-qızıl ehtiyatları Qərbin nüfuzlu banklarında yerləşdirilib və müharibə zamanı neftlə yanaşı, qızıl da ancaq qiymətə minir... "Ekspert" rəylərinin sırasını uzatmaq da olardı. Amma gərək yoxdur. Sadəcə bir məqamın altını cızmaq lazımdır. Amerikanın Əfqanıstandakı terror qruplaşmaları ilə aparacağı müharibə miqyasına görə İraq və Yuqoslaviyaya qarşı əməliyyatdan fərqlənməyəcək. Azərbaycana təsir rezonansı da həmçinin. Əleyhqaz axtarmaq lazım deyil. Çünki bu bizim deyil, Amerikanın müharibəsi olacaq. O ki qaldı bizim müharibəyə, ona həqiqətən hazırlaşmalıyıq. Özü də sürrealist təsvir və proqnozlarla deyil, düşmənin imkanlarını və öz gücümüzü real şəkildə qiymətləndirməklə. Çünki o gerçəkdən bizim müharibə olacaq. Amerikasız-filansız.

Vügar Orxan

Sərbəst

İdeal

Söz yalan sevmir, o - idealdır; əməl qurnazdır, hər addımı yalan gizləyir.
Mənim həyatım ideal-real arası - bütünü Hamlet sualı sırasından yapılı; olmaqmı, olmamaq. Guya nə varmış ki; Hamlet zamanından bəşər həyatı guya özgə bir iş bilir - olmaq, necə olmaq...
İdeal - idealizm - idealizə - ideologiya... Real - realizm -realizə - realiya... İdeal - düşündüyümüz, real - gördüyümüz; idealizm - tapındığımız, realizm - gerçəklərimiz; idealizə - təxəyyüldə, realizə - gerçəkdə bulunduğumuz; ideologiya - şirinimiz, realiya - acılarımız...
O "ol!" demiş və dünya yaranmış; biz söz dünyasında yaşayırıq; hər gün realiyaların ağuşunda biz, - ümid nədir, ümid yarımtondur, - inamlı olmağa məhkumuq; azca ümid gerçəklərə büdrəyib-yumalanmaq deməkdir.
Hardasa rənglər dünyası var; onu öyrənmək, ona öyrətmək olar - bu yaxşıdır, idealdır; mən bilirəm, o var, hətta azca, ilk gəncliyimdən, xatırlayıram da; bilmirəm indi onu, ona necə öyrətmək olar - məktəbdə-cəmiyyətdə-həyatda; amma hələ ki, biz seçimimizdə yanılmamışıq, biz bircə ideal, sözün rəngini seçmişik.
Üçrəngli bayrağınla məsud yaşa... - bu yaxşıdır, rəmzidir, tapındırır; yaşamaq, duruş gətirmək öyrədir; bir ömür. Bizə özgə bir, amma ideal rəngə köklənməyi təlqin edirdilər - yenə öyrədirdi!
Mən xatırlayıram; hələ ilk gəncliyimdə, hər gün realiyalar içrə ideal axtarışlarım heçə çıxdıqca necə də söylənir, məni buna öyrədənləri lənətləyirdim; sözün yalanı çıxırdı hər dəfə - axı sözün yalanı olmur; əvəzində, yenə içimdə nəsə qalırdı - bu, sözün özü idi; sonralar həyatda duruş gətirə bildiyimə görə yalnız içimdəki İdeala borclu olduğumu anladım.
Biz heçdən bayraq yapmış xalqıq; bizi acılardan daim bu bayraq qorumuş; rəngli dünyanın qurnazlarına bir qalxan olmuş. Düzü, on illər öncə real gördüyümüz, yaşadığımız gerçəklər müqabilində Vətənimin səmasını sözdən yapılı saysız-hesabsız bayraqlar altda bulub həmin o gənclik ehtirası ilə etirazlar da duymuşam içimdə; amma vaxt ötdü, gerçək nə var çökdü, baxıb-gördük Vətən səması altda elə bir o İdeal, söz dünyası qalıbdı; axı o (bir kərə yüksələn) bayraq gəncliyin qəlbində, - söylənmiş; demə, 70 il boyu hər azərbaycanlı, qəlbini necə varsa eləcə Vətən göylərinə sərmiş...
O xalq ki, acılarından dərs ala bilmədi, yetkin deyil, - deyirlər. O millət ki, ideal yapa bilməmiş, varlığına tapınmamış hələ. Neçə il öncə, az qala ikinci kərə taleyin amansız acılarını dadıb (tarix təkrar olurmu heç), ruhumuz varlığımızdan daşınırkən, - o İdealdır, mənim Prezidentim, - tarixin yalanı-yanlışından sıyrılıb bizə bir daha - Azərbaycan, Azərbaycan, Azərbaycan söylətdi; mən onu çox tez tanıdım; bir zaman gənclik acılarından qəlbimə cızılı şirinlər idi...

Tehran Əlişanoğlu

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd