Şərh

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Əyləncə
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#117(341)
Putin çeçenlərə 72 saat vaxt verdi
Rusiya Asiyadakı "xidmət"lərinə görə Qafqazda hərəkət azadlığı ala bilər

Rusiya prezidenti Vladimir Putinin son bəyanatları antiterror əməliyyatlarına Moskvanın münasibətində yeni ştrixlərin meydana gəldiyini isbatladı. Putin deyib ki, Rusiya Əfqanıstanda yeni müharibəyə başlayır, bu isə Çeçenistanla birlikdə iki cəbhə deməkdir və hazırkı büdcə belə irimiqyaslı əməliyyatlar aparmağa imkan vermir.
Hər şeydən öncə Rusiya ABŞ-ın başlayacağı hərbi əməliyyatlarda iştirak etməyəcək. Bu məsələdə Rusiyanın vəd etdiyi dəstək ABŞ-ın humanitar yüklü təyyarələrinə hava məkanının verilməsi, məxfi materiallar mübadiləsi, arama-xilasetmə tədbirləri ilə məhdudlaşdırılır.
İkincisi, Rusiya beynəlxalq ictimaiyyətin tanıdığı Əfqanıstan hökuməti (Rəbbani) ilə əməkdaşlığı gücləndirəcək və onun qüvvələrinə silah və hərbi texnika yardımı edəcək. Putinin bəyanatında səsləndirilən üçüncü məqam qalan iki müddəanı və son günlərdə Moskva və Vaşinqton arasında aparılan danışıqların məğzini aydınlaşdırır: Rusiya Çeçenistandan hərbi birləşmələri 72 saat ərzində tərksilah etməyi istəyir. Göründüyü kimi, məlum bəyanatın imzasına yaxın yerdə ayrıca diplomatik sənəd - kamil bir nota dayanıb: Rusiya çeçenlərə vaxt qoyur. Bu o deməkdir ki, 72 saatın bitməsindən sonra Rusiya Çeçenistanda bu vaxtadək etmədiyi və ya edə bilmədiyi tədbirlərə başlaya bilər.
Belə çıxır ki, fövqəldövlətlər Çeçenistan məsələsini böyük bir bazarlaşmanın obyektinə çeviriblər: Rusiya ABŞ-a təkcə hava məkanından ibarət olmayan havadarlıq göstərir, ən yaxın müttəfiqlərini onunla paylaşır, lazım olanda hərbi texnika ilə təminatı öz üzərinə götürür və ən nəhayət, Vaşinqtonu Moskvanın dairəsinə buraxır, bunun əvəzində isə Çeçenistanda hərəkət sərbəstliyi alır. Söz yox ki, Rusiya onsuz da bu vaxtadək əməliyyatları sərt şəkildə həyata keçirib. Yeni sövdələşmə isə daha böyük imtiyazlar vəd edir. Yeni növ sərbəstliyin parametrləri hələlik bəlli olmasa da, Gürcüstanda baş verən son hadisələr müəyyən nəticələr çıxarmağa əsas verir. Buradakı Rusiya bazalarının əsgərləri Gürcüstan hökumətindən icazəsiz olaraq ölkədə bir sıra yerdəyişmələrə yol verməkdədir. Rəsmi Tbilisinin gücü yalnız bəyanatlara çatır - rusların hərbi texnikası Gürcüstan ərazilərində sərbəst hərəkət etməkdə, çeçenlərin kompakt yaşadığı yerlərə icazəsiz reydlər keçirməkdə, Çeçenistan sərhədlərinə yol aramaqda davam edir. Söz yox ki, Rusiya antiterror ab-havasından istifadə edir - əvvəllər Moskva Pankis dərəsində yoxlama aparmaq, Çeçenistana qoşun yeritmək üçün dəfələrlə Tbilisiyə müraciət etsə də, bir şeyə nail ola bilməmişdi. Rusiya hərbiyyəsinin Gürcüstan ərazilərində fəallaşması göstərir ki, çoxdandır Çeçenistana cənubdan girmək istəyən Moskvanın son hadisələrdən faydalanaraq antiterror əməliyyatları adı altında müəyyən manevrlər etməsi istisna deyil.

Strou Tehranın badına getdi
Britaniya xarici işlər nazirinin İrana ilk səfəri sürprizsiz ötüşmədi

Böyük Britaniya - İran İslam Respublikası münasibətləri tarixində ilk dəfə olaraq rəsmi London Tehrana yüksək mənsəbli diplomatını ezam edib. Belə ki, dünən Böyük Britaniyanın xarici işlər naziri Cek Strou İrana bir günlük səfərə gəlib. Strou iranlı həmkarı Kamal Xərrazi ilə görüşərək ABŞ-da baş vermiş son terror aktları, dünya ictimaiyyəti qarşısında duran əsas vəzifələr haqqında fikir mübadiləsi aparıb. Görüşün əsas hissəsi bu yöndə müzakirələrə sərf edilib.
Xərrazi bir daha təsdiqləyib ki, İran Əfqanıstanda irimiqyaslı hərbi əməliyyatlar aparılmasına qarşı çıxır və bunun humanitar fəlakətə səbəb ola biləcəyindən ehtiyatlanır. Görüşdə Böyük Britaniyanın bu məsələ ilə bağlı olaraq İrana yardım ayırması məsələsi müzakirə edilib (İranın 8 qaçqın düşərgəsində 2 milyondan artıq əfqan didərgini yaşayır). Xatırladaq ki, Britaniya Əfqanıstan qaçqınlarının güclü axını ilə üzləşmiş qonşu ölkələrə 36 milyon dollar vəsait ayıracağını bildirmişdi. Strou deyib ki, "Böyük Britaniya ABŞ-da törədilmiş terror əməllərinin arxasında Üsəma ben Ladenin dayandığını təsdiqləyən sənədləri İrana göstərəcək".
Amma Strounun Tehran səfəri sürprizsiz ötüşmədi. Onun Tehranın "Mehrabad" hava limanında media mənsublarına verdiyi müsahibədə işlətdiyi "Başa düşürəm, terrorun belə ciddi faciələrə gətirib çıxarmasında müsəlmanların İsrail işğalı altında olan fələstinlilərin əzablarından narahat olması amili öz sözünü deyib" cümləsi, habelə Kamal Xərrazi ilə danışıqları zamanı həmsöhbətinin ifadələrindəki "terrorçu sionist rejimi" birləşməsini rahatca qəbul etməsi Təl-Əvivdə böyük hay-küy doğurub. Gecə Tehrandan birbaşa İsrailə getməli olan Strounun səfəri baş tutmamaq təhlükəsi ilə üzləşib. İsrail prezidenti Moşe Katsav və baş nazir Ariyel Şaron onunla görüşməkdən imtina ediblər. Əvvəlcə Strou birbaşa Pakistana getmək qərarına gəlib, daha sonra Britaniya baş naziri Toni Bler hadisələrə müdaxilə edərək Ariyel Şaronla telefon bağlantısı yaradıb və "Strounun sözlərinə əhəmiyyət verməyin" təvəqqesində bulunub. Bundan sonra Şaron Strounu qəbul etməyə hazır olduğunu bildirib.

2 nömrəli terrorçu - Ayman əl-Zəvahiri
Üsəma ben Ladenin zərərsizləşdirilməsi planı Birləşmiş Ştatların başlayacağı antiterror əməliyyatlarının yalnız bir hissəsini təşkil edir.

ABŞ beynəlxalq terror şəbəkəsini dağıtmaq üçün bu nəhəng sistemin liderlərindən ibarət bütöv bir siyahı müəyyənləşdirib. Bu günlər "iki nömrəli terrorçu" - doktor Ayman əl-Zəvahirinin adı gündəmdən düşmür. Üsəmanın "sağ əli" kimi dəyərləndirilən əl-Zəvahiri "Misir İslam Cihadı" təşkilatının lideridir. Məxfi idarələr onun 1998-ci ildə Afrikada AB səfirliklərinin partladılması əməliyyatlarına bilavasitə rəhbərlik etməsi haqda materiallar toplayıb.
Məlumdur ki, ABŞ-da qaçırılan təyyarələrdən birinin göyərtəsində olan terrorçu Məhəmməd Otta "Misir İslam Cihadı"nın fəallarından biri imiş. Terror əməllərində şübhəli bilinən Xalid əl-Midxar da həmin təşkilatın üzvü idi. Dövlət Departamentində olan məlumatlara görə, əl-Zəvahiri 1998-ci ildə ABŞ-a qarşı terror cihadına çağırışı Üsəma ben Ladendən sonra - ikinci imzalayıb. Ben Ladenin Əfqanıstanda terror əməlləri ilə məşğul olmayacağı haqda Talibana verdiyi vədlərdən sonra iri miqyaslı təxribatların planlaşdırılması və həyata keçirilməsi, maliyyə vəsaitinin ünvanlara çatdırılması işi əl-Zəvahirinin üzərinə düşür.

"Müstəqilli" və dini "dözümlülük" içində bulunan Ermənistan

Roma katolik kilsəsinin başçısı ikinci İohann Pavelin postsovet məkanına sülhməramlı missiyası davam edir. Papanın son dayanacağı Ermənistan paytaxtı oldu. Papanın təmtəraqlı qarşılanma mərasimi zamanı Ermənistan prezidenti Robert Köçəryan bəyan edib ki, "bəşər övladının daxili aləmində vəhşiliyin tüğyan etdiyi bir dövrdə əski dinlərin və sivilizasiyaların kəsiyində yerləşən Ermənistanda məhəbbətə, dini dözümlüyə və gözəlliyə səsləyən çağırışların eşidilməsi əlamətdar bir hadisədir".
Sevindiyindən emosiyalarını cilovlaya bilməyən Köçəryan KİV nümayəndələrindən xahiş edib ki, onun ayaqüstə verdiyi müsahibəni ictimaiyyətə bəyanat kimi sırasınlar. Bəli, İsa peyğəmbərin cildinə girən R.Köçəryan mərhəmətdən, məhəbbətdən dəm vurur. Yəqin ki, artıq şərhə ehtiyac yoxdur. Xatırladaq ki, Ermənistan ermənilərin xristianlığı dövlət səviyyəsində qəbul etmələrinin 1700 illiyi və dövlət müstəqilliklərinin 10 illik yubileyini qeyd edir. Sentyabrın 21-dən 27-dən Ermənistanda bayram şənlikləri keçirilir.
Ermənilərin dini hissləri ilə oynamaq fikrindən uzağıq, lakin onların dövlət müstəqilliyinin atributları haqda danışması ən azı absurddur. Müstəqillik içində bulunan Ermənistanın Rusiya Federasiyasının de-fakto subyekti olması hamıya məlumdur. Məlumdur ki, Ermənistanın dövlət siyasətinin prioritetləri Yerevanda yox, məhz Kremlin qırmızı ağacla bəzədilən kabinetlərində müəyyənləşir. Bir dövlətin ərazisində xarici ölkənin bazaları yerləşibsə, belə olan halda hansı müstəqillikdən danışmaq olar. Heç kimə sirr deyil ki, "müstəqil" məmləkətin prezidenti ölkənin xarici siyasəti ilə bağlı hər hansı qərar qəbul etməzdən əvvəl Moskva və xaricdəki erməni diasporunun başbilənləri ilə məsləhətləşməlidir. Doğrudur, dünyada hər şey nisbidir. O cümlədən, müstəqillik dediyimiz anlayışda. Yeri gəlmişkən, Ermənistan özünü dünyəvi dövlət elan etməsinə baxmayaraq, Eçmiadzinin başçısı, bütün ermənilərin katolikosu faktiki olaraq dövlətin istər daxili, istərsə də xarici siyasətinə müdaxilə etmək hüququna malikdir. Beləliklə, müstəqillik içində bulunan Ermənistan dövləti üç siyasi mərkəz arasında manevr etmək zorunda qalıb.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd