|
|
|
|
#117(341)
|
 |
"Statussuz fəaliyyət"in
sonu yaxınlaşır
Bəzi partiyalar siyasi mövcudluqlarının şübhə altında olmasından əndişələniblər
|
Üzləşdikləri "qərargah problemi"nin hüquqi müstəvidə həlli müşküllüyünü özləri də başa düşən VBP-çilər deyəsən, ictimai rəyə hesablanan spekulyativ kampaniyaya "start veriblər". Partiyanın baş katibi Sabir Hacıyev yerləşdikləri binadan çıxarılmalarını "Mütəllibovun artan nüfuzu" ilə əlaqələndirib müxalifətdən dəstək istəsə də, qanun çərçivəsində konkret hansı addımların atılacağı barədə nədənsə danışmaq istəmir. Əgər doğrudan da "mütəllibovçu"ların hüquqları pozulubsa, məntiqlə gərək məhkəməyə müraciət ediləydi.
Hərçənd artıq ekspertlər səviyyəsində məsələnin hüquqi şərhi verilib - VBP-nin qərargahını tezliklə tərk etmək barədə
hüquq-mühafizə orqanlarının göstərişini özbaşınalıq kimi təqdim etmək ən azı yerinə düşmür. Hüquqşünaslar təsdiq edirlər ki, qanun qeydiyyatdan keçməyən partiyanın hüquqi şəxs kimi müqavilə imzalayaraq bina kirayələməsinə imkan vermir. Bundan başqa, fiziki şəxsin adına olan binada hüquqi şəxsin statusuna iddia edən siyasi partiyanın yerləşdirilməsi də qanunvericiliyə uyğun deyil.
Özəl mülkiyyətə sahib olmaq, əlbəttə ki, istənilən fəaliyyət azadlığına bəraət qazandırmır. Qeydiyyatsızların azad siyasi fəaliyyətinə göz yummağın gələcəkdə daha ciddi problemlər yaradacağı isə istisna deyil. Sabah özəl qərargaha malik qeydiyyatsız dini təşkilatlar (missionerlər-S.E.) da ölkədə vicdan azadlığının olduğunu əsas gətirməklə ölkəyə "meydan oxuya" bilərlər. Odur ki, artıq müvafiq strukturlar "statussuz fəaliyyət"ə qarşı ciddi tədbirlər görməyə məcburdur.
Ədliyyə Nazirliyini süründürməçilikdə günahlandıran VBP rəhbərliyinin indiyədək qanun çərçivəsində mübarizə aparmaması maraq doğurur: partiya qeydiyyat problemi ilə bağlı indiyədək məhkəməyə müraciət etməyib. Əslində, yaranmış problem hansısa siyasi partiyanın "artan nüfuzu" ilə bağlı deyil. Hüquqi şəxs statusuna iddia edib qeydiyyatsız fəaliyyət göstərən digər partiyaların da eyni aqibətlə üzləşəcəyi gözlənilir. Necə ki, VBP ilə yanaşı, "Ədalət" Partiyası da artıq bu problemi yaşayır.
Əslində eks-prezident mövcud iqtidar üçün heç zaman potensial rəqib təsəvvürü bağışlamayıb. Mütəllibovun "hədəf seçilməsi" barədə deyilənlər ən azı VBP-nin hazırki siyasi durumu baxımından real səslənmir. Eks-prezidentin sədr seçilməsi nəinki VBP-nin imicində müsbət mənada dəyişikliklərə səbəb olub, əksinə, İqbal Ağazadənin başçılıq etdiyi qrupun transferi ilə partiya elektoratının böyük bir qismini itirib. Mütəllibovun sıfır perspektivi Azərbaycan cəmiyyətinə bəlli olduğu kimi, ona "stavka" eləyəcək Moskva və Rusiyaətrafı qüvvələrə, hətta İqbal Ağazadəyə də, bəllidir.
Vəziyyət o yerə çatıb ki, uzun illər ərzində Ayaz Mütəllibovu dəstəkləyən "Tövbə" cəmiyyətinin sədri Hacı Əbdül də onu dəstəklədiyinə görə təssüf etməyindədir. VBP sədrinin hüquqlarının müdafiə komitəsinə daxil olan bir çoxları isə "Ədalət" və digər partiyalara üz tutub. Eks-prezidentin perspektivinə sadəlöhvcəsinə inanan bəzi vəhdətçilər də artıq narazılıqlarını açıq büruzə verirlər.
"Mütəllibovçu"ların narahatlığı, əslində, tamam başqa məsələlərlə bağlıdır. Belə ki, "Siyasi Partiyalar Haqqında" yeni qanun bu qəbildən olan bir neçə partiyanın siyasi fəaliyyətinin məhdudlaşdırılmasına hüquqi əsas verəcək. Məlumatlarda bildirilir ki, yeni qanun cinayət əməllərinə görə axtarışda olan şəxslərin siyasi proseslərdə aktiv iştirakına, eləcə də partiyaya rəhbərlik etməsinə imkan verməyəcək. Bundan sonra axtarışda olan şəxslər "siyasi mühacir" adı ilə ölkədən kənarda gizlənib hansısa "başsız" partiyaya sədr seçilə bilməyəcək. Qısası, kənardan idarəçiliyə son qoyulacaq. Əslində, bu variantı əsaslandıra biləcək kifayət qədər arqumentlər də mövcudur: liderinə xaricdə sığınacaq verilmiş partiyaya kənar təsir imkanları da genişdir. Maraqlı məqamdır ki, ADP-çilərin ABŞ-ı, VBP-çilərin isə Rusiyanı hansısa məsələdə ittiham etməsinə hələ rast gəlinməyib. Amma dövlət hamımızındır və bu dövlətdə biz yaşamalı, onun hər hansı digər dövlətlə problemlərini də məhz öz dövlətimizin maraqları çərçivəsində həll etməliyik.
VBP-nin siyasi kursunda Rusiyaya və İrana meyllilik təzahürlərinin daha çox müşahidə olunması partiyanın qeydiyyatla bağlı mübarizədə Qərbdən real dəstək almaq imkanlarını da məhdudlaşdırır. Təsadüfi deyil ki, beynəlxalq təşkilatlar indiyə qədər eks-prezidentin siyasi aqibəti ilə bağlı müraciətlərə olduqca etinasız yanaşır. Çox güman ki, bu proseslərdə müxalifət də seyrçi mövqe tutmağa üstünlük verəcək. Üzdə olan liderlərin əksəriyyətinin Mütəllibovla mənfi münasibətini nəzərə alsaq, eks-prezidentin demokratik müxalifətdən ciddi dəstək alacağı o qədər də real görünmür.
Müxalif düşərgədə nadir haldır ki, hansısa partiyanın qərargahının alınması cəhdləri "qaragüruhçuluq"la qarşılanmır, hətta bəziləri tərəfindən alqışlanır. Bu, əslində, müxalifətin "təki iqtidara qarşı mübarizə aparanlar çox olsun" kimi manipulyativ yanaşmasında köklü dəyişikliklərdən xəbər verir. Əvvəllər hansısa məqsəd güdərək axtarışda olan Rəsul Quliyev, Mahir Cavadov və Ayaz Mütəllibovun siyasi reabilitasiyasına çalışanların sonrakı peşmançılığı aydın duyulur. Və proses öz axarıyla - iqtidarın heç bir təsiri olmadan - sadəcə ictimai münasibətlərin əsaslı dəyişməsi fonunda davam edəcək.
Arif Yunus şikayət
məktubu yazıb
O, Helsinki Vətəndaş Assambleyasının sədrinə yazdığı məktubda
Arzu Abdullayevanın
fəaliyyətini pisləyib
|
Sülh və Demokratiya İnstitunun konfliktoloqu Arif Yunus Helsinki Vətəndaş Assambleyasının (HVA) Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayevanın fəaliyyətindən narazıdır.
O, HVA-nın baş katibi Mienta Yana Faberə yazdığı məktubda Abdullayevanı insan hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərməməkdə, insanlar arasında irsi, etnik ayrıseçkilik salmaqda ittiham edib. Arzu Abdullayeva tərəfindən erməni adlandırılmasını xatırladan Arif Yunus onun insan hüquqlarının müdafiəsi ilə məşğul olmağa mənəvi haqqının olmadığını iddia edib. Konfliktoloq sonda HVA-nın Azərbaycan Milli Komitəsinin sədri Abdullayevanın tutduğu postdan uzaqlaşdırılmasına ehtiyac gördüyünü vurğulayıb.
Məlumatla bağlı qarşı tərəfin də fikrini öyrənmək istəsək də, Arzu Abdullayeva ölkədə olmadığından, bu, mümkün olmadı.
Qeydiyyatsız partiyalar
bəyanat verə bilməyəcəklər?
Zahid Orucun fikrincə, müvafiq qanun qüvvəyə mindikdən sonra eyni adla bir neçə partiyanın fəaliyyət göstərməsi mümkün olmayacaq
|
Bu günlərdə Milli Məclisin müzakirəsinə çıxarılması gözlənilən "Siyasi Partiyalar Haqqında" qanun layihəsi müxalif düşərgədə ciddi diskomfort yaradıb. Məlumatlara görə, yeni qanun layihəsi müvafiq müddətdə dövlət qeydiyyatından keçməyən siyasi partiyaların fəaliyyətinə yasaq qoyacaq. Bildirilir ki, qanun qüvvəyə mindikdən sonra eyni adlı iki partiyanın fəaliyyət göstərməsi də mümkün olmayacaq.
AVP funksioneri, millət vəkili Zahid Oruc "Bizim ƏSR"ə açıqlamasında məlumatı təsdiqlədi. O, hesab edir ki, siyasi spektrdəki qeyri-müəyyənliyin aradan qaldırılması üçün qeydiyyatdan keçməyən partiyaların fəaliyyətinə məhdudiyyət qoyulmasına ehtiyac var: "Əslində indi elə vəziyyət yaranıb ki, qeydə alınmaqla-alınmamağın arasında ciddi fərq yoxdur. Qeydiyyatdan keçməyən partiyalar da qeydiyyatdan keçən partiyalarla, demək olar ki, eyni cür siyasi fəaliyyət göstərir və mövcudluğunu saxlayırlar. Ona görə hətta bəziləri qeydiyyatdan keçmək də istəmirlər ki, onsuz da bunun ciddi əhəmiyyəti yoxdur. Yəni qeydiyyata indi ona görə can atırlar ki, hazırki şəraitdə bu, sadəcə hüquqi status yaradır, bank hesablaşmalarına imkan verir. Siyasi fəaliyyət baxımından isə qeydiyyata mühüm amil kimi baxan yoxdur. Odur ki, siyasi partiyaların dövlət qeydiyyatından keçməsi üçün konkret müddət qoyulmalıdır. Bu vaxt ərzində ən ali məhkəmə instansiyasına qədər gedərək qeydiyyatdan keçə bilməyən partiyaların fəaliyyətinə yasaq qoyulmalıdır. Bundan sonra onların siyasi fəaliyyəti həyata keçirməsi qeyri-qanuni sayılmalıdır".
Millət vəkili bildirib ki, qeydiyyatdan keçməyən partiyaların qərargah kirayələməsinin də qarşısı alınmalıdır: "Qeydiyyatdan keçən partiyalar qərargah tapa bilmədikləri halda, qeydiyyatsız partiyalar iri qərargahlar almaqla özlərinə ciddi siyasi qüvvə statusu qazandırmaq istəyirlər. Müsbət haldır ki, hazırda qeydiyatdan keçməyən partiyaların qərargahlarının alınması prosesi başlayıb. Bunun siyasi fəaliyyət azadlığına qarşı yönəldiyini iddia edənlər tamamilə yanılırlar. Ümumiyyətlə, "Siyasi Partiyalar Haqqında" qanun elə cür olmalıdır ki, qeydiyyatsız partiyalar bəyanat belə verə bilməsinlər".
Zahid Orucun fikrincə, yeni qanunda partiyaların hüquqi vərəsəliyi ilə bağlı da ciddi müddəalar olmalıdır ki, eyni adla iki və daha çox partiyanın fəaliyyət göstərməsi qeyri-mümkün olsun: "Hüquqi vərəsəliklə bağlı məsələnin partiya nizamnamələrində qeyri-dəqiq göstərilməsi nəticəsində bu gün Azərbaycan siyasi palitrasında eyni adlı bir neçə partiya fəaliyyət göstərir. Qanun qüvvəyə mindikdən sonra isə AXCP, VBP, Vəhdət və s. adla bir neçə partiyanın fəaliyyət göstərməsi mümkün olmayacaq".
|