Mədəniyyət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Əyləncə
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#117(341)
"Bəxtimiz gətirib ki, bu sənətə ancaq fanatlar gəlir"
Bu ildən etibarən vergi ödəyəcək Bakı Dövlət Sirkinin vəziyyəti, deyilənə görə, daha da çətinləşəcək

Sirkin təməlini XVII əsrdə ingilislər qoyub. Təşəkkül dövrünün başlanğıcı isə bilinmir, araşdırdıqca kökü dərinə gedir. Dünyanın ən müxtəlif yerlərində aparılan arxeoloji qazıntılar zamanı tapılan saxsı qabların üzərindəki naxışlar, sənətşünasların fikrincə, sirk sənətinin ilk ünsürləridir. "Sirk" sözü dairə, çevrə deməkdir. Özü də bu dairənin diametri hər yerdə məhz 13 metrdir. Bakıda isə ilk dəfə sirki, 1904-cü ildə görüblər. Nikitin qardaşları səyyar sirkdən əl çəkib, Bakıda köç salırlar. "Torqovı" küçəsində "Sirk teatrı" deyilən bir yer tikirlər. 1913-cü ildə isə bu tikilini taxta sirklə əvəzləyirlər. "Psixoloqlar müəyyən ediblər ki, sirk insanlarda sehirbazlığı, qüvvəti, dəcəlliyi, məharəti, zərifliyi, iradəni, ustalığı, qeyri-adiliyi, səbri, dözümü, varisliyi tərbiyələndirir" - deyən Bakı Dəvlət Sirkinin bədii rəhbəri və direktoru Maqbet Bünyatovla söhbətimiz isə bu sənətin məhz müasir durumu barədədir.
- 1992-ci ildən Bakı Dövlət sirki müstəqil çalışır. Bu o deməkdir ki, postsovet məkanında fəaliyyət göstərən sirk kollektivlərinin qatıldığı konveyer iş sistemindən çıxmışıq. Bakı Dövlət Sirki müqavilələrlə işləyir. Ayrı-ayrı ölkələrin sirk kollektivləri ilə müqavilə bağlayırıq. Hal-hazırda Çin sirki bakıdadır. Fikrimiz var ondan sonra Moskva sirkini dəvət edək. Təbii ki, bu müqavilələri bağlayarkən, maliyyə imkanlarını nəzərə alırıq.
Maqbet müəllim, Bakı Dövlət Sirkinin normal fəaliyyət göstərməsi üçün maliyyə imkanı yetərincədir? Və ümumiyyətlə, bir müqavilənin maddi dəyəri nə qədərdir?
- Şikayətimiz yoxdur. Çünki biz əvvəlcədən imkanımızı nəzərə alıb, hərəkət edirik. Amma bununla belə, istənilən proqramın gerçəkləşməsi külli miqdarda maddi vəsait tələb edir. Təsəvvür edin, Moskva sirkində çalışan kollektivin üzvləri Rusiyanın ayrı-ayrı şəhərlərində yaşayırlar. Onlar Bakıya gəlib çıxınca bütün yol pulu bizə baxır. Tək kollektivlə də işlər həll olunmur. Sonra yeddi gün ərzində onların proqramı ilə tanış oluruq və öz seçimimizə uyğun sirk nömrələrinin hansı ardıcıllıqla olacağını müəyyənləşdiririk.
Proqramı əvvəlcədən nəzərdən keçirmək hansı zərurətdən irəli gəlir? Bunu tamaşaçı auditoriyası diktə edir, yoxsa çıxışçılar?
- Yəqin ki, heç biri. Kökün haradan gəldiyini bilmirəm, bu bir ənənədir. Belə bir deyim var ki, milliyyətsiz sirk sərhəd tanımır. Həqiqətən də elə bir sirk truppası yoxdur ki, orada yalnız eyni millətin nümayəndələri çalışsın. Sirk kollektivləri, sözün əsl mənasında, beynəlmiləl olur. Üstəlik, onların bir yerdə qalıb çalışması da qeyri-mümkündür. Ona görə də deyirlər ki, sirk sərhəd tanımır. Məsələn, Tofiq Axundov, Murad Abdullayev daima Azərbaycanda yaşayıb, işləyə bilməz. Teatr deyil ki, bu gün "Təhminə və Zaur"u, sabah "Billur sarayda" tamaşasını oynasın. Bu, bir proqramdır. Və bu proqram da, az qala, nəsildən nəsilə ötürülüb. Ona görə də tez-tez yerdəyişməyə məhkumdur.
Bununla tamaşaçı auditoriyasını da dəyişirlər.
- Mütləq. Məsələn, biz bir proqramı ikinci dəfə ancaq 7 illik fasilədən sonra dəvət edə bilərik. Ən azı, 7 il fasilə olmalıdır ki, gənc nəsil yetişsin və o proqram onlar üçün yeni olsun. Çünki sirkin təəssüratı yaddaqalan olur. Tamaşaçı gördüyünü bütün ömrü boyu yadında saxlayır. Qocaman insanlar tanıyıram ki, uşaq vaxtı gördüyü sirki indi də dəqiqliklə xatırlayır.
Bilirik ki, uzun illər Bakı Dövlət Sirkinini kollektivi olub, dünyanın bir çox ölkələrinə qastrol səfərlərinə gedib. Bəs bu gün Bakı Dövlət Sirkinin kollektivinin yoxluğunu nə ilə izah etmək olar?
- Bakı Dövlət Sirki kollektiv saxlamaq iqtidarında deyil. Ən azı, ona görə ki, bu kollektivin daima işi olmalıdır. Bakıda bir ay, uzağı, üç ay işləyəcəklər. Sonra gərək hara isə gedələr. Hara getsinlər? Azərbaycanın rayonları ilə iş aşmır. Bir müddətdən sonra yenə "Hara getməli?" sualının əlində naçar qalacaqlar. Bax, ona görə də Bakı Dövlət Sirkinin daimi kollektivi yoxdur. Təssəvvür edin ki, bu, ancaq bir səbəbdir.
Qastrol səfərlərinin təşkili də müşkül məsələdir.
- Bunun üçün gərək konveyer sistemi ola. Bu, yüzə yaxın sirk kollektivinin yerlərdə bir-birini əvəzləməsidir. Tək Rusiyada konveyer sistemi mövcuddur. Orada bütün sirk kollektivi bu sistem çərçivəsində fəaliyyət göstərir. Özü də qənaətbəxş vəziyyətdə. Dünyanın hər yerinə getmək imkanı yaradılıb. Rusiyada sirk şəbəkəsini özündə əks etdirən fonetika var. Xaricdən gələnlər bu fonetika ilə tanışlıqdan sonra seçimlərini edirlər. Ukraynada 17 sirk kollektivi fəaliyyət göstərir, amma onlar konveyer sistemi qura bilmirlər. Təssəvür edin ki, 60 milyonluq əhalisi olan Türkiyədə isə ümumiyyətlə, sirk yoxdur. Eləcə də İranda. Bu, bizə sovetlərdən qalma bir mirasdır. Bakı Dövlət Sirkinin binası öz səviyyəsinə görə Avrpoda dördüncü yeri tutur. Bizdən öncəki üç yerdə Moskva, Daşkənd, Ukrayna sirklərinin tikililəri gəlir.
- Azərbaycanda ilk sirk kollektivi neçənci ildə yaradılıb? Mümkünsə, bu ənənənin tarixi barədə məlumat verərdiniz.
- Azərbaycanda ilk professinal sirk kollektivi 1945-ci ildə, Üzeyir Hacıbəyovun təşəbbüsü ilə yaradılıb. Ən sonuncu kollektivi isə mən 1987-ci ildə yığmışdım. Görürsünüz, aralarında nə qədər vaxt var. Hardasa, bu təbii haldır. Sirk kollektivinin yaradılması, yenə deyirəm, külli miqdarda vəsait və uzun illər vaxt tələb edir. Bir tamaşada 15 nömrə varsa, deməli, o sayda da rejissor, baletmeystr olmalıdır. Sirk heç nəyə bənzəməyən bir orqanizmdir. Bakı Dövlət Sirkinin binası inşa olunarkən, onun bütün özəlliyi nəzərə alınıb. Tamaşaçı zalı, heyvanxanası, qazanxanası, yataqxanası var. Bir də görürsən, incəsənətin bu növündən bixəbər olanlar bu bütöv sistemi bir-birindən ayırmağı təklif edirlər, məsələn, yataqxananın və yaxud qazanxananın ayrılıqda özəlləşdirilməsi kimi fikirlər səslənir. Bu, qətiyyən yolverilməzdir.
1987-ci ildə yaradılan kollektivin aqibəti necə oldu?
- Bu sualı mənə tez-tez verirlər. Hal-hazırda "Çijovun sirki" adı altında Rusiyanın konveyer sistemində fəaliyyət göstərirlər. Bu kollektivin ilk təqdimatı belə olsa da, haqqında ətraflı məlumat verəndə bildirlir ki, 1987-ci ildə, Azərbaycanda yaradılan kollektivin bazası əsasında formalaşıb. Əksəriyyəti Bakı Dövlət Sirkinin yetirmələridir. "Çijovun sirki"nin musiqisi Tofiq Quliyevə məxsusdur. Rəssam işini isə Toğrul Nərimanbəyov görüb, "Qobustan löhvələri " adlanır.
Maqbet müəllim, bilirik ki, digər incəsənət növlərindən fərqli olaraq, bu sənət nəsildən nəsilə keçir. Və bu soyadlar, əslində, bir məktəbdən xəbər verir.
- Elədir. Biz bu barədə qürurla danışa bilərik. Baxmayaraq ki, incəsənətin bu növü Azərbaycanda yaranmayıb, həm də geniş yayılmayıb. Ancaq görün nə qədər soyadlar var: Axundovlar, Abdullayevlər, Şirvanilər, Əlixanovlar, İsrafilovlar. Bu siyahını hələ bir qədər də uzatmaq olar.
Azərbaycan sirk kollektivlərinin səhnə görüntüsündə özünəmxəsusluq nədədir?
- Milli adət-ənənədən irəli gələrək, bizdə əsasən, akrobtika, kəndirbazlıq, çaparlıqdır. Gimnastika və heyvanların əhəlləşdirilməsi Rusiya sirkinin əsəs simasıdır.
Maqbet müəllim, bu gün sizin sahəyə maraq nə dərəcədədir? Varislik ənənəsi necə qorunur?
- Maraq həddən ziyadə azalıb. Buna, bilirsiniz əsas nə təsir göstərir? Əvvəllər az-çox bu sahə ilə maraqlananların təhsil almaq imkanı var idi. İldə, azı, iki-üç nəfər bizim təqdimatmızla Moskvanın bu yönümlü ali təhsil ocaqlarına qəbul edilirdi. İndi isə bütün əlaqələr qırılıb. Xarici dövlətdə ali təhsil almaq problemdir. Çox zaman da bu problemi həll etmək mümkün olmur. Ona görə də bu sənətin ardınca gedənlərin sayı kəskin surətdə aşağı düşüb.
Eşitdiyimizə görə yaxın zamandan etibarən Bakı Dövlət Sirki Rəşid Usubovun adını daşıyacaq.
- Hələ dəqiq bilinmir.
Ən nəhayət, Bakı Dövlət Sirkinin müasir durumundan danışarkən, nəyi qabartmaq olar?
- Açığı deyim ki, işləmək çox çətindir. Ancaq nə edəsən, işləyirik. Necə də işləməyək? Sirk, bilirsiniz, nəyi təbliğ edir, insanlara nə aşılayır? Psixoloqlar müəyyən ediblər ki, sirk insanlarda sehirbazlığı, qüvvəti, dəcəlliyi, məharəti zərifliyi, iradəni, ustalığı, qeyri-adiliyi, səbri, dözümü, varisliyi tərbiyələndirir. Yeri gəlmişkən, bu yaxınlarda qərar çıxarıblar ki, 2001-ci ildən etibarən Bakı Dövlət Sirki vergi ödəməlidir. Belə olacağı təqirdə müəsissənin işi çox çətinləşəcək. Onsuz da vəziyyət ürəkaçan deyil. Yalnız sirkin texniki heyətinin saxlanılmasına dövlət vəsait ayırır. Qalan bütün xərclərin hamısı müəsissənini öz öhdəsindədir. Şikayətlənməsək də, vəziyyətimiz göz qabağındadır. Bəxtimiz onda gətirib ki, bu sənətə ancaq fanatlar gəlir. Fanatiklərsə hər şeyə göz yumur. Onun üçün də heç vaxt şikayət eşitmirsiniz.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd