|
|
|
|
#117(341)
|
 |
Qarabağ əlillərinin
güzəştləri ləğv ediləcəkmi?
Hazırda respublikada bu kateqoriyaya aid insanlara 26 növ güzəşt tətbiq edilir
|
Azərbaycanda güzəştli təbəqəyə ayrılacaq kompensasiyaların həcmi su, qaz, elektrik enerjisi həmçinin nəqliyyat xərcləri üzrə mövcud olan normativlər əsasında müəyyənləşdiriləcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, hazırda nazirlikdə normativlərin müəyyən edilməsi üzrə işçi qrup yaradılıb, hansı ki, mövcud olan istehlak normaları əsasında pul kompensasiyasının məbləğini təyin edəcək.
Nazirlikdən bildiriblər ki, ayrılacaq kompensasiyalar güzəştli təbəqənin minimal kommunal və nəqliyyat xərclərini ödəyəcək.
Pul kompensasiyalarının tətbiq edilməsinə başlanması ilə nəqliyyatda və kommunal xidmətlərdən pulsuz istifadə güzəştləri ləğv ediləcək.
Hazırda Azərbaycanda sosial güzəştlər əhalinin 25 qrupuna tətbiq edilir. Gözlənilir ki, yuxarıda qeyd edilən dəyişikliklər nəticəsində bir neçə sosial qrupun güzəştləri tamamilə ləğv ediləcək, həmçinin onlar pul kompensasiyalarından da məhrum olacaqlar.
Nazirlikdə onu da bildiriblər ki, Qarabağ əlillərinin də bir sıra güzəştləri ləğv ediləcək və əvəzinə pul kompensasiyaları ödəniləcək.
Sözügedən strukturun hesablamalarına görə, hazırda Qarabağ əlilərinə 26 növ güzəşt tətbiq edilir. Bu güzəştlərin içərisində pulsuz kommunal, tibbi xidmətlər, nəqliyyatdan pulsuz istifadə, aşağı vergi dərəcələri və s. daxildir. Bildirək ki, Qarabağ əlillərinə tətbiq edilən güzəştlərin aylıq həcmi 500 min manat təşkil edir.
Yeni kompensasiya sisteminin tətbiq edilməsindən sonra Qarabağ əlillərinin 20 növ güzəşti qalacaq. Mövcud qanunvericiliyə əsasən Qarabağ əlillərinin özlərindən savayı ailələri də güzəştlərdən istifadə edir.
Bununla əlaqədar olaraq pul kompensasiyalarının həm Qarabağ əlillərinə, həm də onların ailə üzvlərinə veriləcəyi gözlənilir.
Sonda bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış işçi qrupunun fəaliyyətinin yekununda sosial güzəştlərlə bağlı hazırlanmış təkliflər Nazirlər Kabinetinə təqdim ediləcək.
Məlumatlara görə, 2002-ci ilin dövlət büdcəsinin xərclər hissəsindən kompensasiyaların ödənilməsi üçün 150 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Hər bir güzəştli şəxsin ayda 100 min manata yaxın kompensasiya alacağı gözlənilir. Lakin həmin rəqəmin azaldılacağı istisna deyil. Bundan başqa, verilən məlumata görə, güzəştlərin ləğvi mərhələli xarakter daşıyacaq. Proqramın tam həyata keçməsi isə ən azı 1 il çəkə bilər.
Qəzet çapa hazırlanarkən Azərbaycan Həmkarlar Konfederasiyasından aldığımız məlumata görə, respublikada minimal kommunal xərclərin həcmi 20 min manat təşkil edir. Təşkilatın verdiyi məlumata əsasən aylıq elektrik enerjisinə çəkilən xərclər 90 kVt/saata görə 8 min 600 manat, sudan istifadəyə - 2 min 664 manat, kanalizasiya xidmətinə 580 manat, telefona - 3300 manat, zibil daşınmasına - 750 manat, mənzil haqqına (11 kvadratmetr 1 nəfər üçün) 825 manat, liftdən istifadəyə isə 1000 manatdır. Yuxarıda göstərilən kommunal xərclərin ümumi həcmi təqribən 20 min manat təşkil edir. Azərbaycan Həmkarlar İttifaqından bildiriblər ki, həmin hesablamalar Nazirlər Kabinetinin normativləri əsasında aparılıb.
Dövlət Yol Polisi hərəkətə gəldi...
"Yolda intizam- təhlükəsizliyin tə`minatıdır" devizi altında növbəti yol hərəkəti təhlükəsizliyi həftəsi başlayıb
|
Sentyabrın 24-dən respublika ərazisində "Yolda intizam- təhlükəsizliyin tə`minatıdır" devizi altında növbəti yol hərəkəti təhlükəsizliyi həftəsi başlayıb. Həftəliyin məqsədi yollarda nəqliyyat vasitələrinin, piyadaların təhlükəsiz və rahat hərəkətini tə`min etmək, yol-nəqliyyat hadisələrinin qarşısını almaqdan ibarətdir.
Xatırladaq ki, DYP-nin redlərinən biri ötən həftə keçirilib. Bu da avtomobillərə çəkilmiş, görünüşü məhdudlaşdıran tünd rəngli əlavə "plyonka"ların sökülməsi ilə əlaqədar idi.
Son günlər DYP tərəfindən aparılan kampaniyaların məqsəd və məramı barədə daha ətraflı mə`lumatı "Bizim ƏSR"ə Bakı Şəhər Yol Polisi İdarəsinin rəis müavini Heydər İbrahimov verdi.
Onun sözlərinə görə, son zamanlar paytaxtda yol-nəqliyat hadisələrinin sayı artıb. Yol qəzalarının xüsusən qış vaxtı saat 17-24 radələri arasında baş verdiyini deyən rəis müavini,- "reydi keçirməkdə məqsəd həmin pozuntuların qarşısını almaq, hadisələrə səbəb olan pozuntulara qarşı mübarizəni gücləndirməkdir"-dedi.
H.İbrahimov yol hərəkəti qaydalarının pozulmasında, eləcə də ağır qəza hadisələrinin baş verməsində piyadaların da günahı olduğunu bildirir. "Piyadalar çox vaxt nə svetoforun işarələrinə, nə də digər yol hərəkəti haqqında qanuna riayət etmirlər, maşınların arasından keçirlər. Bu da yol hərəkətinin təşkilinə mənfi təsir göstərir." Problemin həllini yeraltı keçidlərin salınmasında görən rəis müavini yalnız svetoforla böyük şəhərdə yol hərəkətinin təşkilinin mümkün olmadığını bildirdi. Yeni keçidlərin salınması, köhnələrin isə təmiri üçün Şəhər Yol Polis İdarəsi icra hakimiyyətlərinə və Nazirlər Kabinetinə müraciət edib. H.İbrahimov yaxın vaxtlarda bu yönümdə tədbirlərə başlanacağını bildirdi. Qeyd edək ki, reydlər zamanı yol hərəkətində qanun pozuntularına yol verən piyadalar 16 min 500 manat məbləğində cərimələnəcəklər.
Son vaxtlar paytaxt küçələrində tez-tez rast gəlinən "avtoxuliqanlar" barəsində də ciddi tədbirlər görüldüyünü deyən rəis müavinin sözlərinə görə, avtomobilləri ilə küçələrdə ötüşlər təşkil edən, müxtəlif hərəkət və siqnallarla tükürpədici səslər çıxaran bu şəxslər internet vasitəsilə bir-birləri ilə əlaqə saxlayır, ötüşlərin vaxtını və yerini tə`yin edirlər. "İnternetdə belə bir mə`lumat gedib ki, respublika sarayında keçirilən hər kütləvi tədbirdən sonra yığışıb orada yarış təşkil etsinlər".
H.İbrahimov təkcə avtomaşınların deyil, hətta sərnişin daşıyan mikroavtobusların da belə hallara yol verdiyini bildirir. Onların məqsədi isə ötüşmək yox, sadəcə olaraq, sərnişini çox götürməkdir. Amma bununla hansı faciələrə yol açacaqlarını düşünmürlər. Buna münasibətini bildirən H.İbrahimov ümumiyyətlə paytaxt ərazisində mikroavtobusların çoxluq təşkil etdiyini bildirdi. "Şəhərdə sərnişindən çox mikroavtobus var. Yol hərəkətində bu mikroavtobuslar probemlər yaradır. Ona görə də İcra Hakimiyyətinə göndərilən ərizəmizdə paytaxtdakı mikroavtobusların sayının azaldılması təklifini vermişik. Sərnişin daşınması ilə məşğul olan avtobusların təqribən 50 faizi böyük həcmli avtobuslar olmalıdır. Qalanların yarısı mikroavtobus, yarısını isə taksilər təşkil etməlidir". Böyük avtobusların daha effektli olduğunu deyən rəis müavini bunun yollarda sıxlığın qarşısını aldığını da bildirdi. H.İbrahimov eyni zamanda paytaxtın müxtəlif nöqtələrində qoyulan dayanacaqlardan avtobusların istifadə etməməsinin də yol hadisələrinə səbəb olduğunu bildirdi. Sürücülərin yolun istənilən yerində avtobusu saxlamasının qarşısını almağın mürəkkəb olduğunu bildirən rəis müavini həftə ərzində bu problemi də həll etməyə çalışacaqlarını vurğuladı.
H.İbrahimov sonda təhlükəsizlik həftəsində bu gündən e`tibarən şəhərin bə`zi yollarında tə`mir işləri aparılacağını bəyan etdi. Bildirdi ki, bu gün Sabunçu dairəsindən şəhər istiqamətinə, Əzizbəyov metrosuna qədər yolda tə`mir işlərinə başlanacaq. Sabunçu dairəsində nəqliyyat hərəkəti məhdudlaşdırılacaq. Sərnişin axını müvəqqəti dayandırılacaq.
"Təklif edirik ki, Əzizbəyov metro stansiyasından aeroport istiqamətinə hərəkət edən nəqliyyat vasitləri Balaxanı qəəbəsinə getsinlər. Aeroport-Mərdəkan istiqamətində şəhərə gəlmək üçün Suraxanı-Əmircan-Günəşli istiqamətində gələn avtobuslardan istifadə etsinlər. Təmir işləri burada üç gün çəkəcək. Bu müddətdə Əzizbəyov metro stansiyasına qədər yol asfaltla örtüləcək. Çətinliklər də olacaq ancaq əvəzində yolumuz yaxşılaşacaq".
Bu həftə ərzində xeyli müsbət nəticələrin əldə olunacağına əmin olan rəis müavini gələcəkdə bundan artıq da işləyəcklərini bəyanladı. "Gələcəkdə "plyonka"lar yığışdırıldıqdan sonra bütün yol hərəkəti haqqında qanunu pozanlara qarşı daim mübarizə aparacağıq. Hətta yollarda saxlanılan nəqliyyat vasitələrinə qarşı tədbirlər də görüləcək".
|