|
|
|
|
#117(341)
|
 |
Ermənistanı ifşa edirik
Millət vəkili İlham Əliyev
dünən AŞPA-dakı çıxışında
erməni terrorizminin gerçək simasını
Avropanın diqqətinə çatdırıb
|
Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətimiz uğurlu addımlarını davam etdirir. İlham Əliyevin başçılıq etdiyi deputat qrupunun məqsədyönlü fəaliyyəti qarşısında Ermənistan heyəti mövqelərini əldən verməkdədir.
AŞPA-nın payız sessiyasına uğurla başlayan Azərbaycan nümayəndə heyəti mötəbər təşkilatın diqqətini ölkəmizin problemlərinə yönəltmək və Ermənistanın təcavüzkar siyasətinin ifşa etmək istiqamətində fəaliyyətini genişləndirib. Sessiyanın birinci günündə Avropa Şurası Nazirlər Komitəsi tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Dağlıq Qarabağ münaqişəsinin bu çərçivədə həllini tövsiyə edən qərarın qəbul olunması həmin fəaliyyətin ilk məntiqi nəticəsidir.
Millət vəkili İlham Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanıb həyata keçrilən addımlar tədricən Ermənistanın Avropa strukturlarında təcrid vəziyyətinə salmaqdadır. Artıq Avropa Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibət bildirib: "Torpaq qəsb etmək üçün əldə etmək məqsədi ilə gücdən istifadə qəbul edilməzdir və ondan irəli gələn heç bir nəticə qanuni tanına bilməz". Təşkilat Ermənistana açıq şəkildə eşitdirir ki, onun Azərbaycan ərazisinə təcavüzü heç bir halda rəsmiləşməyəcək.
Azərbaycan parlament heyətinin AŞPA-dakı dünənki fəaliyyəti də əhəmiyyətli olub. Sessiyada müzakirə olunan "Terrorizm və demokratiya" mövzusu ətrafında çıxış edən ermənilər Azərbaycana qarşı növbəti böhtanlar səsləndirsələr də, millət vəkili İlham Əliyev bu böhtanlara qətiyyətlə cavab verib. Belə ki, Ermənistan parlament heyətinin başçısı Ovanes Ovanesyan guya terrorçu ben Ladenin Azərbaycanla mütəmadi əlaqə saxladığını deyərək Azərbaycanı ifşa edəcəyini zənn edib. Onun ardınca çıxış edən İlham Əliyev bu iftiralara cavab verərək Azərbaycanın terrordan əziyyət çəkən bir ölkə kimi bu bəla ilə daima mübarizə apardığını vurğulayıb. İlham Əliyev onu da bildirib ki, bu gün öz hərəkətlərini ört-basdır etməyə çalışan Ermənistan əslində dünya terrorizminin mühüm həlqəsini təşkil edir. Millət vəkili Assambleyanın diqqətinə çatdırıb ki, erməni terrorizmi son 13 il ərzində Azərbaycanda 32 böyük terror aktı törədib və bu terrorda 2 minə yaxın insan qətlə yetirilib. Millət vəkili onu da vurğulayıb ki, Ermənistan bu gün də Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qruplaşmaların hazırlanması və dünyanın bir çox bölgələrinə "ixracı" ilə məşğuldur. İlham Əliyev Avropa Şurasını bu məsələyə diqqət yetirməyə və Dağlıq Qarabağdakı vəziyyəti araşdırmaq üçün oraya xüsusi heyət göndərməyə çağırıb. Xatırladaq ki, AŞPA-nın aprel sessiyasında Dağlıq Qarabağda narkobiznesin çiçəklənməsi ilə bağlı Azərbaycan heyətinin yaydığı sənəd artıq Assambleya tərəfindən rəsmən icraata alınıb. Azərbaycan nümayəndə heyəti rəhbərinin budəfəki arqumentləri AŞPA tərəfindən böyük diqqətlə qarşılanıb.
AŞPA-dakı nümayəndə heyətinin üzvü, professor Rəfael Hüseynovun "Lider TV"yə verdiyi məlumata görə, dünən parlamentarlarımız sessiyada daha 2 sənədin yayılmasına nail olublar. Nümayəndə heyətinin hazırladığı azərbaycanlı qaçqın və köçkünlərin təhsil hüquqları ilə bağlı bəyannamə layihəsinə 12 ölkədən 23 parlamentar imza atıb. AŞPA-da Dağlıq Qarabağ münaqişəsinin geniş müzakirəsini nəzərdə tutan qətnamə layihəsini isə 60-a yaxın parlamentar imzalayıb. Hər iki sənəd AŞPA-nın katibliyinə təqdim edilərək rəsmi sənəd qeydiyyatdan keçib. Bu isə o deməkdir ki, yaxın vaxtlarda Qarabağ tənzimlənməsi AŞPA-nın geniş müzakirə mövzusu olacaq və həmin disskusiyalarda Ermənistanın təcavüzkar siyasəti ciddi ifşaya məruz qalacaq. Payız sessiyasının qalan günlərində Azərbaycan heyəti bu yöndə məqsədyönlü işini davam etdirmək əzmindədir. Sessiyanın işi sentyabrın 29-da başa çatacaq.
"Bu, islamla qarşıdurma deyil"
ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilson bəyanat verib
|
"Bizim səylərimizin əl-Qaeda və ben Ladendən başlaması məntiqə uyğundur. Lakin bu kampaniya onlarla məhdudlaşmayacaq. Bu səylər, prezident Buşun qeyd etdiyi kimi, qlobal imkanlara malik hər bir terrorçu qrupu aşkarlayıb məğlub edənədək davam edəcək".
ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonun dünənki bəyanatında belə deyilir. Diplomata görə, terrorçuluğa qarşı müharibə elan etmək üçün beynəlxalq koalisiya yaradarkən ABŞ dünyanın bir çox ölkəsindən, o cümlədən Azərbaycandan dəstək və yardım almaqdadır.
Uilson bildirir ki, ABŞ-ın hərəkətləri milyonlarla amerikalının və dünyada yüz milyonlarla adamın dini olan islamla qarşıdurma deyil. Bu, Əfqanıstan xalqına qarşı mübarizə deyil. Bu, nifrətə qarşı mübarizədir. "Bizim düşmənimiz nə az, nə çox, terrorçuların radikal şəbəkəsi və onları dəstəkləyənlərdir, sülh və demokratiyanın təməl daşını darmadağın etmək istəyən qüvvələrdir. Bu, qələbə uğrunda sprint qaçışı deyil, aylar və bəlkə də illər uzunu davam edəcək marafon olacaq," - deyə sənəddə vurğulanır.
Sənədin sonunda Nyu-York və Vaşinqtonda baş verənlərin heç zaman və heç yerdə təkrarlanmaması üçün həmrəyliyə çağırılır.
Sülh danışıqlarına başlamaq olar
Aslan Masxadov Rusiya prezidentinin bəyanatını bəyənib
|
Prezident Aslan Masxadov Çeçenistan hökuməti baş nazirinin müavini Axmed Zakayevə RF prezidentinin nümayəndəsi Viktor Kazantsevlə danışıqlar aparmağı həvalə edib.
Masxadov Rusiya prezidenti Vladimir Putinin Çeçenistanda hərbi əməliyyatların dayandırılmasının zəruriliyi barədə bəyanatına belə reaksiya verib.
Masxadovun dünən yayılan bəyanatında deyilir ki, "RF prezidentinin yeni təklifilə bağlı hərbi əməliyyatların tezliklə dayandırılması və əsrlər boyunca yaranmış ziddiyyətin sülh yolu ilə həlli üzrə danışıqlara başlamaq üçün real şans var".
Masxadov əmindir ki, "Rusiya-Çeçenistan münaqişəsinin əsasını heç də terrorizm təşkil etmir, bunun kökündə rus-çeçen münasibətlərinin tarix boyunca həll edilməməsi dayanır".
Masxadov Rusiya prezidentinin "Çeçenistan hadisələrinin öz tarixçəsi var" sözlərinə mühüm önəm verib. Onun fikrincə, bu təsdiq edir ki, "müharibənin səbəbləri terrorizm deyil, çeçen xalqının müstəqillik uğrunda mübarizəsidir".
Erməni yalanı
Amerikalı diplomat "Arminfo"nun yaydığı xəbərini əsassız saydı
|
"Bizdə belə məlumat yoxdur," - deyə ABŞ-ın Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ceyms Stüart beynəlxalq terrorçu Üsəma ben Ladenin Bakıya gəlməsilə bağlı Ermənistanın "Arminfo" agentliyinin yaydığı məlumatı şərh edərkən bildirib. Xatırladaq ki, sentyabrın 24-də bu agentlik ABŞ-ın Federal Təhqiqat Bürosuna (FTB) istinadən ben Ladenin Bakıya gəlməsi, həmçinin Azərbaycanda onun maliyyələşdirdiyi terrorçu təşkilatların qərargahının yerləşməsi haqda məlumat yayıb.
Qeyd edək ki, son günlər Ermənistanın bir neçə KİV-ində Azərbaycanda beynəlxalq terrorçuların olması, taliblərin Qarabağda hərbi əməliyyatlarda iştirakı barədə məlumatlar yayılıb. Beynəlxalq münasibətlər və təhlükəsizlik sahəsi üzrə ekspertlər bu xəbərləri şərh edərkən bildirir ki, çox güman ki, belə məlumatların mənbəyi Ermənistanın xüsusi xidmət orqanlarıdır. Lakin bu orqanların "kobud və savadsız" işləməsi ekspertlərdə təəccüb doğurur. Belə ki, taliblərin Qarabağ döyüşlərində iştirakı mümkün deyil. Çünki bu hərəkat siyasi arenaya 1996-cı ildə daxil olub. Qarabağda isə hərbi əməliyyatlar 1994-cü ilin mayından dayandırılıb.
Azərbaycan vətəndaşlarının Şimali Amerikaya səfərinə məhdudiyyət tətbiq edilməsilə bağlı Ermənistan KİV-in məlumatlarına gölincə, C.Stüart deyib ki, ABŞ-a viza verilməsi əvvəlki rejimdə həyata keçirilir və "Azərbaycan vətəndaşları üçün heç bir məhdudiyyət qoyulmayıb".
Ekspertlər Ermənistanda yayılan belə xəbərləri ABŞ-da törədilən terror aktlarından sonra rəsmi Yerevanın "qeyri-ardıcıl və ikili" mövqeyilə bağlayır. Belə ki, Kremldəki rəhbərinə yarınmağa can atan Ermənistan hakimiyyəti ABŞ-ın beynəlxalq terrorizmə qarşı apardığı əməliyyatlarda iştirakdan imtina etməyə tələsib. Lakin Moskvanın məsələ ilə bağlı mövqeyi dəyişdikdən sonra Yerevan dərhal terrorizmlə fəal mübarizə aparmağa hazır olduğunu bildirib və bunun inandırıcı olduğunu sübut etmək üçün qonşusunu ben Ladenlə dostluqda ittiham etmək qərarına gəlib.
Hələ SSRİ vaxtından beynəlxalq terrorizm yuvası sayılan Yerevanın belə siyasəti təsadüfü deyil. DTK və ASALA arasında əməkdaşlıq ənənələri, 70-80-ci illərdə ermənilərin türk diplomatlarına qarşı törətdiyi çoxsaylı terror aktları, Moskva metropolitenində partlayışlar, Ermənistan və Qarabağdakı kürd separatçıları bazaları və bir çox başqa hallar erməni cəmiyyətində terrorizmin dərin köklərə malik olduğunu sübut edir. Son iki ilin hadisələri - Ermənistan parlamentində hökumət və parlament rəhbərlərinin, bir qədər sonra isə Qarabağ separatçıları liderinin güllələnməsi ermənilərin özlərini də buna inandırıb. Lakin görünür, Ermənistanda tarixin dərsləri tez unudulur.
Bütün münaqişəli situasiyalarda KİV-in başlıca rolu durumun kəskinləşməsinə yardım etməmək, qarşılıqlı anlaşma şəraitində işləməkdir. Təəssüf ki, jurnalistlərin heç də hamısı buna əməl etmir.
Moskva Rəbbaniyə arxa durur
Kolin Pauellin fikrincə, bu Ben Ladenin təslim olmasına kömək edəcək
|
Bazar ertəsi Vladimir Putin televiziya ilə Rusiya vətəndaşlarına müraciətində Əfqanıstanda planlaşdırılan antiterror əməliyyatları ilə bağlı RF-nin mövqeyini açıqlayıb.
Moskva xüsusi xidmət xətti üzrə aktiv beynəlxalq əməkdaşlığa hazırdır. O cümlədən Rusiya infrastruktura, beynəlxalq terrorçuların yeri və yaraqlıların təlim bazaları haqda olan məlumatları təqdim edir.
Rusiya antiterror əməliyyatlarının aparıldığı ərazilərə humanitar yük dolu təyyarələrin uçması üçün öz hava məkanını verir. Bu mövqe Mərkəzi Asiya ölkələri ilə razılaşdırılıb. Həmin ölkələr də öz aerodromlarından istifadə olunmasına hazırdır.
RF lazım gələrsə, axtarış-xilasetmə xarakterli beynəlxalq əməliyyatlarda da iştiraka hazırdır.
Nəhayət, Moskva cənab Rəbbaninin başçılığı altında Əfqanıstan hökumətilə əməkdaşlığı genişləndirəcək, silah və hərbi texnika göndərməklə onun silahlı qüvvələrinə yardım edəcək.
Rusiyanın əks-terror əməliyyatları iştirakçıları ilə digər geniş əməkdaşlıq formaları də mümkündür. Əməkdaşlığın dərinliyi və xarakteri həmin ölkələrlə münasibətlərin ümumi səviyyəsindən asılı olacaq.
Putin bildirib ki, yuxarıda sadalanan məsələlər üzrə işlərin koordinasiyası üçün RF müdafiə naziri Sergey İvanovun başçılığı ilə qrup yaradılıb.
Eyni zamanda Rusiya prezidenti Əfqanıstan ətrafındakı hadisələri Çeçenistandakı situasiya ilə əlaqələndirməyə çalışıb. O, çeçen silahlı birləşmələrinə təklif edib ki, 72 saat ərzində silahı təhvil versin.
Putinin bəyanatı Vaşinqtonun müsbət reaksiyasına səbəb olub. Belə ki, dövlət katibi Kolin Pauell bildirib ki, ABŞ terrorizmlə mübarizə məsələsində Rusiyanın dəstəyindən "razıdır".
Pauell həmçinin deyib ki, Moskvanın "Şimali alyans"ı dəstəkləmək niyyəti terrorizmlə mübarizə işinə "kömək edəcək". Belə ki, bu, talib rejimini zəiflədə, Üsəma ben Laden və tərəfdarlarının təslim olmasına gətirib çıxara bilər.
Sabir Rüstəmxanlı
prezidentə müraciət edib
O, qardaşı Şahbaz Xuduoğlunun
azadlığa buraxılmasını xahiş edib
|
Hakimiyyətə yaxın mənbələrdən aldığımız məlumata görə, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı prezident Heydər Əliyevə müraciət edib. O, 6 aylıq həbs cəzasına məhkum edilmiş "Millətin Səsi" qəzetinin baş redaktoru, qardaşı Şahbaz Xuduoğlunun azadlığa buraxılmasını, onun günahsız olmasının nəzərə alınmasını xahiş edib.
Başqa bir mənbədən aldğımız məlumata görə, Sabir Rüstəmxanlı yaxın günlrədə Moskva şəhərində əməliyyat olunacaq. VHP sədrinin yaxınlarındın birinin dediyinə görə, Şahbaz Xuduoğlu həbs edilən ərəfədə Sabir Rüstəmxanlı əməliyyat olunmaq üçün Rusiya paytaxtına gedib. Qardaşının həbs edilməsi xəbərini alandan sonra əməliyyatı təcili təxirə salınıb və geri qayıdıb. Əldə etdiyimiz məlumatlara görə, millət vəkili yaxın günlərdə əməliyyat olunmaq üçün yenidən Moskvaya yola düşəcək.
|
GUÖAM
ölkələrinin
birgə bəyanatı
|
Dünən Azərbaycan XİN mətbuat xidməti GUÖAM ölkələrinin (Gürcüstan-Ukrayna-Özbəkistan-Azərbaycan-Moldova) sentyabrın 11-də ABŞ-da baş vermiş terror aktları ilə bağlı birgə bəyanatını yayıb.
"Bu çətin məqamda GUÖAM dövlətləri Amerika xalqına dərin hüznlə başsağlığı verir və onunla həmrəyliyini bildirir.
Terrorçuların hərəkətlərini qətiyyətlə pisləyən GUÖAM dövlətləri terror aktlarının arxasında dayananların layiq olduğu cəzanı almasına tərəfdardır," - deyə bəyanatda bildirilir.
GUÖAM ölkələri həmçinin belə faciələrin təkrar olunmaması üçün zəmin yaradılması məqsədilə terrorizmlə mübarizəyə qarşı beynəlxalq ictimaiyyətin səylərinin konsolidasiyasında fəal iştiraka hazır olduğunu bildirib.
900 azərbaycanlı minaya düşüb
Minaların
təmizlənməsi üçün
80 milyon ABŞ dolları
tələb olunur
|
Ermənistan-Azərbaycan münaqişəsi başlayandan bu vaxtadək mina partlayışından 254 azərbaycanlı həlak olub, 611 nəfər isə yaralanıb.
Bu barədə Mina Təmizlənməsi üzrə Azərbaycan Milli Agentliyinin direktoru Nazim İsmayılov CNA agentliyinə xəbər verib. Onun sözlərinə görə, minalanmış Azərbaycan ərazilərinin ümumi sahəsi hazırda 350 kv.km təşkil edir. İsmayılov bildirib ki, minaların dəqiq sayı barədə bir söz demək mümkün deyil: "Hazırda Füzuli rayonunun 22 kəndində minaların təmizlənməsi istiqamətində iş gedir. Son il yarım ərzində 36 ədəd tank və piyadaların döyüş maşını, 980 ədəd isə partlamamış mərmi aşkar olunub".
O, həmçinin qeyd edib ki, işğal olunmuş ərazilərdəki minaların təmizlənməsi üçün ən azı 5-8 il vaxt lazım gələcək. 1 kv.metr ərazinin minadan təmizlənməsi isə ən azı 0,5-1,2 ABŞ dolları civarında pul tələb edir. İsmayılovun fikrincə, Azərbaycan bu işə ümumilikdə 180 milyon ABŞ dolları sərf etməlidir. O, qeyd edib ki, minaların təmizlənməsi üçün hazırda ən çox pul ayıran ölkə ABŞ-dır.
|
Rüstəm Məmmədov: "Qərar sülh danışıqlarına ciddi təsir edəcək"
|
Avropa Şurası Nazirlər Komitəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarın qəbul edilməsi böyük rezonans doğurub. Beynəlxalq müstəvidə mühüm çəkiyə malik təşkilatın mövqeyi Dağlıq Qarabağ tənzimlənməsində hansı rolu oynaya bilər? Beynəlxalq hüquq doktoru, Prezident Aparatının bölgə müdiri Rüstəm Məmmədovla söhbətimiz bu mövzu ətrafındadır.
Rüstəm müəllim, AŞ Nazirlər
Komitəsinin qərarı Dağlıq Qarabağ tənzimlənməsində hansı perspektiv açacaq?
- Universal xarakterli beynəlxalq və regional təşkilatlar içərisində Avropa Şurasının qərarı mühüm presendentdir. İndiyədək yalnız İslam Konfransı Təşkilatının analoji qərarı vardı. Lakin bu təşkilatın sənədləri dünyanın idarə olunmasında elə bir rol oynamır, Avropa Şurası beynəlxalq həyatda siyasi mənzərəni tənzimləyən təşkilatlardır. Bu qərar bizə böyük siyasi dividendlər vəd edir. Əvvəla, Avropa dövlətləri bu qərarla meydana çıxacaq prosesləri bəri başdan dəstəkləmiş olurlar. Dağlıq Qarabağ tənzimlənməsində məsələnin qoyuluşu ciddi şəkildə dəyişməlidir, yəni Avropa Şurasının bu qərarını ATƏT və onun sülh prosesi ilə məşğul olan Minsk Qrupu da qəbul etməlidir. Artıq həmsədrlər özfəaliyyəti bir kənara qoymalı və tənzimləməni beynəlxalq hüquqda təsbit olunan konkret müstəvidə aparmalıdırlar. Avropa Şurasının qərarından çıxan əsas nəticə odur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Və Minsk Qrupunun bundan sonra irəli sürəcəyi təkliflər mütləq həmin şərti nəzərə almalıdır. Digər yandan, bu qərarın qəbulu ilə Ermənistanın beynəlxalq müstəvidəki vəziyyəti daha da ağırlaşacaq. Ermənistanın indiyədək apardığı beynəlxalq-siyasi təbliğat iflasa uğramaqdadır. Dünya gec də olsa üzünü Azərbaycanın haqlı, ədalətli mövqeyinə doğru çevirir. Dövlətlərin ərazi bütövlüyü beynəlxalq hüquq dəyərlərini təməlində dayanan prinsipdir və Avropa Şurası bu məsələyə münasibətini bir daha dəqiqləşdirib. Odur ki, bundan sonra Ermənistanın beynəlxalq hüquqa, Avropa Şurasının prinsiplərinə zidd getməsi onun özü üçün acı perspektiv aça bilir.
Yəni belə demək olarmı ki,
tənzimləmə prosesinin bundan sonrakı mərhələsində ermənilərin Dağlıq Qarabağın müstəqilliyi ideyası ilə spekulyasilarına son qoyulacaq?
- Şübhəsiz, Avropa Şurasının qərarı ermənilərin bu spekulyasiyalarına ciddi cavabdır. İndiyədək millətlərin öz müqəddəratını təyinetmə hüququ ilə möhtəkirlik edən ermənilər artıq Avropa Şurası çərçivəsində qəbul edilmiş konvensiyaların impretivliyini tanımağa məcbur olacaqlar. Həmin sənədlər arasında milli azlıqlarla bağlı xüsusi konvensiya var. Orada qeyd edilir ki, milil azlıqlar yalnız mövcud dövlətin ərazi bütövlüyünü parçalamadan, həmin çərçivədə öz müqəddəratını təyin edə bilər. Bu isə muxtariyyət deməkdir və bütün milli azlıqlar özünüidarə hüquqlarını həmin müstəvidə reallaşdırmalıdır.
Ancaq bir məqam da var ki, indiyədək
Helsinki Yekun Aktında təsbit edilmiş prinsiplər arasında hər hansı ierarxik düzüm mövcud deyil və ermənilər də bundan istifadə edərək millətlərin öz müqəddaratını təyinetmə hüququnu dövlətlərin ərazi bütövlüyünə qarşı qoyurlar.
- Əslində Helsinki Yekun Aktındakı prinsipləri ierarxiya üzrə sıralamaq düzgün deyil. Onların hər biri öz ideya və funksiyasını daşıyır. Beynəlxalq hüquqda öz müqəddaratını təyinetmə prinsipi yalnız müstəqil dövlət qurmaq hüququ olan millətlərə şamil edilir. Bunun üçün isə formalaşmış norma və qaydalar var. Birincisi, əgər millət köləlikdən azad olunubsa, ikinci, federativ dövlətlər parçalanarkən meydana yeni subyektlər çıxıbsa, üçüncüsü, bir neçə dövlət könüllü surətdə birləşərək yeni dövlət qurmaq istədikdə və nəhayət, dövlətin ərazisindən bir hissə qarşılıqlı könüllülük əsasında ayrılırsa yeni dövlətin qurulması mümkündür. Lakin Dağlıq Qarabağa bu normaların heç birini aid etmək olmaz. Nə olsun ki, Qarabağ ermənilər müstəqil olmaq istəyirlər Azərbaycan ki buna razı deyil. Yəni burada hər iki tərəfin könüllü qərarı olmalıdır. Necə ki, 1971-ci ildə Banqladeş Pakistandan ayrılmaq istədi və Pakistan da buna razılıq verdi. Digər normalar da bu münaqişəyə şamil edilə bilməz. Qarabağdakı ermənilər kölə vəziyyətində yaşamayıblar, Azərbaycan federativ dövlət deyil və s. Ermənilərin hərəkəti yalnız Azərbaycanın ərazi bütövlüyünü zorla parçalamaq kimi təsnifatlandırılmalıdır və öz müqəddaratını təyinetmə prinsipi ona şamil edilə bilməz.
Vəziyətə real yanaşsaq, Sizcə, bu cür
qərarlarla beynəlxalq müstəvidə Ermənstanın təcavüzkarlığına qarşı praktik təsirli tədbirlərin görülməsi mümkündürmü?
- Əvvəla, Avropa Şurasında qəbul edilən qərarın mütləq davamı olacaq və İlham Əliyevin başçılıq etdiyi parlament heyətimiz bu istiqamətdə işini dayandırmayacaq. Digər tərəfdən, Avropa Şurası kimi təşkilatın qərarlarına barmaqarası baxmaq olmaz. Bu dünyanın siyasi iqlimini müəyyənləşdirən mühüm institutlardan biridir. Ermənistan onsuz da yeritdiyi siyasətlə beynəlxalq müstəvidə özünü təcrid edir. Ölkənin daxilində böhran, regional inkişafdan geri qalma göz qabağındadır. Ermənilərin başa düşürlər ki, Dağlıq Qarabağ gec-tez Azərbaycanın suverenliyini tanımalı və bu çərçivədə geniş muxtariyyət hüququ ilə təmin olunmalıdırlar. Beynəlxalq praktika onlara kifayət qədər imkanlar yaradır. Eyni zamanda beynəlxalq praktika heç bir halda milli azlıqları "başlı-başına" buraxmır və hər şey hüquq normalarına əsaslanmalıdır. Əgər ermənilər bundan sonra da həmin normalara zidd getməkdə davam etsələr, Azərbaycan beynəlxalq hüquqa əsasən özünün güc amilindən istifadə etməli olacaq. BMT Nizamnaməsi Azərbaycana özünümüdafiə hüququ verir və ermənilər diplomatik müstəvidəki məntiqi məğlubiyyətlərindən nəticə çıxarmasalar, bu məğlubiyyəti bilavasitə döyüş meydanında da "dadacaqlar". O zaman isə vəziyyətləri daha pis olacaq.
|