|
|
|
|
#117(341)
|
 |
|
Səudiyyə Ərəbistanı
taliblərdən üz döndərdi
|
Səudiyyə Ərəbistanı Əfqanıstanla diplomatik münasibətləri kəsib. Bu barədə Səudiyyə hökumətinin rəsmi bəyanatında bildirilir. Bəyanatı centyabrın 25-də Səudiyyə Ərəbistanı SPA agentliyi yayıb.
Sənəddə deyilir ki, əlaqələrin kəsilməsinə səbəb taliblərin terror aktları təşkil edən, bütün dünya xalqlarını qorxuya salan, ictimaiyyətin gözü qarşısında islama və müsəlman adına ləkə gətirən cinayətkarları dəstəkləməsi, onları silahlandırması və sığınacaq verməsidir. Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) nümunə götürüb. Sentyabrın 22-də BƏƏ taliblərlə əlaqələri kəsdiyini bildirib. Taliblər Nyu-York və Vaşinqtonda törədilən terror aktlarında şübhəli bilinən beynəlxalq terrorçu Üsəma ben Ladeni təhvil verməkdən imtina etdikdən sonra BƏƏ bu addımı atıb. Hazırda Pakistan Əfqanıstanla diplomatik münasibətləri saxlayan yeganə dövlətdir. Lakin sentyabrın 23-də Əfqanıstanda yaranmış "mürəkkəb durumla bağlı" Kabildəki diplomatlarını geri çağırıb.
|
"Hizb üt-Təhrir"
Qırğızıstanda
baş qaldırır
|
Bu il Qırğızıstanda "Hizb üt-Təhrir" radikal islam partiyası üzvlərinin qanunsuz fəaliyyəti ilə bağlı 67 cinayət işinə baxılıb.
Qırğızıstanda qadağan edilmiş ədəbiyyat yaydığına görə, 11 nəfər tutulub, onlardan 7 min vərəqə, 359 kitab, 94 audio və videokaset, üç kompüter tutulub. Yerli hüquq-mühafizə orqanlarının dəyərləndirmələrinə görə, bu il ölkədə "Hizb üt-Təhrir"in fəaliyyəti güclənib.
|
Xəzərin statusu barədə
bəyannamə imzalanıb
|
2001-ci il sentyabrın 18-20-də Qazaxıstanın paytaxtı Astana şəhərində Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun birinci iclası keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin bu barədə yaydığı xəbərdə bildirilir ki, iclasda Xəzəryanı dövlət başçılarının sammitində dövlət başçıları tərəfindən imzalanması nəzərdə tutulan bəyannamə layihəsi müzakirə edilib.
Mənbənin məlumatına görə, görüşdə müzakirə edilən məsələlərin müəyyən müddəaları razılaşdırılıb və layihənin müzakirəsinin növbəti iclasda davam etdirilməsi qərara alınıb. İclasın sonunda onun gedişini əks etdirən kommunike imzalanıb.
Qaynağın bildirdiyinə görə xüsusi işçi qrupun növbəti iclasının bu ilin dekabrında Moskvada keçirilməsi qərara alınıb. Bu iclasda Azərbaycanı nazir müavini Xələf Xələov təmsil edib.
ABŞ qisas aksiyasına Roma Papası İohan II Pavelin Ermənistana səfəri başa çatdıqdan sonra başlayacaq. Bu xəbəri "Svoboda" radiosu Vaşinqtondakı mənbələrə istinadən yayıb.
Həmin mənbələr ABŞ-la Vatikan aransında bu barədə razılıq əldə edildiyini bildiriblər.
|
Güneyli soydaşlarımız da
döyüşə gedirlər
|
Son günlər bir qrup azərbaycanlı terrora qarşı mübarizə aparmaq üçün Əfqanıstana yola düşüb. Bu barədə Bütöv Azərbaycan Birliyinin (BAB) mətbuat xidmətindən məlumat verilib.
Güney Azərbaycandan olan könüllülər "Şimali alyans" rəhbərlərindən biri general Rəşid Dustumun dəstələri tərkibində taliblərə qarşı vuruşmaq niyyətindədir. Mənbənin məlumatına görə, bu mübarizədə iştirak etmək istəyən güney azərbaycanlıların sayı artmaqdadır.
|
Müdafiə naziri mətbuat
xidmətində dəyişiklik aparıb
|
Müdafiə naziri Səfər Əbiyevin 24 sentyabr tarixli əmrilə qurmun mətbuat xidmətində struktur dəyişikliyi edilib.
Hərbi mənbələrdən "Turan"a məlum olub ki, əmrə əsasən beş zabit və iki mülki şəxs mətbuat xidmətindən çıxarılıb. İki yeni mülki şəxsin mətbuat xidmətinə işə qəbul ediləcəyi gözlənilir. Eyni zamanda mətbuat xidmətinin rəisi polkovnik Ramiz Məlikov öz postunu saxlayıb. R.Məlikov bildirib ki, mətbuat xidmətində aparılan dəyişikliklərin səbəbləri ona məlum deyil.
|
İctimai televiziyanı
necə yaratmalı?
|
Bu il sentyabrın 27-də Prezident Aparatı ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov və "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev təcrübə mübadiləsi və Azərbaycanda ictimai televiziyanın yaradılması ilə bağlı təşkilati məsələləri öyrənmək üçün Niderlanda səfər edəcək. Səfər zamanı bu ölkədə ictimai televiziya ilə dövlətin və ictimaiyyətin münasibəti məsələləri də diqqət mərkəzində olacaq. Bu barədə xəbəri "Turan" Prezident Aparatından məlumat verilib.
Xatırladaq ki, Azərbaycan ictimai televiziyanın yaradılması ilə bağlı Avropa Şurası (AŞ) qarşısında öhdəlik götürüb. Artıq "Teleradio fəaliyyəti haqqında" yeni qanun layihəsi hazırlanıb və AŞ-nin ekspertizasına göndərilib. İctimai televiziyanın yaradılması məsələləri ilə bağlı bu ilin iyulunda Bakıda AŞ ekspertləri ilə birgə konfrans keçirilib. Azərbaycanlı mütəxəssislər İngiltərənin BBC və Almaniyanın ictimai televiziyası ilə tanışlıq məqsədilə bu ölkələrə səfər edib.
|
Dünya ən böyük savaş astanasında
|
ABŞ Üsəma ben Ladeni zərərsizləşdirmək üçün tarixin ən böyük hərbi əməliyyatını gerçəkləşdirə bilər.
Belə ki, Pentaqon Əfqanıstana qarşı döyüşlərdə 630 döyüş təyyarəsindən istifadə edəcək. Bu, Körfəz Müharibəsinə cəlb edilmiş təyyarələrin sayını üç dəfə üstələyir. Antiterror əməliyatları həm də "Stelz" qırıcıları ailəsinə mənsub "B-12" təyyarələri üçün sınaq meydanı olacaq. Bölgədə saxlanılan "USS Carl Vinson" və "USS Enterrrise" gəmilərində, habelə həmin rayona doğru hərəkət etməkdə olan "USS Theodore Roosevelt" "USS Kitty Nawk" təyyarədaşıyan gəmilərində 280 döyüş təyyarəci var. Adı çəkilən gəmilərdən başqa bölgədəki əməliyyatlara 41 hərbi gəmi, çoxlu sualtı qayıq cəlb ediləcək. Gəmilərin hər birində orta hesabla 5 min əsgər var.
|
Robertson: "Moskva ilə
Vaşinqton
yaxınlaşır"
|
İtaliyada nəşr edilən "La Rerubblica" qəzeti NATO baş katibi Corc Robertsonla müsahibə dərc edib. Robertson deyib ki, ABŞ-da baş verən dəhşətli faciədən sonra Rusiya ilə ABŞ arasında yaxınlaşma müşahidə edilir. NATO şefi ABŞ silahlı qüvvələrinin Orta Asiyaya gətirilməsinin Rusiya tərəfindən əngəllənməməsindən razı qaldığını bildirib. O deyib: "Rusiya bizim Orta Asiyada məskunlaşmaq fikrində olmadığımızı yaxşı anlayır".
İngilis jurnalistləri Üsəma ben Ladenin ibtidai sinif müəllimlərindən birini tapıb üzə çıxara biliblər. 60-cı illərin sonunda ben Ladenə dərs demiş Brayan Fayfild-Şeyler öz şagirdini "çox nəzakətli və sakit" uşaq kimi xatırlayır. Ben Laden sinfin "mənəviyyat mücəssəməsi" sayılmasa da, bu baxımdan ortabab şagird sayılırdı, əla oxuyurdu, hətta Səudiyyə Ərəbistanının 50-60 ən yaxşı şagirdindən biri sayılırdı. 69 yaşlı müəllimənin ehtimalına görə, şagirdinin xarakterində hiss edilən güclü dəyişikliklər onun amerikalılarla ilk görüşündən əldə etdiyi təəssüratdan sonra baş verə bilərdi.
|
Ekstremist ölümə məhkum edildi
|
Özbəkistanın Xarəzm əyalətində gizli ekstremist təşkilatın 20 üzvünün mühakiməsi başa çatıb. Qruplaşmanın lideri Əhməd Tumanov ölüm cəzasına, onun silahdaşları isə üç ildən 20 ilədək azadlıqdan məhrumetməyə məhkum edilib. İstintaq müəyyən edib ki, qrupun üzvləri bir neçə qarət əməliyyatı həyata keçirib. Onlar Özbəkistan İslam Hərəkatına qoşulmaq üçün Əfqanıstana təyyarə qaçırmaq üçün plan hazırlayıblar.
Xarici İşlər Nazirliyi mətbuat mərkəzinin rəhbəri Mətin Mirzədən aldığımız məlumata görə, sentyabrın 28-də Avropa Birliyinin direktorlar üçlüyü (Belçika, İspaniya, İngiltərə) Azərbaycana rəsmi səfər edəcəkdir. Nümayəndə heyəti xarici işlər nazirinin müavini Araz Əzimov, XİN-in iqtisadi əməkdaşlıq və inkişaf departamentinin müdiri Altay Əfəndiyev, Prezidentin İcra Aparatı xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, milli təhlükəsizlik naziri Namiq Abbasov, Avropa Birliyinin üzvü olan dövlətlərin Azərbaycandakı səfirləri və ATƏT-in Bakıdakı missiyasının başçısı Boqdan Marçevski ilə siyasi məsləhətləşmələr aparacaq.
Xatırladaq ki, 1996-cı ildə Avropa Birliyi və Azərbaycan Respublikası arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanmışdır. Saziş 1999-cu ildə qüvvəyə minmişdir. O vaxtdan bəri Azərbaycana vaxtaşırı səfərə gələn AB nümayəndələri ölkə rəsmiləri ilə siyasi məsləhətləşmələr aparırlar.
|
Xanım Loundes Bakıya gəlir
|
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Avropa bölməsinin başçısı xanım Linnet Loundes sentyabrın 26-dan 28-dək Azərbaycana səfər edəcəkdir. Federasiyanın Bakıdakı nümayəndəliyindən bildiriblər ki, səfərin başlıca məqsədi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi və əməkdaşları ilə cəmiyyətdəki struktur dəyişilikliyi müzakirə etmək və müvafiq informasiyanı Cenevrəyə çatdırmaqdır. Loundes həmçinin, federasiyanın Bakıda, Sabirabad və Füzuli rayonlarında yerləşən ofislərin əməkdaşları və məcburi köçkünlərlə görüşəcək.
|
Polşa keçmişinə "yox" deyib
|
Sentyabrın 23-də Polşada keçirilən parlament seçkilərinin Birləşmiş Fəhlə Partiyasının varisi olan Sosial-Demokrat Partiyasının qələbəsi ilə başa çatması Avropanın siyasi məkanında keçmiş kommunistlərin hakimiyyət olimpinə qayıtması kimi qiymətləndirilib. Polşa Respublikasının Azərbaycandakı diplomatik missiyasında adının çəkilməsini istəməyən diplomat parlament seçkilərinin kommunistlərin revanş götürməsi kimi qələmə verməsi jurnalistlərin kobud səhvə yol verdiyini dedi. Onun fikrincə, Azərbaycan mediası Polşanın siyasi palitrası barədə yetərincə obyektiv məlumata malik deyil. Yanlış təsəvvürü isə Rusiya mətbuatı formalaşdırır. Diplomatın sözlərinə görə, Polşa xalqı kommunist keçmişi ilə hələ 1989-cu ildə vidalaşıb. Sosial-demokratlar solçu düşərgəsini təmsil etsələr də, onlar Polşanın Avroatlantika məkanına inteqrasiya olunmasını istəyirlər. Diplomat Polşanın xarici siyasətində heç bir dəyişikliyin baş verməyəcəyinə əmindir.
|
Putin Şröderlə almanca danışdı
|
Dünən Rusiya prezidenti Vladimir Putin Almaniyaya rəsmi dövlət səfərinə gəlib. Putinin Berlin, Düsseldorf və Essen şəhərlərinə baş çəkəcəyi gözlənilir. Vladimir Putin və Almaniya kansleri Gerhard Şröder arasında aparılan danışıqlarda beynəlxalq birliyin terrorizmlə mübarizəsi, ABŞ-ın "qisas" əməliyyatında Moskva və Berlinin hansı şəkildə iştirakı məsələsi ətrafında fikir mübadiləsi olub.
|
Kimya zavodunda parlayış olub
|
Srağagün Sumqayıt şəhəri Səməd Vurğun küçəsində yerləşən Sintez-Kauçuk Zavodunun KAEN-2 qurğusunun 8 litrlik çənləri yerləşən 60 saylı sexində parlayış baş verib.
Qeyd edək ki, həmin sexdə reitenist məhlulunun istehsal edildiyi söylənilir. Partlayışdan sonra sexdə güclü yanğın başlayıb. Nəticədə zavodun 20 kvadratmetr ərazisi yanıb. Yanğınsöndürənlərin sayəsində yanğının digər sexlərə keçməsinin qarşısı alınıb.
|
ABŞ-da keçiriləcək
bütün görüşlər təxirə salınır
|
ABŞ-da baş vermiş terror aktları ilə əlaqədar Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının idarə heyətinin illik görüşünü təxirə salmaq lazım gəlib. Bu barədə məlumat verən Dünya Bankının Bakıdakı nümayəndəliyinin rəhbəri Əkbər Noman bildirib ki, DB-nin idarə heyətinin 56-cı iclasının sentyabrın 28-də Vaşinqtonda keçirilməsi planlaşdırılıbmış. Həmin iclasda BVF və digər beynəlxalq maliyyə təşkilatlarının üzv ölkələrinin hesabatları dinləniləcəkmiş. Ə.Nomanın sözlərinə görə, bu il belə geniş iclası keçirmək mümkün olmayacaq. Ona görə də beynəlxalq maliyyə institutları dar çərçivədə görüşlər keçirməklə kifayətləməli olacaqlar.
Həmin tədbirdə maliyyə, iqtisadi inkişaf nazirliklərinin, Azərbaycan Milli Bankının, Beynəlxalq Bankın rəhbərləri iştirak etməli idi. Bundan başqa, oktyabrın 1-2-də maliyyə naziri Əvəz Ələkbərov Azərbaycan-Amerika iqtisadi əməkdaşlığı üzrə işçi qrupunun 4-cü iclasına həmsədrlik edəcəkmiş. Amerikalı həmsədr, Dövlət Departamentinin yeni müstəqil ölkələr üzrə koordinatoru Uilyam Teylorun təşəbbüsü ilə həmin iclas Vaşinqtonda keçirilməli idi. İşçi qrupun üzvləri ilk növbədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv qəbul edilməsini və ABŞ investisiyasına ehtiyacı olan Azərbaycan müəssisələrinin siyahısını müzakirə etməli idilər. Qeyd edək ki, iclasın keçirilmə tarixi hələ ki, qeyri-müəyyən qalıb.
|
Azərbaycan ÜTT-nin üzvü oldu
|
Dünən Ümumdünya Turizm Təşkilatının (ÜTT) 14-cü baş assambleyası keçirilib. Həmin toplantıda Azərbaycan təşkilatın tamhüquqlu üzvü seçilib. Qeyd edək ki, assambleyanın işində respublikamızı gənclər, idman və turizm naziri Əbülfəs Qarayev və Turizm Sənayesinin İnkişafı İttifaqının sədri Sahib Həsənov təmsil edib. Bu barədə "Bizim ƏSR"ə verdiyi açıqlamada nazirliyin daxili turizm sənayesinin inkişafı şöbəsinin əməkdaşı Faiq Qürbətov indiyədək 134 ölkəni təmsil edən qurumların ÜTT-yə üzv olduğunu bildirdi. Onun sözlərinə görə, Azərbaycan həmin quruma daxil olmaqla təşkilatın keçirdiyi konfrans və seminarlara qoşula və xarici ölkələrin turizm şirkətləri ilə əlaqələr yaradaraq yerli turizm sənayesinin inkişafına nail ola biləcək.
Qeyd edək ki, bu günlərdə Gənclər, İdman və Turizm Nazirliyində turizm sənayesinin inkişaf proqramı layihəsi hazırlanıb. Layihədə daxili, beynəlxalq məsələlərin həlli, mehmanxanalarda yüksək səviyyəli xidmətin təşkili ilə yanaşı Bakı-Yalama, Bakı-Balakən, Bakı-Qazax, Bakı-Astara və Naxçıvan-Ordubad marşrutları üzrə istirahət zonalarının yaradılması nəzərdə tutulur.
|
"Baku Build 2001" inşaat sərgisi açılır
|
Sentyabrın 26-dan 28-dək "Grand Eurora" sərgi kompleksində "Baku Build 2001" adlı 7-ci Azərbaycan beynəlxalq inşaat sərgisi keçiriləcək. Britaniyanın ITE Grour PLC şirkəti və onun respublikamızdakı eksklüziv partnyoru olan Iteca Casrian Ltd tərəfindən təşkil edilən sərgidə dünyanın 12 ölkəsindən 50-dən çox şirkət təmsil olunacaq. Burada Azərbaycan şirkətlərinin payı 40 faiz təşkil edir ki, bu da yerli istehsalın inkişafından xəbər verir. İnşaat, tikinti texnologiyaları, dizayn və interyer sahəsində ixtisaslaşan sərgi yerli istehsalın genişləndirilməsi, milli məhsul ixracının tənzimlənməsi, faydalı beynəlxalq əlaqələrin yaradılmasına imkan verəcək. Sərginin açılışına həsr edilən mətbuat konfransında ITE Grour PLC şirkətinin nümayəndəsi Toni Qayoso bu barədə ətraflı məlumat verdi. Bildirdi ki, "Baku Build 2001" sərgisi ITE Grour PLC-nin Qazaxıstan, Rusiya və digər ölkələrdə təşkil etdiyi tədbirlərin bir hissəsidir. Onun fikrincə, həmin sərgi Azərbaycan iqtisadiyyatının inşaat sektorunun xarici əlaqələrinin genişlənməsi, bu yolla həmin sahəyə səmərəli investisiyaların cəlb olunmasına kömək edəcək. Yerli inşaat şirkətlərinin peşəkarlıq səviyyəsinə toxunan T.Qayoso yeni texnologiyanın tətbiqi və xarici təcrübədən yararlanmaq yolu ilə onun artırılacağının güman etdiyini bildirdi. O, ümid edir ki, iqtisadi inkişafın nəticəsi olaraq bundan sonra beynəlxalq tikinti şirkətlərinin Azərbaycana marağı artacaq.
Qeyd edək ki, sərgidə Baku Steel Comrany, Behrud Construction (Azərbaycan), Chromos Paints and Lacquers (Xorvatiya), DemirDokum, Nazer Üari, Kleybirit (Türkiyə), KBE, Moeller, Srarky (Almaniya), Onduline (Fransa), Profile (Rusiya), Roger Sercices (İngiltərə) və başqa şirkətlər iştirak edəcək.
|
Arif Quliyev oğlunu və
arvadını qətlə yetirdi
|
Sentyabrın 16-da Sumqayıt şəhərində dəniz sahilindən 7 yaşlı uşaq meyitinin tapılması barədə məlumat vermişdik. Qeyd edək ki, uşağın meyiti üzərində heç bir xəsarət yeri aşkar edilmədiyindən onun boğularaq qətlə yetirilməsi versiyası irəli sürülmüşdü. Bu versiya özünü doğruldub. Məlum olub ki, 7 yaşlı İbrahim Quliyevi öz atası Arif Quliyev qətlə yetirib. İstintaq zamanı daha bir cinayətin də üstü açılıb. Belə ki, A.Quliyevin həyat yoldaşı Mina Xələfovanı da boğaraq öldürməsi faktı ortaya çıxıb. Qadının meyiti Sumqayıtdakı kimya zavodunun yaxınlığından tapılıb. A.Quliyev istintaqa verdiyi ilk ifadəsində oğlunun arvadı tərəfindən öldürüldüyünü və buna görə də Minanı qətlə yetirdiyini bildirib. Sonrakı dindirmə zamanı isə məlum olub ki, A.Quliyev M.Xələfova ilə dalaşıb. O, qadını azyaşlı oğlunun gözləri qarşısında boğub və sonra basdırıb. Lakin qatil bütün bunları diqqətlə izləyən oğlunu da öldürmək qərarına gəlib. Çünki İbrahim ağır bir cinayətin şahidi olub. A.Quliyev körpə oğlunu boğaraq, dənizə atıb.
|
Polis rəisinin otağında öldü
|
İki gün əvvəl Ucar Rayon Polis İdarəsinin rəisi Tofiq Quliyevin xidməti otağında ölüm hadisəsi baş verib. Ucar rayon sakini 60 yaşlı Fazil Məmmədov rəisin kabinetində dünyasını dəyişib. Ekspertizanın rəyinə görə, mərhumun ölümünə səbəb onun güclü əsəbləşməsi olub. Bununla bağlı dünən aldığımız məlumata görə, F.Məmmədov rəisinin yanına oğlunun işiylə bağlı gedibmiş. Belə ki, onun oğlu Rabil Məmmədovun adı rayondakı mal-qara oğurluğunda hallanırmış. Rəisin görüşünə atası ilə birlikdə gəlmiş Rabil görüşdən əvvəl T.Quliyevə müraciət edib. O, atasının iki dəfə infarkt keçirdiyini bildirərək, onunla ehtiyatlı danışmağı məsləhət görüb. Lakin rəis F.Məmmədovla təklikdə söhbət etməyi üstün tutub. Bir neçə dəqiqədən sonra R.Məmmədov otaqdakı səs-küyə içəri girərək, atasının öldüyünü görüb. Təcili həkim çağırılsa da 60 yaşlı qocanın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Ucar Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.
-
Rusiya Tacikistandakı 201-ci motoatıcı diviziyasını müqavilə ilə xidmət edən hərbçilərlə zənginləşdirir. Diviziyanın baş qərargahından verilən məlumatlara görə, yaxın günlərdə Düşənbəyə 1500 əsgər gətiriləcək və onlar burada müqavilə ilə hərbi xidmətə başlayacaqlar. Diviziya komandiri bildirib ki, hərbi hissənin komplektləşdirilməsi plan xarakterlidir və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının direktivi əsasında həyata keçirilir.
- ABŞ pilotları ölkə konqresinə müraciət edərək onlara təyyarənin göyərtəsində silah saxlamağa icazə verilməsini tələb ediblər. Təyyarəçilər əlavə təkliflər də veriblər. Onların fikrincə, əl yükünün təyyarə salonuna buraxılması və biletin əvvəlcədən sifariş edilməsi yolverilməzdir.
- Üsəma ben Ladenin başına qoyulan məbləğ 50 milyon dollara çata bilər. Əvvəllər "bir nömrəli terrorçu"nun yerini deyən şəxsə 25 milyon dollar vəd olunmuşdu.
- Norveç akademiklərinin "Dagbladet" qəzeti məlumat verir ki, ABŞ prezidenti Corc Buş müharibədən qaçmaqla terror təşkilatçılarını məhkəməyə çəkə bilsə, ona Nobel mükafatı veriləcək. Nobel mükafatının verilməsi tədbiri oktyabrın 12-də keçiriləcək. Nobel komitəsinin növbəti iclası cümə günü Osloda baş tutacaq.
- Dünən İndoneziyanın "İslamçı Gənclər Hərəkatı" Əfqanıstan ərazisində ABŞ-la cihadda iştirak etmək istəyən könüllülərin ərizələrini qəbul etməyə başladığını bildirib. Hərəkat liderləri deyib ki, artıq 225 nəfər döyüşlərdə iştirak etməyə hazır olduğunu bildirib.
- "Reuters" xəbər verir ki, Türkiyə xarici işlər naziri İsmayıl Cem ABŞ-a yola düşüb. Bu gün Ankara nümayəndəsi ABŞ dövlət katibi Kolin Pauell ilə görüşür. Görüşdə dövlətlərarası münasibətlərin yeni perspektivləri, dünyanın başı üzərini almış terrorla mübarizədə birgə əməkdaşlıq planları müzakirə ediləcək.
|