|
|
|
|
#117(341)
|
 |
XXI
m.nur@azeurotel.com
|
Firqə
parası
Əgər partiyalar büdcədən maliyyələşsə iş yerləri yaranacaq.
Amma burda kvalifikasiya məsələləri xüsusilə nəzərə alınmalıdır. Partiyalar regional seçmə dabağından təzəcə qurtulmaqdadır: indi birdən yaxın ətraf, baldız, qayın, həmkəndli hansısa dəftərxana işlərinə rəhbərlik edə bilər və buna görə mənim cibimdən ödəniləcək vergidən pul çıxarlar. Məni siyasətçilərin ustalığından savayı həm də bu kişilərin qafalarının futuroloji olması maraqlandırır. Bizim indiki ən cavan firqə rəhbərləri xof vurmuş "salaqa"dan başqa bir şeyə bənzəmir. Mən onlara pul etibar etmərəm. Sovet ordusunda sanbalı olmuşlar bilir ki, xofu ilk gündən qafasında oturan "salaqa" iki ili elə-beləcə - həyacanlı gözlərlə yaşayır və yalnız "forma"nı əynindən çıxaranda doyunca ətrafına baxa bilir. Əgər onun əlinə külli-ixtiyar verilsə...
Mən firqə rəhbərlərinin gəzdirdiyi qafanın içində zərrə qədər futuroloji element olduğunu duysam, məmnuniyyətlə işıq pulunu vaxtında ödər, JİK-in bütün növ çağırışlarına xoş cavab verərəm. Əgər işıq borcları sıfır vəziyyətinə gətirilib işıq satışı almanlara təhvil veriləcəksə, deməli vergi ödəyicisinin də təfəkkürü dəyişəcək. İnanmıram ki, o vaxtacan firqə rəhbərləri təfəkkür məsələsində üçü beş etsinlər. Mən dəyişəcəm. "Bizim ƏSR" qəzeti vasitəsilə bütün kommunal idarələrə söz verirəm.
Təfəkkürün gələcəklə düşünməsi puldan irəlidir.
Partiya bosslarımız bu mənada məsəlçün, kommunal xidmət və turizm sahələrinin fəaliyətindəki irəliləyişlərdən geri qalacaqlar. Onları birdən-birə havayı büdcə paralarının içinə atanda çətinliklər yaranacaq. Şəxsən mən, firqələrin dövlət büdcəsindən maliyyələşdirilməsi təklifinə pessimst yanaşıram. Əminəm ki, pullar silinəcək. Çünki firqə rəhbərlərinin bir çoxu nə sahibkarlıq duyğusundan xəbərdardır, nə də məsəlçün yüksək vergi tutumundan.
İstəsək, hər kəsə dözüm göstərə bilərik.
Əslində mən də firqələrə dözüm göstərirəm. Bəlkə də yenə bir az dözüb vergiləri ona görə vaxtında ödəyə bilərəm ki, ölkəmin siyasi inkişafında təfəkkür təzəliyini daha tez görə bilim. Elə isə, bütün kommunal xərclərin ödənməsi ilə bağlı məsələlər qaydasına düşənə qədər mən yenə dözümlü olmalıyam. Çünki ondan sonra büdcə paralarının hansı mənbələrdən və neyçün firqələrə xərcləndiyi barədə çoxlu suallar verməli olacağam...
Ölkəmiz təkcə firqələrdən ibarət deyil.
M.Nur
|
|
Günün axarı
|
Məncə, bu termini də məmləkətimizin "siyasi lüğət"inə daxil etməyin vaxtı yetişib.
Şəxsən mən indiyəcən elə bilirdim ki, sadə qabyuyanından ta ağırtaxtalı konqresmeninəcən, bütün amerikalılar bizim müxalifətin nümayəndələri ilə tanış olub, kəlmə kəsməkdən ötrü sino gedirlər. Güman edirdim ki, elə bu səbəbdən də Nyu-Yorkdan Bakıya hər gün dəst-dəst dəvətnamə gəlir. Hətta bir qədər təəccüblənirdim də: əcəba, bu amerikalılar bizim müxalifətçiləri adbaad hardan tanıyırlar?! Olmaya, qəzetlərimizi bitdə-bitdə oxuyub, onların "coşğun siyasi fəaliyyətlərini" addım-addım izləyirlər? Hər halda, müxalifət nümayəndələrinin, həftə səkkiz - mən doqquz, okeanın o tayına uçması onların dünya demokratiyasının beşiyində daim gözlənilən qonaq olması qənaəti yaradırdı. Sözün düzü, hərdən iqtidar mənsublarının bu səfərlərə rişxənd etməsini də "siyasi qısqanclıq" sayırdım...
"Qonaq qonağı istəməz, ev yiyəsi heç birini" zərbül-məsələni yaratmış xalqın övladı olaraq, hətta, özü-özümə amerikalıların pişnəvazlığına da yüz cür don geyindirirdim. "Filankəsi "ora" çağırıblarsa, yəqin, ona "stavka" edirlər," - deyə hərdən siyasi naşılığa da yol verirdim...
İndi özüm-özümü qınayıram: nə "stavka", nə çağırış, nə qonaq?.. Bunlar özləri gedirmişlər, çağırışsız-zadsız, biz tərəflərdə deyilən kimi, öz xoduna...
Mən bu fikri öz yanımdan demirəm. Çağdaş müxalifətin çox mötəbər saydığı bir mənbəyə əsaslanıram. Həm də mətbuatla bağlı daha bir məhkəmə çəkişməsinə əl yeri qoymamaq üçün mənbəni bəri başdan açıqlamaq qərarına gəlmişəm. (Bu sözü yazıb da xoflandım - birdən bu açıqlama "şok" kimi qarışlanar, amma keçib...) Deməli, belə: məmləkətin siyasi məkanındakı müxalifət düşərgəsinin daimi sakinlərinin ABŞ-a öz "xoduna" gedib gəldiyini deyən şəxs Azərbaycan "demokratlar"ının lideri Rəsul müəllimdir. Neçə illərdir Amerikada yaşayan adamdır, ona inanmayıb da kimə inanasıyam? Heç kimdən gizli deyil ki, bu yaxınlarda "sosdem"lərin və sadəcə "dem"lərin hərəsindən bir nümayəndə oraya getmişdi. Qəzetlərin birinin yazdığı kimi, sağ-salamat qayıdıb gəldilər də... Ancaq bu səfər Ben Ladenin adamlarının bir neçə təyyarəni ABŞ-ın ən iri binalarına çırpdığı vaxta düşmüşdü. Və bəlkə elə buna görədir ki, jurnalist qardaşlarım Rəsul müəllimə telefon açıb bu adamları ora kimin çağırması ilə maraqlanıblar (bax: dünənki "Zerkalo" qəzeti). Müəllim də arif adamdır, onların üzərindən bütün şübhələri götürmək üçün yetərincə açıq danışıb və əvvəlcə deyib ki, bu səfər həmin siyasətçilərin öz təşəbbüsüdür, heç bir dəvət olmayıb. Hətta qaydıb ki, dəvət-zad gözləmək lazım deyil, ABŞ rəsmiləri müxalif siyasətçiləri çox nadir hallarda qonaq çağırırlar. Sonra da üzə düşüb deyib ki, əşi, mən özüm onları çağırmışdım...
Bax, beləcə. Yəni ABŞ-a nə qədər müxalifətçi gedir-getsin, şəxsən mən bundan sonra onlarla Dubaya gedib-gələn həmvətənlərimiz arasında heç bir fərq görməməyəcəm. Bu da turizmin bir növüdür. Qoy, gəzsinlər...
Elşən Əlioğlu
|
Suallı künc
|
Bu sözü "soyuq müharibə" zamanı xüsusilə tez-tez eşidirdik. Ultimatum güc nümayişi, öz iddialarını qarşı tərəfə qəbul etdirmək üçün mütəmadi istifadə olunan diplomatik vasitədir. Daha geniş anlamda isə ultimatum son xəbərdarlıq deməkdir. Münaqişəli situasiyalarda tərəflərdən biri qəti tədbir görməzdən öncə qarşıdakına ultimatum göndərir.
Beynəlxalq terrorizmin kökünü kəsmək üçün total müharibəyə Əfqanıstandan başlayacağını bəyan edən Buş "Taliban" rejiminə 72 saatlıq ultimatum göndərmişdi. Vaxt çoxdan bitib, amma Amerika hələ əməliyyata start verməyib. Çünki ona hazırlaşmaq üçün 72 saat yetərli deyil. Müharibə uzun və üzücü ola bilər və onu tələm-tələsik başlamaq axmaqlıq olardı.
Bəs onda 72 saat nəyə lazım idi? Bu sadəcə "beynəlxalq norma"dır. Qətiyyətini nümayiş etdirən qüvvə qarşı tərəfə düşünüb-daşınmaq üçün ən çoxu bu qədər vaxt "verməlidir".
Əks təqdirdə (məsələn, "Sənə 150 saat vaxt verirəm") ultimatum müəllifinin qətiyyət və ciddiliyinə şübhə yarana bilər. Düşünərlər ki, yalandan hərbə-zorba gəlir, gerçəkdə isə arxası boşdur.
Dünən Rusiya prezidenti də Çeçenistandakı Moskvaya tabe olmayan qüvvələrə ultimatum verdi. Özü də nə az, nə çox - düz 72 saatlıq. Amma bu təkcə "normaya" riayət əlaməti deyil. Rusiya səbr kasasının və qətiyyət dağarcağının tutumunun məhz Amerikanınkı qədər olduğunu nümayiş etdirmək istəyir. Bununla özünün də fövqəldövlət və Amerikaya statistik tay olduğunu göstərir.
Hərçənd Putin gözəl anlayır ki, Çeçenistan müharibəsi bundan sonra nəinki 72 saata, 72 günə də yekunlaşan deyil. Çünki 7 ildən bəri davam etsə (onun 2 ili Putinin "payına" düşür) də, hələ sonu görünmür. Rusiya prezidenti onu da başa düşür ki, 72 saatın tamamında çeçenlərin cavabı "Taliban"ın Amerikaya cavabından fərqlənməyə bilər.
Bununla belə, Putin dəbə uyğun hərəkət edir. Görür ki, dünyanın o başındakı fövqəldövlət liderinin başladığı kampaniya beynəlxalq gündəmin aktual və həmrəylik doğuran məsələsidir. Və bu gündəmə uyğun davranır. Onu da yaxşı bilir ki, yaranmış şəraitdə Çeçenistanda genişmiqyaslı əməliyyata başlasa da, əvvəlkindən fərqli olaraq beynəlxalq dairələrdən qınaq eşitməcək.
Təsadüfi deyil ki, beynəlxalq müstəvidəki bu hava dəyişikliyini Çeçenistanın Rusiya tabeçiliyinə keçməkdən boyun qaçıran liderləri də hiss edir. Dünən onlar da beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına "ultimatum" göndəriblər. Amma bu ultimatum o ultimatumdan deyil. Çünki nə vaxtı var, nə qətiyyət dərəcəsi. Sadəcə küncə sıxışdırılan çeçenlər hirs və acıqlarını bir bəyanata qoyub dünyaya ünvanlayıblar. Bu, qeyri-bərabər mübarizədə tədricən zəif düşən tərəfin emosional özünüifadə formasıdır. Bunu dərk edən Mashadov da dünən Moskva ilə dialoqun mümkünlüyünə işarə vuraraq geriyə doğru əl yeri qoyub.
Putinin ultimatumundan sonra kimsədə şübhə qalmadı ki, nəhənglər böyük sövdələşmədə kifayət qədər dil tapıblar. Moskva Əfqanıstanı vurmaq üçün Vaşinqtona hərtərəfli yardım edəcəyinə boyun olub. Bircə Əfqanıstana canlı qüvvə göndərməkdən savayı. Çünki vaxtilə orada burnu ovulub. Vaşinqton da borclu qalmır. Dünən ABŞ Konqresi ben Ladenin "Əl-Qayda" təşkilatının Çeçenistanda özəyinin olması barədə rəsmi hesabat yayıb. Deməli, Amerika Rusiyanın Çeçenistan üzərində qəti və həlledici qələbə çalmasına "yaşıl işıq yandırıb".
Çeçenlərin düşdüyü vəziyyət gerçəkdən acınacaqlıdır. Bəziləri hətta bu xalqın böyük siyasi oyunun, nəhənglərin sövdələşməsinin qurbanı olduğunu deyirlər. Zənnimizcə, burada yanlışlığa yol verilir. Millətin yaşam potensialı və uğuru ilk növbədə ona liderlik edənlərin uzaqgörənliyi, müdrikliyi və bacarığı ilə təmin olunur.
...Dünya üzərində antiterror havası əsməyə başlayıb. Şəraitdən istifadə etmək gərəkdir. Amma kampaniyalıqla deyil, hər şeyi ölçüb-biçməklə. O ki qaldı ultimatuma, onu elan etməyin vaxtı çoxdan yetişib.
Vügar Orxan
|
Sərbəst
|
Mən sıravi azərbaycanlıyam, O - mənim Prezidentim; vətən, xalq, millət sevgisi... - bizi özgə nə birləşdirə bilər ki; mənim yüküm - sıravi, bu balaca çevrədən o yana nə varsa - Onun; səsim çatan qədər Ona çatdırmışam...
Bütün bu metafizik barədə mən hələ Əbülfəz Elçibəyin qürubu zamanından xəyala dalmışam; ruhu şad, Yaradan böyükdür, O - ruhu cismdə missiyası sona vardıqdan sonra bir an belə saxlamaz. Amma, - mənəvi etirafımdır, - bütün o ağrılı tarix boyu mənim ruhum bu adı ona yaraşdırammadı - Prezident; əslində həmin bu, elə mənim (xəstə ziyalı) ruhumun bir təzahürüydü; birdən-birə üstünə çökmüş tarixin ağırlığından əzilib, əzilib, - metafizik hesablamalardan guya ən yeni tarix yapacaqmış, - göylərə çəkildi. 1988-ci il meydan hadisələrinin son gecəsi o mənim beş addımlığımda, ikimiz də yanaşı-sıravi-bir, sovet dəyənəyinin acısı canımızda - bu mənə çox təbii gəlirdi; o qədər ki, nə onda nə də sonralar mən onu özgə kürsüdə bilə bilmədim; çox istədimsə də, mənim "sıravi" içim intixab eləmədi. Biz öz tarixən uydurduğumuz istəklərimizin qurbanıyıq. Yox, mənim Prezidentim mənim fövqümdə; çevrəmin qurtardığı mübhəmlərdən başlayırdı...
Axı nə qədər sadə, yığcam görünsə də, Azərbaycan ruhu
cismindən çox-çox böyük və... mürəkkəbdir; bunu bu gün Azərbaycan Prezidenti - mənim Prezidentim sadəcə demir-ha, - bu ruhdan nə qədər xəbərsizlər asan bilib də Prezident olmaq istəmişdi, - O gəldi və göstərdi, hər gün, hər saat, hər dəm göstərir, ömür bütövü göstərmişdir də; hər kəsin missiyası göylərdən kəsili...
Təkcə bu günün Prezidenti deyil ki mənim Prezidentim; gözümü dünyaya açalı mən Onu Vətən üfüqlərində hökmfərma görmüşəm. Yadımda, hələ orta məktəbin yuxarı siniflərində sərbəst inşa mövzuları içrə birdən-birə "Qoy ədalət zəfər çalsın!", yaxud bu qəbil məhz Onun növbəti çıxışlarından irəli gələn başlıqlara rast gələndə sırf beynəlmiləlçilik və marksist-leninçi dünyagörüş zəminində tərbiyələnən bizlərdə qəribə bir milli ehtizaz duyğuları yaranırdı; yaxud ali məktəbə tarixdən qəbul imtahanı zamanı, necə aydın xatırlayıram, Sov.İKP baş katibinin əsərləri ilə yanaşı, respublika başçısının son nitqlərini də, necə ki indi də şəxsi kitabxanamda durur, milli yaddaşımıza yazmalı idik; Bakı həqiqətən sırf beynəlmiləlçi şəhərdi və 70-ci illərdə birdən-birə kəndlərdən axın hesabına şəhərləşmə prosesi özü ilə birgə həm də etnik azərbaycanlılaşma məqamını gətirəndə, Bakının "havası" dəyişir, "kəndliləşir", - deyə mahiyyətdən baş açmayanlarımız az deyildi; və hələ bu gün bəlli olur ki, xarici radiostansiyalar o nəhənglikdə SSRİ-də rüşvətxorluq əleyhinə mübarizənin məhz Azərbaycandan başladığı barədə səs-səsə verirkən, təkcə sovet ölkəsində rüşvət mövzusuna təəccüblənmirdilər, bu - Moskvasız xətt-hərəkətə cürət etmiş Azərbaycanın imici idi; biz milli ruhun qəribə bir şəkildə təcəssüm tapdığı ayrıca bir ölkədəmi yaşayırdıq; hələ Onun milli ədəbiyyat və sənəti özünəxas himayəsi... - özgə bir söhbətdir, - sonralar özgə diyardan gəlmiş yazarların heyrət etdiyi senzurasızlıq mühiti...
Mənim Prezidentim arxitektordur, biz Onun bir dəfə qurduğu ölkənin gerçək sakinləri olmuşuq, nağıllar dünyası tək o ölkə yaddaşımıza hopmuş; nə olsun ki, dağıdıldı, əsl sənətkarın böyüklüyü onun hələ yaradacağında olur; O bu dəfə milli ruhun əsəri olan ikinci bir - daha gözəl, düşünülmüş, əsaslı, gələcəkli ölkənin binasını qoymağa qərar verdi və
bu əsərin misilsiz olacağına xalqını inandırdı...
Mənim Prezidentim qadirdir, mən - aciz; bir sıravi, ədəbiyyat adamı kimi mənim də öhdəmə tarixin növbəti sınağı-sınığında bu düşürdü, onu da Prezidentdən umdum; ədəbiyyat idealdır, hər bir şəraitin fövqündədir; amma bazar şəraitinə dözmədi, ona görə yox ki, guya təbiətinə zidmiş - dünyada nə vaxtdır o, bazarla uyuşmuş; yox, mənim əczimdəndir, heç kəs qarşı durammadı və bazar hərc-mərcliyi ədəbiyyata girib, onu içdən sökməyə başladı; yox, ruhum qoruyammadı - bu çətin, ağır imtahanda ədəbiyyatdan dönməyib canından keçənlər də oldu. Mənim Prezidentim müdrikdir - o qadir, himayə əlini bu sahəyə də uzatdı...
O Azərbaycan ruhunun ən bariz ifadəçisi; əbədən Azərbaycan Prezidentidir! - ölkədə bu gün nə qədər "Heydər Əliyev məktəbi" var, - görən, bu həqiqətin mənasını sabahın adamlarına çatdıra bilirlərmi...
T.Əlişanoğlu
|
 |
|
| |
|
|