Şərh

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Əyləncə
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#118(342)
Avropa uğuru

Azərbaycanın Avropa Şurasında əldə etdiyi ilkin nəticələr bu barədə danışmağa kifayət qədər əsas verir. Parlament heyətinin məqsədyönlü fəaliyyəti təkcə ölkəmizin nüfuzunun artmasına deyil, həmçinin Ermənistanın təcavüzkar siyasətinin dünyanın gözü önündə ifşasına, beynəlxalq miqyasda "meydan sulayan" erməni təbliğatının qarşısının alınmasına indekslənib. Payız sessiyasının gedişi bu baxımdan xüsusilə əlamətdar sayılmalıdır.
Prinsipcə Azərbaycanın bütün beynəlxalq və regional təşkilatlarda təmsilçiliyi strateji xətt kimi məhz bu məqsədi ön görür. Çünki Ermənistanın təcavüzünü aradan qaldırmaq və erməni siyasətinin gerçək simasını dünyaya açıb göstərmək üçün beynəlxalq təşkilatların tribunası əvəzsiz imkandır. Müasir dünyanın siyasi-hüquqi atmosferinin təmin olunmasında Avropa Şurasının rolu kifayət qədər yüksəkdir. Təkcə onu qeyd etmək yetər ki, Avropa Şurasında bu və ya digər ölkə haqqında formalaşan rəy ümumilikdə beynəlxalq qənaətin yaranmasına rəvac verir. Digər yandan, Avropa Şurası struktur baxımdan çox işlək, analoji qurumlardan daha çevik və praktik bir təşkilatdır. Xüsusilə AŞ Parlament Assambleyasının ildə dörd dəfə geniş sessiyaya toplaşması, habelə ilboyu komissiya və komitələrin fəaliyyət göstərməsi üzv ölkələrə daima söz demək və haqqını müdafiə etmək üçün geniş imkan verir. Azərbaycan nümayəndə heyəti tamhüquqlu üzv kimi sayca üçüncü sessiyada iştirak etsə də, qısa müddətdə xeyli iş görülüb. Əvvəla, parlament qrupu Ermənstanın Azərbaycana təcavüzünün doğurduğu fəsadları beynəlxalq birliyin diqqətinə çatdırmaq üçün AŞPA-da bir neçə sənədin rəsmən yayılmasına nail olub. Aprel və iyun sessiyalarında müvafiq prosedurundan keçirələrək AŞPA katibliyində qeydə alınan sənədlər artıq Assambleyanın uyğun komitələrinin müzakirəsindədir. Bu isə o deməkdir ki, həmin sənədlər tezliklə AŞPA-nın ümumi müzakirəsinə çıxarılacaq. Xatırladaq ki, ötən sessiyalarda Azərbaycan nümayəndə heyəti Ermənistanın təcavüzü nəticəsində əsir və girov götürülmüş azərbaycanlıların vəziyyəti, Dağlıq Qarabağda narkotiklərin qanunsuz dövriyyəsi və terror qruplaşmalarının təşkilatlanması, işğal olunmuş bölgələrdə Azərbaycanın tarix-mədəniyyət abidələrinin məhv edilməsi, ekoloji fəlakətin yaranması barədə layihələrin rəsmi şəkildə yayılmasına nail olub. Komitələrdəki müzakirələrdən sonra bu layihələrin hər biri üzrə monitorinq-araşdırma qrupu təşkil edilməlidir. Təbii ki, AŞPA-nın işğal olunmuş ərazilərdə aparacağı yoxlamanın nəticələri ermənilərin ifşası ilə müşayiət olunacaq. Əlamətdardır ki, bunu yəqin bilən ermənilər eyni zamanda Avropa Şurası müstəvisində hansısa praktik fəaliyyət imkanlarından da məhrumdurlar. Çünki Azərbaycan heyətinin tutarlı arqumentlərinə adekvat cavab verməkdə sadəcə acizdirlər. Odur ki, Dağlıq Qarabağdakı hadisələri və Azərbaycana qarşı təcavüzlərini ört-basdır etmək üçün uğursuz addımlar atırlar. Dünən AŞPA-dakı Ermənistan heyəti bu xüsusda iki avantürist sənəd yayıb. Heyətin rəhbəri Ovanes Ovanesyan AŞ Nazirlər Komitəsinə müraciət edərək Azərbaycanda Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı müharibə atmosferinin yaranmasından (sanki biz ermənilərin təcavüzü müqabilində əlimizi qoynumuza qoyub oturmalıyıq) və Türkiyənin Ermənistanı iqtisadi blokadaya almasından gileylənib. Təbii ki, bu avantüralara AŞPA-da sıx əməkdaşlıq edən Azərbaycan və Türkiyə heyətləri tərəfindən tutarlı cavab veriləcək.
Artıq erməni avantüralarından birinə AŞ qiymət verib. Nazirlər Komitəsi Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünü tanınmamasına münasibət bildirərək belə davraşının AŞ prinsiplərinə və beynəlxalq hüquq normalarına zidd olduğunu konkret qərarında təsbitləyib. Həmin qərara Ermənistan nümayəndəsinin də səs verməyə məcbur olması isə mühüm presendent kimi dəyərləndirilməlidir. İndiyədək beynəlxalq instansiyalarda Ermənistan bir qayda olaraq bu cür prosedurlarda veto, yaxud xüsusi qeyd hüququndan istifadə edərək aqressiv mövqeyini ortaya qoyurdu. AŞ NK-nın mayın 10-11-dəki toplantısında da Ermənistan XİN başçısı belə hərəkət etmişdi. AŞ NK-nin son qərarını yumşaq və ümumi səciyyəli dəyərləndirənlər var. Əlbəttə, arzuolunandır ki, bu sənəddə Ermənistanın hərəkətinə daha kəskin qiymət veriləydi və Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal olunması faktı əks olunaydı. Amma bu cür məsələlərdə realist olmaq lazımdır. Əgər NK-nın qərarı qeyd olunan şəkildə hazırlansaydı, Ermənistan tərəfi məlum fənddən istifadə edəcəkdi və nəticədə "Lissabon presendenti" təkrarlanacaqdı. Nə qədər təəssüfedici olsa da, beynəlxalq hüquq praktikası hələ bu cür qüsurlardan xali deyil. AŞ-nin cari qərarı isə yekdilliklə (43 üzv lehinə) qəbul olunub. Ermənistan dövlətlərin ərazi bütövlüyünün pozulmazlığı və təcavüzün rəsmiləşdirilməsinin yolverilməzliyi barədə müddəaya imza atmaqla aqressiv mövqeyindən qismən geriləməyə məcbur olub. Azərbaycanın AŞ müstəvisində növbəti addımları bu normativ baza üzərində köklənməlidir və Ermənistanın tədrici məğlubiyyətinə nail olmaq lazımdır. Mövcud situasiyada Azərbaycanın yeridəcəyi yaxınməqsədli siyasi kurs Ermənistan tərəfindən işğal olunmuş ərazilərin beynəlxalq terrorizm məskəninə çevrilməsini hüquqi yöndən sübutlamaqdır. Parlament nümayəndə heyətinin rəhbəri İlham Əliyevin AŞPA sessiyasındakı çıxışı bu baxımdan müstəsna əhəmiyyətlidir. Millət vəkili Avropa Şurasının diqqətini belə bir məqama yönəldib ki, Dağlıq Qarabağ və digər işğal olunmuş rayonlar beynəlxalq nəzarətdən kənarda olan ərazi kimi terrorizmin cücərdiyi bölgəyə çevrilib. Əfqanıstanın "nümunəsi" göstərdi ki, beynəlxalq nəzarətdən kənar olan region əvvəl-axır beynəlxalq sülh və sabitlik üçün təhlükə mənbəyinə çevrilir. Ermənistanın işğalı altındakı ərazilər də həmin səciyyəni kəsb etməkdədir və terrorizmlə mübarizəyə başlayan beynəlxalq birlik bu faktı mütləq nəzərə almalıdır: "Terrorizmi birbaşa və ya dolayısı ilə dəstəkləyən hər bir ölkə beynəlxalq birlik tərəfindən məsuliyyətə cəlb olunmalıdır. Daha heç bir ölkənin həm terrorizmin qurbanları, həm də terrorizmin təşkilatçıları ilə eyni dərəcədə münasibətdə olub bunu "balanslaşdırılmış siyasət" adlandırmağa haqqı yoxdur. Bu cür ikiüzlü siyasətə dəqiq qiymət verilməlidir". Qeyd edək ki, bu tezis Ermənistan siyasətinin ən sərrast tərzdə ifşasıdır. Terrora qarşı mübarizə aparan ABŞ və digər Qərb dövlətləri ilə mehriban münasibətlər quran Ermənistan eyni zamanda beynəlxalq terroru təşviq edən "izqoy" ölkələrlə sıx tərəfdaşlıq edir. Elə bu yaxınlarda Ermənistan müdafiə naziri Yaxın Şərq turnesindən növbəti müqavilələr paketi ilə qayıdıb. Azərbaycan parlament heyətinin rəhbəri Avropa parlamentarlarının diqqətini belə bir fakta da yönəldib ki, terror yetişdirən ölkələrə qarşı müharibəyə başlayan demokratik dünya transmilli terrorizmlə sıx əlaqəsi olan Ermənistanı və onun Qarabağdakı marionet hərbi-terror rejimini yaddan çıxarmamalıdır.
Beləliklə, Azərbaycan beynəlxalq müstəvinin mötəbər strukturunda strateji və taktiki məqsədlərini dəqiq müəyyənləşdirib və ardıcıl iş aparmaqdadır. Yaxın vaxtlarda parlament heyətinin təşəbbüsü ilə Ermənistan-Azərbaycan münaqişəsinin AŞPA-nın ümumi toplantısında xüsusi müzakirəsi (müvafiq prosedur sənədinə 60-a yaxın parlamentar imza atıb) gözlənilir. Təbii ki, bu uğurda AŞPA-dakı parlamentarlarımızın hamısının payı var. Artıq üç sessiyadır ki, Azərbaycan heyətinin həmrəylik və tam anlaşma şəraitində fəaliyyət göstərməsi sadə həqiqəti bir daha təsdiqləyir: ümumdövlət və ümummilli məsələlərdə iqtidar-müxalifət fikir ayrılıqları kənara qoyulmalı, qüvvələr səfərbər edilməlidir. İndi fakt göz qabağındadır və onu görməzliyə vurmaq cəhdləri də əbəsdir. O da şübhəsizdir ki, bu zəruri həmrəyliyin yaranmasında bacarıqlı liderlik keyfiyyəti başlıca faktordur. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin uğurlu fəaliyyəti də məhz bu faktor sayəsində təmin olunur.

Üsəma haradadır?
"Əş-Şərq əl-Övsət" bir nömrəli terrorçunun düşərgəsinin əksini dərc edib

Pakistandakı mənbələr xəbər verir ki, Üsəma ben Laden nəinki Əfqanıstanı tərk etməyib, əksinə, Taliban silahlı qüvvələrinə nəzarəti öz əlində cəmləşdirib.
Onun hansı məntəqədə yerləşməsi məsələsində mülahizələr yenidən haçalanır. Bəzi mənbələr onun Cəlalabad yaxınlığında, başqaları isə Qəndahardakı bunkerlərindən birində gizləndiyini yazırlar. Səudiyyədə nəşr edilən "Əş-Şərq əl-Övsət" qəzeti dünənki nömrəsində ben Ladenin gizləndiyi düşərgənin havadan çəkilmiş şəklini də verib. Səudiyyə Ərəbistanında nəşr edilən "Əş-Şərq əl-Övsət" (Orta Şərq) qəzeti dünənki nömrəsində ben Ladenin bazalarının, düşərgələrinin və bunkerinin yerləşdiyi ərazinin xəritəsini dərc edib. Qəzet iddia edir ki, Pentaqon ilk növbədə şəkildə görünən əraziyə zərbələr endirmək niyyətindədir. Dağ silsiləsi üzərindəki kahalardan və süni tunellərdən ibarət olan bu mürəkkəb xəlvətgah Əfqanıstanın şərqindəki Cəlalabad və Durant yaxınlığındadır. Durant yaxınlığındakı səhra düşərgəsində xüsusi təyinatlı döyüşçülər hazırlanan məşhur "Əbu Xəbab" bazası yerləşir. Qəzet yazır ki, Üsəmanın gizləndiyi yerdə vertolyotun rahat enib-qalxmasını təmin edəcək meydançalar var. Bu mürəkkəb şəbəkədə kimyəvi silah və zəhərləyici qazlar istehsalı üçün nəzərdə tutulmuş geniş texniki vasitələr, mini-zavodlar var.

Atəş altında sülh danışığı

Çoxdan gözlənilən Şimon Peres - Yasir Ərəfat görüşü baş tutdu. İsrail xarici işlər naziri Fələstin lideri ilə Qəzzə bölgəsindəki "Dəhaniyyə" hava limanında yarım saatlıq görüş keçirdilər. Yaxınlıqdakı Rafah məntəqəsində atılan güllə səsləri altında davam edən danışıqlarda qərara alındı ki, tərəflər gələn həftə yenidən bir araya gələrək münaqişənin səngiməsi üçün lazım olan tədbirlərin ardıcıllığı məsələsini müzakirə etsinlər.
Söhbət "Mitçel planı"nın reabilitasiyasından və Tennet məsləhətlərinə əməl edilməsindən gedir. Əgər hər şey plan üzrə getsə, İsrail hərbi birləşmələri intifadanın başlanmasınadək tutduqları mövqelərə geri çəkiləcəklər. İsrail tərəfi Peres-Ərəfat danışıqlarının uğuruna inamını ifadə etmək üçün qoşunlarını Rafah bölgəsindən geri çəkib. Bundan başqa Fələstinin Misir və İordaniya ilə sərhədləri boyunca bir neçə nəzarət-buraxılış məntəqəsi yaradılacaq. Fələstinlilərin İsraildə işləmək hüququ yenidən bərpa ediləcək. Amma bütün bunlar hazırkı siyasi perspektivin üfüqündə belə görünmür - yuxarıda sadalananlar son məqsəd sayılır.
Bu gün isə İsraildə barışıq günü - Yom Kippurdur. Bu isə o deməkdir ki, "Dəhaniyyə" hava limanında əldə edilən atüstü razılaşma elə bu gün pozula bilər. Çox maraqlıdır ki, İsrailin, daha çox isə ABŞ-ın mövqeyində bir sıra yumşalmalar hiss edilir. Müşahidəçilər ABŞ prezidentinin terrorçuların hesablarını dondurarkən "Həmas", "İslam Cihadı" və "Hizbullah"ı "unutmasına" diqqət çəkərək belə bir ehtimal irəli sürürlər ki, Vaşinqton Fələstində müharibəyə "qadağa qoyub". Məqsəd - müharibəni bir istiqamətdə aparmaq və müsəlmanlarda onlara qarşı hərtərəfli müharibə aparılması kimi təhlükəli təsəvvür yaratmamaqdır.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd